Maraqlı

Hitlerin və Fironların sevimlisi - Nefertitinin həyatı və ölümü

12 Avqust 2019 22:47
1 Şərh     Baxış: 2 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qədim Misirin məşhur kraliçası Nefertitinin gözəlliyi haqqında bir çox əfsanə var.

Milli.Az ölkə.az-a istinadən qədim dünyanın ən məşhur qadınlarından olan Nefertitinin həyatı haqqında yazını təqdim edir.

Üçüncü Reyxin füreri Adolf Hitler Nefertitini o qədər sevirdi ki, bunkerinə də heykəlini aparmışdı. Deyilənə görə, nasist lider son dəqiqələrinə qədər heykəldən ayrılmayıb.

İri gözlər, qara qaş, iri və ətli dodaq, gözəl üz cizgiləri, kiçik burun, uzun boyun-Qədim Misirin gözəllik etalonu Nefertitinin təsviri budur. Onun adının tərcüməsi də "gözəl gəlir" deməkdir.

Bütün dünyada məşhur olan heykəl 1912-ci ildə arxeoloq Lyudviq Borhard tərəfindən qazıntılar zamanı kəşf edilib. O, heykəli gizli şəkildə Berlinə gətirir və muzeyə təhvil verir. Misirlilər heykəlin qaytarılmasını tələb etdilər və Nefertiti lənəti ilə hədələdilər. Amma nə Borhard, nə də alman hökuməti heykəli qaytarmadı. Hazırda heykəl Berlin muzeyindədir.

Nefertitinin saray həyatı

Qədim Misir sakinləri üçün Nefertiti təkcə fironun arvadı və kraliça deyildi. Onu tanrı sayırdılar. Nefertiti qızları və əri ilə birlikdə Nilin sahilindəki dəbdəbəli sarayda yaşayırdı. Deyilənə görə, monarxın sarayı elə də böyük deyildi. Orta hesabla, hər mülk 160 kvadrat metrlik sahəni tuturdu. Amma hər mülk əvvəlkindən daha gözəl və dəbdəbəli inşa edilirdi.

Nefertitinin sarayını güllər saçan bağlar və hovuzlar əhatə edirdi. Döşəmələr rəngli mozaika ilə, tavan isə işləmələrlə bəzədilmişdi. Divarlarda fironun və ailəsinin həyatına aid təsvirlər yer almışdı. Bahalı mebel, qızıldan hazırlanmış əşyalar kraliça üçün nəzərdə tutulmuşdu. Nefertiti incə, gözəl bədən quruluşu olan qadın idi. Fironun sevimli xanımı  kimi qalmaq üçün o, özünə xüsusi qulluq edirdi. Dəniz duzu olan vanna qəbul edir, bədəninə aromatlı yağlar sürtür, dırnaqlarını xna və maye qızılla bəzəyirdi. O, gözlərinə sürmə çəkir, dodaqlarını balzamla boyayırdı. Nefertitinin qarderobunda kifayət qədər bahalı paltarlar var idi. Yüngül, bahalı materiallardan paltarları cəmiyyətin ancaq ali təbəqəsi ala bilərdi.

Fironun xanımı zinət əşyalarını çox xoşlayırdı. Adətən qulağa bir sırğa taxılırdı. Amma Nefertiti və onun altı qızından birinə hər qulağa iki sırğa taxmağa icazə verilmişdi.

Qədim Misir qanunlarına əsasən, təəbələri monarxın saçını görə bilməzdilər. Buna görə də firon və arvadı parik taxırdılar. Firon da geyim barədə Nefertitidən geri qalmır, bahalı paltarlara üstünlük verirdi. Onun başında qızıl işləməli, kobra ilanı təsvir edilən parik var idi. Tədbirlər zamanı dövlət başçısı tac taxırdı. Hörük hörülmüş saqqal da vazkeçilməz atributlardan idi.

Dəbdəbəli sarayları, bahalı geyimləri və s.xərcləri ödəmək üçün xəzinədə pul çox olmalı idi. Adətən xəzinəni səfərlər hesabına doldururdular. Xəzinənin dolu olması təkcə hakim ailənin yox, eyni zamanda əyanların, kahinlərin də həyatını dəbdəbəli edirdi. Bayramlar zamanı dindarlara pul paylanılırdı. Qədim Misirdə kahin olmaq çox prestijli idi. Onlar da kral kimi yaşayır, minlərə qula, yüzlərlə kəndə sahib idilər.
Hökmdar üçün hədiyyələr

Firon IV Amenhotepin həyat yoldaşı Nefertitinin gözəlliyi barədə əfsanələr dolaşır. Fironu özünə aşiq edən gözəlin keçmiş həyatı barədə məlumat çox azdır. Onun hansı şəhərdə anadan olduğu dəqiq bilinmir. Ehtimal edilir ki, Nefertiti Misirdə anadan olmayıb. Onun valideynləri barədə də məlumatlar müxtəlifdir. Bəzi tarixçilər Nefertitinin atasının yüksəkçinli məmur olduğunu, bəziləri isə çar olduğunu yazır. Onun anası isə hərəmxananın cariyəsi olub.

Misir fironu ilə münasibətləri düzəltmək üçün 12 yaşlı Nefertiti hədiyyə kimi saraya göndərilib.

Amma hökmdar tezliklə ölür. Ənənəyə əsasən, hökmdarın cariyəsini də ölüm gözləyirdi. Amma IV Amenhotep Nefertitini çox bəyəndiyi üçün ona aşiq olur və ölümdən xilas edir. Hökmdarın başqa arvadları olsa da, Nefertiti əsas qadın idi. Onun da əri kimi geniş səlahiyyətləri var idi. Qədim Misirdə qadınlara da kişilər kimi hüquqlar verilirdi. Qadınlar da ticarətlə məşğul olur, savaşır, dövlət idarə edir və mülk sahibi idilər.

Hefertiti səlahiyyətlərindən istifadə edərək islahatlara başlayır. Bu, o dövr üçün inqilabi islahatlar idi. O, politeizmi ləğv edərək, yeganə tanrı, Günəş tanrısı sayılan Aton olduğunu elan edir. Paytaxt Axetatona köçürülür. Nefertiti yerli siyasətçilərlə görüşür, islahatlar aparırdı.

Firon isə 6 qız anası olan Nefertitini çox sevsə də, nəslinin davamı üçün oğlan övladı istəyirdi. Onun ikinci arvadı yeganə varis Tutanhamonu dünyaya gətirir. Uşağın tərbiyəsi ilə Nefertiti məşğul olur.

Bundan sonra Amenhotepin və Nefertitinin xoşbəxt nikahı uzun sürmür. Hökmdar dünyasını dəyişir. Sevimli arvadı isə taxta çıxır. Tutanhamon kiçik olduğu üçün ölkəni idarə edə bilməzdi. Nefertiti qızlarından birini Tutanhamonla evləndirir. Bu, qəribə deyildi. Çünki o dövrdə fironlar yaxın qohumları ilə, bir çox halda bacıları ilə evlənirdilər ki, qanları qarışmasın.

Misirşünasların fikrinə görə, Nefertiti 30-40 yaşlarında dünyasını dəyişib. Kraliçanın mumiyası bu günə qədər tapılmadığı üçün ölüm səbəbi barədə nəsə demək mümkün deyil. Ehtimal edilir ki, yeni islahatlardan məmnun qalmayan kahinlər fironun ölümündən sonra birləşərək Nefertitini də aradan götürüblər. Başqa versiyaya görə, kraliça naməlum xəstəlikdən dünyasını dəyişib.

Deyilənlərə görə, ölümündən sonra kraliçanı ailə qəbirstanlığında dəfn ediblər. Sonradan isə sərdabə talan edilib. Bu günə qədər də Nefertininin sərdabəsi axtarılır və alimlər üçün onun mumiyasını tapmaq unikal kəşf sayılar...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.