Maraqlı

Dünya əhli bilsin ki, Mənimlə ticarətdə kimsə zərər görməz

18 Avqust 2019 22:55
0 Şərh     Baxış: 640

Həzrət Musanın (ə) qövmündən olan Abod adlı bir saleh şəxs otuz il dua edib Allahdan övlad istəsə də, duası qəbul olunmurdu. O, Bəni-İsrail peyğəmbərlərindən birinin yanına gedib dua istədi. Peyğəmbər ona dua etdikdən sonra dedi: "Ey Abod, sənin haqqındakı duam qəbul oldu və sənə tezliklə bir övlad əta ediləcək. Amma ilahi qəzavü-qədərdən həmin övlad toy gecəsi dünyasını dəyişəcək!"

Abod evə gəlib əhvalatı arvadına danışdı. Arvadı "hər halda, Allahın qəzavü-qədəri ilə razılaşmalıyıq", dedi. Abod dedi: "Hər ikimiz qocalmışıq. Olsun ki, övladımız yetkinlik yaşına çatanadək dünyamızı dəyişək və onun fərağını görməyək."

Doqquz aydan sonra Abodə gözəl bir oğlan uşağı əta edildi. Bu uşağın böyüməsi və tərbiyəsi üçün qocalar çox əziyyət çəkdilər. Nəhayət, oğlan ata-anasından ailə qurmaq üçün icazə istədi. Ata-ana övlada xatir bu işi nə qədər yubatdılarsa da, nəhayət ki, bir gün toy mərasimi quruldu. Toy gecəsi bəla saatını gözləməyə başladılar. Bəy və gəlin bu gecəni salamatlıqla başa vurdular. Bir həftə ötdü. Ata-ana sevinc içərisində dövrün peyğəmbərinin yanına gəldilər və dedilər: "Dua edib bizim üçün övlad istədin və dedin ki, toy gecəsi ölüm onu haqlayacaq. Amma bir həftə ötüb, oğlumuz isə sağ-salamatdır."

Peyğəmbər (ə) dedi: "Təəccüblüdür! Mən o sözləri özümdən deməmişdim, Allahdan ilham edilmişdi. Görəsən, oğlunuzun hansı əməli bu qəzanı ondan sovuşdurub?"

Bu vaxt Cəbrail-Əmin gəlib dedi: "Allah salam göndərib deyir: Qəza sənin dilinə gətirdiyim sözlər idi. Amma o gənc elə bir xeyir iş gördü ki, hökmünü ləğv etdim, başqa bir hökm verdim. Həmin gənc toy gecəsi yeməyə məşğul olduğu vaxt möhtac bir qoca gəlib yemək istədi. Gənc öz yeməyini qocaya verdi. Qoca yeməyi yeyib belə dua etdi: "Pərvərdigara! Onun ömrünü artır!" Mən bu duaya görə həmin gəncin ömrünü səksən il artırdım. Dünya əhli bilsin ki, mənimlə ticarətdə kimsə zərər görməz və kimsənin mükafatı batmaz". ("Әs-sittinul-came", səh.44.)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.