Maraqlı

Azərbaycanda kişilərin maşın həvəsi

21 May 2019 21:04
0 Şərh     Baxış: 2 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəfiqəm Gülnarla birlikdə bir axşam görüşüb əylənməyi planlaşdırırdıq ki, o, əri və dostlarının bizə qoşulacağını bildirdi.

Onlar gəldikdən sonra isə söhbətin məzmunu dərhal başqa yönə dəyişdi: Maşınlar.

Və beləliklə, rəfiqəmlə görüş kişilərin öz maşınlarını sazlamağa dair planları haqqında müzakirə masasına çevrildi: avtomobili kosmik gəmiyə necə çevirmək, tavanında ulduzlu gecə görüntüsü yaratmaq və s.

Son illərdə Azərbaycanda maşın tüninqi, zövqə görə maşınların hissələrini dəyişdirmək xeyli populyarlaşıb.

32 yaşlı Arif Zeynalov 2008-ci ildə Bakıda tüninq xidməti göstərən "Azart" adlı bir mərkəz açıb.

Arif bu sahədə fəaliyyətinə maşın hissələri satışı ilə başlayıb. "Amma həmişə bu planım var idi ki, avtomobil tüninqi biznesinə girim", o deyir.

"Azart" kişilərdən ibarət bir dünyadır: 33 işçinin hamısı kişidir. İşlədikləri qaranlıq industrial məkanda yenidən yığılmaq üçün gətirilmiş və müxtəlif mərhələdə olan avtomobillər gözə dəyir. Arifin dediyinə görə, bu avtomobillərin 90 faizi, əlbəttə ki, kişilərindir.

Kişilərin avtomobillərə bu aşkar aludəçiliyini nə ilə izah etmək olar?

Avstraliyalı feminist yazıçı Germaine Greer Daily Telegraph qəzetində 2002-ci ildə yazdığı məqalədə qeyd edir ki, kişi və avtomobili arasında əlaqə Freyd ( Ziqmund Freud - red.) nəzəriyyəsinə əsasən, onların ereksiya fantaziyalarının mühərrik vasitəsilə realizə edilməsindən irəli gəlir.

2008-ci ildə açılışından bəri "Azart" 2000-dən çox avtomobili yenidən dizayn edib. Onlardan bəziləri qonşu ölkələrdən idxal edilib2008-ci ildə açılışından bəri "Azart" 2000-dən çox avtomobili yenidən dizayn edib. Onlardan bəziləri qonşu ölkələrdən idxal edilib

"Maşın bir feminin obyektdir ki, kişi istədiyi vaxt içərisinə daxil ola bilir; bu, onun özünü iqtidar hiss etməsi üçün sarsılmaz bir dəlildir - ta ki, tıxacda ilişib qalana qədər" - deyə, Greer yazır.

"Əslində bu romantik münasibət cinsi yetkinlik dövründən əvvəl - körpə uşaq öz ilk təkərli oyuncağı ilə tanış olanda başlayır. Maşın uşaq üçün daha sürətlə hərəkət etdirən bir təmsildir. Eyni şeyi körpə qız da hiss edə bilər, lakin buna əhəmiyyət verməsi çox az ehtimaldır", o əlavə edir.

Sosioloq Toğrul Abbasovun fikrincə, avtomobil ilk çıxan gündən müasirliyi simvolizə edib.

O izah edir ki, maşın eyni zamanda azad hərəkət etməyi, müstəqilliyi və risk həyəcanını təmsil edirdi.

Abbasov əlavə edir ki, bugünkü patriarxal, kapitalist Azərbaycanda isə, maşın təbii olaraq, maskulin gender dinamikliyinin təmsilinə çevrilib, çünki "qadınların ənənəvi olaraq nə evdən kənarda azadlığı olmayıb, nə də güc uğrunda kişilərlə açıq yarışa girmək üçün imkanları. Lakin bu oyuna daha çox qadının girməsi ilə, güman ki, vəziyyət dəyişəcək".

"Azart"a gələn müştərilərlə söhbət də kişilərin öz oyuncaqlarına necə bağlı olduğunu xeyli ortaya çıxarır.

"Mən heç vaxt belə bir maşın sürmərəm" - deyə, müştərilərdən biri 2010-cu il modeli olan Mercedes Benz G-350-yə ikrahla işarə edir. O, bu maşını 10 gün əvvəl alıb və dərhal sazlanma mərkəzinə gətirib ki, yenidən yığdırsın.

"Üstü qırmızı olacaq. Bütün detalları, o cümlədən, içərisi dəyişdiriləcək", adını vermək istəməyən müştəri bildirir.

"Bu, niyə belə vacibdir ki?" soruşdum.

Bu maşın indiyədək 3 fərqli rəngləmə prosesindən keçib, ona indi 4-cü dəfə əl gəzdiriləcəkBu maşın indiyədək 3 fərqli rəngləmə prosesindən keçib, ona indi 4-cü dəfə əl gəzdiriləcək

Suala təəccüblənmiş şəkildə bir qədər duruxdu və qısaca cavab verdi: "Bu, bir ehtirasdır".

26 yaşlı Fuad Mirzəyevin maşın həvəsi antropomorfizmə (insana xas olan xüsusiyyətlərin başqa varlıqlara aid edilməsi) qədər dərinləşir.

"Fikir versəniz, maşın insana bənzəyir" - deyə, şirkətin satış meneceri Mirzəyev bildirir. "Disklər ayaqqabılar, qabaq işıqları gözlərdir, ön hissə sifətdir, səsboğma sistemi də səsidir. Arxa hissəsi də çox vacibdir və yaxşı görünməlidir", Fuad gülür.

61 yaşlı psixoterapevt Azad İsazadə hesab edir ki, bu gün maşınlar və onların sahibləri arasındakı əlaqə bir zamanlar insanların atları ilə münasibətlərini əks etdirir.

"Biz qaz pedalına basanda motoru və sürəti hiss etməyi, maşını ram etməyi sevirik.

Əvvəllər eyni şeyi vəhşi bir atı cilovlayarkən hiss edirdik. Maşını iki təkər üstünə qaldırmaq istəyirik, necə ki, atlarımızı vaxtilə edərdik", o izah edir.

İsazadə üçün Qafqaz insanı olmaq maşınlara duyulan bu ehtirasa əlavə bir dərinlik də qatır.

Atlar bu regionda insanlar üçün həmişə dəyərli bir rola malik olublar, psixoterapevt deyir, ona görə də bu mənada müsair dövrdə hansısa nüfuzlu brenddən maşın sahibi olmaq uzaq keçmişdə gözəl bir ərəb atına sahib olmaqla eynidir.

"Bütün bunlar təhtəlşüurumuzda oturub. Biz at belindən cəmi 100-150 il əvvəl düşmüşük", İsazadə fikrini tamamlayır.

"Biz saxta brendlər yaradırıq. 2005-ci ilin modelini elə edirik ki, təzə brend kimi görünsün", "Azart"ın yaradıcısı Arif Zeynalov öyünür"Biz saxta brendlər yaradırıq. 2005-ci ilin modelini elə edirik ki, təzə brend kimi görünsün", "Azart"ın yaradıcısı Arif Zeynalov öyünür

Azad İsazadə əlavə edir ki, tüninqin populyarlığı Azərbaycanda 1990-2000-ci illərə gedib çıxır ki, həmin vaxt avtomobil qıtlığı insanlara geniş seçim imkanı verməyib.

"Bizim cavanlığımızda maşın tüninqi qaçılmaz idi, çünki əlimiz çatan yeganə variant Jiquli idi. Bütün modellər eyni idi və 3-5 rəngdə idi.

İmkanlar məhdud olsa da, maşınımızı fərqləndirmək üçün nə isə etmək lazım idi. Üstünə stiker yapışdırmaqla, yan qanadlarını dəyişdirməklə, antenna və spoyler taxmaqla maşını fərdiləşdirərdik", o xatırlayır.

"Bu gün hər cür detal satılır, hər cür seçim var. Kiminsə öz maşınını tanınmayacaq qədər dəyişikliyə məruz qoymağı, həqiqətən, obsessiv davranışdır", psixoterapevt vurğulayır.

Azərbaycanda avtomobil sahiblərinin sayı Sovet dövrünün sonlarından bəri kəlləçarxa vurub; 2005-2014-cü illərdə isə xüsusilə sürətli artım müşahidə edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 1990-cı ildə ölkədə 260210 avtomobil vardısa, 2017-ci ildə bu rəqəm 1 milyon 147437 olub: bu isə 77 faiz artım deməkdir. Bu avtomobillərin 95 faizini şəxsi avtomobillər təşkil edir.

Arif Zeynalov özünü evə vaxtında çatdırıb ki, balkonundan Formula 1 yarışının finalına tamaşa etsinArif Zeynalov özünü evə vaxtında çatdırıb ki, balkonundan Formula 1 yarışının finalına tamaşa etsin

"Azart"a qayıtsaq, Arif deyir ki, satışda çox müxtəlif növ maşınların olduğu bir dövrdə maşın tüninqi çox da dəbdə deyil; bu düşgünlük kiçik kateqoriyanı əhatə edir və subkultura xarakteri daşıyır.

"Qanunları pozmamaq şərtilə maşın üzərində hər şey edirik. Demək olar ki, təzə brendlərin saxta versiyasını yaradırıq", o etiraf edir.

Sosioloq Toğrul Abbasov və psixoloq Azad İsazadə də eyni fikirdədirlər ki, maşın tüninqi bir insanın həyatına sevinc gətirirsə, ona aludə olmaqda bir zərər yoxdur.

Problem orda başlayır ki, bu məşğuliyyət onları əsas həyatı məsuliyyətlərdən, yaxınlarından uzaqlaşdırır, yaxud ciddi borca salır.

Toğrul Abbasovun fikrincə, əsas diqqət edilməli olan şey basdırılan arzunun əvəzedicisinin insan deyil, əşya olmağıdır.

"Yəni bir növ əmtəə fetişizmi. Hər cür əmtəə fetişizmi insanda müəyyən yadlaşma yaradır, yaşam arzusunu təkcə həmin əmtəəyə bağlama kimi nüanslar ortaya çıxarır.

Yəni əgər insanın əmtəə fetişizmi onun başqa insanlarla olan münasibətini qabaqlayırsa, burda nevrotik, problemli bir hal olduğunu iddia edə bilərik".

"Azart"da işçilər nadir hallarda vaxt tapıb öz iddialı maşın tüninqi layihələri ilə məşğul olurlar. Öz avtomobilləri ilə işlər yarımçıq qalıb"Azart"da işçilər nadir hallarda vaxt tapıb öz iddialı maşın tüninqi layihələri ilə məşğul olurlar. Öz avtomobilləri ilə işlər yarımçıq qalıb

Abbasov bildirir ki, Azərbaycanda insanlar xüsusilə bahalı görünən və böyük avtomobillər sevirlər. Onun fikrincə, bu dəbdəbəli nəqliyyat vasitələri həyatlarında başqa natamamlığın yerini doldurmaq üçündür.

"Bəziləri öz oyuncaqlarını tüninq etmək üçün bütün pullarını xərcləyir. Başqa ölkələrdə belə deyil; Avropada heç kəsin vecinə deyil lüks avtomobil.

Amma burda özlərini göstərməyi xoşlayırlar və 10 min dollara olan avtomobili 200 minlik kimi təqdim etməyə çalışırlar" - deyə, "Azart"ın sahibi öz müşahidələrini paylaşır.

İş günü bitəndən sonra Arif və onun komandası öz maşınları üzərində işləməyə nadirən vaxt tapırlar. Ancaq bu, onların planlarının daha az iddialı olduğuna dəlalət etmir.

"Azart"ın 31 yaşlı baş mexaniki Raul Babayev üç il əvvəl "donor kimi" aldığı Opel Kalibra haqqında qürur hissi ilə danışır. Bu kontekstdə "donor" yalnız hərtərəfli modifikasiya etmək məqsədi ilə satın alınan bir avtomobilə aiddir.

Raul ümid edir ki, avtomobil tüninqində "hər şeyin mümkün olduğunu" onun şəxsi maşını sübut edəcək.

"Mən bundan Ferrari 488 yaradacağam; Mühərrik istisna olmaqla, hər şeyi dəyişəcəyəm. Təbii ki, əgər növbəti 20 il ərzində vaxt tapsam", o gülür.

Bu arada, Arif Zeynalov gözlərini daha böyük oyuncaqlara - yaxtlara dikib.

Müştərilər əsasən maşının diskini və rəngini dəyişdirmək, spoyler əlavə etmək kimi sifarişlər verirlər. Quru təmizləmə və ya laklama da digər məşhur kosmetik işlərdəndirMüştərilər əsasən maşının diskini və rəngini dəyişdirmək, spoyler əlavə etmək kimi sifarişlər verirlər. Quru təmizləmə və ya laklama da digər məşhur kosmetik işlərdəndir

"Və ya bəlkə, gedə biləcək, üzə biləcək, uça biləcək bəzi maşınlar"- deyə, əlavə edir.

Zeynalovlar ailəsinə sonuncu dəfə qonaq gedəndə 7 yaşlı oğul Əlu öz dostu ilə PlayStationda virtual avtomobil yarışına girmişdilər.

Onların mənzili Bakının Formula 1 yarışı dövründə mükəmməl bir mənzərəyə açılır; Əli pəncərədən yarışları seyr edir.

"Porşe 918, BMW X7, Ferrari və Tesla; çünki elektriklədirlər", Əlinin fikrincə, sadəcə bu avtomobillər diqqətə layiqdirlər.

Arif qürurla gülümsəyir və izah edir ki, "Əlinin xüsusi zövqü var; o, lüks avtomobilləri sevir və adi maşınlara heç diqqət yetirmir".

Arif bir zamanlar avtomobilə çox maraq göstərmədiyi üçün oğlu Əlinin gələcəyindən bir az narahatlıq keçirdiyini də etiraf edir.

Bütün hallarda, vəziyyət dəyişib; Əli artıq kişi sayılır.

Chai-Khana layihəsininBBC News Azərbaycanca ilə paylaşdığı reportajı jurnalist Şeyda Allahverdiyeva hazırlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.