Maraqlı

“Xarqo” və “Mixaylo”nun tarixi görüşü haqda bilmədiklərimiz - DÖYÜŞÇÜ GÜNDƏLİYİ

9 May 2019 16:49
2 Şərh     Baxış: 5 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Ölkə.az-a istinadən məşhur azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılovun döyüş gündəliyinin bir hissəsini təqdim edir:

...1944-cü ilin may ayında Tuluz və Montabon şəhərinin dağlarında məskən saldıq. İstirahət vaxtım idi. Gəzə-gəzə qərargaha getdim. Dedilər təzə tapşırıq var, maraqlandım. Partizan qərargahına xəbər verilmişdi ki, almanların qərarına görə, əksər əhalisi partizan olan kəndləri tamamilə almalı, əhalini isə bütünlüklə Almaniyaya sürgün etməlidirlər. 

Altmış nəfərdən ibarət partizan dəstəsiylə almanlar gələn yolu başdan-başa üzük qaşı kimi mühasirəyə aldıq. Almanların almaq istədikləri kənd şəhərdən 10 kilometr aralı idi. Alman maşınlarının bizə çatmağına 10 metr qalmış leytenant Bessek əlindəki qumbaraları onlara tərəf atdı. Bu, döyüşün başlanğıcı oldu, onlar da hücuma keçməyə başladılar. Hər iki tərəf xeyli itki verdi. Ən pisi bu idi ki, almanlara kömək gəlirdi, bizə isə yox. Getdikcə itkimiz daha da artırdı. Ağacların arxasına keçib gizlənə-gizlənə bizi qoruyan pulemyotçunun yanına qaçdım. Pulemyotçumuzu vurmuşdular. Tez pulemyotu götürüb atəş aça-aça fransız dilində "tez dağlara çəkilin" deyə qışqırırdım. Biz atəş aça-aça dağların o biri tərəfinə keçməyə çalışırdıq. Elə bu vaxt almanlar məni ayağımdan vurdular. İki güllə dəymişdi. Bir qədər qaçıb yerə sərildim. Sürünə-sürünə qaçmağa çalışırdım. Yoldaşlarımın atəş səsləri uzaqdan gəlirdi. Almanlar artıq mənə çatırdılar. Qumbara və patronlar da qurtarmışdı.

Qaçmağa imkan tapmadım. Tapançada isə cəmi dörd patron qalmışdı. Gözləyirdim ki, yaxınlaşsalar, üç patronla onları, biriylə özümü vuracam. Çoxlu qan itirmişdim deyə istəyirdim ki, yaxınlaşsınlar sonra atım, gülləm boşa çıxmasın. Bu vaxt gözümdən qığılcım qopdu. Sən demə, almanlar gizlicə arxadan gəlib, tapançanın qundağı ilə başıma vurublar. Almanlar məni ayağımdan tutub daşlı kolluqlarla dağın başından yola kimi iki kilometr sürüyüblər. Əynimdə olan paltarlar didik-didik olmuşdu, bədənim qan içində idi. Sonra məni maşına atdıqları yadımdadır. Maşında yaralı partizanlar var idi. Alman əsgərlər yaralı partizanların üzərinə oturaraq, bizi şəhərə gətirdilər. Onlar bizim çoxlu şəklimizi çəkdilər. Deyirdilər ki, həm orada, həm burada çəkilən şəkillər çox gözəldir.

Yoldaşlarımı hara apardıqlarından xəbərim olmadı. Məni tanımadığım bir xəstəxanaya gətirdilər. Otağın pəncərələrini dəmirlə bərkitmişdilər. Qapıda isə əsgərlər keşik çəkirdilər. Mən hər şeyi eşitsəm də danışa bilmirdim.

Almanlar zooparka gəlibmiş kimi dəstə-dəstə gəlib mənə baxırdılar. Yaramı sarıdılar, iynə vurdular. Alman zabitləri isə məni sorğu-suala tuturdular. Məni danışdırmaq üçün fransız gətirdilər. Əvvəlcə mülayim danışırdılar. Sonradan kobudluqla, təpiklə dindirmək istəyirdilər. Mən düşündüm fransızca danışsam, ləhcəmdən rusdilli olduğum bilinəcək və işim lap pis olacaq. Almanlar məndən partizanların yerini, şəhərdə, kənddə onlara kömək edənləri tanıdığımı soruşurdular. Nə qədər zülm edirdilərsə, danışmırdım.

Partizanlar məni dar ağacından asacaqları xəbərini eşitmişdilər. Sonradan öyrəndim ki, partizanlar qərargahda məni xilas etmək üçün plan qururlar. Almanlar dar ağacını şəhərin görkəmli meydanında qurdular. Zabitlərin oturması üçün qırmızı stollar düzüldü. Şəhər və kənd əhalisini zorla yığaraq, partizanların edamını seyr etməyə məcbur edirdilər. Çoxlu postlar qoyulmuşdu. Mənim başıma torba keçirmişdilər, özümü də xarala qoyub, ağzını bağlamışdılar. Hiss etdim ki, ölümün bir addımlığındayam. Ancaq belə ölmək istəmirdim. Bir anlıq bütün həyatım gözümün önündə lent kimi canlandı. "Arzum həyata keçmədi" - fikirləşirdim.

Alman zabiti mayor Qotfrid əmr etdi ki, maşınla partizanı gətirsinlər. Sən demə, partizanlar da əhali arasında öz yerlərini tutubmuş. Bu vaxt bir alman maşını gəlir və kimsə mayor Qotfridin qulağına nəsə deyir. Mayor tez əlini stola çırpıb, maşına minib gedir. Partizanın asılmasını o biri zabitə tapşırır. Məni gətirən maşın çox gec gəlir. Bütün əhali partizanın gəlməsini gözləyir. Maşının üstündə məni xaraldan çıxardılar, amma torba başımda qaldı. Maşın dar ağacının altında dayanmışdı. Kəndiri boğazıma keçirəndə almanlar əl çalmağa başladılar. Maşının sürülməsi əmri verildi. Birdən kəndir kəsildi və maşın məni yüksək sürətlə apardı. Atışma səsləri gəlirdi. Maşın məni atıb-tuturdu. Maşın dayananda artıq atışma kəsmişdi. Mənim başımdan torbanı çıxartdılar, qollarımı da açdılar. Baxıb gördüm ki, məni qurtaran partizan korpusunun komandiri Delplonq Et Dumas və Vasilidir. Maşının sürən Vasili, başıma kəndiri keçirən isə Delplonq Et Dumas olub.

Azad olunandan sonra Bessek məndən zarafatla "Xarqo, başına nə üçün ağ rəng qoymusan" - deyə soruşdu. Bir güzgü tapıb özümə baxanda tanımadım. Başımın tükləri ağarmışdı.

Həkimlər mənə qulluq edirdilər, yavaş-yavaş sağalırdım, gəzirdim. Ancaq məni əməliyyata buraxmırdılar. Partizan yoldaşlarıma Montabon şəhərinin dəmiryolunun partladılması əmri verilmişdi. Mən də yoldaşlarımın dalınca gedirdim. Onlar mənə nə qədər yalvardılarsa, geri qayıtmadım. Əlacları kəsildi, məni də özləri ilə aparası oldular. Partizan yoldaşlarımı müəyyən yerdə düzdüm və özüm də onlarla qaldım. Leytenant Bessek, Perrakonon, Rene Jambart, Pinar körpüyə getdilər. Mən körpüyə yaxınlaşmağı Bessekə öyrətmişdim. Onlar relslərə mina yerləşdirib, qayıtdılar. Biz heç nə olmamış kimi ərazidən bir kilometr aralanıb qatarın gəlməsini gözlədik. Bessek mənə dedi:

- Xarqo, ürəyim bərk döyünür. Qatar partlamasa öləcəm.

Mən ona ürək-dirək verdim. Almanların hərbi sursat qatarı minaya çatan kimi göyə sovruldu. Bu səsi eşidən Bessek məni qucaqladı. O qədər hirslənmişdik ki, döyüşdə itirdiyimiz yoldaşlarımızın da heyfini çıxmaq istəyirdik. Ona görə şəhərdə teleqraf dirəklərini kəsirdik, benzin anbarlarını partladırdıq, harda alman görürdüksə ordaca ölümünə xitam verirdik. Bu işlər yerli əhali ilə birlikdə, alman faşistlərinə məcburi qulluq edən, almanların əlinin altında işləyən fransız gənc oğlan və qızların yaxından köməklikləri sayəsində olurdu.

Yuxarıda adı çəkilən işlərə görə Fransadakı Tarn et Qoran korpusunun generalı Pier Paskini tərəfindən bir qızıl qol saatı ilə mükafatlandırıldım. 1944-cü ildə Marselnim, Alibe və Lion şəhərlərinin dağlarında kənd və sahibkar xutorlarında idik. Dağlarda gəzərkən yad adamlara rast gəldik. Partizanlar hərəsi öz yerlərini tutdu. Qərargahın komandirindən tapşırıq gözləyirdik. Komandir Duşatle işarə etdi ki, gizləndiyiniz yerlərdən çıxın. Komandir bizə dedi ki, bunlar İtaliyanın partizanlarıdır. Biz görüşdük. Partizanlardan bəziləri onlarla danışıb bizə tərcümə edirdi. Birdən məni komandan çağırdığını bildirdilər. Mən çağırılan yerə getdim və komandan məni görüncə üstümə gələrək "Xarqo, səni təbrik edirəm, sizə bir şad xəbərim var" - dedi. Ardınca dedi ki, səni  bir həmyerlinlə tanış edəcəm. Sevinərək dedim:

- Görəsən kimdir?

- Buyur, tanış olun.

Cavan bir oğlan gözləri həyəcanla dolu üstümə gələrək ana dilimizdə "eloğlu, salam" dedi. Biz qucaqlaşdıq. Hətta gözlərimiz də yaşardı.

- Tanış olaq, azrbaycanlı Əhmədiyyə Cəbrayılov

- Mən də Bakıdan Mehdi Hüseynov. Ancaq doğulduğunuz bölgəni demədiniz.

- Nuxa rayonu, Oxud kəndi.

- "Xarqo", "Armed Mişel" adlarıyla şöhrət tapmış azərbaycanlı eloğlu, sizin inanılmaz dərəcədə qəhrəmanlığınızdan, qorxmazlığınızdan komandan çox danışıb.

Duşatle dedi:

- Xarqo, sən bilirsən Mixaylo kimdir?

- İtaliyada almanların gözünün odunu alan, onların canlarına üşütmə salan, İtaliyanı lərzəyə gətirən, gözlə görünməz, almanların diliylə desək, şeytan. Ümumiyyətlə, aylarla, illərlə qəhrəmanlıqlarından danışsaq qurtarmaz. Bax bu həmin Mixaylo, sənin yerlin Mehdidir.

Mən Mehdi ilə dörd saat şirin söhbət edə bildim. Bir-birimizə axırıncı sözümüz "özündən muğayat ol" oldu. Onlar bizdən ayrılıb uzaqlaşdılar. Mehdi gedə-gedə "Bakıda görüşərik" dedi.

Qeyd: yazı ilk dəfə 2014-cü ildə lent.az-da dərc edilib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.