Maraqlı

Ramazan ayi bizdən nə istəyir?

18 May 2019 22:55
0 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayı, əməllərin qəbulu və xoşbəxtlik ayıdır. Bu ay, bağışlama və comərdlik ayıdır. Bu ay, yüksəliş və irəliləyişin başlanğıcıdır. İnsan - daima hər şeyin məntiqi izahını bilmək üçün çalışmalıdır. "Ramazan nə üçün var və bizdən nə istəyir?" sualını özünə verməli və bu sualının cavabını öyrənməyə çalışmalıdır.

Milli.az islamevi.az-a istinadən bildirir ki, Ramazan - bu ayda dəyişilməyimizi, Allahla aramızda olan passiv və tənbəl irtibatımıza 'əl gəzdirməyimizi' istəyir. Tənbəllik etməyənə, müjdə verir bu mübarək ay.. Ənəs b. Malik qüdsi bir hədisdə Peyğəmbərimizdən (ona salam olsun) belə buyurduğunu nəql edir:

"Qul mənə bir qarış yaxınlaşsa, mən ona bir arşın yaxınlaşaram. O mənə bir arşın yaxınlaşsa mən ona bir qulaç yaxınlaşaram. Mənə doğru iti addımlarla gəlsə, mən ona doğru qaçaraq gələrəm". (Buxari)

Ramazan - dünya sərxoşluğundan oyana bilməyən insan üçün bir xəbərdarlıq və oyanma şansıdır. İnsan, dünya həyatının şirin və gözəl olduğunu, lakin keçici olduğunu 'dildə' çox gözəl bilir. Lakin, bunu qəlbinə təsir etdirə bilmir.. Nemətləri vardır, saxta olmasa.. Zənginlikdir, sonda yox olmasa.. Ona bağlanan sonda yox olur, məskunlaşan, oradan köçür.. Ramazan - bunları xatırlamağımızı, fikrimizi, bizi yaradan Uca varlıq olan Allaha cəmləməyimizi istəyir..

Təhlükələr, maneələr, qarışıq fitnələr, kiçik və böyük hadisələrlə dolu bir dünya.. Özünü, ailəsini və dostlarını - Allahın qəzəb və nifrətinə aparan amillərdən qoruyan - xoşbəxt bir bəndədir! Ramazan, bu xoşbəxtliyi əldə etmə yolunda böyük bir fürsətdir. Bunu, yalnız Allahın yoluna sarılmaqla etmək mümkündür:

"Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir". (Quran, 3/101)

Himayə və qazancı ilə, gözəllik və böyüklüyü ilə mənfəət dolu bir ayın gəlib çatdığını hiss edə bilirsənmi? Nur saçan qonaq, xoş ətirli bir ay.. Gözəlliyi həddə sığmayan, xeyirləri sayılamayacaq qədər çox.. Nə zamana kimi bunları elə "şablon" sözlər olaraq oxuyacağıq? Ramazan'ı hiss etməyə çalışmaq - ilk hədəfimiz olmalı idi. Ramazan, bizdən məhz bunu istəyir, bu ay, bunun üçün var! Biz isə, Ramazanı, sadəcə adi bir axşam yeməyi abu-havasında keçən iftarlar çərçivəsindən kənara çıxara bilmirik..

Bizi Ramazana qovuşdurduğu üçün Allaha nə qədər şükr etsək azdır. Bu aya qovuşmağı arzu edən nə qədər insan ona qovuşa bilmədi. Biz bu aya çatana qədər, nə qədər sevimli insanı, yaxını məzara yatırdıq! "O məzara girəcək şəxs sən də ola bilərdin" - siqnalını xatırlamamızı istəyir Ramazan! Bizlərdən köçən köçdü. Onların gedişi bizim üçün bir xəbərdarlıqdır.

Ramazan bizdən nə istəyir? İstəyir ki, əbədi həyatı xatırlayaq.. Köçmə vaxtı yaxınlaşdı, azuqəmiz yox!.. Tövbə qapıları bağlanmazdan əvvəl özünüzü xilas etməyə çalışın! O zaman heç kimə malı-mülkü fayda verməyəcək. Əzminizi artırın və qərarınızda qəti olun! Uca Allaha öz xeyirli əməllərinizi göstərin! Bacaran, məsuliyyəti sayəsində bacarmış, imtahanı qazanan, səyi ilə qazanmışdır.

Bilin ki, tənbəllik edənin ümidləri daima suya düşər və o, əsla müvəffəq olmaz. Aişə anamız belə demişdir:

"Allahın elçisi Ramazanda, başqalarından daha çox (xeyirli əməllər etməyə) səy göstərirdi". (Muslim)

Allahın razı qaldığı ən sevimli bəndəsi olan Hz. Məhəmməd, bu ayda hər kəsdən daha çox Allahın razılığını qazanmaq üçün səy göstərərdi. Bununla, biz müsəlmanlara, "Ramazan - bəlkə də ən son fürsətdir, tənbəllik etmə, bu şansı dəyərləndir" deyə mesaj verirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.