Maraqlı

Öd daşının yaranma səbəbləri və riskləri - Mütəxəssis Rəyi

25 May 2019 19:40
0 Şərh     Baxış: 1 156

Əhalinin 7 faizində öd daşları mövcuddur. Bu rəqəm qadınlarda bir az artıq 9%, kişilərdə 6%-dir. Öddə daşlar niyə yaranır? Daşlar orqanizm üçün nə qədər təhlükəlidir? Öd daşları nə zaman əməliyyat olunmalıdır?

Milli.Az e-tibb.az-a istinadən ümumi cərrah, Mərkəzi Gömrük Hospitalının həkimi Kamran Beydullayevin bununla bağlı məqaləsini təqdim edir:

Öd daşı xəstəliyi həzm sisteminin ən çox yayılmış xəstəliyidir. Öd daşının yaranma səbəblərinə çox faktorlar aid edilə bilər. Geniş şəkildə bu faktorları 3 qrupa bölmək olar:

Metabolik, infeksiya, öd durğunluğu

Metabolik faktor nədir? Ödlə çoxlu miqdarda xolesterol ifraz olunur. Xolesterol suda həll olmayan maddədir. Xolesterolun suda həll olmasını öd duzları və fosfolipidlər təmin edir. Onlarla birlikdə xolesterol molekulları micelle adlanan strukturlar əmələ gətirir ki, bu strukturların da yağ hissələri daxili tərəfdə, su xoşlayan hissələri isə kənar sərhədlərdə düzülür. Micelle strukturlar bu qabiliyyəti sayəsində suda həll olur. Ödün tərkibində xolesterolun miqdarı onları həll edə biləcək vəziyyətə gətirən öd duzları və fosfolipidlərdən çox olduqda öd kristalları əmələ gəlməyə başlayır. Bu cür öd həddən artıq doymuş və ya litogenik öd adlanır. Yaş artdıqca, qadınlarda, artıq çəkisi olan adamlarda, kontroseptiv həblər qəbul edənlərdə və bəzi dərmanların təsirindən ödün tərkibində olan xolesterolun miqdarı arta bilər. Eyni zamanda bəzi təsirlərdən xolesterolun həll olmasını asanlaşdıran öd duzları və fosfolipidlərin də miqdarı azala bilər. Məsələn, estrogen qəbulu buna səbəb ola bilər. Bu vəziyyətlərin hamısı öd daşlarının əmələ gəlmə riskini artırır. Buna baxmayaraq, bu qəbildən olan bir xeyli insan var ki, onlarda öd daşları yaranmır. Bu isə o deməkdir ki, öd daşlarının yaranması üçün başqa şərtlər də var.

İnfeksiya - daş əmələ gəlmə prosesində infeksiyanın rolu tam aydın deyil. Adətən xəstələrdən götürülmüş daşlar steril olur. Amma bir sıra öd daşlarının mərkəzində mikroblar aşkarlana bilir. Helikobakter Pilori bakteriyasının antigeni tərkibində daş olan bir sıra öd kisələrində tapılıb.

Öd durğunluğu - bəzi vəziyyətlərdə öd kisəsinin yığılma qabiliyyəti azalır. Bunlara hamiləlik dövründə esterogen səbəbindən, və trunkal vaqotomiya (azan sinirin kəsilməsi) zamanı baş verən vəziyyətləri misal göstərmək olar. Bu vəziyyətlərin hamısında öd daşının rastgəlmə ehtimalları yüksəkdir. Uzun müddət parenteral qidalanmada (xəstə ağızdan deyil damardan qidalanır) olan xəstələrdə öd daşları tez-tez rast gəlinir. Ağızdan qida qəbulunun azalması 12 barmaq bağırsağın mükozasından ifraz olunan və öd kisəsinin yığılmasına səbəb olan xolesistokinin adlanan maddənin ifrazını azaldır.

Öd daşı xəstəliyini belə qruplaşdırmaq olar: Lal daşlar, asimptomatik daşlar, təsadüfən aşkarlanmış öd daşları, insidental daşlar

Lal daşlar adətən təsadüfü ultrasəs müayinədə, MRT və ya KT müayinədə aşkar edilir. Simptomatik və ağırlaşmamış öd daşı xəstəliyi dedikdə isə öd daşlarının artıq müəyyən narahatlıqlar verdiyi nəzərdə tutulur. Burada adətən söhbət öd sancılarından gedir.  Ağırlaşmış öd daşı xəstəliyinə isə öd daşlarının xolesistit, xoledoxolitiaz və s. kimi xəstəliklərlə ağırlaşmış vəziyyətləri aiddir.

İnsidental daşlar heç bir xəstəlik əlamətləri ilə müşahidə edilmir. Onlar digər səbəblərə görə ultrasəs müayinəsi zamanı aşkar edilir. Ultrasəs müayinəsi ümumilikdə öd daşı xəstəliyinin müayinəsində və müşahidəsində əvəzsiz rola malikdir. Bu müayinə metodunun qeyri-invaziv olması, öd daşı üçün yüksək sensitivliyi və spesifikliyi onun geniş əhali kütləsini skrin etmək üçün uyğun olmasını mümkün edir.

Təsadüfən tapılmış öd daşı xəstəliyi olan xəstələrin 10-15 illik müşahidəsi onu göstərir ki, onların təqribən 20% də bu müddətdə əlamətlər əmələ gəlir. Bu əlamətlər adətən öd sancıları olur.

Artıq simptomlar əmələ gəlmiş xəstəliyin gedişi  asimptomatik xəstələrdən çox fərqlənir. Onlarda böyük ehtimalla təkrar-təkrar öd sancıları əmələ gələcək və ağırlaşmalar olması riski çox yüksəkdir.

Bu müşahidələr göstərir ki, lal öd daşları olan xəstələrin çox böyük əksəriyyətində xəstəlik əlamətləri əmələ gəlmir və gəldikdə də bu adətən öd sancılarından ibarət olur.

Təsadüfü aşkarlanmış öd daşı xəstəliyi olanların yanlışlıqla simptomatik qrupa daxil edilməsi də tez-tez baş verən haldır. Bəzən xəstələrdə dispeptik əlamətlər olur ki, bunda da öd daşlarını günahlandırırlar. Dispeptik əlamətlər çox geniş yayılıb. Belə hallar olduqda detallı şəkildə araşdırılmalıdır. Bəzən lal daşlar digər səbəbdən yaranmış dispeptik əlamətlərlə yanaşı ola bilər.

Asimptomatik öd daşı xəstəliyi olan pasientlərdə profilaktik xolesistektomiya əməliyyatı məsləhət görülmür və əməliyyat üçün göstəriş yoxdur. Lakin bu hallar istisna təşkil edir:

Öd kisəsi xərçəngi riski olan xəstələr

Öd daşının ağırlaşmaları ola biləcək xəstələr

İkinci qrupa ayırdığımız ağırlaşmamış öd daşı xəstəliyi olan simptomatik xəstələrin isə ümumi vəziyyəti yol verirsə əməliyyat üçün göstəriş var. Cərrahi riski yüksək olanlar isə konservativ  müalicə ala bilərlər.

Bəzi asimptomatik öd daşı olan xəstələr öd daşı ağırlaşmaları üçün yüksək risk daşıyırlar. Bu xəstələr ayrıca müzakirə olunmalıdır.

Şəkərli diabet- Bu xəstələrdə öd daşı tez-tez rast gəlinir. Belə bir ümumi fikir var ki, bu qrup xəstələrdə kəskin xolesistit çox ağır keçir. Ona görə də öd daşı varsa, bu xəstələr profilaktik əməliyyat (xolesistektomiya) olunmalıdır. Lakin çoxsaylı tədqiqatlar şəkərli diabeti olan xəstələrdə də profilaktik xolesistektomiyaya haqq qazandırmır.

Oraqvari hüceyrə anemiyası - bu xəstələrdə öd daşı tez-tez rast gəlinir və adətən asimptomatik olur. Bu qrup xəstələrdə də profilaktik xolesistektomiya məsləhət görülmür. Lakin hər hansı digər səbəbdən xəstə başqa əməliyyat olunarsa, öd kisəsini də çıxartmaq olar. Bu vəziyyət insidental xolesistektomiya adlanır.

İrsi sferositoz anemiyası - Bu xəstələrdə əgər öd kisəsində daş varsa onlar planlı şəkildə çıxarıla bilər. Çünki bu xəstələrdə tez-tez splenektomiya əməliyyatı icra etmək lazım gəlir. Ona görə də onlarda splenektomiya və xolesistektomiya əməliyyatı birgə planlaşdırıla bilər.

Öd kisəsinin xərçəngi xəstəliyi riski daşıyan xəstələr -Bu xəstələrin əksəriyyətində profilaktik xolesistektomiya əməliyyatını icra etmək üçün göstəriş var. Bu xəstəliklərə Karol xəstəliyi, Xoledox sisti, öd kisəsi adenoması, porselein öd kisəsi, mədəaltı vəz axarının anomalik şəkildə xoledoxa açılması daxildir.

Bariatrik əməliyyat keçirən xəstələrdə öd daşı xəstəliyinin gələcəkdə yaranması ehtimalı çox yüksək olduğu üçün profilaktik xolesistektomiya edilə bilər. Lakin bu yanaşma da bir qədər mübahisəlidir.    

Öd kisəsinin əsas funksiyası qaraciyərdə hazırlanmış ödü yığıb saxlamaq və qatılaşdırmaqdır. Qida qəbulu zamanı isə bu öd incə boruşəkilli axarla bağırsağa tökülür və həzm prosesinə kömək edir. Öd kisəsinin çıxarılması əksər xəstələrdə həzm prosesinin heç bir pozuntusuna səbəb olmur.

Öd kisəsi əməliyyatından sonra nələr gözlənməlidir?

Öd kisəsi əməliyyatı böyük əməliyyat sayılır və bu əməliyyatdan sonra əməliyyat nahiyəsində ağrılar ola bilər. Əməliyyat səbəbindən və ya qəbul edilən anesteziya səbəbindən müvəqqəti və keçici ürəkbulanma və qusma baş verə bilər. Lakin bu adətən 1-2 gün çəkir.

Laparoskopik xolesistektomiya əməliyyatından sonra xəstələrin əksəriyyəti əməliyyat günü və ya əməliyyatın səhəri günü evə gedirlər. Xəstələrin aktivliyi onların özlərini necə hiss etməsindən asılıdır. Əməliyyatdan 5-6 saat sonra xəstələrə durub gəzmək məsləhət görülür. Əməliyyat olan günü xəstələr pilləkənlə düşüb, qalxa bilərlər.

Əməliyyatın səhəri gün xəstələr sarğını çıxara bilər və duş qəbul edə bilər.

Xəstələr adətən 1 həftə ərzində normal aktivliyə (avtomobil idarə etmək, yüngül şeylər qaldırmaq, və işləmək) qayıda bilirlər.

Xəstələr adətən hər növbəti gün özlərini daha yaxşı hiss edirlər.

Əməliyyatdan sonra yüksəlmiş temperatur, dərinin saralması, güclənən qarın ağrıları, köp, davamlı ürəkbulanma və qusma, yaradan ifrazatın gəlməsi müəyyən problemlərin olduğunu göstərir və həkiminizə müraciət etsəniz, yaxşı olar.

İşinin xarakterindən asılı olaraq əksər insanlar laparoskopik xolesistektomiya əməliyyatından 1 həftə sonra öz işlərinə geri dönə bilirlər. Admnistrativ işdə və stolarxası işlə məşğul olanlar bir neçə gündən sonra işlərinə geri dönə bilərlər. Daha ağır işdə çalışanlar isə bir neçə gün gözləməlidirlər. Açıq cərrahi əməliyyata məruz qalan xəstələr isə adətən 4-6 həftədən sonra normal aktivliyə qayıda bilirlər. 2-3 həftə sonra öz həkiminizlə bir də görüşməniz məsləhətdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.