Maraqlı

Notr-Dam: əfsanə maddi ziyandan daha BÖYÜKDÜR

20 Aprel 2019 23:35
0 Şərh     Baxış: 803

"Le Monde" qəzetinin müxbiri Xavyer Kava-Topor (Xavier Kawa-Topor) yazır ki, yanan təkcə tarixi abidə deyil, Paris Notr-dam kilsəsidir. Bu böyük kilsə qotik incəsənət şedevri, Fransa tarixinin şahididir. 15 aprel yanğını nəticəsində qismən dağılan bu tikili "kilsə" deyiləndə ağlı ilk gələn binadır. Tarixçi Jak Le Qoffun (Jacques Le Goff) söylədiyi kimi, bu Orta Əsrlər incisi uzun tarixi yoldan keçib, bir çox dəyişikliyə məruz qalıb, bu zaman böyük ictimai, rəmzi əhəmiyyətini qoruyub saxlayıb, hamı üçün inam və hisslərin əsas mərkəzi olaraq qalıb. Yanğının Fransanın paytaxtı və bütün dünyada səbəb olduğu emosional reaksiya da bunu təsdiqləyir.

Le Qoff "Orta Əsrlərin qəhrəmanları və möcüzələri" ("Héros et merveilles du Moyen Age") kitabında yazır: "Kilsə əbədi görünür, tarix boyu bu qədər dəyişiklikdən keçən çox az tikili var". Bu cür binaların tarixçəsi divarlarının yaşından daha böyükdür.

Məqalədə deyilir ki, Notr-dam kilsəsi təkcə orta əsrlər Fransasında şəhərlərin və iqtisadiyyatın çiçəklənməsinin nəticəsi olmayıb, abidə eyni zamanda qreqorian islahatları fonunda yepiskopun rolunun yenidən nəzərdən keçirilməsinin şahidi olub. Dini, iqtisadi və memarlıq çoşqusu fonunda şəhərlərdə öz ölçüləri ilə heyrətə salan daha əzəmətli və hündür binalar tikilib. Beləliklə, kilsənin rəmzi gücü o cümlədən onun zaman və məkandakı yeri ilə də əlaqəlidir.   

Notr-dam kilsəsinin tarixində baş verən böyük hadisələr onun milli simvolizminin saxlanmasından, hətta güclənməsindən xəbər verir. Tikili Böyük Fransa İnqilabından sonra bir müddət İdrak Məbədinə çevrilib, XIX və XX əsrlər boyu böyük tədbirlərə - 1804-cü ildə I Napoleonun tacqoyma mərasimi, 1944-cü ildə Parisin azad edilməsi ilə bağlı bayram tədbirləri, prezidentlər Adolf Tyer (Adolphe Thiers), Sadi Karno (Sadi Carnot),Şarl de Qoll (Charles de Gaulle), Jorj Pompidu (Georges Pompidou), Fransua Mitteranın (François Mitterrand) dəfn mərasimlərinə şahidlik edib. Nəhayət, bu bina Reyms və Sen-Deni kilsələlərinin kral hakimiyyətinin müqəddəslik simvollarını kölgədə qoyub.

Bu, romantizmlə eyni vaxta, Orta Əsrlər və onun ideyalarının birinci plana geri qayıtdığı böyük dövrə təsadüf edib. Kilsənin romantizmin bir simvoluna çevrilməsi Viktor Hüqonun (Victor Hugo) 1831-ci ildə qələmə aldığı "Paris Notr-dam kilsəsi" romanı ilə əlaqəlidir. Yazıçı bu əsərində kilsənin köhnəlmiş vəziyyətinə diqqət çəkir və əfsanə yaradır: o vaxtdan bəri kilsənin obrazı Esmeralda və Kvazimodo obrazlarının ayrılmaz parçasına çevrilib.

Hüqodan sonra kilsə ətrafında mistik obraz, fransız xalqının müdrik şəxsi ilə sıx əlaqə formalaşıb. Dahi restavrator Ejen Violle-le-Dyuk  (Eugène Viollet-le-Duc, yanğında uçan mili məhz o inşa edib) bununla bağlı "Fransa memarlığının izahlı lüğətində" (1854) yazır: "Məncə, XII və XIII əsrlərin kilsələri fransız millətçiliyinin rəmzi və birlik əldə etməyin başlıca cəhdidir".

Bu gün Paris Nort-dam kilsəsindən nə qalıb? Külə çevrilən xəzinəni nəzərə alsaq, maddi fəlakət çox böyükdür. Ancaq əfsanə bu fəlakətdən daha güclüdür. Bütün dünyanın emosional reaksiyası da bunu təsdiqləyir. Bəli, bu dini, tarixi və simvolizm mərkəzi hamıya məxsusdur. Kilsə hələ uzun əsrlərdən keçəcək. Bunun üçün onu Teseyin gəmisi kimi hissə-hissə bərpa etmək lazım gəlsə belə...

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.