Maraqlı

Konspirologiya nəzəriyyələrinə kimlər inanır?

17 İyun 2019 19:15
0 Şərh     Baxış: 2 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quassim Cassam Koventri, Varkik Universitetində fəlsəfə üzrə professordur. Onun sonuncu kitabları bunlardır: "Berkli tapmacası: Təcrübə bizə nəyi öyrədir?" (2014) və "İnsanlar üçün şəxsi bilik" (2014).

Pis düşüncəlilər

Nəyə görə bəzi insanlar konspirologiya nəzəriyyələrinə inanır? Məsələ onların kim olmaları və nə fikirləşmələrində deyil, intellektual xarakterdədir.

Oliverlə tanış olun. Bir çox dostları kimi Oliver də 11 Sentyabr hadisələri barədə mütəxəssis olduğunu düşünür. O, çox vaxt boş vaxtını konspirologiya saytlarını oxumaqla keçirir və araşdırmalarından bu qərara gəlib ki, 2001-ci ilin 11 Sentyabrında Nyu-York və Vaşinqtonda törədilən terror hücumları daxildən təşkil olunub. Dünya Ticarət Mərkəzinin Əkiz Qüllələrinin çökməsinə təyyarə hücumu və baş verən yanğın səbəb olmayıb, onun fikrincə, yeganə ağlabatan izah hökumət adamlarının partlayışları əvvəlcədən planlaşdırmasıdır. Əlbəttə, o, hökumətin Əl-qaidənin günahlandırdığını bilir, amma onun gözlənilən cavabı xalis Mendi Rays-Deyvisinki sayaqdır: onlar elə belə deməlidirlər, elə deyil?

Milli.Az bilge.az-a istinadən bildirir ki, sorğular göstərir ki, Oliverin 11 Sentyabr hadisələrinə münasibəti heç də gözlənilməz deyil. Həqiqətən də bu qəbildən olan nəzəriyyələr geniş yayılıb. QİÇS-in yayılmasına, 1969-cu ildəki Ay səyahətinə, UNO-lara və Kennedinin sui-qəsdinə dair çoxlu konspirologiyalar mövcuddur. Bəzən konspirologiya nəzəriyyələri həqiqətə çevrilə bilir - Votergeyt də əvvəlcə əslində konspirologiya idi - amma bir qayda olaraq onlar səfsətədən ibarət olurlar. Faktiki olaraq, konspiralogiyalar insan məxluqu barədə heyrətamiz həqiqətləri əks etdirən parlaq rəsmlərdir: biz bir çox məqamlarda nə qədər ağıllı və bilikli olsaq da, çoxumuz hələ də əcaib şeylərə inanırıq. Özlərinin yadplanetlilər tərəfindən oğurlandığına, Holokostun heç vaxt baş vermədiyinə və pozitiv düşüncə ilə xərçəngə qalib gəlməyin mümkün olduğuna inanan insanlar var. 2009-cu ildəki "Harris Poll" sorğusu zamanı məlum olmuşdu ki, hər beş amerikalıdan biri reinkarnasiyaya, astrologiyaya və cadugərlərin mövcud olduğuna inanır. Ağlınızdan hansısa əcaib bir şeyi keçirin, çox güman bunun həqiqət olduğuna inanan kimsə tapılacaq.

Əlbəttə, Oliverin 11 Sentyabr hadisələri barədəki nəzəriyyəsinin həqiqətlə çox az əlaqəsinin olduğu aydındır, amma yenə də sizin üçün maraqlıdır: o, niyə buna inanır? "Nəyə görə Oliver 11 Sentyabrın daxildən quraşdırıldığına inanır" sualı amerikalı skeptik Maykl Şermerin "nəyə görə insanlar əcaib şeylərə inanırlar" - ümumi sualının sadəcə bir versiyasıdır. İnanc nə qədər əcaib olsa, bir insanın ona sahib olması bir o qədər qəribə görünür. İnsanların nəyə görə qəribə şeylərə inandığını soruşmaq, onların pəncərədən yağışın yağdığını görərkən, nəyə görə yağışın yağdığına inanırsan sualını verməyə bənzəmir. Tutarlı sübut olduğu halda insanın yağışın yağmasına inanması təbiidir, lakin Oliverin əlində tutarlı dəlillər olduğu halda, 11 Sentyabr hadisələrinin daxildən quraşdırıldığına inanması heç də təbii deyil.

İntuitiv və sağlam məntiq olduğuna inansam da, ziddiyətli kimi görünən bir şey barəsində mübahisə yürütmək istəyirəm. Mənim iddiam belədir: Oliver etdiyi şeyə inanır, çünki o bu cür düşünən insandır, daha kobud desək, onun düşüncə tərzində nəsə bir xəta var. Konspirologiya nəzəriyyəçilərinin problemi amerikalı hüquq alimi Kass Sansteynin iddia etdiyi kimi yetərincə düzgün məlumata sahib olmadıqlarına görə deyil. Onların bir inanca gəlməsinə səbəb olan açar məqam sərəncamlarında olan nəhəng miqdardakı informasiyaya necə cavab vermələri və bu informasiyanı necə interpretasiya etmələrindədir. Mən bunu irəli sürmək istəyirəm: bu, onların fundamental olaraq necə insan olmalarıyla bağlıdır. Oliver dəli deyil (və ya ən azından belə olmağına ehtiyac yoxdur). Buna baxmayaraq, onun 11 Sentyabr hadisələri ilə bağlı inancları onun intellektual quruluşunun, başqa sözlə, intellektual xarakterinin xüsusiyyətlərinin cəmidir.

Adətən filosoflar bir adamın nəyə görə bir şeyə (əcaib və s.) inandığını izah etməyə çalışanda, bu adamın xarakterik xüsusiyyətlərinə deyil, səbəblərinə əsaslanırlar. Bu mənada Oliverin nəyə görə 11 Sentyabr hadisələrinin daxildən quraşdırılmış iş olmasına inanmasını izah etməyin yolu bu inancın səbəblərinin müəyyənləşdirilməsi ola bilər, bu səbəbləri açacaq ən yaxşı məqamdakı insan da Oliverin özüdür.

Bu məqamda ortaya çıxan problem budur ki, izahları rasionallaşdırmaq bizi biraz da cəncələ salır. Əgər siz Oliverdən 11 Sentyabr hadisələrinin niyə daxildən quraşdırıldığını soruşsanız, o, təbii olaraq özünün səbəblərini sadalamaq fürsəti qazanacaq: bu daxildən quraşdırılmış iş olmalıdır, o dirəşəcək, çünki təyyarənin çırpılmasıyla qüllələr çökə bilməz. Bunu deyərkən, o əslində səhv edir, amma istənilən halda bu, onun iddiasıdır və o, bundan ikiəlli yapışıb. Əslində isə o, şübhəli inanclarını əsaslandırarkən, onlardan daha az şübhə doğurmayan inanclara əsaslanır. Təəssüf ki, bu da bizə onun nəyə görə bu inanclara əsaslandığına dair bir izah vermir. Ortada bir məsələ açıq olaraq qalır: biz hələ də onda nəyin baş verdiyini bilmirik.

İndisə gəlin, Oliverin hekayəsini bir az diqqətlə gözdən keçirək: tutalım, o, 11 Sentyabr hadisələrindən əlavə, çox sayda digər konspirologiya nəzəriyyələrinə inanır. O, Aya səyahətin yalan olduğuna, Şahzadə Diananın M16 tərəfindən öldürüldüyünə və Ebola virusunun biosilahla ortaya çıxdığına inanır. Onu yaxşı tanıyanlar asanlıqla təsir altına düşdüyünü deyəcəklər, tutalım, sizin özünüzdə də sübut var ki, o, öz düşüncəsində tamamilə qayğısızdır, həqiqi dəlil ilə təsdiq olunmamış spekulyasiya arasındakı fərqi ayırd edə bilmir. İndi hər şey qəfildən yerinə oturmağa başlayır, çünki fokus Oliverin səbəblərindən onun xarakterinə doğru dəyişir. İndi sən onun 11 Sentyabr barədə baxışlarını ümumilikdə onun intellektual davranışı kontekstində görürsən və bu, onun inancının daha fərqli və dərin izahını ortaya çıxarır: o, müəyyən mənada sadəlövh olduğu üçün 11 Sentyabr hadisələrinin daxildən quraşdırıldığını düşünür. Sosial psixoloqların dediyi kimi onda "konspiroloji zehniyyət" var.

Sadəlövhlər nadir hallarda sadəlövh olduqlarına inanırlar, dardüşüncəlilər dardüşüncəli olduqlarına inanmırlar

İrəli sürülən xarakterin rasionallaşdırıcı izah olmadığını nəzərə alın. Nə də olsa, sadəlövh olmaq heç də hər şeyə inanmaq demək deyil, baxmayaraq ki, bu hələ də Oliverin nəyə görə 11 Sentyabr hadisələrinin daxildən quraşdırıldığına inanmasının səbəbi ola bilər. Oliver 11 Sentyabrın daxildən quraşdırılma olduğuna inana bilər inanmağına, amma o, bu inancının sadəlövhlük olduğunu anlaya biləcək axırıncı adamdır. İntellektual xarakter xüsusiyyətlərinin təbiətində belə bir şey var: sən onların səndə olduğunu dərk etmirsən və onların sənin düşüncə tərzinə nə dərəcədə təsir etdiyindən xəbərsiz olursan. Sadəlövhlər nadir hallarda sadəlövh olduqlarına inanırlar, dardüşüncəlilər dardüşüncəli olduqlarına inanmırlar. Belə hallarda şəxsi cahilliyin öhdəsindən gəlmək üçün yeganə ümid mənbəyi başqa insanların - iş yoldaşlarının, həyat yoldaşının, dostlarının - səni böyük ehtimalla səndən yaxşı tanıdıqlarını qəbul etməkdir. Amma bu da mütləq faydalı olmur. Nə də olsa, başqalarının sənin haqqında dediklərinə qulaq verməmək sənin intellektual xarakterinə məxsus davranış ola bilər. Bəzi qüsurlar müalicəsizdir.

Sadəlövhlük, etinasızlıq və dardüşüncəlilik Amerikalı filosof Linda Zaqzebskinin "Ağlın fəzilətləri" (1996) kitabında "intellektual qüsurlar" adlandırdığı nümunələrdir. Digərlərinə başısoyuqluq, bekarçılıq, tutarsızlıq və detalçılığa etinasızlıq da daxildir. İntellektual xarakter xüsusiyyətləri vərdişlər və ya düşüncə tərzləridir. Oliveri sadəlövh və etinasız adlandırmaq onun intellektual tərzi və ya ağlının təbiəti haqqında fikir söyləməkdir - məsələn, o, 11 Sentyabr hadisələri barədə fikirləri hardan tapmağa çalışır? Effektiv və etibarlı araşdırmaya imkan yaradan intellektual xarakterin xüsusiyyətləri intellektual fəzilətlərdir, intellektual xarakterin xüsusiyyətləri intellektual qüsurlar olanda isə effektiv və etibarlı araşdırmaya əngəl yaranır. Oliver açıq-aydın təvəzökarlıq, tədbirlilik və ehtiyatlılıq kimi intellektual fəzilətlərdən məhrumdur və buna görə də onun 11 Sentyabr hadisələrinin dibinə enmək cəhdləri qüsurludur.

Oliver uydurma qəhrəmandır, lakin intellektual qüsurların real dünyəvi nümunələrini tapmaq çətin deyil. 2009-cu ildə Amsterdamdan Detroitə uçan təyyarəni partlatmağa cəhd edən "altpaltar bombaçısı" Ömər Faiq Abdulmütəlləbin nümunəsinə nəzər salaq. Abdulmütəlləb Nigeriyada, Laqosda zəngin və təhsilli ailədə doğulub, London Kollec Universitetindən mexanik mühəndis kimi məzun olub. O, İslami militant Ənvər əl-Əvləkinin (ən sonda o, ABŞ-ın dron hücumu nəticəsində öldürülmüşdü) xütbələrini dinləyərək radikallaşmışdı. Faktiki olaraq, Abdulmütəlləbin ən azından müəyyən qədər özünün intellektual xarakterinə görə, Əvlakinin xütbələrinə uyduğunu görməmək mümkün deyil. Əgər Abdulmütəlləbin Əvlakiyə uymamaq üçün intellektual xarakteri olsaydı, onda yəqin ki, o, transatlantik təyyarədə alpaltarındakı bombayla peyda olmazdı.

Şübhəli inancların intellektual xarakterinin izahları təsəvvür edildiyindən daha dolaşıqdır. Məsələn, deyilənə görə, insanların pis davranışlarını və ya əcaib inanclarını onların xasiyyətinə görə izah etmək bizim onlara münasibətimizi daha dözümsüz edir və empatiya ilə yanaşmağımıza mane olur. Amma bu izahların nəticələri pis olsa belə, yenə də düzgün ola bilər. İstənilən halda, xarakter barədə izahların bizi insanların zəifliklərinə dözümsüz etdiyinə dair sübut yoxdur. Tutalım, Oliverin konspirologiya nəzəriyyələrindən əl çəkməsini əngəlləmək mümkün deyil. Bu, bizi ona və onun əcaib inanclarına dözümsüzmü edəcək?

Xarakter əsaslı izahlara edilən başqa bir etiraz da belədir: insanların şübhəli inanclara sahib olması onların axmaq, yaxud sadəlövh olması mənasına gəlmir. Amerikalı sosial psixoloq Tomas Giloviç "Bir şeyin elə olmadığını biz necə bilirik" kitabında iddia edir ki, bu inancların bir çoxunun "xalis koqnitiv kökləri" var, Giloviçin fikrincə, onlar bizim informasiyanı süzgəcdən keçirib nəticələr çıxarmağımızdakı bacarıqsızlığımız ucbatından ortaya çıxırlar. Beləliklə, onun koqnitiv izaha dair verdiyi nümunələr bizi düppədüz xarakter izahlarına gətirib çıxarır. Onun nümunəsi basketboldakı "isti əl"dir . İsti əlin məğzi budur ki, əgər basketbol oyunçusu bir neçə uğurlu basket atsa, böyük ehtimalla bu basketlərin arxası gələcək. Uğur uğur gətirir.

Giloviç isti əlin mövcud olmadığını göstərməkdən ötrü detallı statitistika analizindən istifadə edib - əgər basket uğurludursa, bu demək deyil ki, onun mütləq arxası gələcək. Sual budur: bəs niyə bir çox basketbol məşqçiləri, oyunçular və fanatlar buna inanırlar? Giloviçin koqnitiv izahına görə, isti ələ olan inam bizim şansın ardıcıllığı barədəki qüsurlu intuisiyalarımıza əsaslanır: biz bir növ kimi həqiqi təsadüfi ardıcıllığın necə olduğunu bilməkdə uğurlu deyilik.

Giloviç özünün gəldiyi nəticələri bir çox basketbol məşqçisinə göndərib, bundan sonra baş verənlər isə olduqca maraqlıdır. Biri belə cavab vermişdi: "Bu kimdir belə? Araşdırma aparan imiş. Cəhənnəməki". Bu, ortada olan əla intellektual qüsur nümunəsidir. Bu alçaldıcı reaksiya dardüşüncəlilik və qərəz olmaqla, bir çox çatışmazlıqları ehtiva edir. Bunu asanlıqla qeyd etməkdə fayda var: məşqçi necədirsə elə reaksiya verib, dardüşüncəli və qərəzlə. Ona görə də bu və Oliver kimi nümunələrdə xarakter xüsusiyyətlərinin yetərincə aydınlaşdırıcı olmadığını demək yanlış olar. Daha az etinasız olan məşqçi isti əlin mövcud olmamasına dair sübuta tamamilə başqa cür reaksiya verərdi.

Ümumilikdə biz məşqçinin şəxsiyyətini nəzərə almadan onun alçaldıcı mövqeyini izah edə bilərikmi? "Situasiyalar" adlanan məfhumlar israrla xarakter xüsusiyyətlərindənsə situativ faktorların davranışları daha yaxşı izah etdiyinə vurğu edir. Bəziləri bunu xarakterin mövcudluğu barədə skeptik olmaq üçün yaxşı səbəb kimi görür.

Eksperimentlərin birində teologiya seminarının tələbələrindən kampusun bir yerində nitq demələri istənilmişdi. Bir qrupdan Nəcib Samaritanlının ibrətli hekayəsini danışmaq istənilmiş, digərlərinə isə fərqli mövzu verilmişdi. Bəzilərinə mühazirənin keçiriləcəyi yerə çatmaları üçün kifayət qədər vaxt verilmiş, bəzilərinə isə tələsmələri deyilmişdi. Görüş yerinə gedən yolda bütün tələbələr açıq-aydın köməyə ehtiyacı olan şəxsin (aktyorun) yanından keçirdilər. Hadisə zamanı fərqlilik yaradan yeganə dəyişkən onların kömək üçün dayanmasının onları nə qədər tələsdiyini göstərməsi idi; tələsən tələbələrin, vaxtlarının olduğunu düşünən tələbələrdən fərqli olaraq, dayanıb kömək eləmələri ehtimalı daha aşağı idi. Prinston filosofu Cilbert Harman belə təcrübələrdən çıxan dərsin bu olduğunu deyir: "biz insanları situativ faktorlara baxmağa və hadisələri xarakter xüsusiyyətləri nöqteyi nəzərindən izah etməyin düzgün olmadığına inandırmalıyıq".

Siz deyirsiz ki, 11 Sentyabrın barədə konspirologiya nəzəriyyəsinə inandığına görə Oliver sadəlövhdür: o, isə etiraz edərək deyir: 11 Sentyabr barədə uydurmalara inanmaqla sizin özünüz sadəlövhsünüz

Harmanın nəzərdə tutduğu xarakter xüsusiyyətləri mehribanlıq və alicənablıq kimi əxlaqi fəzilətlərdir, lakin bəzi situasiyalar intellektual fəzilət və qüsur kimi fikirlərə də qarşı çıxır. Məsələn, situasiyalar bu dəlilə əsaslanır: insanlar yaxşı ovqatda olanda problemlərin öhdəsindən daha yaxşı gəlirlər. Bikeflik və aclıq kimi xırda situativ faktorlar sənin intellektual davranışını intellektual xarakterindən daha yaxşı izah edir, belə olan təqdirdə intellektual xarakter xüsusiyyətlərinin mövcudluğuna inanmağın mənası nədir? Əgər belə xüsusiyyətlər mövcuddursa, onda onlar birinin intellektual davranışını izah edə bilməzlərmi? Əlbəttə edə bilərlər, lakin Oliver və Giloviçin basketbol məşqçisi kimi nümunələr göstərirlər ki, intellektual xarakter xüsusiyyətləri bir insanın intellektual davranışını bir çox hallarda əhəmiyyətli səviyyədə izah edir. İnsanlar əcaib şeylərə ac olduqlarına, yaxud ovqatları pisdir (yaxud yaxşı) deyə inanmırlar. İnsanların sadəlövhlük, etinasızlıq və ya qərəz kimi xarakter xüsusiyyətlərinə malik olmamasına, yaxud insanların intellektual xarakterlərinə görə fərqlənmədiklərinə dair nöqteyi nəzər belə görünür, bizi həm Oliver, həm də basketbol məşqçisinin intellektual davranışının inkaredilməz izahlarından məhrum etmək istəyir.

Fərz edək ki, Oliver konspirologiya nəzəriyyələrinin yayğın olduğu bir bölgədə yaşayır, yaxud o, özlərini konspirologiya nəzəriyyərinə həsr edən dostlarının təsiri altındadır. Bu, onun 11 Sentyabr hadisələrinə dair inancının xaraktersiz olduğunu göstərən izah üçün tutarlı situasiya olmazdımı? Müəyyən qədər. Oliverin asanlıqla dostlarının təsiri altına düşməsi artıq bizə onun intellektual xarakteri barədə nəsə deyir. Oliverin yaşadığı yer onun inanclarını izah edə bilər, lakin əgər onun bölgəsində konspirologiya nəzəriyyələri boğazacan belə olsa, biz hələ də başqaları inanmadığı təqdirdə, onun bölgəsindəki insanların nəyə görə inandıqlarını anlamalıyıq.

İntellektual xarakterdəki fərqliliklər eyni situasiyadakı insanların nəyə görə müxtəlif şeylərə inanmaqla nəticələndiklərini izah etməyə kömək edir. İntellektual xarakter xüsusiyyətlərinin insanın intellektual yanaşmasıyla uzlaşdığını düşünməktən ötrü, sən situativ faktorlar daxil olmaqla, digər faktorların uyğunsuz olduğunu düşünməməlisən. İntellektual xarakter intellektual yanaşmanı yalnızca sənin situasiyan və beyninin məlumatı prosesdən keçirmək daxil olmaqla, bir çox şeylərə bağlı olaraq izah edir.

Praktiki cəhətdən Oliver kimi insanlarla yola getməkdəki ən çətin şeylərdən biri budur ki, böyük ehtimalla sənin onlara aid etdiyin intellektual qüsurları onlar sənə aid edirlər. Siz deyirsiz, 11 Sentyabr barədə konspirologiya nəzəriyyəsinə inandığına görə Oliver sadəlövhdür: o, isə etiraz edərək deyir ki, 11 Sentyabr barədə uydurmalara inanmaqla sizin özünüz sadəlövhsünüz. Sən deyirsən, o dar-düşüncəli olduğuna görə 11 Sentyabr barədəki rəsmi hesabatı inkar edir; o da səni konspirologiya nəzəriyyəsini rədd etdiyinə görə ittiham edir. Əgər biz özümüzün intellektual qüsurlarını görməkdə aciziksə, onda biz kimik ki, sadəcə sadəlövh olduğuna görə konspirologiya nəzəriyyələrinin uydurma olduğunu dərk etmədiyinə görə bir başqasını ittiham edək?

Bunların hamısı əsaslı suallardır, amma bir şey vacibdir ki, qara məni basınca, qoy qaranı mən basım prinsipinə hədsiz aludə olmamaq lazımdır. Təbii, heç kəs şəxsi cahillikdən sığortalanmayıb. Bu,Oliverə bəraət qazandırmır. Faktiki olaraq, onun nəzəriyyəsi yaxşı deyil, təyyarənin çırpılmasıyla Əkiz Qüllələrin çökməsi üçün yetərincə səbəb var. Əgər inanmaq üçün yetərincə əsaslı səbəblər varsa, 11 Sentyabr barədə rəsmi hesabata inanırsan deyə sən də sadəlövh olmursan. Müvafiq olaraq, skeptik olmaq üçün tutarlı səbəblər varsa, konspirologiya nəzəriyyəçilərinin 11 sentyabr barədə əcaib iddiaları barədə skeptik olmaq, səni dardüşüncəli etmir. Oliver əsaslı səbəblər olmadan əcaib şeylərə inanır deyə sadəlövhdür və o, ortada əla sübut olsa da, iddiaları rədd etdiyinə görə dardüşüncəlidir. Yaxşı dəlil hesab edilən şeyin subyektiv məsələ olmasına dair düşüncənin tələsinə də düşmək olmaz. Özünün 11 Sentyabr nəzəriyyəsində Oliverin yaxşı dəlildən məhrum olduğunu demək, gözlə görünən və yaxud hüquqi sübutun olmamasına diqqət çəkməkdir, amma faktiki olaraq onun nəzəriyyəsi mütəxəssislər tərəfindən rədd edilib. Oliver bunların heç birini qəbul etməyə bilər, amma bu yenə də onun intellektual xarakterini əks etdirir.

Təhsilin hədəflərinə intellektual fəzilətlərin kultivasiyası və intellektual qüsurların aradan qaldırılması daxil olmalıdır

Sən Oliverin qara məni basınca qoy qaranı mən basım deyərək, qabağa düşdüyünü görəndə, belə insanlarla necə baş etmək olar sualı ortaya çıxır. Əgər o həqiqətən də dardüşüncəli insandırsa, onda onun ağlı böyük ehtimalla özünün dardüşüncəli olması fikrinə qapalı olacaq. Dardüşüncəlik öhdəsindən gəlmək üçün ən çətin intellektual qüsurlardan biridir, çünki təbiəti etibarilə o, ona malik insanlar üçün gizli olur. Hətta əgər sən bu dünyada Oliver kimi insanlara özlərinin qüsurlarını necəsə qəbul etdirə bilsən də, bu o demək deyil ki, hər şey mütləq yaxşı olacaq. Kiminsə intellektual qüsurlarının öhdəsindən gəlmək, özünü tanımaqdan daha çox şey tələb edir. Səndə həmçinin onlarla bağlı nəsə etmək üçün motivasiya olmalı və əslində sən onlarla bağlı nəsə də etməyin öhdəsindən gəlməlisən.

Oliver özünün zəifliyinə məhkumdurmu? Filosoflar fəzilətləri yaxşı motivlərə sahib olmaq kimi, qüsurları isə pis motivlərə sahib olmaq kimi düşünməyi sevirlər, amma Oliverinki pis motivlər olmaya da bilər. O, intellektual cəhətdən virtuoz olan insan qədər biliyə susamış ola bilər, bununla belə özünün sadəlövhlüyü və konspiroloq zehniyyəti ilə yoldan sapmış ola bilər. Buna görə də, intellektual qüsurlarındakı motivlərə və cavabdehliyə görə o, ciddi günahladırılmaya layiq olmaya bilər. Lakin bu o demək deyil ki, onlarla, yaxud Oliverlə bağlı heç nə edilməməlidir. Əgər biz həqiqətin qayğısına qalırıqsa, onda biz insanların saxtalıqları aşıb həqiqətə çatmasına görə təchiz etməyin də qayğısına qalmalıyıq.

Təhsil bunu etmək üçün ən yaxşı vasitədir. İntellektual qüsurlar sadəcə olaraq müəyyən yollarla düşünmək üçün tendensiyalardır və bu tendensiyaların qarşısını almaq olar. Bizim intellektual qüsurlarımızı açıq-fikirlilik, maraqlanmaq və dürüstlük kimi intellektual fəzilətlərimiz balanslaşdıra bilər. İntellektual xarakter intellektual fəzilət və qüsurların qatışığıdır, təhsilin məqsədinə isə intellektual fəzilətlərin kultivasiyası və intellektual qüsurların aradan qaldırılması daxil olmalıdır. Filosof Ceyson Baehr "intellektual fəzilətlər üçün təhsildən" bəhs edib və bu, Oliver kimi insanlarla yola getmək üçün ən yaxşı yollardan biridir. 2010-cu ildə London Kollec Universitetinin Konsulluğu Abdulmütəlləb barədə də oxşar nəticə çıxarmışdı. Konsulluq "akademik məşğələlər təkcə tələbələrə tənqidi düşüncəni aşılamalı və onları bununla təchiz etməli deyil, həmçinin qəbuledilməz baxışlara qarşı gəlmək üçün inkişaf etdirməlidir" deyə tövsiyyə edirdi. Çağırış bunun necə edilməsi üzərində idi.

Əgər birdən Oliver lap uzağa gedibsə, istəsə belə özünü dəyişdirə bilmirsə, onda necə olsun? Digər pis vərdişlər kimi intellektual pis cəhətlər də dəyişmək üçün hədsiz inadkar ola bilərlər. Bu, onların doğurduğu nəticələrlə birgəyaşayış deməkdir. İnadkarcasına dardüşüncəli, doqmatik və ya qərəzli insanları yola gətirməyə çalışmağın böyük ehtimalla bir mənası olmayacaq. Bu cür hallarda yeganə dərman, onların özlərinə və başqalarına vuracaqları ziyanı yüngülləşdirməyə çalışmaqdır.

Bununla belə, başqa insanların intellektual çatışmazlıqları barədə moizə oxumaq kimi cüvəllağılığı olan kəslər - bura mən də daxiləm -özlərinin də böyük ehtimalla kamillikdən xeyli uzaq olduqlarını qəbul etməlidirlər. Bu və bu kimi digər hallarda azca da olsun təvəzökarlığın böyük əhəmiyyəti var. Sən Oliverin səndən qabağa düşmək istəməsinə güzəştə getməməlisən, amma ən azından bizim istinad edəcəyimiz bir nöqtə olmalıdır: bizlərdən heç birimiz inkar edə bilmərik ki, intellektual qüsurlar bu və ya digər şəkildə ən azından bizim düşüncə tərzimizdə rol oynayırlar. Bu ehtimala açıq olmaq sağlam düşüncənin göstəricilərindən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.