Maraqlı

Bilirsən, bu uğursuzluğa işarədir...

18 May 2019 20:05
0 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az yarpaq.az-a istinadən Sadiq Hidayətin "Sınıq güzgü" hekayəsini təqdim edir

Müasir İran nəsrinin qurucularından olan Sadiq Hidayət 1903-cü ilin 17 fevralında Tehranda doğulub. İbtidai təhsilini Tehranda, Mədrəsəyi-Elmiyyədə tamamladıqdan sonra orta təhsilini Tehranda yerləşən Saint Luis Fransız Kollecində davam etdirib. Burda fransız dili və ədəbiyyatı ilə ciddi şəkildə maraqlanan Sadiq Hidayət, 1925-ci ildə mühəndislik təhsili almaq üçün Belçikaya gedib. Belçikada axtardığını tapa bilməyib və ədəbiyyat təhsili almaq məqsədi ilə Parisə yola düşüb. Sadiq Hidayət ilk əsərlərini Parisdə qələmə alıb. Bir ara böhrana girərək Paris yaxınlığında intihar etmək məqsədi ilə özünü dənizə atsa da, bir qayıqçının köməkliyi ilə xilas olub. 1930-cu ildə Tehrana qayıdan Sadiq Hidayət, İran Milli Bankında işə başlayıb. Bu vaxt yoldaşları Bozorg Alevi, Məsud Fərzad və Müctəba Minovi ilə birlikdə "Dördlər" qrupunu yaradıb. Bir çox iş və təşkilat dəyişdirən Hidayət, İran Şahı Rıza Şahın təzyiqlərinə dözə bilməyərək nəhayət Hindistana gedib. Ən məşhur əsərini, "Kor Bayquş" romanını da elə Hindistanda çap etdirib. Sonra yenə Tehrana qayıdan Sadiq Hidayət Dövlət Musiqi İdarəsində işləməyib. 1950-ci ildə yenə Parisə gedib, 1951-ci ilin 9 aprelində keçirdiyi mənəvi böhranlar nəticəsində yaşadığı evdə özünü qazla boğaraq intihar edib.

Göy gözləri, bir çəngəsi həmişə gözünün üstünə düşən qumral saçları vardı Odettin. Yaz əvvəlində açılan gülə oxşayırdı. Saatlarla ayağını ayağının üstünə aşırdıb pəncərənin qabağında oturur, roman oxuyur, paltar gözəyir, ya da nəsə toxuyurdu. Hələ slripkada vals çalanda az qalırdı ürəyim yerindən qopsun.

Otağımın pəncərəsi Odettin otağının pəncərəsiylə üzbəüz idi. Pəncərədən dəqiqələrlə, saatlarla, bazar günləri isə bütün günü ona baxırdım. Beləcə aramızda görünməz bağ əmələ gəlmişdi. Onu bir gün görməsəm nəsə itirmiş kimi olurdum. Hərdən ona o qədər çox baxırdım ki, axırda durub pəncərənin pərdəsini çəkirdi. İki həftə idi ki, bir-birimizi görürdük, amma baxışlarında soyuqluq, saymazlıq hiss edirdim. Heç vaxt mənə baxanda gülümsəməmişdi, həmişə çox ciddi görünürdü.

Bir dəfə səhər küçəmizin tinindəki qəhvəxanadan çıxanda Odetti gördüm. Əlində skripka futlyarı vardı, metroya tərəf gedirdi. Salam verdim, gülümsədi. Sonra futlyarı aparmağa kömək etmək üçün icazə istədim, başını tərpədib "mersi" dedi. Tanışlığımız bu kəlməylə başladı.

O gündən sonra pəncərədən əl hərəkətləriylə danışmağa başladıq. Sonra aşağı düşüb Lüksemburq parkında gəzişir, kinoya və ya teatra gedir, ya da hardasa oturub bir neçə saat vaxt keçirdirdik. Odett evdə tək qalırdı. Çünki ögey atasıyla anası səyahətə getmişdi, o isə işinə görə Parisdə qalmalı olmuşdu.

Çox az danışırdı, uşaq kimiydi, ötkəm və tərs idi, hərdən məni özümdən çıxartırdı. Artıq iki aydı tanış idik. Bir axşam meydandakı bayram şənliyinə baxmağa getdik. Odett o axşam təzə göy paltarını geyinmişdi, həmişəkindən daha gözəl görünürdü. Restorandan çıxandan sonra, metroda yol boyu həyatını danışdı. Lunaparkın yanında metrodan düşdük.

Burda adam çox idi, meydanın iki tərəfində əyləncə yerləri qurulmuşdu. Bəziləri tamaşa göstərirdi. Tir, sirk, şirniyyatçılar, abalaca elektrik avtomobilləri yan-yana düzülmüşdü. Qızların qışqırıqları, danışıq və gülüş səsləri, uğultu, mator və musiqi səsi bir-birinə qarışmışdı.

Dairəvi relslərdə dövrə vuran zirehli qatara minmək qərarına gəldik. Qatar hərəkət etməyə başlayanda üstdəki parça örtük çəkilir, qatar yaşıl tırtıla oxşayırdı. Qatara minəndə Odett rahat oturmaq üçün əlcəkləriylə çantasını mənə verdi. Qatar hərəkətə düşdü, örtük çəkildi və beş dəqiqə bizi camaatdan gizlətdi.

Bu an dodaqlarımız birləşdi. Mən onu öpürdüm, o da geri çəkilmək fikrində deyildi.

Düşəndən sonra dedi ki, belə şənliyə cəmisi üçüncü dəfə gəlir, çünki anası tez-tez gəlməyə qoymur. Bir qədər də gəzdik. Gecə yarısı olanda çox yorulmuşduq və nəhayət qayıtmaq qərarına gəldik. Amma Odett gözünü şənlikdən çəkə bilmirdi. Harda tamaşa göstərirdilərsə, dayanıb baxırdı, mən də məcburən yanında dayanmalı olurdum. İki-üç dəfə qolundan dartdım, dalımca gəlməli oldu. Axırda kişi jaketi satan və malını tərifləyən alverçinin qabağında dayandı. Bu dəfə bərk hirsləndim. Qolundan tutub, "axı bu qadınları maraqlandırmır" dedim. Qolunu çəkib, "bilirəm, sadəcə baxmaq istəyirəm," dedi. Mən də heç nə deməyib metroya tərəf getməyə başladım. Evə çatanda küçədə heç kim yox idi, Odettin pəncərəsi də qaranlıq idi. Otağıma girib işığı yandırdım. Pəncərəni açdım. Yuxum gəlmirdi deyə bir az kitab oxudum. Artıq çox gec idi, yatmağa hazırlaşırdım. Pəncərəni bağlamaq istəyəndə Odettin küçə fənərinin yanında dayandığını gördüm. Təəccüblənsəm də, pəncərəni bağladım. Soyunanda gördüm ki, Odettin çantasıyla əlcəkləri cibimdə qalıb. Açarla pullarının çantada olduğunu bilirdim. Əlcəkləri çantaya dolayıb pəncərədən aşağı atdım.

Üç həftə keçdi, bu müddət ərzində onun üzünə baxmadım. O pəncərəsini açanda mən pəncərəmi bağlayırdım. Bu ərəfələrdə Londona getməli oldum. İngiltərəyə yola düşməmişdən bir gün qabaq, tində Odetti gördüm, əlində skripka ilə gedirdi. Salamlaşandan sonra səfərə çıxacağımı dedim, o gecəki hərəkətimə görə üzr istədim. Odett soyuqqanlıqla çantasını açıb sınıq əl güzgüsünü mənə verdi.

- Çantamı pəncərədən atanda sınıb. Bilirsən, bu uğursuzluğa işarədir.

Güldüm, belə şeylərə inanmadığımı dedim. Yola çıxmamışdan qabaq onu görməyə söz verdim, amma mümkün olmadı.
Londona getdiyim təxminən bir ay olardı. Odettdən məktub aldım.

"Paris, 21 sentyabr 1930

Əziz Cəmşid!

Nə qədər tənha olduğumu təsəvvür edə bilməzsən. Bu tənhalıq mənə əzab verir. Bu gecə səninlə danışmaq istəyirəm. Çünki sənə məktub yazanda, özümü səninlə danışırmış kimi hiss edirəm. Kaş içimdəki dərdin nə qədər böyük olduğunu biləydin!

Günlər çox uzundur! Saatın əqrəbi o qədər ağır fırlanır ki, nə edəcəyimi bilmirəm. Zaman sənə də uzun görünür? Burda olanda başını kitabdan qaldırmırdın, əminəm ki, orda da beləsən, amma bəlkə də bir qızla tanış olmusan? İndi sənin otağında çinli tələbə qalır. Bayır görünməsin deyə, pəncərəmə qalın pərdə asmışam. Çünki tez-tez "Başqa diyara uçan quş qayıtmaz" mahnısını oxuyan sevdiyim adam artıq orda yoxdur.

Dünən Yelena ilə Lüksemburq parkında gəzəndə, bir yerdə oturduğumuz daş skamyanın qabağından keçdim. Orda oturub mənə öz ölkəndən danışırdın, gələcəyə dair nələrsə vəd edirdin. Mən sənə inandım, buna görə də yoldaşlarımın dilinə düşmüşəm, hamı mənə lağ edir. Mənsə həmişə sənin üçün vals çalıram, Vensen parkında çəkdirdiyimiz şəkil stolumun üstündədir. Şəklinə baxdıqca ürəyim isinir. Öz-özümə deyirəm ki, yox, bu şəkil məni aldadır. Çox heyif! Bilmirəm sən də inanırsan, ya yox, amma o güzgü sınan gecədən bu yana, içimdən bir səs, pis şeylər olacağını deyir.

Axırıncı dəfə görüşəndə İngiltərəyə gedəcəyini dedin, onda başa düşdüm ki, çox uzaqlara gedəcəksən, bir də heç vaxt bir-birimizi görməyəcəyik. Qorxduğum başıma gəldi. Madam Borel nə üçün bu qədər üzüldüyümü soruşdu. Məni özüylə Bretana aparmaq istəyirdi, amma mən getmədim, getsəydim daha çox pis olardım.
Unudaq getsin, olub keçib daha. Ürəyim sıxılır deyə bu qədər sərt yazdım. Bağışla. Xətrinə dəydimsə, ümid edirəm yadından çıxacaq. Məktublarımı cırıb tullayacaqsan, elə deyil?
Kaş indi nə qədər dərd çəkdiyimi bilsəydin! Hər şeyə nifrət edirəm, gündəlik məşğuliyyətlər canımı sıxır. Qərar vermişəm artıq, bazar günü Parisdən gedirəm. Yeddiyə qalmış qatarıyla Kaleyə gedəcəyəm, Fransada keçdiyin axırıncı şəhərə. Dənizin mavi suyunu seyr edəcəyəm. Dəniz suyu bütün bədbəxtliklərimi yuyub aparar. Suyun rəngi tez-tez dəyişir. Kədərli və sehirli səslə mışılayıb sahilə çırpılır, köpüklənir. Sahil qumu dadına baxandan sonra köpükləri udur. Bu dalğalar axırıncı düşüncələrimi də alıb aparacaq. Ölüm bir adama gülümsəyirsə, o təbəssümlə adamı özünə çəkir. "O belə şey eləməz" deyəcəksən, amma görəcəksən ki, yalan demirdim.

Öpürəm.

Odett"

Odettə iki cavab məktubu yazdım, heç birinə cavab gəlmədi. Axırıncı məktubum özümə qayıtdı.

Növbəti il Parisə gedəndə Sen-Jak küçəsinə, Odett ilə yaşadığımız küçəyə getdim. Mənim otağımda yaşayan çinli tələbə fitlə vals çalırdı. Odettin pəncərəsi bağlı idi, qapısından isə elan asılmışdı:

"Kirayə ev".

Tərcümə: Həmid P.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.