Maraqlı

Bitkoini yaxın 10 ildə nə gözləyir?

17 May 2019 23:07
0 Şərh     Baxış: 1 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər ölkəmizdə kriptovalyutaların yaxın gələcək üçün ciddi perspektivini görmürlər

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Günlərdir ABŞ-la Çin arasında davam edən ticarət müharibəsi Bitkoinin kəskin bahalaşması ilə nəticələnib. Fins.az-ın məlumatına görə, Çində sərmayəçilər yuanı Bitkoin və digər valyutalara çevirirlər. Məlumata görə, kriptovalyutanın dəyəri son 24 saat ərzində 14 faizdən çox artaraq 8148 dollara qədər yüksəlib. Xatırladaq ki, ABŞ hökuməti mayın 11-də 300 milyard dollar məbləğində Çin mallarına qarşı rüsumu 10%-dən 25%-ə qədər qaldırıb. Çin hökumət isə ötən gün iyunun 1-dən etibarən ümumi dəyəri 60 milyard dollar olan ABŞ məhsullarına 5-25% gömrük vergisi tətbiq ediləcəyini açıqlayıb. Bundan başqa, 2493 məhsul üçün gömrük rüsumu 25% təyin olunacaq. Ümumilikdə isə yeni tariflər 5 min məhsula şamil ediləcək.

Bəs görəsən kriptovalyutaların bazardakı mövqeyi hazırda necə dəyərləndirilir? Ümumiyyətlə yaxın gələcəkdə Bitkoini nə gözləyir?

İqtisadçı-ekspert Rəşad Həsənov söyləyir ki, yaxın 10 il ərzində dünyada tədavülün əhəmiyyətli qismi kriptovalyutalar vasitəsi ilə həyata keçiriləcək: "Bu proses artıq başlayıb və gələcəkdə qaçılmaz olacaq. Blokçeyn texnologiyasının innovativ tərəflərinin müxtəlif üstünlükləri var. Sürət, tranzasiya xidmətlərinin aşağı olması valyutanın bu növünə olan marağı daha da artır. Son dövrlərdə müxtəlif ölkələrin mərkəzi bankları kriptovalyutalara daha ciddi yanaşmağa başlayıb. Bir neçə ölkədə kriptovalyuta investisiyasına rəsmi olaraq başlanılıb. Bu kontekstdən yanaşdıqda növbəti 10 illiklər ərzində böyük ehtimallarla ticarət dövriyyəsi, vəsaitlərin köçürülməsi istiqamətində kriptovalyutaların payı sürətlə artmağa başlayacaq. Bu da davamlı olaraq bazarda qiymət dəyişmələrinə gətirib çıxaracaq. Hazırda ciddi risklər mövcuddur. Ən çox tanınan kriptovalyuta növü olan Bitkoinin qiymətinin kəskin dəyişməsi məhz bu risklərdən qaynaqlanır. Çünki valyutanın bu növünün arxasında hər hansı iqtisadiyyat və ya qüvvə dayanmır. Eyni zamanda, hüquqi təminat yoxdur. Əksər hallarda Bitkoinin cinayətkar qrupların əlində alətə çevrilməsi ilə bağlı risklərin olması dünya banklarının bu istiqamətdə tənzimləmə mexanizmlərini təkmilləşdirməsi və daha mühafizəkar mövqedən çıxış etməsinə gətirib çıxarır. Nəticədə qiymətlər tez-tez qalxıb-enir. İndiki şərtlər daxilində Bitkoinin qiyməti onun real dəyərini əks etdirmir. Dövriyyə dəyişsə və hüquqi tənzimlənmə istiqamətində effektiv mexanizmlər formalaşdırılsa, kriptovalyutalar bazarda özünə etibarlı və dayanıqlı mövqe tapa bilər. Bu isə valyutanın bu növünə marağı daha da artırmaqla, tədavüldə həcminin artmasına gətirib çıxara bilər. Əslində bazar elə də böyük deyil. Yəni təxminən 250 milyon ABŞ dolları dəyərində dövriyyədən söhbət gedir. Hər hansı qlobal oyunçunun kriptovalyutaların alışına və satışına başlaması da qiymətlərə təsir göstərir. Bir sıra hökumətlərin səsləndirdiyi fikirlər qiymətləri birbaşa olaraq öz təsiri altına ala bilir. ABŞ-la İran arasında müəyyən təhlükələrin ortaya çıxması ilə yeni risklər formalaşıb. Belə bir dövrdə alternativ maliyyə alətlərinə yönəlmələr artır. Kriptovalyutalara olan tələb artır və bu da qiymətləri artıran məqamlardandır. Bəzi ölkələr ödəniş sistemlərinin xidmətlərindən tam olaraq yararlana bilmir. Buna görə də alternativlərdən istifadəyə üstünlük verirlər. Bu özü də bazarda tələbi artırır. Kriptovalyutalarla bağlı pozitiv açıqlamaların səsləndirilməsi valyutanın bu növünün dəyərinin yüksəlməsinə səbəb olur".

İT üzrə mütəxəssis Şaiq Muradov deyir ki, Bitkoinə investisiya kimi yanaşılır: "Kriptovalyutalar əslində alternativ valyutadır. Bizdə kriptovalyuta deyildikdə, yalnız Bitkoin nəzərdə tutulur. Amma əslində kriptovalyutanın bir çox növləri var. Bu valyuta növünün üzərində dayandığı Blokçeyn sistemi gələcək üçün alternativ formalaşdırır. Bitkoin olmasa da, gələcəkdə bu texnologiya üzərində alternativ kriptovalyutalardan geniş istifadə olunacaq. Hələlik Bitkoinə investisiya kimi yanaşılır. Əksəriyyət Bitkoin alır və qiymətlər qalxdığı zaman satışa çıxarır. Tələb və təklif çox olduqca, yaxud məşhur bir şirkət öz portfoliosuna Bitkoin əlavə etdiyi zaman qiymətlər sürətlə artır. Bundan imtina edildiyi vaxt  isə qiymətlər yenidən aşağı düşür. Bitkoinin dəyərdən düşməsinin əsas səbəblərindən biri bir sıra ölkələrdə qadağa qoyulması idi. İndiki halda qiymətlər haqqında proqnoz vermək çox çətindir. Çünki qiymət dəyişmələri böyük oyunçuların daha çox xeyrinədir".

Telekommunikasiya üzrə mütəxəssis Elçin Verdiyev bildirdi ki, kiçik ölkələrdə kriptovalyutaların perspektivi o qədər də böyük deyil: "İqtisadiyyatı və İKT sektoru daha böyük olan ölkələrdə və qlobal şirkətlərdə valyutanın bu növünün geniş perspektivləri var. Azərbaycan kimi kiçik ölkələrdə bu sahənin inkişafı o qədər də əhəmiyyətli deyil. Çünki hələlik enerji sektoru İKT sektorunu üstələməkdədir. Kriptovalyutaların məşhurlaşmağı üçün İKT sektorunun daha da böyüməsinə ehtiyac var".

İT üzrə mütəxəssis Qafar Əhmədov qeyd etdi ki, kriptovalyutalar o ölkələrdə inkişaf edə bilər ki, orada virtual ödəmələrdən geniş istifadə olunsun: "Ölkəmizdə valyutanın bu növünün inkişaf edəcəyi yaxın 10 ildə mümkün görünmür. Kriptovalyutalar virtual pul vahididir. Amma qiymətlər stabil olmadığına görə böyük risklər var. Bir gün ərzində Bitkoinin qiyməti 10 min dollara qədər ucuzlaşa bilir. Bunun arxasında isə hansısa qüvvələr dayanır. Çünki Blokçeyn başqa bir mexanizm üzərində qurulan texnologiyadır. Hələlik insanlar Bitkoindən istifadəyə öyrəşməyib. Gələcəkdə bu, baş verərsə, bizim istifadə etdiyimiz pul vahidindən daha əlverişli ola bilər. Amma sən bu valyuta növünü cibində gəzdirə bilməzsən. Ona görə də bu valyutaya etibar edilmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.