Maraqlı

Dünyaya açılan gözəllik pəncərəsi

16 Aprel 2019 22:20
0 Şərh     Baxış: 1 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Şəban ayını yaşamaqdayıq. Bu ay özünün bütün bərəkətləri, fürsət və imkanları ilə yanaşı, mübarək mövludları ilə də zəngindir. Xüsusilə bu ayda Kərbəla qəhrəmanlarının - İmam Hüseynin (ə), Həzrət Əbülfəzl-Abbasın (ə), İmam Səccadın (ə) nurani mövludları sanki Kərbəlanı insanlara bir daha xatırlatmış olur. Ona görə də bu bəhsimizdə bütün Kərbəla qəhrəmanlarının dayağı olmuş xanım - Həzrət Zeynəb (s.ə) barədə danışacağıq. Və bununla yanaşı, Qurani-Kərimdə əksini tapmış bir xanım barədə də bəhs edəcəyik.

Allah Təalanın Qurani-Kərimdən tanıtdırdığı nümunə

Xanım Zeynəb (s.ə) bütün toplumda olan stereotipləri, ictimai yanlışları kökündən dəyişə bilmişdir. Əgər Həzrət Peyğəmbərimizin (s) qızı Həzrət Zəhra (s.ə) bu yolun başlanğıcı və nümunəsidirsə, Həzrət Zeynəb (s.ə) bu nümunənin praktik və əməli halda öz həyatı ilə yaşayan əsas şagirdlərindən olub.

Allah Təala Qurani-Kərimdə həm pis insanları göstərir, həm də yaxşı insanları. Yaxşı insanları möminlər üçün nümunə göstərərkən, xanımlardan da misal gətirir. Allah Təala iki xanımı nümunə olaraq göstərib. Onlardan biri də Fironun (lən) zövcəsi Asya xanımdır (s.ə). "Təhrim" surəsinin 11-ci ayəsində Allah Təala buyurur: "Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o, demişdi: "Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) - Cənnətdə - bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!".

Ayədə tək qadınlar üçün deyil, bütün insanlar üçün nümunə göstərildiyi vurğulanır. Bir nümunə bəs edər ki, insanlar ayılsın. Allah Təala bizlərə anlatmaq üçün nümunələr çəkir, misallar çəkir, bizi tarixdə baş verənlərdən xəbərdar edir. Bu nümunələr kişili-qadınlı hər kəs üçün çəkilir. Misal çəkərkən həm kişilərdən, həm də qadınlardan nümunələr göstərir.

Bəzən deyərlər ki, filan insanlar ata-anadan mömindirlər, ona görə elə o cür həyat yaşayıblar. Xanım Asyanın (s.ə) tövhidi keçmişi yoxdur. Üstəlik o, bir xanımdır ki, özünəməxsus şəraitdədir, dövrün Fironu (lən) kimi birisinin həyat yoldaşıdır. Amma həyatında bir vəziyyət yaşayır, bir həddə qədər təkamül edir, ucalır ki, Qurani-Kərimdə misal çəkilərək, adı, özü nümunə olaraq təqdim edilir. Həm mömin kişilər, həm də möminə qadınlar üçün nümunə olaraq göstərilir.

Bəlli olur ki, bir şərait meydana gəlir ki, Fironun (lən) zövsəsi Asya xanım (s.ə) bu mənada bir sözü deməli olur ki, Allah Təala onu Öz yanına aparsın.

Tövhidi keçmişi olmayan insan, Quranın nümunələrinə çevrilir

Ayədən başa düşülən nöqtələrdən biri budur ki, Asya xanım (s.ə) Həzrət Musanın (ə) möcüzəsini görür və iman gətirir. Firon (lən) buna görə, ona cəza verir. Qızmar günün altında ağır işgəncələr altında saxlanılır. Asya xanım (s.ə) bu ağır işgəncələr altında bu duanı edir, Allahdan bu şeyləri istəyir. Qurani-Kərim bu duanı, bu sözləri İlahi kəlam olaraq bizlərə təqdim edir.

Mühüm nöqtə budur ki, Asya xanım - məsum deyil, öncədən tövhidi keçmiş yoxdur, amma nümunəyə çevrilir. Tövhidi keçmişi olmayan bir insan, Quranın nümunələrinə çevrilə bilir.

Orada, həmin dövrdə Asya xanımdan daha çox savadlılar da var idi. Amma onlar Həzrət Musanın (ə) göstərdiyi möcüzələrdən ayılmadılar. Bəzən savad bəs etmir, bəzən hətta mane olur.

O, bir qadın idi, yaranan situasiya ilə bağlı onda suallar meydana gəlir. Bu hadisələr onun həyat yoldaşı ilə əlaqədar baş verirdi. Allahın Elçisi (ə) onun həyat yoldaşı ilə qarşı-qarşıya idi. Xanım Asyanın (s.ə) tövhidi ruhiyyəyə yiyələnmək yönündə böyük maneələri var idi. Bir tərəfdən xanım idi, o zaman da, indinin özündə də çox da öyrəşilməyib ki, xanım mənfi streotipləri dağıtsın. Amma o, dağıdır.

Böyük akademik bilgisi, savadı yox idi. Amma, fitrəti pak idi. O, ayılır. Digər tərəfdən atifəsi var idi, ailə bağlantısı kimi mövzuları var idi. O isə ailəni deyil, haqqı seçir, haqla olur, bununla da böyük bir stereotipi dağıdır. Bunlar hamısı düşünülməli məsələlərdir.

Ayədən başa düşülən mühüm məsələlərdən biri də budur ki, Qurani-Kərim haqqı tanımada, haqqa çağırış etmədə qadın ilə kişi arasında fərq qoymur.

Mühitin yanaşması səhv ola bilər

Həzrət Asya xanımın (s.ə) keyfiyyətlərinə diqqət edək. Mühitin təsiri altında deyil. Biz gərək mühitin təsiri altına düşməməklə bağlı ondan nümunə götürək. "Hamı belə deyir, hamı belə qəbul edir" kimi fikirlərdən azad olmalıyıq. Mühitin yanaşması, düşünməsi səhv də ola bilər. Bizlər mühitin təsiri altına düşməməliyik.

Xanım Asya (s.ə) mühitin təsiri altına düşmür. Özü də bir vəziyyətdədir ki, o, özü mühitin özəyini təşkil edir. Xanım (s.ə) həmin mühitdə ən önəmli şəxslərdən biridir.

Xanım Asyanın (s.ə) digər bir keyfiyyəti budur ki, məntiq əhlidir, şüurlu bir insandır. O, anlayır ki, Həzrət Musa (ə) - Allahın elçisidir. Bunu anlayandan sonra artıq olduğu kimi davrana bilməyəcəyini dərk edir.

Dünyaya bağlantının mühit amili

Allahın tanıtdığı bu nümunə, bizlərə dünyaya bağlantımızın olub-olmadığını müəyyən etməyə imkan verir. Xanım Asyanın (s.ə) dünyaya bağlantısı yoxdur. Bütün müsibətlər buradan başlayır. Biz əvvəl yaxşı yaşamağa öyrəşirik, sonra yaxşı yaşamaqdan imtina edə bilmədiyimizə görə şeytan (lən) rahat bizə vəsvəsə edə bilir.

İnsanın dünyaya bağlantısı olmamalıdır. Dünyada yaşayırıq, dünyadan istifadə edirik, dünya vasitə kimi çox mühümdür - amma, dünyaya bağlantımız olmamalıdır. Əgər dünyaya bağlantımız olsa, şeytan (lən) burada öz işini görəcək.

Təəssüflər olsun ki, günümüzdə bununla bağlı bir faciəvi durum yaşanır. Vəziyyət o yerə çatıb ki, dünyaya bağlantı istisna deyil, artıq normaya çevrilib. Adamlar olur ki, kasıb olanda təqvalı və pəhrizkarlığı kasıblıqda görür, imkanı artanda - durumu tamamilə dəyişir. Sosioloji araşdırmalar da bunu göstərir ki, insan mühitin təsiri altında olarkən, imkanı olmayanda solçu olur, imkanlı olanda sağçı, kapitalist ruhiyyədə olur.

Görürsən ki, kasıb olan insan hər şeydən narazıdır, bəhanə axtarır ki, narazılığını ifadə etsin. Bir də görürsən ki, həmin insan imkanlı hala keçir, yanında bu şeylərdən danışılan zaman, artıq digərlərini hər şeydən narazı olmaqda qınayır. Nə əvvəlki ifrat, nə sonrakı təfrit yerindədir. İnsan yalnız emosiyaları ilə davrananda, mühitin təsiri altında olanda, belə çətin durum yaşanar.

Necə ki, imkansızlıq, kasıblıq özü bir imtahandır, elə də imkanın artması, yaşam tərzinin dəyişməsi də böyük bir imtahandır.

İnsanda dünyaya bağlantı olmamalıdır. Bütün imkanlar Asya xanımın ixtiyarındadır. O, öz etiqadı, imana gəlməsi ilə bütün dünya bağlantılarına rahat şəkildə "yox!" deyə bilir. Əgər insanın dünyaya bağlantısı olsa, insan dünya vurğunu olsa - bunu edə bilməz.

Səbir və agahlıq nümunəsi

Xanım Asya (s.ə) sükut fəzasını dağıdır. Bəzən elə olur ki, böyük sükut olur. Orada kiçik bir səs belə, böyük səsə çevrilir. Asya xanım öz incə, zövqlü, xanıma uyğun yanaşması və mövzuya baxışı ilə sükutu dağıdır, tövhidi səsi trendə çevirir, gündəmi tövhid mövzusu tutur.

Xanım Asya (s.ə) - səbir və ayıqlıq, agahlıq nümunələrindəndir. Məsum rəhbəri, öncülü tanıyan kimi, onu seçir və ardınca gedir. Xanım (s.ə) cənnətdən azına qane olmaq istəmir. Başa düşür ki, bu dünya fanidir və o, cənnətdən azına qane olmaq istəmir.

Höccəti tamamlamaq üçün insana bəzən bircə nümunə bəs edir. Bir toplumda höccətin tamamlanması üçün bir nümunə ilə bəzən kifayətlənmək olur. Allah Təala bir nəfəsi, bir şəxsi, bir xanımı - Firon (lən) kimi birinin zövcəsi olmuş və iman gətirmiş bir xanımı bizlərə misal çəkir və höccəti tamamlayır.

Həzrət Asya (s.ə) və Həzrət Zeynəbin (s.ə) nümunələri

Zamanımızın böyük müfəssirlərindən, alimlərindən, fəqihlərindən biri Həzrət Zeynəb (s.ə) ilə Xanım Asyanı (s.ə) müqayisə edir. Yəni, biz Həzrət Zeynəbi (s.ə) tanımaq üçün gərək Qurani-Kərimdəki nümunələrə baxaq və paralel olaraq, Həzrət Zeynəbə (s.ə) baxaq. Qurandakı nümunədə bir Xanım (s.ə) iman gətirir, iman gətirəndən sonra verilən işgəncələrə də tab gətirir, yolundan geri dönmür, sonadək dayanır, amma Allahdan istəyir ki, onu bu zülmdən xilas etsin və yanına aparsın.

Amma həmin müfəssir buyurur ki, o, əgər məktəbdirsə, Xanım Zeynəb (s.ə) - bir akademiyadır. Əvvəla, Xanım Zeynəbin (s.ə) vəziyyəti Asya xanımın (s.ə) vəziyyətindən daha ağır idi. Asya xanım (s.ə) cismani işgəncələr altındadır, Həzrət Zeynəb (s.ə) bütün cismani müsibətləri ilə yanaşı, ən ağır ruhi, psixoloji işgəncələr altındadır. Bir neçə qardaşı şəhadətə yetişib, bir neçə balası ən ağır şəkildə qətlə yetirilib, bu qədər əzizini, bu qədər yaxınını gözlərinin qabağında şəhid ediblər. Sonra hələ əsir gedəcək, yolda şəhidlərin övladlarının yavəri olacaq, eyni zamanda bu zülmü yerlə bir etmək üçün həqiqətlərin carçısına çevriləcək.

Bunlar - heç nə ilə müqayisə olunmayacaq dərəcədə böyük işgəncələrdir.

Qurani-Kərimdəki nümunədə bir nəfər Allah yolunda fərdi cismani işgəncələr alır. Bu, çox ağırdır, çətindir və o, bunun müqabilində nümunəvi davranış qoyur. Amma Həzrət Zeynəb (s.ə) Kərbəlada bütün o səhnələrdə, Aşuraya qədər, Aşura günü və Aşuradan sonra bütün mənada imtahanların ən zirvəsindədir. Bəşər tarixində bu Xanım (s.ə) qədər ağrılı işgəncələrlə üz-üzə gələn fərd bəlkə də olmayıb.

Xanım Zeynəb (s.ə) Allaha müraciəti ilə ali bir məktəb yaradır

Bütün bunların müqabilində Xanım (s.ə) nə deyir? Əziz alim burada iki nümunəni irəli çəkir. Bir tərəfdən Allaha buyurur: "Allahım, bizim bu qurbanımızı qəbul et!".

Fərqə diqqət edin. Xanım Asya (s.ə) Allaha buyurur ki, onu yanına aparsın. Xanım Zeynəbin (s.ə) bütün bu işgəncələrin içərisində yolu davam etdirmək, baş verənləri bəşəriyyətə çatdırmaq missiyası var. Bu məqamda Allahdan istəyir ki, verdikləri qurbanları onlardan qəbul etsin.

Xanımın (s.ə) ikinci əzəmətli sözü isə bu olur: "(Kərbəlada) gözəllikdən başqa bir şey görmədik". Xanımın (s.ə) bu iki cümləsi tam yeni vəziyyət yaradır. Biz əgər Xanım Zeynəbi (s.ə) tanımaq istəyiriksə, onu Qurani-Kərimdə insanlar üçün nümunə göstərilən Xanım Asya (s.ə) ilə müqayisə etməliyik. Xanım Zeynəb (s.ə) səbir etmədə, qurban vermədə, isar etmədə, gözəllik görmədə ali nümunələr ortalığa qoyur.

Kərbəlanın gözəllikləri

Xanım Zeynəbin (s.ə) Kərbəlada gördüyü gözəlliklər nələr idi? Təbii ki, Kərbəlaya baxsaq, orada yüzlərlə, minlərlə gözəlliklər tapa bilərik. Amma, əxlaq ustadları bu gözəlliklərin bir neçə mühüm olanını sıralayıblar. Həzrət İmam Hüseyn (ə) hələ Kərbəlaya yola düşməzdən qabaq gözəllik baxışı ilə Allah Təaladan başqa bir şey də istəmişdi. İmam Hüseyn (ə) buyurmuşdu: "Ümid edirəm ki, hər nə olacaq - Allah Təalanın iradəsi ilə olacaq. Onun üçün hər nə olacaq -  xeyirli olacaq, istər şəhadət olsun, istər zəfər olsun!".

Həzrət İmam Hüseyn (ə) Kərbəlada baş verəcək mövzuları xeyir olaraq dəyərləndirir. Həzrət Zeynəb (s.ə) isə bütün bunlar yaşanandan sonra baş verənlərin gözəlliyini görür.

Əxlaq mütəxəssisləri bunu dəyərləndirərkən, beş nöqtəyə diqqət edirlər.

Biri budur ki, Kərbəlada insanın ali təkamülü baş verir. O insan ki, mələklərə əmr edilmişdi ki, ona səcdə edilsin və mələklər bunu suallandırmışdılar ki, "insana səcdə etməyə dəyərmi?" həmin insan Kərbəlada bu qədər təkamül keçir ki, bütün varlıq aləmi, mələklər də bu səhnədən heyrətlənir. İnsan ən minimumdan, ən maksimuma ucalır. Kərbəlada insanlıq adına, bəşər adına böyük bir yol keçilir.

İkinci mühüm nöqtə - Allahın təqdiratına razı olmaqdır. Bütün mərhələlərdə Allah bəndəsi öz üzərinə düşəni edir. Vəzifəsini tanıyıb, üzərinə düşəni dərk edir, anlayır ki, Allah bəndəsi bu vəziyyətlərdə nə etməlidir və onları edir.

Üçüncü mühüm mövzu budur ki, bütün zamanlar və məkanlar üçün insanın xilası naminə formula təqdim edilir. Kərbəlada haqq ilə batilin sərhədi müəyyən olunur.

Bizim bütün faciələrimiz ondan qaynaqlanır ki, haqq ilə batilin, doğru ilə yanlışın sərhədi bəlli deyil. Əgər sərhədlər bəyan olunsa, aydın şəkildə bilinsə, insanlar rahatlıqla onu pozub, o tərəf-bu tərəfə keçə bilməz.

Dördüncü gözəllik bundadır ki, Kərbəla məktəbi məzlumiyyətin pikində olaraq zəfər çalmağın, qələbə çalmağın mümkünlüyünü göstərir. Hər növ zülmlər edilir, nə qədər çox zülmlər edilirsə, bütün dövranlar üçün İmam Hüseynin (ə) qələbəsi bir o qədər aşkar və aydın olur.

Əxlaq ustadlarının vurğu etdiyi beşinci gözəllik - izzətli seçimdir. Aşura gecəsidir, seçim anıdır, hər şey aydındır. İndi ləyaqət ardınca olanlar izzətli seçimlərini edirlər.

Həzrət Zeynəb (s.ə) Kərbəlada gözəllikdən başqa bir şey görmədim deyərkən, məhz bunları görürdü...

Allahım, bizlərə həqiqi nümunələrdən örnək götürüb, həyatımızı o nümunələrə uyğun yaşamağı nəsib et!

Allahım, Xanım Asyanın (s.ə) agahlıq məktəbindən və Xanım Zeynəbin (ə) təqdim etdiyi gözəllik məktəbindən dərslər götürməyi bizlərə nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.