Bir kişinin ictimai dominant mövqeyinə haqq qazandırmaq üçün əlaqədar mövzunun ona təbiət tərəfindən bağışlanıldığını iddia etməklə yanaşı, müraciət etdiyi bir başqa iddia da qadının natamam varlıq olması barədədir. Qadının yarımçıq məxluq olması barədə fikirlər o qədər geniş yayılıb ki, sanki bütün insanlıq bu dünyagörüşü mənimsəyib. Bununla yanaşı, kişini daim məşğul edən bir narahatlıq da var: bu narahatlığın onun analıq hüququ əleyhinə apardığı mübarizə dövründən, qadının kişi üçün həqiqətən də çətinlik yaradan bir nəsnə olduğu çağdan qaldığını demək olar. Tarix və ədəbiyyat kitablarında da daim bu barədə eyhamlara rast gələ bilərik. Məsələn, bir romalı yazıçı "Mulier est hominis confusio" (Qadın kişinin çaşqınlığıdır) deyib. Bir çox ruhani məclisində qadının ruhunun olub-olmaması barədə qızğın müzakirələr aparılıb, bir sözlə, qadının insan olub-olmaması barədə müxtəlif mütəffəkirlər müxtəlif fikirlər ortaya qoyublar.
Milli.Az bilge.az-a istinadən bildirir ki, əsrlər boyu davam edən cadugər ovu, cadugərlərin tonqalda yandırılması, bir vaxtlar bu məsələlərlə əlaqədar olan səhvləri, dəhşətli çaşqınlıqları və təəccübü kədərli şəkildə gözlərimiz önünə sərir. Qadın tez-tez bütün bəla və müsibətlərin səbəbi kimi göstərilir. Məsələn, "Tövrat"da qadının insanın cənnətdən qovulmasına səbəb olduğu yazılıb. Homerin "İlliada"sında isə təkcə bir qadının bir çox sayda milləti faciəyə sürüklədiyindən bəhs edilir. Hər dövrün dastan və nağıllarında qadının əxlaqi natamamlığına, rəzilliyinə, xainliyinə, riyakarlığına, qərarsızlığına və etibarsız xarakterə malik olmasına toxunulub. Hətta "qadınlara məxsus yüngülməcazlıq" deyimi qanunlarda belə öz əksini tapıb. Qadın bacarıq və istedad baxımından alçaldılmalara məruz qalıb. Hər bir xalqın lətifələrində, atalar sözlərində və deyimlərində qadına yuxarıdan aşağı baxılır, o, yolagetməz, vasvası, quşbeyin və axmaq (saçı uzun, ağlı qısa) kimi göstərilir. İdrakın bütün gücü səfərbər edilərək, qadının natamamlığı sübut edilməyə çalışılır. Strindberq, Mobius, Şopenhauer, Veyninger kimi yazıçılar qadına qarşı belə mövqe sərgiləyiblər. Üstəlik bu şəxslərlə kifayət qədər insan da razılaşır, bir çox qadınlar isə boyunlarını bükərək, vəziyyəti qəbullanıb qadının natamamlığı və onun həyatda ancaq ikinci dərəcəli yer tutması fikrini paylaşırlar. Qadınlara iş həyatında ödənilən əməkhaqqı da kişilərə ödənəndən qat-qat azdır, bu, əlbəttə, qadının ciddiyə alınmadığı fikrinin təsdiqidir.
Qabiliyyət sınaqlarının nəticələri qarşılaşdırılanda, məsələn, riyaziyyat kimi bəzi dərslərdə oğlanların, xarici dil kimi dərslərdə isə qızların daha qabiliyyətli olduğu həqiqətən sübuta yetirilib. Bir kişi kimi gələcəkdə sahibi olacaqları vəzifəyə yiyələnməyə imkan verən dərsləri kişilər qadınlardan daha yaxşı mənimsəyirlər. Lakin bu, ümumilikdə kişilərin qızlardan daha qabiliyyətli olduğunun ancaq dildə isbatıdır. Qızların vəziyyəti diqqətlə analiz ediləndə, qadınların kişilərdən bacarıqsız olduğu iddiasının nağıl, həqiqət təsiri bağışlayan uydurmadan başqa bir şey olmadığı məlum olur.
Allahın elə bir günü yoxdur ki, qızlar addımbaşı və müxtəlif formalarda oğlanlardan daha bacarıqsız olduqlarını, oğlanlarla müqayisədə daha əhəmiyyətsiz, daha lazımsız işlərə meylli olduqlarını eşitməsinlər. Uşaqlıqdan qaynaqlanan bir zəifliklə haqqında bəhs edilən ehkamlara nə dərəcədə düzgün bir metodla yanaşacağını bilməyən bir qızın qadın natamamlığının qadınların dəyişməz alın yazısı kimi görəcəyi və axırda da öz natamamlığına ürəkdən inanacağını dərk etmək çətin olmamalıdır. Qızların gözü lap əvvəldən qorxur, onlar qadının ictimai vəziyyətinə dair problemlərlə üzləşmək istəmir, ya da lazımı marağı göstərmirlər, belə bir maraq varsa da, o, tez itirilir, beləliklə, qadın gələcək həyat üçün vacib olan daxili və xarici hazırlıqdan məhrum qalmış olur.
Burdan göründüyü kimi, qadın yarımçıqlığı barədə irəli sürülən iddialar həqiqəti ancaq sözdə ifadə edir. Bu yanlışlığın iki səbəbi var. Birincisi, əksər vaxt birtərəfli və sırf eqoist fikirlərə istinad edilərək, insan hələ də ticarət sahəsində əldə edəcəyi uğurlara görə dəyərləndirilir; məsələyə ticarət nöqteyi nəzərindən baxmaqla, iş əmsalıyla mənəvi inkişaf arasındakı əlaqə o qədər də süzgəcdən keçirilərək araşdırılmır. Halbuki problem daha ciddi araşdırılsa, qadının kişidən daha az iş əmsalına sahib olması barədə səhvin meydana gəlməsində yetərincə rol oynayan digər təməl səbəb də ortaya çıxmış olar. Əksərən gözdən qaçırılan bir fakt var: uşaqlıqdan etibarən bütün dünya qızlara müəyyən bir önyarğını sırımağa çalışır, bu önyarğı isə qızların öz dəyərlərinə olan inancını və özlərinə inamını sarsıtmaqdan, doğru-düzgün işlər bacarmaq ümidlərini puça çıxarmaqdan başqa bir işə yaramır.
Həyatda qadınların boynuna ikinci dərəcəli rollar qoyulduğunu görən bir qızın cəsarətini itirib, ondan gözlənilən işləri lazım olduğu qədər ürəklə görməyəcəyi, həyatın qarşısına çıxardığı sınaqlardan qorxub vəziyyətdən çıxmaq üçün qaçmağa üz tutacağı təbiidir, bunun da onu bacarıqsız biri kimi göstərəcəyi şübhəsizdir. Əgər bir nəfəri qarşımıza qoyub ənənəvi dünyagörüşü ona aşılamağa çalışsaq, bir baltaya sap ola bilməyəcəyini deyib cəsarətini qırsaq və beləliklə, onun gələcəkdə hansısa bir işi görə bilmədiyini görsək, natamamlığına dair fikrimizdə haqlı sayılacağıq. Amma əgər belədirsə, biz əslində, problemin özümüzdən qaynaqlandığını etiraf etməliyik. Bizim sivilizasiyamızda bir qızın özünə inamını və cəsarətini itirməməsi asan deyil. Halbuki məsələ ilə əlaqədar keçirilən sınaqlardan birində 14-18 yaşlarındakı qızlardan ibarət bir qrupun göstərdiyi nəticənin kişilər daxil olmaqla, bütün yaş qruplarından daha üstün olduğu isbatlanıb.
Araşdırmadan məlum olub ki, haqqında bəhs edilən qrupdakı bütün qızlar ananın da müstəqil iş sahibi olduğu, ya da təkcə ananın belə bir peşə sahibi olduğu ailələrdən gəlirlər. Aydın olub ki, məlum qızlar qadının iş bacarıqsızlığına dair önyarğıyla qarşılaşmadıqları, ya da çox az qarşılaşdıqları evlərdə tərbiyə almış, xüsusilə analarının öz bacarıqlarıyla nələrə nail olduqlarını gözləriylə görüblər. Öz növbəsində onların inkişafı nisbətdə daha azad və müstəqil xətt cızmış, yuxarıda bəhs edilən önyarğının səbəb olacağı bütün maneələr və əngəllərdən uzaq olmuşdur.
Haqqında bəhs edilən önyarğının əsassızlığını göstərən bir başqa sübut da ədəbiyyatın, sənətin, texnologiyanın və tibbin bir-birindən fərqli sahələrində üstün nailiyyətlər əldə etmiş, kişilərinkinə bərabər tədqiqatlar ortaya qoya bilmiş qadınların sayının heç də az olmamasıdır. Digər tərəfdən isə heç bir parlaq nailiyyət əldə etmədən, hədsiz böyük bacarıqsızlıqlar sərgiləyən kişilərin sayı o qədər çoxdur ki, bundan qadınların bacarıqlığı barədə iddia edilənlər qədər sübut toplayıb, şübhəsiz ki, eyni haqsız davranışa müraciət etməklə, kişinin natamamlığı önyarğısını ortaya qoya bilərik.
Ciddi nəticələrə səbəb olan bir başqa məsələ də qadının natamamlığı önyarğısının müəyyən qavrayışlarda özünəməxsus bir ikiləməni meydana gətirməsidir: dəyərli, güclü və qalib kimi sözlərin kişilərə məxsus olduğu göstərilirsə, itaətkar, boyun əyən və ikinci dərəcəli kimi sözlər isə qadınlara aid edilir. Bu cür düşüncə tərzi insanların beynində elə dərinlərə işləyib ki, sivilizasiyamızda mükəmməl görünən şeylərə kişiyana gözlə baxılır, o qədər də dəyəri olmayan, kənara atılan şeylər isə qadınların boynuna qoyulur. Hamıya məlum olduğu kimi elə kişilər var ki, üzləşdikləri ən böyük alçaltmanın qadınlara məxsus xüsusiyyətlərlə xarakterizə edirlər, halbuki qızlar kişiliyə heç də pis gözlə baxmazlar. Qadını xatırladan hər şeyə daim bir natamamlıq damğası yapışdırılır.
Bu cür önyarğını yetərincə aşkar şəkildə haqlı göstərən vəziyyətlərə diqqətlə baxsaq görərik ki, əksər vaxt o, məhdudlaşdırılmış bir mənəvi inkişafdan qaynaqlanır. Bunları söyləməkdə məqsədimiz istənilən uşağı "istedadlı" adlandırmaqla, onu əlindən hər iş gələn bir insana çevirə bilərik demək deyil; amma biz həqiqətən də istənilən uşağı adəti üzrə "istedadsız" kimi qələmə verilən bir insana çevirə bilərik. Biz indiyə qədər belə bir üsula əl atmamışıq; hərgah bəzilərinin bu işin öhdəsindən gəldiyini yaxşı bilirik. Asanlıqla deyə bilərik ki, müasir dövrümüzdə oğlanlardan daha çox qızlar belə aqibətlə üzləşirlər. Tədqiqatlar zamanı "bacarıqsız" adlandırılan uşaqlarla tez-tez rastlaşıb onların analiz etmək fürsəti əldə etdik: elə bir gün gəldi, bəzilərində o dərəcədə böyük bacarıqlar aşkarladıq ki, sanki vaxt keçmiş, bacarıqsız uşaqlar bacarıqlı uşaqlara çevrilmişdilər.
Alfred Adler - "İnsanı Tanımaq Sənəti" kitabından
Milli.Az