Maraqlı

Arxeoloqlar Krit adasında Artemida və Apollonun unikal fiqurlarını aşkar ediblər

24 İyul 2019 07:35
0 Şərh     Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arxeoloqlar Krit adasındakı qədim yunan şəhəri Aptera ərazisində ov ilahəsi Artemida və şeir və musiqi tanrısı Apollonun unikal fiqurlarını aşkar ediblər. Xanya şəhərinin qədim abidələr üzrə müfəttişliyində bildiriblər ki, bu tapıntılar Roma dövrünə aid villaların xarabalıqlarında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Artemidanın heykəli misdən düzəldilib, Apollonun abidəsi isə mərmərdəndir. Hər iki sənət əsəri yüksək plastik səviyyədədir və Xanya şəhərinin Arxeologiya Muzeyinin kolleksiyasına əlavə ediləcək. Arxeoloqlar bildirirlər ki, fiqurlar Roma villasını bəzəmək üçün Afinadan Krit adasına gətirilib. İlkin ehtimallara görə, hər iki heykəl eramızın I və ya II əsrinin əvvəllərinə aiddir.

Krit adasının qərbində yerləşən Aptera qədim dövrün ən iri şəhərlərindən olub. Bu məkan əvvəllər Paleokastro adı ilə də tanınıb. Bu şəhəri kimin inşa etdiyi və nədən Aptera adlandırdığı ilə bağlı bir neçə ehtimal var. Fərziyyələrə görə, şəhərin adı Krit dövlətinin banisi çar Ptera və ya Apteranın adı ilə bağlıdır. Digər mifoloji versiyaya şeir və musiqi müsabiqəsi ilə əlaqəlidir və Aptera sözünün mənşəyi qədim yunanca qanadsız kəlməsindən gəlir.

Tarixi xronika göstərir ki, bu şəhər Kritin tarixində mühüm rola malik olub. Aptera daha yüksək inkişaf mərhələsini Ellin dövründə yaşayıb və ərəb istilasınadək bu tərəqqi davam edib. Ərəblərin adanı işğal etməsindən sonra şəhər dağıdılıb və sakinlər bu əraziləri tərk ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.