Maraqlı

İnsanın dəyişməsinin və xüsusi hidayətə çatmasının yolu

14 May 2019 22:50
0 Şərh     Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Ramazan ayı artıq öz rəhməti, bərəkəti və məğfirəti ilə üzərimizə gəlib. Allahdan istəyimiz budur ki, bu ayda ən yaxşıları hallarımıza, durumlarımıza şamil etsin!

Bütün varlıq aləminin Rəbbi bizi qonaq çağırıb

Mübarək Ramazan ayının hilalı görsənərkən möminlərin, iman əhlinin oxuduğu dua - əslində bir aya yönəlik mənəvi ab-havaya təsir edəcək bir mövzudur. Ona görə də, bu bəhsimizdə həmin mübarək duaya və o duadan götürülə biləcək ibrətlərə toxunacağıq.

Mübarək Ramazan ayının hilalı görsənən zaman tövsiyə olunur ki, üzü qibləyə dayanılsın, əllər göyə qaldırılsın və hilala, yəni yeni Aya xitab olunaraq deyilsin: "Ey hilal, ey mübarək Ramazan ayının yeni hilalı! Mənim və sənin Rəbbi olan Allah - aləmlərin Rəbbidir...".

Bir aylıq Allah ziyafətinə dəvət olunmuş bəndə, Ramazan ayını salamlayaraq qarşılayır və Ramazan ayı ilə bir neçə kəlməni bölüşür. Bəyan edir ki, Allah bütün aləmdə, Yer üzündə nə varsa - hamısının Rəbbidir. Belə bir Allahın ziyafətinə daxil olmuşuq. Bütün varlıq aləminin Rəbbidir.

Ramazan ayında olan bərəkətlər

Daha sonra mübarək Ramazan ayının yeni hilalını müşahidə edən, salamlayan Allah bəndəsi, Allah qonağı, İlahi ziyafətin nurani iştirakçısı müraciətini davam etdirir: "Allahım, bu ayı bizə əmin-amanlıqla, imanla, salamatlıqla, İslamla, Sənin sevdiyin və razılığın olan tərəfə sürətlə yönəlməkə yeni qərar ver!...".

Bir ay ərzində nələrə diqqət etməliyik - hamısı bu cümlələrdə var. Bir ay Allahdan nələri istəməliyik, bu ayın içərisində nələr var, hansı fürsətlər, hansı potensiallar varsa - bu müraciətin içərisində qeyd olunur. Həyatımızda ən ehtiyac duyulan bir mövzu - əmin-amanlıqdır. Allah Təala bu ayda həqiqi əmin-amanlığa, mənəvi əmin-amanlığa çatmaq fürsəti qoyub.

Həyatımızın ən çox ehtiyacı olan, zəruri olan bir hissəsi - imandır. Bu ayda gerçək iman daşıyıcısına çevrilmək üçün imkan var.

Həyatın ən mühüm mövzularından biri də sağlamlıq və salamatlıqdır. İstər fiziki sağlamlıq və salamatlıq, istərsə də mənəvi sağlamlığa ehtiyacımız var. Biz mübarək Ramazan ayını doğru yaşasaq, həm fiziki, həm də mənəvi sağlamlıq əldə edə bilərik.

Bu ayın içərisində həqiqi İslam ruhuna yiyələnmək fürsəti var. Bu ayda Rəbbimizin sevdiyi və razı olduğu mövzulara daha da yaxın ola bilərik. Rəbbimizin sevdiyi ibadətə, sevdiyi əxlaqa, bəyəndiyi əməllərə yiyələnmək imkanları ilə zəngindir Ramazan ayı.

İradəvi varlıq olaraq mövcudluq

Daha sonra duada buyurulur: "Allahım, bu ayda bizə bərəkət nəsib et!...". Bu ayın içərisində elə durum əldə edə bilərik ki, həyatımız, yaşayışımız, fərdi həyatımız, ailə həyatımız, ictimai həyatımız bərəkətlə zənginləşsin. Allahdan istəyimiz budur ki, bu ayın içərisində bizim həyatımızı bərəkətləndirsin.

Bu ayın içərisində Allahın xüsusi inayətləri, köməklikləri, xeyirləri var. Duada gəlir: "Allahım, bu ayın xeyrini və köməyini bizim üçün ruzi qərar ver!...". Duadan anlaşılır ki, ruzi yalnız maddi deyil. Ən böyük ruzi - Allahın inayət və tofiqatıdır. Bu ayın içərisində xeyir və kömək fürsətləri var. Allahdan istəyirik ki, Ramazan ayının içərisində yaxşı bəndələr üçün nəzərdə tutulmuş xeyir və köməklikləri bizlərin ruzisi qərar versin.

Bu ayın içərisində ziyanlardan, bəlalardan, şərlərdən, fitnələrdən uzaq ola bilərik. Bütün aylarda olduğu kimi, bu ayın içərisində də biz iradəvi varlıq olaraq mövcud  olmağı davam edirik. Bu ayda ən böyük ziyanımız o ola bilər ki, bu ayın günləri yaşansın, amma biz bəhrə aparmayaq. Bu ayın ən böyük şəri odur ki, Ramazan ayının günlərini ancaq yeməmək və içməməklə keçirək. Bu ayın içərisində ən böyük bəla bu ola bilər ki, xətalar edək, yanlışlar edək, namazlarımıza, ibadətlərimizə diqqətsiz olaq, orucumuza qarşı səhlənkar olaq.

Əgər bu ayda qəflətdən ayılsaq...

Bu mübarək aya hər birimiz dəvət olunmuşuq. Rəbbimiz hər birimizə müraciət edərək dəvət edib, İlahi ziyafətdə olmağa, oruc tutmağa dəvət edib. Əgər qəflətdən çıxsaq, ayılsaq, anlayaraq ki, nə qədər mübarək bir zamana daxil olmuşuq.

Təsadüfi deyil ki, mübarək ayın birinci günündə Allahdan məhz bunu - qəflətdən ayılmağı istəyirik. Əgər qəflətə düşsək, Ramazan ayının daxil olması bizim üçün sadəcə təqvim hadisəsi olacaq. Sadəcə dəqiqləşdirəcəyik ki, hansı gündür, o gündən başlayacayıq bəlli vaxtda yeməməyə, içməməyə və s. Bəzən insan bunu elə adi halda da edir. Bəzən insanın işi o qədər olur ki, heç yemək yeməyi, içməyi çatdırmır. Yəni, ac və susuz qalmağın xüsusi bir avantajı yoxdur.

Bir də var ki, biz Allahın ziyafəti başladığının, bizim də dəvət olunduğumuzun fərqində olaq. Ola bilsin ki, bu, bizim axırıncı ziyafətimizdir, bu da istisna deyil. Ola bilər ki, bundan sonra onillər ərzində qonaq olmaq fürsətimiz olsun, tam mümkündür də ki, bu, bizim axırıncı Ramazan ayımız olsun. Yaşından asılı olmayaraq, heç bir kəsin təminatı yoxdur ki, qarşıda onun üçün bir neçə Ramazan ayı olacaq.

İnsan bunları düşünsə, mübarək Ramazan ayının imkanlarından daha geniş istifadə etməyə çalışar. Mütləqdir ki, Allah belə olan halda insanın halına diqqət edər.

Bu ayda hansı işləri görməliyik?

Biz İlahi ziyafətdə olduğumuzu, bu mübarək aya daxil olduğumuzu dərk etdikdən sonra hansı işləri görməliyik? Ümumiyyətlə, insanın hansı işləri görməsi daha önəmlidir? Rəbbimiz Qurani-Kərimdə "Ənkəbut" surəsinin altmış doqquzuncu ayəsində buyurur: "Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) mücahidə edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir".

Söhbət o kəslərdən gedir ki, Allahın yolunda, nəfsi ilə mübarizədə, özünü düzəltmədə və Allah düşmənlərinin qarşısında can qoyur, əlindən gələn hər şeyi edir. Bizlər öz təzkiyəmizdə, özümüzü düzəltmədə can qoymalıyıq və təəssüflər olsun ki, bunu çox zaman etmirik. Mübarək Ramazan ayı bunun üçün böyük fürsətdir.

Amma təəssüflər olsun ki, çoxları bu ayı təqvim hadisəsi kimi yaşayır, bir az yemir, bir az içmir və bununla da yekunlaşır. Nə edək ki, bu cür olmasın? Nə edək ki, o cür olmasın?

Allah bizlərə ümid verir. Rəbbimizin İlahi ziyafətə çağırışında o qədər ümid var ki, insan fərqinə varsa, heç aclığı, susuzluğu yadına düşməz...

İnsan öz nəfsini təzkiyə edərsə...

Ən böyük cihad - insanın özü ilə, nəfsi ilə məşğul olmasıdır. Hər kim bu yolda can qoysa, nəfsi ilə mübarizədə əlindən gələn hər şeyi etsə, dilini, gözünü, qulağını, əxlaqını düzəltsə, üstəlik Allahın düşmənlərinin qarşısında dayansa, adı ilə, abrı ilə, malı ilə, sözü ilə bu yolda olsa - Rəbbimiz Onun dərgahına gedən yolu həmin şəxsə göstərər.

İnsan Allahın dinini qorumaq üçün, Allah düşmənlərinin qarşısında dayanmaq üçün gərək ilk öncə özünün nəfsinin qarşısında dayana bilsin, nəfsi ilə mübarizədə qalib olsun. Əgər özümüzü düzəltməsək, bizim din çatdırmağımızın heç bir mənəvi yükü  olmayacaqdır. Əgər özümüzü düzəltsək, dini çatdırmasaq - bunun da bir faydası olmayacaq. Bunların ikisi bir yerdə olmalıdır. Bundan sonra Rəbbimiz həmin şəxsə Öz dərgahına gedən doğru yolları göstərər, ona doğru yolu göstərər.

Qeyd edək ki, Rəbbimiz yekunda yaxşı iş görənlərlə olduğunu da bəyan edir.

Ayədən başa düşülür ki, Allahın xüsusi hidayətini əldə etmək - səy və təlaşdan, çalışmaqdan, can qoymaqdan, nəfsi təzkiyə etməkdən, özünü düzəltməkdən, hər mənada mücahidədən keçir. Allahın xüsusi hidayətinə yiyələnmək üçün gərək səy göstərək və çalışaq. Gərək ilk addımı ataq. İnsan ilk addımı atmalı, can qoymalıdır və bunun qarşılığında Rəbbimiz ona xüsusi hidayətini nəsib edəcəkdir.

Bəzən bir ixlaslı əməl davamlı hidayətə yol aça bilər

Bəzən bir xalis addım, ixlasla atılmış addım, ixlasla edilmiş davranış əbədi, davamlı, böyük hidayətlərə yol açar. Bəzən keçmişdə atılmış bir addım davamlı, böyük hidayətlərə çatdırar.

Ayədə insanın keçmiş zamanlarda etdiyi səy və çalışmaya, amma indiki zamanda nəsib olan hidayətə işarə edilir Bəzən bir davranış davamlı nəticələrə gətirib çıxardar. Bəzən bir davranış, bir hərəkət bəs edir, amma yetər ki, ixlasla olsun.

Rəbbimiz İlahi idarəetməni bizə çatdırır

Ayədən başa düşülür ki, idarəetmədə və yönəltmədə lazım deyil ki, işin bütün detalları, bütün çalarları, elementləri öncədən aydın olsun. Ayə izah edir ki, sən İlahi addım atacaqsan, işin ortasında Allah qeybi köməkliklərini yetirəcək.

Bəzən görürsən ki, sən bir addım atırsan - və heç ağlına gəlməyən, ehtimal vermədiyin işlər baş verir. Təəssüflər olsun ki, bəzən materialistik dünyagörüşü dindarların da beynini məşğul edir, "bu işlərin axırı necə olacaq?", "sonra necə olacaq?" və s. kimi suallarla özlərini süstləşdirirlər.

Biz isə günümüzdə də bunun şahidi oluruq ki, bütün şərtlər əks fikri deməyə əsas verir, amma İlahi ruhiyyə ilə addım atılır - nəticələr ən ali qələbələrlə səciyyələnir. Şeytanın (lən) ən böyük silahı - insanda ümidsizlik yaratmaqdır. O məlun insana vəsvəsə edir ki, o, artıq düzəlməz, artıq özünü islah edə bilməz. Amma Rəbbimiz bizlərə müjdə verir. Bəyan edir ki, bəzən bir ixlaslı addım atmaq bəsdir ki, O özünün qeybi köməkliklərini göstərsin, xüsusi hidayətini nəsib etsin.

Biz çalışmalı, səy göstərməliyik, bunun nəticəsində Rəbbimiz də Öz xüsusi hidayətini bizlərə göstərəcək. İlahi idarəetmə bizlərə bunu öyrədir. Vacib deyil ki, işin bütün detalları öncədən məlum olsun. Görürük ki, bu ayənin mənəvi, bünövrəvi bir halı var. Allah Təala bəyan edir ki, sən əlindən gələni et, Mən dərgahıma gələn yolları sənə açaram.

Əgər bizim özümüzə qalsaydı, Allah bilir halımız nə olardı. Amma məgər biz hesablama üzrəmi namaza başlamışıq? Allah bilir, bizim hesablamamıza qalsaydı, nələr olardı...

Hər bir çalışmanı dəyərə mindirən amil

Böyük alimlərdən biri tövsiyə edir ki, mübarək Ramazan ayı gələrkən diqqətli olun ki, sekulyar mənəviyyata doğru getməyəsiniz. Yəni, sən mübarək Ramazan ayı gələndə bir sıra şeylərdən uzaq düşürsən, eyni zamanda, insanlardan da uzaq düşürsən. Alim bəyan edir ki, Ramazan ayında insanların içərisində olmaq və bu İlahi ziyafəti yaşamaq lazımdır.

Ayədən aydın olan digər təfsiri çalar budur ki, bütün səy və çalışmalara dəyər verən - ixlasdır. İxlas - əməli, səyi, çalışmanı dəyərli edən meyardır. Bizlər təəssüf ki, həyatımızda çoxlu ixlassız, səthi nümunələr görürük, özümüz də xeyli bu cür əməl edirik. Amma Rəbbimiz bu ayədə bəyan edir ki, bacarsan, Mənim üçün səy göstər - gör nəticələri nə olur.

Ayədən aydın olur ki, İlahi qürbə çatmağın yolları çoxdur Biz gərək bu yolları axtaraq, tapaq, Allahdan bu yolları bizə aydın etməsini istəyək.

Biz gərək Allahın vədinə əmin olaq. Çünki, Allahın bəyanlarında qətiyyətlilik var. Sən çalışsan, İlahi yollara hidayət olunacaqsan.

Zəif bəndə, Böyük Allahla bağlantı tapanda hər şeyə çatmış olur. Yaxşı işlər görən insanların iki xüsusiyyəti var. Onların biri ixlas, digəri isə səy və çalışmadır. Allahdan istəyimiz budur ki, mübarək Ramazan ayında bunların hər ikisinə çatmağı bizlərə nəsib etsin!

Allahım, bizlərə bu mübarək ayda səy və çalışmanı, ixlasa yiyələnməni nəsib et!

Allahım, bu ayda bizlərə xüsusi hidayətini nəsib et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.