Maraqlı

Milad ulduzu - puansettiya

15 Aprel 2019 22:58
0 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Puansettiyanı nahaqdan Milad ulduzu adlandırmırlar, onun gözoxşayan qırmızı çiçəkləri məhz dekabrda, Avropa ölkələri Milad bayramını qeyd edəndə açılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, puansettiya Cənubi Meksikada və Mərkəzi Amerikada daha çox bitir və təbii şəraitdə hündürlüyü üç metrə çatan kol şəklində olur. Onun çiçəkləri olduqca xırda və görkəmsiz olsa da, çiçəkyanı yarpaqları qırmızı rəngi və ulduzabənzər forması ilə bitkiyə xüsusi yaraşıq verir. Seleksiyaçılar onun ağ, çəhrayı, şaftalı rəngində və ikirəngli yarpaqları olan sortlarını yetişdiriblər.

Türk millətinin atası hesab edilən Mustafa Kamal Atatürk onu çox sevdiyindən Türkiyədə puansettiya Atatürk çiçəyi adını daşıyır. Puansettiya gözəl olduğu qədər də çox qulluq tələb edən və olduqca həssas bitkidir. Onun qönçələri günün işıqlı vaxtının uzunluğu 12 saatı aşmayan dövrlərdə əmələ gəlir.

Puansettiya kəsiləndə onun zoğlarından ifraz olunan süd dəriyə düşəndə qıcıqlanmaya səbəb olur. Gözlər üçün xüsusilə təhlükəlidir, onun mədə-bağırsağa düşməsi qusma və ishalla nəticələnir. Ona görə də bitkini budayanda və ya qabını dəyişdirəndə əlcək geyinilməlidir, işi görüb qurtarandan sonra isə əllər sabunla yuyulmalıdır.

Mərkəzi Amerika sakinləri zoğlardan ayrılan südü ziyillərin müalicəsində və diş ağrılarında istifadə edir. Radikulit və revmatizm zamanı isə yarpaqlarının bişirilməsindən hazırlanan təpitmə faydalıdır.

Puansettiyanın canlı ulduzlarının gələn Miladda da "yanması" üçün sentyabrın axırından ay yarım müddətində onu hər axşam qaranlıq yerə qoymaq və ya qara işıq keçirməyən polietilen torbayla örtmək və səhər çıxarmaq lazımdır. Həmin mərhələ bitəndən bir-iki həftə sonra qönçələr əmələ gəlir və möhtəşəm çiçəkləmə dövrü başlayır.

Puansettiya nəzərəçarpan sakitlik dövrünə malikdir. Rəngli çiçəkyanları töküləndən sonra iki aylıq "tətilə çıxır"...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.