Maraqlı

Məhsulu sel aparsa, kreditin faizini vermirdilər QƏDİMDƏ FAİZ

13 Avqust 2019 19:25
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk insanların qarşısında iki mühüm problem var idi: ehtiyaclarını hər an ödəyəcək vəziyyətdə olmadıqları kimi ehtiyaclarını təmin edə bilsələr də, əldə etdiklərini qoruyub saxlayacaq vəziyyətdə deyildilər. Böyük zəhmətlərlə əldə etdikləri mallar hər zaman xarab olma, oğurlanma və vəhşi heyvanların hücumuna məruz qalma kimi təhlükələrlə qarşı-qarşıya dururdu. Məsələn, bir balıqçı ovladığı balığı və ya əkinçiliklə məşğul olan biri əldə etdiyi meyvə və taxılı uzun müddət qoruya bilmirdi.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, ilk insanlar borc vermək və borc almaq yolu ilə bu problemi həll etdilər. Ovçu ovunun çoxunu ov etməyən adama daha sonra geri almaq şərti ilə borc olaraq verirdi. Bu şəkildə yalnız borcu ödəyəcəyi ilə bağlı söz alaraq, qarşılıqsız borc verməklə hər iki tərəf də öz hədəfinə çatır. Bununla borclanma hər iki tərəf üçün istənilən bir şey idi. Lakin insanlar mallarını mühafizə etməyin yolunu öyrəndikcə, əvəzsiz və faizsiz borc verməyə istəksiz yanaşdılar. Buna görə də bir müddət sonra artıq əvəz almaq şərtilə borc verməyə başladılar. Faiz ilk insanlar arasında bu şəkildə ortaya çıxdı, iqtisadiyyat və ticarətin genişlənməsi, pulun isə mübadilə vasitəsi olması ilə bunu genişləndirdilər. Sələm zamanımızda bir çox ölkədə rəsmiləşib və genişlənib.

İndi sələmin müxtəlif ölkələrdə olan tarixinə nəzər salacaq və müxtəlif məzhəblərin bu məsələ haqqında olan fikirlərini təqdim etməyə çalışacağıq. Oxuculara rahat olsun deyə, məqaləni bir neçə hissə halında təqdim edəcəyik.

Şumerlərdə faiz

Kredit götürmə adəti Şumerlərdə də geniş yayılmışdı. Onlar kredit verən şəxsdən qızıl və ya gümüş kimi əşyaları borc alır, əvəzində isə eyni malın illik gəlirindən 15 - 33% arasında qazanc verirdilər. Şumerlərin o dövrdəki iş və qazanclarının qeyri-sabitlik qayğısı ilə yaşadıqları təxmin edilə bilər. Şumerlər kommersiya əqdləri və kredit vermə qaydanı tətbiq edən ilk qövmdür. Həmçinin qızıl və gümüşün bir meyar kimi istifadə edilməsi də onlardan qalıb.

Misirdə faiz

Qədim Misirdə mübadilələrdə sikkə istifadəsi geniş deyildi, hər şey, hətta məmurların aylıqları da ərzaq, mal və bu kimi əvəzlərlə ödənirdi.

Üçüncü Tutmosisin fəthindən sonra qiymətli metallar ölkəyə idxal edilib. Tacirlər mübadilə etdikləri şeyin dəyərini qızıl halqalar və külçələrlə ödəməyə başladılar. Onlar sikkə olmadığına görə mübadilələrdə qızılı çəkərək verirdilər. Ticari sənədlər o qədər də geniş yayılmadığı üçün sənədlər əvəzinə çox vaxt mal qarşılığı ilə alqı-satqı keçirilirdi.

Qəbilələrdən birinin rəhbəri olan Buhuris miladdan əvvəl qanun imzalayıb və bildirib ki, verilən pulun faizi əsas dəyərdən çox olmamalıdır. Buhurisin 3000 il əvvəl çıxardığı qanun XX əsrdə Misirin Mülki Məcəlləsində yer alıb və bu qanuna 242-ci maddədə toxunulub.

Yunanıstanın keçmiş filosoflarından və qanun yazanlarından olan Solon, görüləcək lazımi işlər qarşılığında qazanc götürülməməsi vacib olduğuna toxunmuşdur.

Babil və Assuriyada faiz

Babillilər kağız pul kimi istifadə edilən sənədləri tanıdıqları üçün sikkədən istifadə etməyiblər. Hətta Qədim Babil imperiyasının banisi və amarilərin ən qüdrətli hökmdarı Hammurabidən əvvəl də qarşılıqlı mübadilələrdə gümüş və qızıl külçələrlə mübadilə ediblər. Onların arasında faiz yüksək olduğundan mal və qiymətli əşyaları girov kimi götürürdülər.

Dövlət qiymətli mədənlər üçün alınan kreditinin illik mənfəət dərəcəsini 20, mal üçün alınan kreditinin mənfəət dərəcəsini də 33% təyin etmişdi. Ancaq tacirlər işi idarə edə biləcək şəxsləri işə götürərək, praktikada qanunu pozurdular. O vaxtlar bank və valyuta mübadiləsi məntəqələri yox idi, ancaq bəzi varlılar nəsildən nəslə qiymətli mədənləri borc kimi verirdilər. Mallarını bu cür varlıların yanında əmanət qoyanlar öz öhdəliklərini yazılı sənədlərlə yerinə yetirirdi. Əsasən kənd təsərrüfatı işləri üçün kahinlər də xalqa borc verirdi.

Qanun bəzi vaxtlarda kredit alan adamın lehinəydi. Məsələn, bor alan fermerin məhsulu həmin il isti və selə görə məhv olardısa, o il üçün borc ödəməkdən azad edilirdi. Bununla yanaşı, çox vaxt qanun mal sahibinin mənafeyini güdürdü.

Babillilərdə borc alan şəxsin, hər halda aldığı borcu tamamilə ödəməyi öhdəsinə götürməsi qəti qanun idi. Buna görə də borc verən şəxs üç il ərzində borc alan adamın oğlunu və ya qulunu alıb yanında girov saxlamaq hüququna malik idi.

Assur xalqının iqtisadi vəziyyəti babillərdən çox da fərqli deyildi. Çünki bu iki bölgənin xalqı əslində eyni mədəniyyətə malik idi. Assur polad, alüminium, gümüş və qızıl mübadilə vasitəsi kimi istifadə olunurdu. Assuriyalılarda özəl banklar tacir və sənətkarlara borc verir, buna qarşılıq 25% qazanc götürürdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.