Maraqlı

“Kişilər hesab edirdilər ki, bu, mənəviyyatsızlıqdır”

25 May 2019 19:47
0 Şərh     Baxış: 1 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsrlər boyu qadınlar müstəqil olmaq və öz bədənləriylə istədikləri kimi davranmaq uğrunda mübarizə aparıblar. Bu uzun yolda kontraseptivlər, gigiyenik bezlər və ya hamiləlik testi kimi əşyalar onlara ciddi dərəcədə yardım edib.

Hamiləliyi ev şəraitində təsbit etməyə imkan verən test aləti hələ 1960-cı illərdə kəşf edilib, amma mağaza və apteklərdə bu cihaz ancaq bir neçə il sonra satışa çıxarılıb (bəzi ölkələrdə bir neçə on ildən sonra).

presentational grey line

Qrafik dizayner Margaret Crane 1967-ci ildə yeni dodaq boyası və kremlərə qablar hazırlamaq üçün New-Jersey ştatının "Organon" əczaçılıq şirkətinə işə düzələndə 26 yaşı vardı.

Otaqların birində o, güzgülü laboratoriya masasının üstündə ştativdən asılmış sınaq şüşələri görür. Ona deyirlər ki, bunlar hamilələyin test edilməsi üçün hazırlanmış diaqnostik testlərdir.

İçində reaktivlər olan şüşələrə pipet vasitəsilə qadınların sidiyi və bir qədər də su əlavə edir, sonra yenidən güzgülü masanın üstünə asırdılar. Bu güzgü qadın hamilə olduğu təqdirdə şüşənin dibində qırmızı həlqənin əmələ gəlməsinə nəzarət etmək üçün idi. Nəticə iki saat sonra bilinirdi.

"Mən düşündüm ki, bundan qadınlar özləri istifadə edə bilsəydilər, əla olardı. Bunun üçün sadəcə reaktiv və evdə analiz edə bilmək üçün cihaz lazımıydı. Dərhal ağlıma gələn fikir bu oldu və sonra da heç ağlımdan çıxmadı" - bu yaxınlarda BBC Witness-ə verdiyi ("Şahid") müsahibədə Margaret Crane belə deyib.

Hamiləlik testi qadının orqanizmindəki spesifik hormona - İXQ-yə (İnsan Xorionik Qonadotropini) reaksiya verir. Bu hormon yumurtalıq döllənəndən sonrakı ilk həftənin sonunda yaranmağa başlayır.

Müasir dövrdə qadın aptekdən bir test alıb yaxınlıqdakı tualetə girməklə bədənində nə baş verdiyini 10 dəqiqə ərzində öyrənə bilir. Amma Margaret-in zamanında cavabı bilmək üçün həkim yanına getmək lazımıydı.

Ərə getməmiş gənc qızlar üçün bu, heç də asan məsələ deyildi: Qərbdə seksual inqilab 1960-cı illərdə hələ təzə-təzə başlayırdı, ona görə də qızlar aktiv cinsi əlaqələri (və ya təsadüfi seks faktı) haqqında hətta həkimə də heç nə deməməyə üstünlük verirdilər.

Margaret qarşısına məqsəd qoyur - qadınlara həkimin, ərlərinin, sevgililərinin və ya valideynlərinin təzyiqi olmadan qərar vermək imkanı qazandırmaq.

"Bu, mümkün deyil!"

İXQ hormonunun fotosuİXQ hormonu hamiləliyin ilk həftəsində yaranmağa başlayır. Test məhz bu hormonun qanda olması halında müsbət nəticə göstərir.

"Sınaq şüşələrini görəndə sonra düşünməyə başladım: ilahi, bu balaca şüşəni iki saat ərzində hara yerləşdirmək olar ki, hərəkətsiz qalsın? Mən New-Yorkdakı mənzilimə getdim və sınaq şüşəsini sabit saxlaya biləcək cihaz haqqında düşünməyə başladım" - Margaret belə deyir.

O, bir xeyli variantı sınaqdan keçirir. Bəzi nümunələr üçün çox əmək sərf etmək lazım gəlir, bəziləri ümumiyyətlə işləmir. Birdən gözü kağız qısqaclarının plastik qabına sataşır.

Margaret söhbətinə davam edir: "Bu qab ideal variant idi, çünki sabit müstəviydi. Onun içində sınaq şüşəsi və pipet üçün kiçik rəf-tutacak düzəltdim. Aşağı küncündə parlaq lent yerləşdirdim. Sevincimdən göyün yeddinci qatındaydım - həqiqətən lazımlı bir şey hazırlamaq nadirən mümkün olur".

Margaretin tibbi təhsili yox idi, amma bu ona "Predictor" ("Öngörən") adı verdiyi cihazın işçi variantını tez bir zamanda hazırlamağa mane olmur.

Həmin cihazın quruluşu beləydi: dibi güzgülü, üstündə iki dəlik olan plastik qutuya sidik götürmək üçün pipet və reaktivli kiçik sınaq şüşəsi yerləşdirilmişdi. Qadınlar həmin şüşəyə sidik və su əlavə edib çalxalamalı, iki saat sonra da nəticəsinə baxmalıydılar.

Margaret düşünür ki, rəhbərlik bəlkə onun kəşfinə heyran qalmayacaq, amma ən azı təəccüblənəcək:

"Mən sevinclə öz cihazımı müdirə göstərdim, o da ideyanın çox maraqlı olduğunu, amma bu cihazı istehsal edə bilməyəcəklərini, bunu qadınlara satsalar, bizneslərinin batacağını dedi".

Rəhbərliyə daxil olan bəzi şəxslərsə qadınların cihazdan istifadə qaydasını anlamayacaqlarını söyləyiblər.

"Əslində onlar düşünürdülər ki, bu qeyri-əxlaqidir: qadınlar testi özləri etməməlidirlər, bu, həkimlərin etməli olduğu məsələdir (hansı ki, böyük əksəriyyəti kişilər idi). Mən rəhbərlikdə olan şəxslərdən birinin hətta belə dediyini eşitdim: Əgər hansısa senatorun qızı belə bir test alıb hamilə olduğunu öyrənsə və özünü körpüdən atsa, biz şirkətimizi itirərik" - Margaret o günləri belə xatırlayır.

Crane-in çalışdığı "Organon" şirkəti Hollandiyanın "Akzo" şirkətinin törəmə müəssisəyidi və Margaretin amerikalı müdirləri ixtiraçının adını çəkmədən avropalı rəhbərliyi məsələdən hali etmək qərarına gəlirlər.

Baş idarə bu ideyaya maraq göstərir, amma Margaretin bundan xəbəri olmur.

Bir neçə ay sonra - artıq 1968-ci ildə ona məlum olur ki, "Orqanon"da hamiləliklə bağlı ev testinin dizaynı və reklam kampaniyası üçün iclas planlaşdırılır.

"Ora dəvətsiz getdim, məni qovmadılar. İştirakçılar öz variantlarını nümayiş etdirdikləri üçün mən də öz cihazımı çıxarıb masamın üstünə qoydum. İclas başladı və reklamçı Ira Sturtevant bütün təkliflərə baxandan sonra "Biz hamımız bundan istifadə edirik, doğrudurmu?" deyib mənimkini seçdi" - Margaret həmin iclası belə xatırlayır.

Məsələ burasındadır ki, bütün digər variantlar kişilər tərəfindən hazırlanmışdı, qadınları cəlb etmək üçün əlavə detallarla zənginləşdirmişdi.

Margaret-in cihazı isə minimalist tərzdə hazırlanmışdı, ancaq nəticəni öyrənmək üçün lazım olan detallardan ibarətiydi.

Kəşfsiz ixtiraçı

hamiləlik testiMühafizəkar dairələrin etirazlarına baxmayaraq ev testi əvvəlcə Kanadada, 1974-cü ildənsə Amerikada istehsal olunmağa başladı.

Amma məsələ bununla bitmir: Margaret Cranein dizaynı təsdiq olunandan sonra söz-söhbət yaranır ki, cihazın istehsalına başlamaq o qədər də asan olmayacaq - rentabelli olmadığı üçün.

Amma gənc qadın təslim olmur: "Mən iki günlük məzuniyyət götürdüm (bütün bunlar hələ kompüterlərin olmadığı dövrdə baş verirdi), "Sarı səhifələr"lə "silahlanıb" plastik əşyalar istehsal edən şirkətlər axtarmağa başladım.

Onlardan biriylə "Orqanon" adlandırdığımız cihazın istehsalını məbləğin üçdə birinə razılaşdıq. Beləliklə, şirkət mənim dizaynımı istifadə etməyə sadəcə məcbur oldu".

1969-cu ildə "Orqanon" şirkəti "ixtiraçı" qrafasında Margaret Crane yazılmış patentin qeydiyyatı üçün müraciət edir, amma şərt qoyur ki, o, 1 dollar müqabilində ixtiraçı hüququndan imtina etməlidir. Margaret satış gəlirlərindən məhrum olsa da, bu şərtə razılaşır.

Test-prediktor ilk dəfə 1971-ci ildə Kanadada, "Hamilə olub-olmadığını bilmək hər bir qadın qadının hüququdur" şüarıyla satışa çıxarılır. ABŞ-da hökumətin razılığını almaq üçün 5 il vaxt lazım gəlir.

"Bütün bunlar 1960-cı illərin sonunda baş verirdi, abortlar haqqında qanun isə (ABŞ) 1970-ci illərin əvvəllərinə qədər qəbul olunmamışdı. Çox adam elə hesab edirdi ki, cihaz ancaq abort etdirmək istəyənlər üçün nəzərdə tutulub.

Amma bu belə deyildi, çünki bir çox qadın hamilə qalmaq istəyirdi və bu test orqanizmlərində nə baş verdiyini öyrənməkdə onlara yardım edirdi" - Margaret belə izah edir.

Nəticə bütün gözləntiləri üstələyir: ABŞ-da ev testi "Öncəgörən"in satışı ilk dörd ildə 40 milyon dollar təşkil edir.

Amma Margaret nəinki öz ixtirasına görə bir sent də pul almır, hamiləliyin ilk testinin yaranması tarixçəsində uzun müddət onun heç adı da çəkilmir.

müasir hamiləlik testiMüasir test cihazları Margaret- "Prediktor"undakı prinsiplə işləyir

2012-ci ildə "New York Times" qəzetində hamiləliklə bağlı ilk ev testləri haqqında məqalədə də öz adını görməyən Margaret başa düşür ki, bu haqda özü danışmalıdır.

O, ilk "Öngörən"ini şkafdan çıxarıb izahedici arayışla birlikdə auksiona çıxarır. Smitsonov İnstitutunun Milli Amerika Tarixi Muzeyi cihazı alandan sonra mətbuat Margaret-in töfhəsiylə maraqlanmağa başlayır.

Tale elə gətirir ki, qadın özü öz ixtirasından istifadə edə bilmir, amma "Predictor" ona şəxsi həyatında uğur gətirir. Margaret uzaq 1968-ci ildə o taleyüklü iclasda onun dizaynını seçən Ira Sturtevant ila 40 il xoşbəxt birlikdəlik yaşayır.

Bu, təkcə sevgi yox, həm də partnyorluq ittifaqıydı: "Dəlilər" serialının qəhrəmanları kimi, onlar da birləşib New-Yorkda öz şəxsi reklam agentliklərini yaratmışdılar. Yəqin elə onlar da dəliydilər - heç olmasa, bir az.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.