Maraqlı

Nə yoğurdum, nə yapdım... - Artıq hamı övlad sahibi ola biləcək

11 İyul 2019 20:39
2 Şərh     Baxış: 4 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda övladlığagötürmə, eləcə də övladlığa götürülən uşaqlara nəzarətlə bağlı bir sıra dəyişikliklərin edilməsi gözlənilir. Gözlənilən dəyişikliklərdən biri övladlığagötürmənin elektronlaşdırılmasıdırsa, digər yenilik I və II qrup əlliliyi olan şəxslərin də övladlığa uşaq götürməsi ilə bağlı indiyədək qanunvericilikdə olan qadağanın aradan qalxmasıdır. 

Milli.Az bildirir ki, Sputnik Azərbaycan övladlığagötürmə ilə bağlı həyata keçiriləcək bu yenilikləri, eləcə də nəzərdə tutulan digər dəyişikliklərin nələrdən ibarət olacağını araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov açıqlamasında bildirib ki, övladlığagötürmə sahəsində idarəçilik təkmilləşdirilir. Şöbə müdirinin sözlərinə görə, övladlığagötürmə ilə bağlı qanunvericiliyə və müvafiq sənədlərə dəyişiklik təklifləri hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir.

F.Ələkbərov deyir ki, övladlığagötürmə ilə bağlı ilk yenilik, valideyn namizədlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılacaq Alt sistemdə qeydiyyatdan keçməsi olacaq: "Belə ki, övladlığa uşaq götürmək üçün ərizə ilə müraciət edən valideyn olmaq istəyən namizədlər alt sistemdə özlərinə şəxsi kabinet yaradacaqlar. Daha sonra özləri ilə bağlı məlumatları bu şəxsi kabinetə daxil edəcəklər. Bundan sonra həmin şəxslərlə müsahibələr təşkil ediləcək. Müsahibələrdə DOST Agentliyinin sosial işçiləri iştirak edəcək. Onlar valideyn olmaq istəyən namizədlərin yaşayış şəraitinə baxış keçirəcək. Həmçinin onların psixoloji durumunun qiymətləndirilməsi aparılacaq. Bunun üçün valideyn olmaq istəyən namizədlər üçün təlimlər keçiriləcək, imtahan edilərək psixoloji durumları qiymətləndiriləcək. Yəni, övladlığa uşaq götürmək istəyənlər bir neçə mərhələdən keçdikdən sonra onlara övladlığa uşaq veriləcək".

F. Ələkbərov övladlığa uşaq götürmə məsələsində ən çox narazılığın yarandığı növbəlilik məsələsinə də aydınlıq gətirib. O, bildirib ki, yeni alt sistemin yaranmasının bir məqsədi də məhz növbəlilik prinsipini qorumaq və şəffaflığı təmin etməkdir. O ki qaldı indiyədək övladlığa uşaq götürmək üçün illərdir növbədə dayananların aqibətinə, şöbə müdiri bunun da nəzərə alınacağını söyləyir. Onun sözlərinə görə, onların indiyədək aidiyyatı qurumlara övladlığa uşaq götürmək üçün etdiyi müraciətlərin tarixi və sair öyrənildikdən sonra valideyn olmaq üçün növbə gözləyənlərə müəyyən imtiyazlar tətbiq ediləcək.

Həmsöhbətimiz övladlığa götürmə ilə bağlı qaydalarda bir sıra dəyişikliklərin nəzərdə tutulduğunu söyləyir. Onun sözlərinə görə, qanunvericilikdə 10 yaşına çatmış şəxslərin övladlığa götürülməsi ilə bağlı razılığı tələb olunur. Bu tələb yenə də qüvvədə qalmaqla yanaşı, 7 yaşına çatmış uşaqların övladlığa götürülməsi zamanı da fikirləri nəzərə alınacaq. Həmçinin övladlığagötürmə prosesində dövlət uşaq müəssisələrində valideyn olmaq istəyənlərlə uşaqların görüşü təşkil olunacaq. Sosial işçilər tərəfindən orada övladlığa götürən şəxslə övladlığa veriləcək uşaq arasında doğma münasibətlərin yaranıb-yaranmadığı müşahidə ediləcək.

Bundan əlavə, şöbə müdiri deyir ki, övladlığa uşaq götürən şəxsə götürdüyü uşağın doğma övladı olmadığı barədə məlumat verməsi də tövsiyə olunacaq. F. Ələkbərov I və II qrup əlliliyi olan şəxslərin də övladlığa uşaq götürməsinin mümkün olacağını söyləyir. Şöbə müdiri hesab edir ki, indiki qanunvericiliklə I və II qrup əlliliyi olan şəxslərin övladlığa uşaq götürməsinə olan qadağa onları valideyn olmaq hüququndan məhrum edir: "Yeni qanunvericilikdə I və II qrup əlilliyi olan şəxslərə övladlığa uşaq götürmək hüququ veriləcək. Amma yenə də infeksion xəstəlikləri, fəaliyyət qabiliyyətsizliyi, məhkumluğu olan, ağır cinayətlər, eyni zamanda ictimai əxlaq əleyhinə cinayət törədən, əvvəllər valideyn hüququndan məhrum olmuş şəxslər övladlığa uşaq götürmə hüququndan məhrum olunurlar. Sosial işçilər I və II qrup əlilliyi olan şəxslərin uşağın saxlanılmasına maliyyə imkanlarını araşdıracaqlar. Əgər I və II qrup əlilliyi olan şəxslərin digər tələblər daxil olmaqla mənzil şəraiti və maliyyə vəziyyəti uşağın saxlanılmasına imkan verirsə, o zaman bu kateqoriyadan olan şəxslərin də övladlığa uşaq götürməsi mümkün olacaq".

Qeyd edək ki, övladlığa verilən uşaqlarla bağlı ən həssas və daha çox müzakirələrə, söz-söhbətlərə səbəb olan məsələ həmin uşaqların taleyi ilə bağlıdır. Fərhad Ələkbərovla söhbət zamanı öyrəndik ki, bu məsələyə də nəzarət sərtləşdiriləcək. Belə ki, övladlığa verilən uşaqların ailələrdə vəziyyəti birinci ildə hər rübdə bir dəfə yoxlanılacaq. Eyni zamanda onların ətrafında övladlığa verilən uşaqlara qarşı ailədə davranış, onlara münasibətlə bağlı vəziyyət sosial işçilər tərəfindən öyrəniləcək: "Elə ona görə də, biz övladlığa uşaq götürən valideynlərə bunu uşaqdan gizli saxlamamağı tövsiyə edirik. Amma bu, məcbur deyil. Əgər ailədə uşağa övladlığa götürüldüyü deyilməyibsə, sosial işçilər nəzarəti uşağa hiss etdirmədən aparacaqlar".

Şöbə müdiri bununla belə KİV-də övladlığa verilmə ilə bağlı məsələnin sirr saxlanılması barədə qanunun tələbinin olduğu kimi qalacağını söyləyir. Onun sözlərinə görə, övladlığaverilmə ilə bağlı bir sıra dəyişikliklərə rəğmən, uşağın kimə övladlığa verildiyi barədə məlumatı yayan jurnalisti qanunla cəza gözləyir.

F. Ələkbərov əcnəbilərə övladlığa verilmə ilə bağlı da qaydalarda dəyişiklik olacağını söyləyir. Onun sözlərinə görə, ölkə vətəndaşlarının şəxsi mülkü öz adlarına olmadığı halda övladlığa uşaq götürməsi mümkündürsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin yaşadığı əmlakı mütləq öz adlarına rəsmiləşdirilməlidir. Bundan əlavə, Azərbaycan vətəndaşlarına subay olduğu halda övladlığa uşaq verilirsə, bu əcnəbilərə və vətəndaşlığı olmayanlara aid deyil. Azərbaycanda övladlığa uşaq götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mütləq nikahda olmalıdırlar.

Qeyd edək ki, noyabrın 1-dən övladlığagötürmə ilə bağlı səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, övladlığagötürmə sahəsində vahid elektron Alt sistemi yaradılacaq.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında övladlığaverilmə ilə bağlı idarəetmənin təkmilləşdirilməsinin müsbət addım olduğunu söyləyib. O, bildirib ki, övladlığa uşaqların verilməsində indiyədək üç qurum iştirak edirdi. Bunlar Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi idi: "İndi övladlığa verilmənin vahid qurum tərəfindən nəzarəti çox müsbət haldır. Övladlığa verilmə ilə bağlı müraciətlərin elektron qəbulu bu sahədə şəffaflıq yaradacaq. Həmçinin düşünürəm ki, övladlığa verilən uşaqların sonrakı taleyinə də nəzarət gücləndiriləcək. Çünki, indiyədək aidiyyatı qurumlar nəzarətin həyata keçirildiyi barədə lazımi oraqanlara hesabat verdiklərini desələr də, bu məsələ bir qədər şübhəli qalırdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.