Maraqlı

Burada qadına baxmaq "baha başa gəlir" - KANADADAN REPORTAJ

16 May 2019 21:50
0 Şərh     Baxış: 1 672

Kanadaya gəldiyimiz ilk gündür. Ölkənin ən böyük şəhəri Torontonun mərkəzinə yenicə çatmışıq və ticarət mərkəzlərinin birində müxtəlif restoranların xidmət göstərdiyi məkanda oturub plastik qablarda yemək yeyirik. Yeməyimin yarısını bitirdim, özümlə götürmək üçün qalanının qapağını bağladım və ortalıqda qaçan qızımı gətirməyə getdim. Qayıtmağım 1-2 dəqiqə çəkdi, dönəndə yeməyi qoyduğum yerdə görmədim. Bir neçə dəfə stolun bütün dəlmə-deşiklərinə, çantama baxdım, yemək elə bil havaya sovrulmuşdu. Bir az sonra aydın oldu ki, yanımızdakı stolda oturan 50-55 yaşlı kişi yeməyimi qabağına çəkib halını pozmadan yeyir... Kanada məni belə qarşıladı...
 
Şəhərin mərkəzi küçələrində çoxlu sayda evsiz-eşiksiz insanlara rast gələ bilərsiniz. İçki və narkotik asılılığı olan bu insanlar çox nadir hallarda kiməsə hücum edə bilərlər. Amma sahibi yanında olmayan hər hansı yemək onlar üçün göydəndüşmədir.
       
Çin dili ikinci ana dili kimi
 
"Kəmərimizin altını bərkidəndən" sonra küçəyə çıxdıq və hər addımda qarşıma müxtəlif millətlərin nümayəndələrinin çıxması diqqətimi çəkdi. Cəmi 5 dəqiqə ərzində eyni ölkənin vətəndaşı olan 10-15 millətin nümayəndəsini görmək maraqlı gəldi mənə... Hər on adamdan beşinin asiyalı olması səbəbindən isə hərdən Kanadada deyil, Çində olduğumu düşünürdüm. Sonradan öyrəndim ki, əhalisinin 55 faizi gəlmələrdən ibarət olan Torontoda çin dili ingilis dilindən sonra qeyri-rəsmi ikinci danışıq dili sayılır. Qeyd edim ki, Toronto şəhərinin əhalisi hazırda təxminən 3 milyon nəfərdir.

Tanımadığın insanlarla salamlaşma mədəniyyəti

Torontoda diqqətimi çəkən başqa bir məqam avtobusda, restoranda, yolda çox vaxt insanların tanış olmadıqları halda bir-birlərinə salam verməsi, üstəlik, hal-əhval tutması oldu. Xüsusilə səhərlər əksəriyyət gülümsəyərək bir-birinə "sabahın xeyir" deyir. Azərbaycanda olanda eşitmişdim ki, Avropa ölkələrində, Amerikada və s. insanlar bir-birlərinə soyuq münasibət bəsləyir, qonşu qonşuya getmir və s. Amma Torontoda gördüklərim tam tərsini deyirdi. Avtobusa, metroya uşaqlarla minəndə ətrafımdakı adamlardan mütləq kimsə uşaqlarla maraqlanır, yaşlarını soruşur, yanındakı ilə həmsöhbət olmaq üçün havadan-sudan danışırlar. Xüsusilə yaşı 60-ı keçən yerli kanadalılar söhbətə meylli olurlar.
İctimai yerlərdə, avtobusda yaşlıya, hamiləyə, uşaqlıya, itli-pişikliyə yer verməyə gəlincə, Azərbaycandakı kimi olmasa da, gənclərin 50-60 faizində bu mədəniyyət var. Amma birbaşa durub yerini kiməsə vermək yaxşı adət sayılmır. Əvvəlcə adamın oturub oturmaq istəmədiyini soruşmalısan. Yaşlıların bir çoxu kiminsə onlara yer verməyini xoşlamır. Yer verəndə acıqla üzünü çevirənlər də, dəfələrlə təşəkkür edənlər də olur...
Buraya gəldiyim ilk günlər idi. Avtobusa minəndə cavan oğlan uşaqlı olduğumu nəzərə alıb yerini təklif etdi. Azərbaycanda olduğu kimi, əvvəl "yox" deyərək guya adama əziyyət vermək istəmədiyimi sərgiləmək istədim. Adam ikinci dəfə soruşdu ki, "əyləşmək istəmədiyinizə əminsiniz?". Yenə "xeyr" dedim və Azərbaycandan fərqli olaraq, "əyləşmək təklifi"nin arxası gəlmədi. Mənzil başına çatana qədər 15-20 dəqiqə 2.5 yaşlı uşaqla ayaq üstə qaldım və bu, mənə yaxşı dərs oldu. İndi kimsə "əyləşmək istəyirsinizmi" deyəndə, bir saniyə gözləmədən təşəkkür edərək  yerini təhvil alıram.
 
 
30 dərəcə şaxtada avtobusu 30 dəqiqə gözləmək...
 
Yəqin Torontodan yolu düşənlərin diqqətini burada asfalt örtüyünün bərbad gündə olması çəkib. Düzdür, Bakıdakı kimi heç vaxt yollara su yığılmır, maşınlar suyun içində üzmək məcburiyyətində qalmır, amma kələ-kötür yollarda böyrəyində daş olan adamın daşı rahatlıqla "düşə bilər".
Yollardan söz düşmüşkən, Torontonun ictimai nəqliyyat sisteminin sərnişinləri incidən bir xüsusiyyəti var.  Bu da əksər vaxtlarda avtobusu on dəqiqədən çox gözləməkdir. Qış aylarında və yağış yağarkən bu interval hava şəraitinə görə uzana da bilər. Başqa fəsillərdə buna birtəhər dözmək olur, amma 20-30 dərəcə şaxtada bu, "cəhənnəm əzabı"na bərabərdir. Üstəlik, donaraq 10-30 dəqiqə gözlədiyin avtobusun kassasına 3.25 dollar atdıqdan sonra minmək haqqı qazanırsan. Ən pisi isə, gecikən avtobusun sürücüsünə bir kəlimə acı söz deyə bilməməyindir. Əks təqdirdə, təhqir və hücum işə polisin qarışmasına səbəb olur. Bu halda, qanunla səni 2 min dollara qədər cərimə, 6 aya qədər həbs, yaxud hər ikisi gözləyir. Məhz bu səbəbdən burada olduğum 2 il ərzində cəmi bir dəfə gec gəldiyinə görə kiminsə səsini qaldıraraq avtobus sürücüsü ilə "söz atışması"na çıxdığının şahidi olmuşam.
 
 
Uşaqlar, qadın və cinsi azlıqlar, heyvanlar və kişilər
 
Bir maraqlı məqam da burada kişilərin yolda-izdə zərif cinsin nümayəndələrinə gözünün ucuyla belə baxmaması, daha doğrusu, baxa bilməməsidir. Əgər hansısa kişi, məsələn, avtobusda qadına baxarsa, qadın rahat şəkildə polisə zəng edib qarşısındakının seksual manyak olmasından, gözünü davamlı ona zilləməsindən şikayət edə bilər. Polis gələrkən kişidən bir kəlimə də soruşmadan onu "əlli-ayaqlı" aparır. Bu səbəbdən burada kişilərin "göz"ü tox olmalıdır və artıq bu "toxluq" vərdişə çevrilib.
Kanadada belə bir məsəl var. Yarı zarafat, yarı gerçək, burada birinci uşaqların, ikinci qadın və cinsi azlıqların, üçüncü heyvanların, dördüncü kişilərin hüquqlarının qorunduğu deyilir.
 
 
"Toronto böyük bir fabrikdir"
 
Yaşadığımız şəhərin ən gözəl və cazibədar tərəfi burada işsizlik probleminin olmamasıdır. Torontoda adətən müdir deyil, işçi "naz edir". Dostlarımdan birinin dediyi kimi, Toronto nəhəng bir fabrikdir. Burada ancaq işləməli və pul qazanmaq haqqında düşünməlisən. Amma təbii ki, söhbət təkcə qalstuk taxaraq ofisdə işləməkdən getmir, fəhlə, usta işlərinə tələbat daha böyükdür. İş imkanlarına, hansı işlərə tələbatın olmasına, iş  tapmağın yollarına və s. növbəti yazılarımda toxunacağam.     
Hələlik bu qədər. Bunlar gördüyüm, müşahidə etdiyim və mənə maraqlı gələn "ilk"lər idi...

Lalə MUSAQIZI

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.