Maraqlı

Şərab və qumar – iki böyük günah

9 İyun 2019 23:10
1 Şərh     Baxış: 1 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 219-cu ayəsində buyurur:

يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا وَيَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

"Səndən şərab və qumar haqqında soruşurlar. De ki, bunlar iki böyük günahdır, insanlar üçün (maddi) mənfəətləri vardır. (Amma) onların günahı faydalarından daha böyükdür. (Eləcə də) səndən soruşurlar ki, nəyi infaq etsinlər? De ki, əfvi (ehtiyacınızdan artığını). Allah Öz ayələrini sizin üçün bu sayaq aydınlaşdırır ki, bəlkə düşünəsiniz."

Milli.Az maide.az-a istinadən bildirir ki, ayədə qeyd olunan "ism" sözü insanı xeyir iş görməkdə süstləşdirən işə (günaha) deyilir. "Xəmr" örtük mənasını verir. Buna görə də qadınların başlarına bağladıqları örtük "ximar" adlanır. Şərab bir növ insanın ağlını örtdüyü, onun tanıma qüvvəsini aldığı üçün onu "xəmr" adlandırmışlar. "Məysir" sözü isə asan mənasını verən "yəsr" sözündəndir. Çünki qumarda tərəflər bir-birinin pulunu asan yolla ələ keçirmək istəyirlər.

Ayədə bu işlərə qurşanan adamlara belə cavab verilir: Şərab və qumar böyük günahlardandır. Onlarda hansısa fayda ola bilər. Necə ki, bəziləri üzüm əkmək, bəziləri şərab düzəldib satmaq, bəziləri qumarxana açmaq yolu ilə pul əldə edirlər. Amma bu iki işin zərəri onun faydası ilə müqayisəyə gəlməyəcək dərəcədə böyükdür. Elmi və əxlaqi kitablarda şərab və qumarın mənfi təsirləri haqqında ətraflı şəkildə danışılmışdır ki, həmin qeydləri nəzərinizə çatdırırıq:

1. Şərab və qumar ömrü qısaldır.

2. Körpələrə mənfi təsir edir. Cinsi yaxınlıq sərxoş halda baş verdikdə bu mənfi təsir daha böyük olur.

3. Əxlaqi fəsadlar genişlənir, cinayətlərin sayı artır. Oğurluq, qətl, ağır xəsarət, zorlamalar, yol qəza hadisələri bu günahların səbəbi kimi göstərilə bilər. Alimlərdən biri bildirir ki, əgər dövlətlər şərab istehsalı və satışını ikidə bir qədər azaltsalar, biz də xəstəxanaların yarısını bağlayarıq.

Qumar insanda ciddi həyəcanlar yaradır, əsəb xəstəliklərinə səbəb olur, qumar səbəbindən beyin və ürək zərbəyə məruz qalır, qəlb döyüntüləri artır, iştahasızlıq yaranır. Aparılan sorğulardan belə bir nəticə əldə olunur ki, dünyada baş vermiş cinayətlərin otuz faizi qumarın payına düşür. Qumar insanlarda halal zəhmətə olan marağı öldürür, işdən duyulan sevinci onların əlindən alır. Bir çox qeyri-islami ölkələrdə qumar qadağan olunmuşdur. Məsələn, İngiltərədə 1953-cü, keçmiş Sovetlər İttifaqında 1954-cü, Almaniyada 1973-cü ildə qadağan edilmişdir.

Qurani-Kərimdə şərab tədricən qadağan edilmişdir. Çünki ərəblər sərxoşluğa çox meyilli idilər. Ona görə də Quran şərabı pilləli mərhələdə haram buyurmuşdur. Əvvəlcə bu ayə nazil olmuşdur: "Üzümdən həm məstedici içki, həm də yaxşı ruzi əldə olunur." ("Nəhl", 67.) Yəni şərab yaxşı ruzi deyil. Sonra isə bu ayə nazil olmuşdur: "Şərab və qumarın zərəri onların faydasından çoxdur." Daha sonra şərab haqqında belə buyurulur: "Namaz vaxtı məst olmamalısınız." ("Nisa", 43.) Nəhayətdə isə şərab qəti və daimi şəkildə haram buyurulur: "Şərab və qumar... murdardır və şeytan əməllərindəndir." ("Maidə", 90.)

Ayədə verilən növbəti sual infaq haqqındadır. Soruşulur ki, nədən infaq etmək lazımdır? Ayədə suala belə cavab verilir: "Əfvi!" "Əfv" lüğətdə bağışlanma mənasından əlavə, orta həddə bağışlama, artıq miqdar, malın ən yaxşı hissəsi mənalarını da bildirir. Bu mənaların istənilən biri hazırkı ayəyə tətbiq oluna bilər. Ayədə "əfv" təbirinin bütün bu mənaları daşıması mümkündür. Yəni infaq etmək istədiyiniz vaxt həm orta həddi gözləyin, həm olanınızı bütünlüklə infaq etməyin, həm də malınızın yaxşısını infaq edin. Necə ki, Quranda buyurulur: "Sevdiyiniz şeylərdən infaq etməyincə yaxşılığa çatmayacaqsınız." ("Ali-İmran", 92.)

Bildirişlər

1. Həm şərab, həm də qumar fiziki və ruhi sağlamlığa ziddir və qəflət doğurur. Ona görə də bu iki şeyin adı Quranda yanaşı çəkilir.

2. Düşüncənizi və əmin-amanlığınızı qoruyun. Şərabı qadağan etməklə ağıl və düşüncənizi, qumarı qadağan etməklə ruhi sağlamlığınızı və iqtisadi dayaqlarınızı hifz edin.

3. Rəftarlarınızda insaflı olun. Başqalarının pisliyini gördüyünüz kimi yaxşılığını da görün. Ayədə şərab və qumarın faydalarına göz yumulmur. Mövzu elə bir şəkildə bəyan olunur ki, insan bu məsələlərə sağlam düşüncə ilə yanaşa bilsin.

4. Haram şeylərdə hansısa faydalar olsa da, zərəri daha böyük, daha çoxdur.

5. Dini qanunlara münasibətdə "əhəmm" və mühüm" (mühüm və daha mühüm) məsələlərinə diqqətli olun.

6. İlahi hökmlər verilərkən həm xeyir, həm də şər nəzərə alınmışdır.

7. Dini hökmlərin fəlsəfəsi ilə tanışlıq onların qəbuluna doğru bir addımdır.

8. Günahlar kəbirə və səğirə (böyük və kiçik) olur. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Bəqərə" surəsi, 219-cu ayənin təfsiri.)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.