Qloballaşan dünyada həyat tərzini sadələşdirilmək məqsədi ilə kəşf edilən və tətbiq olunan hər bir yenilik müəyyən faiz nisbəti ilə müasir texnologiyalardan asılıdır desək yanılmarıq. Eyni zamanda texnologiyanın yeni addımları ilə on il sonranı təsəvvür edərkən tamamilə fərqli bir həyat tərzinin olacağına şübhə qalmır. Necə ki, illər öncə hazırda istifadə olunan mobil telefonlar, kompüterlər və digər elektron vasitələr insanlar üçün möcüzə kimi görünürdü. Ötürücü vasitələrin sağ-solumuzu əhatə edəcəyi, müxtəlif yüklərimizi dronlar və robotların aparıb gətirəcəyi bir dünya bu günümüzdən heç də uzaqda deyildir. Zaman keçdikcə dünyanın istənilən nöqtəsi bu texnoloji yeniliklərlə ayaqlaşmağa çalışır.
Bu gün dünyanın dörd bir yanında istifadəsinə ehtiyac duyulan texnoloji kəşflərin əjdaha yöntəmlərindən biri də ultra-həssas məkan sistemidir. Hazırda həm ölkələr daxili həmdə insanların xarici səfərləri zamanı müxtəlif ünvanları tapmaq üçün müraciət olunan tətbiqetmələrdən biri GPS-dir. Lakin adı çəkilən proqram bəzən dəqiqlikdən çox uzaq ola bilir. Məşhur ünvan mərkəzlərinə rahatlıqla istiqamətlənmək mümkün olsa da daha dəqiq məkanları axtarmaqda müəyyən çətinliklər yaranır. Biz bir çox hallarda saxta axtarış sistemlərinə də rast gələ bilərik. Pokemon Go oyunu yeni istifadəyə veriləndə baş verənləri xatırlamaq yetərlidir.
Milli.Az chip.az-a istinadən bildirir ki, Britaniyanın Scape şirkəti dünya şəhərlərinin real görüntülərinin mövcud olacağı xəritələr hazırlayaraq məşhur məkan axtarış sistemi olan GPS-i geridə qoymağı planlayır. Şirkət mövcud problemləri aradan qaldırmaq məqsədi ilə yenilik edərək 100-ə yaxın şəhərin 3D xəritələrini hazırlayıb. London, San Francisco, Paris, Moskva, Tokio və s. kimi böyük şəhərlər bu sıralamaya daxildir. Sözü gedən prosesin gerçəkləşməsi üçün isə milyonlarla fotoşəkilləri birləşdirilərək nail olunur. Küçə işıqları, lövhələr kimi bəzi kiçik strukturlardan başqa şəhərlərin digər hissələri xəritədə yer alıb. Şəhərlərin velosipedlərlə küçə-küçə gəzilərək qeydə alındığı bildirilir. İlk başlanğıcda şəkillərin aid olduğu ünvanlarla bərabər qeyd olunması gələcək işlər üçün hazırlıq rolunu oynayır. Şirkət gələcəkdə bu sistemin GPS olmadan işləyə biləcəyinə ümid edir.
Digər tərəfdən bu sistemin reallığı nə dərəcədə əks etdirməsi sual doğurur. Çünkü hər ötən gün ətraf ərazilərdə yeni binaların inşa edilməsinin yaxud köhnələrin yeniləri ilə əvəz olunmasının şahidi oluruq. Təmirə bağlanan yaxud təmirdən yeni çıxan tikililərin, eləcə də şəhərlərin və digər yaşayış obyektlərinin restavrasiyaya uğrayan hissələrinin xəritədə yer alması prosesinin necə həll olunacağı ilə bağlı açıqlamalar verilməyib. Çünkü adı çəkilən mərhələləri naviqasiya sistemində hərfi formada qeyd etmək çox rahatlıqla mümkün idisə, 3d görüntüləri xəritəyə əlavə etmək işi sistemdə yeni yöntəmlərdən istifadə olunacağından xəbər verir.
Milli.Az