Maraqlı

Gələcək olan Mehdi kimdi?

20 İyun 2019 07:01
0 Şərh     Baxış: 2 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sual: Əvvəlki din mənsubları kimi, müsəlmanlar da bir Mehdinin gələcəyinə inanırlar. Mən bu gələcək Mehdini necə tanıyacam? Quranda bu haqda bir şey varmı?

Mehdi, bütün dinlərin ana mövzusu halına gəlmişdir. Qurani Kərimdə bu barədə heç bir məlumat olmamasına baxmayaraq, Qurandan əvvəl və sonra yazılan kitablarda bu barədə çox məlumatlara rast gəlməkdəyik. Bu kitabların hamısında ümumiyyətlə yazılan cümlələr demək olar ki eynidir: "Qiyamətə yaxın son qurtarıcı gələcək, bütün kafirləri öldürüb dünyaya əminamanlıq gətirəcəkdir."

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, bu səbəblə Mehdi ilə əlaqədar mövzu dinimizdə ən çox istismar edilən mövzuların başında yer almaqdadır. Belə bir düşüncənin İslama nüfuzu isə 3-cü əsrdən sonra yayılmağa başladı. Hər nə qədər rəvayətlərdə belə bir düşüncənin peyğəmbər dövründən etibarən mövcud olduğunu desələr də bütün bunlar uydurmadır. Quranda Mehdinin gəlişi ilə əlaqəli heç bir ayə və heç bir səhih hədis yoxdur. Əllərində heç bir əsas olmayan təhrifçi din xadimləri, Nur surəsinin 55-ci ayəsini Mehdinin gəlişinə dəlil kimi yorumlamaqdadır:

"Allah, sizdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da yer üzünün hakimi edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər məhz onlar fasiqlərdir." (Nur, 24/55.)

Hâlbuki bu ayə açıq-aşkar peyğəmbər dövründə sayısı az və zəif halda olan möminlərin gələcəkdəki halını müjdələməkdədir.[1]

İrəli sürdükləri bir başqa dəlil: "Vaxtilə Biz peyğəmbərlərdən əhd aldıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd aldıq." (Əhzab, 33/7.)

Bu alınan sözün nə olduğu ayənin davamında və Zümər surəsinin 65-ci ayəsində bildirilməkdədir:

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan."

Bir də elm əhli fəqihlər bunu yaxşı bilirlər ki, hər hansı bir əqidəvi məsələ açıq-aydın nassa[2]/dəlilə əsaslanmalıdır. Yəni iman əsaslarımız, başqa mənaya gəlmə ehtimalını daşımayan, şübhə və tərəddüdə yer verməyən möhkəm/açıq ifadəyə əsaslanan Quran ayələrindən ibarət olmalıdır.

Təəssüf ki, bir çox məsələdə olduğu kimi, xüsusiylə əhli şiə (əhli sünnə də İsa əleyhissəlamın gəlişinə inandırmaq üçün eyni yolu izləmişlər) bu məsələdə Quran aylərini təhrif etmiş və Mehdinin gəlişini iman əsaslarından biri halına gətirmişdir. Bununla yanaşı, əhli şiənin hər firqəsi Mehdi barədə fərqli şeylər iddia etməkdə və hər biri gələcək olan Mehdinin öz imamlarından olacağını iddia etməkdədir. Məsələn;

İmamiyyə (Cəfəriyyə) şiəsində gələcək olan son Mehdi: 12-ci imam Əbul-Qasım Muhəmməd əl-Mehdi əz-Zamandır.
Zeydiyyə firqəsində gələcək olan son Mehdi: Zeynəlabidinin nəvəsi hətta Zeynəlabidinin özünün təkrar gələcəyini deyilir.
İsmailiyyədə gələcək olan son Mehdi: Cəfər əs-Sadiqin digər oğlu İsmayıldır. İmam Cəfər onu gizlətmiş, beləliklə o ölməmiş və insanların başına keçib yer üzünü ədalətlə doldurana qədər ölməyəcəyinə inanmaqdadırlar.
Navusiyyə firqəsinə görə Mehdi, İmam Bakırın oğlu İmam Cəfərdir. Hətta onunla əlaqəli belə bir rəvayət uydurmuşlar. Guya imam Cəfər belə demişdir: "Mənim başımın dağdan üstünüzə yuvarlanıb düştüyünü görsəniz belə, inanmayın..." (Şəhristani, "əl-Miləl vən-Nihal", 151.)
Bunun kimi, hardasa bütün firqələrin hər biri fərqli bir qurtarıcının gələcəyinə, dünyanı qurtaracağına, İsa (ə.s.)-ın gəlib Mehdiyə tabe olacağına və onun arxasında namaz qılacağına, Dəccalı birlikdə öldürəcəklərinə inandırılmışdır. Son peyğəmbərin və əvvəlki imamların tamamlaya bilmədiyi İslam davasını nəhayətə qovuşduracaq şəxsin bu Mehdi olacağını qəbul etmişlər.

Halbuki biz, əvvəlki kitablarda gələcəyi xəbər verilən son Mehdi (Hidayətçi)-nin yəni, Muhəmməd əleyhissəlamın kitapla göndərildiyinə, özü vəfat etsə də kitabının qiyamətə qədər tək Mehdi/hidayət mənbəyi kimi qaldığına şahid olmaqdayıq.[3] Əgər başqa qurtarıcı gözləmədən, firqələrə bölünmədən bu kitaba sarılarsaq,  dünya hakimiyyətinə və axirət səadətinə də qovuşdurar (Nur surəsi 55-ci ayədəki vədiylə peyğəmbər və səhabəsini qovuşdurduğu kimi). Ancaq bu kitabı bir kənara qoyub, başqa Mehdilər, qurtarıcılar, şəfaətçilər və s. axtardığımız müddətcə, dünya və axirətdəki rəzilliklər, fəlakətlər üstümüzdən əksik olmayacaqdır.

[1] Əgər biz Qurandakı hər hansı bir ayəni ona oxşar, açıqlayan başqa bir ayə ilə birlikdə ələ almadan öz əqidəmiz əsasında yorumlayarsaq, o zaman bizim xaricilərdən, vəhhabilərdən bir fərqimiz qalmaz. Allah Rum surəsində belə bir vədi əvvəlcədən verdiyini bildirməkdədir: "Bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər; Allah istədiyinə köməklik edər. Allah Rəhmlidir. (Budur )Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti (bunu) bilmir." (Rum, 30/4-6.)

Belə bir vəd, Allah üçün çalışan hər kəsə verildiyi kimi, eyni zamanda Yəhudilərə də verilmişdir. Məsələn, "Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və (vaxtı ilə) sizi aləmlərdən üstün etdiyimi xatırlayın." (Bəqərə, 2/122.)

[2] Nass, təvilə və yoruma ehtiyacı olmayan açıq ayə, söz və ya mətn.

[3] Necəki, Nəbi əleyhissəlam və səhabə  tək bu mənbəyə sarılaraq, qısa müddətdə dünyaya hakim oldu və bizə ən gözəl nümunə buraxdılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.