Maraqlı

Milçəkdən də səviyyəsiz məbudlar

13 Aprel 2019 08:41
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 26-cı ayəsində buyurur:

إِنَّ اللَّهَ لَا یسْتَحْیی أَنْ یضْرِبَ مَثَلًا مَا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِینَ آمَنُوا فَیعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ وَأَمَّا الَّذِینَ كَفَرُوا فَیقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَذَا مَثَلًا یضِلُّ بِهِ كَثِیرًا وَیهْدِی بِهِ كَثِیرًا وَمَا یضِلُّ بِهِ إِلَّا الْفَاسِقِینَ

"Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən xəcalət çəkməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər və kafirlər isə "Allah bu məsəllə nə demək istəyir?" - deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir."

Ayənin təfsiri

Bu məsəldə beş incəlik diqqəti cəlb edir:

1. Allahla bağlı "həya" və "xəcalət"in mənası

Bu mübarək ayədə Allah-Taala "la yəstəhyi" (xəcalət çəkməz) ibarəsi ilə vəsf edilir: "Allah ağcaqanadı və ya ondan böyüyünü misal gətirməkdən xəcalət çəkməz." Buna Allahın razılığı və ya qəzəblənməsi kimi halları misal göstərmək olar. Məsələn:

لَقَدْ رَضِی اللَّهُ عَنِ الْمُؤْمِنِینَ إِذْ یبَایعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِی قُلُوبِهِمْ فَأَنْزَلَ السَّكِینَةَ عَلَیهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِیبًا

"(Ya Peyğəmbər!) Həqiqətən, ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı qaldı." ("Fəth" surəsi, ayə 18.)

...غَضِبَ اللَّهُ عَلَیهِمْ...

"Allah onlara (yəhudilərə) qəzəbləndi." ("Mücadələ" surəsi, ayə 14.)

Milli.Az maide.az-a istinadən bildirir ki, bunların cavabı qısa bir ibarədən artıq deyil və o da budur ki, belə hallarda yalnız deyilənlərə əsasən nəticə çıxarmaq lazımdır. Hər hansı amildən təsirlənərək xəcalət səkib-çəkməmək insanlara xas bir haldır və Allahın müqəddəs zatı heç vaxt təsir altına düşməz. Başqa sözlə, maddi aləmdən yüksək olan həqiqət və maarif (Allahın ad və sifətləri) bəşərin qavradığı tərzdə deyildikdə, belə hala düşür və bu da onun dil və ədəbiyyatına uyğunluğu üçündür. Əgər insanın ilahi maariflə mütənasib tanışlığı mümkün olsaydı, belə ifadələrə ehtiyac duyulmazdı. Odur ki, insanların dili ilə danışmaq təbii bir tələbdir və bütün peyğəmbərlər də göndərildiyi qövmlərin dilində danışmışlar. ("İbrahim" surəsi, ayə 4.)

Bir sözlə, Allah-Taalanın bir nəfər, yaxud bir zümrədən razılığı mükafat, qəzəbi isə əzabı bildirir. Allah-Taala ilə bağlı "həya" və "xəcalət"də də məqsəd haqq sözü deməkdən çəkinməməyini göstərir. Məsələn:

...إِنَّ ذَلِكُمْ كَانَ یؤْذِی النَّبِی فَیسْتَحْیی مِنْكُمْ وَاللَّهُ لَا یسْتَحْیی مِنَ الْحَقِّ...

"...Bu (sizin Peyğəmbərin evində çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanır. Lakin Allah doğru sözdən xəcalət çəkməz (çəkinməz)..." ("Əhzab" surəsi, ayə 53.)

2. "Bəuzə" nədir?

Ərəblər kiçik ağcaqanada "bəuzə" və onun böyük növünə "bəqq" deyirlər. Ağcaqanadın zəif həşərat kimi ömrü azdır və ondan söz düşdükdə, təhqir və səviyyəsizliyi yetirir.

3. Ayənin nazilolma səbəbi

Qurani-Kərimin bir sıra ayələrində müşriklərin tanrılarının təhqiri və əməllərinin bihudəliyi ilə bağlı tutarlı məsəllər çəkilir. Bəzən, onların qondarma tanrılarının zəifliyi barədə belə buyurulur:

...یا أَیهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ إِنَّ الَّذِینَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَنْ یخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ وَإِنْ یسْلُبْهُمُ الذُّبَابُ شَیئًا لَا یسْتَنْقِذُوهُ مِنْهُ...

"...Şübhəsiz, Allahdan qeyri ibadət etdiyiniz bütlər bir milçək də yarada bilməzlər - lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu geri ala bilməzlər..." ("Həcc" surəsi, ayə 73.)

Başqa bir ayədə müşriklərin özləri hörümçəyə, tanrıları isə onun yuvasına bənzədilir:

مَثَلُ الَّذِینَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِیاءَ كَمَثَلِ الْعَنْكَبُوتِ اتَّخَذَتْ بَیتًا وَإِنَّ أَوْهَنَ الْبُیوتِ لَبَیتُ الْعَنْكَبُوتِ لَوْ كَانُوا یعْلَمُونَ

"Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!" ("Ənkəbut" surəsi, ayə 41.)

Belə məsəllər müşrikləri narahat edirdi və etiraz dillərini açaraq deyirdilər: "Bu məsəllərdə məqsəd nədir?" Sanki onlar ilahi vəhyi həşəratlara dair söz açmağa layiq bilmir, bütlərini milçək və ağcaqanaddan da səviyyəsiz tanıdan, hörümçək yuvası tək təsvir edən belə tutarlı məsəllərə cavab verməyə qadir deyildilər. Çünki bu məsəllərdəki yetərli məntiq öz işini görür, beyinləri dirçəldir və şüurları oyadırdı və savadsız kütləyə milçəkdən də səviyyəsiz varlıqlara itaəti, hörümçəyin yuvasından da zəif evlərə sığınmağı daha aydın başa salırdı. Odur ki, Allah-Taala buyurur:

إِنَّ اللَّهَ لَا یسْتَحْیی أَنْ یضْرِبَ مَثَلًا مَا بَعُوضَةً فَمَا فَوْقَهَا...

"Əlbəttə, Allah ağcaqanadı və ya ondan böyüyünü misal gətirməkdən çəkinməz." Demək, Allah öz məqsədini kütləyə bu məsəllərlə daha aydın ifadə edə bilir.

4. Qurani-Kərimin məsəllərinə qarşı reaksiyalar

Quranın bütün söz və ayələrinə qarşı maraqlar artdığı kimi, məsəlləri də diqqətlə izlənilirdi. Burada iki qrup daha çox göz qabağındadır:

1. Peyğəmbərə (s) iman gətirənlər;

2. Kafirlər və inanmayanlar.

Birinci qrup məsəllərin də digər ayələr tək haqq olduğunu deyir:

فَأَمَّا الَّذِینَ آمَنُوا فَیعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ وَأَمَّا الَّذِینَ...

"İman gətirənlər bunun onların Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər."

Allaha, Peyğəmbərə və Qurana iman gətirməyən ikinci qrup isə, belə məsəlləri anlamaqda acizdir:

وَأَمَّا الَّذِینَ كَفَرُوا فَیقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَذَا مَثَلًا...

"Kafirlər isə deyirlər: "Allah bu məsəllə nə demək istəyir?"

Allah-Taalanın müşriklərə cavabı daha mənalıdır:

...یضِلُّ بِهِ كَثِیرًا وَیهْدِی بِهِ كَثِیرًا وَمَا یضِلُّ بِهِ إِلَّا الْفَاسِقِینَ

"Allah bu məsəllə bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə hidayət edir. Allah yalnız fasiqləri zəlalətə düçar edir." ("Bəqərə" surəsi, ayə 26.)

Hidayət möminlərin, zəlalət isə fasiqlərindir. Allah bu misallarla demək istəyir ki, hidayət və zəlalət yalnız Onun əlindədir. Amma bu kimi ayələrin "cəbr"lə (determinizm) heç bir əlaqəsi yoxdur. Əgərوَمَا یضِلُّ بِهِ إِلَّا الْفَاسِقِینَ  (Allah yalnız fasiqləri zəlalətə düçar edir.) - ibarəsi onların zəlalətə düşdüyünü deyirsə, bu səbəbsiz deyildir. Onlar dikbaşlıq və itaətsizliklərinə görə zəlalətə yol açır və Quranın nurundan bəhrəsiz qalırlar. İkiyə parçalanma Quranın özündən yox, insanların daxilindən qaynaqlanır. Hamıya hidayət və rəhmət göndərilən Quran möminlərə sübh mehi, kafirlərə isə tufandır.

Verilən ayədə qeyd olunan ağcaqanad insanların nəzərində çox kiçik görünsə də, onun anatomiya və bədən quruluşu sirlərlə doludur. İmam Əli (ə) ağcaqanadın barəsində belə buyurur: "Əgər dünyanın bütün canlıları - quşlar və dördayaqlılar, axşamüstü öz tövlələrinə qayıdanlar, otlaqda otlayanlar, onların müxtəlif növləri, şüurlu, şüursuz və çevikləri belə bir yerə toplaşsalar, bir ağcaqanad yaratmağa qadir deyillər. Ağıl və düşüncə sahibləri bu işdə mat-məəttəl qalar, əzmkarlıqları nəticə verməz. Nəhayət, məğlub olduqlarını, onu yaratmağa aciz qaldıqlarını iqrar və onu yox etməyə qadir olmamalarını etiraf edərək, əldən-ayaqdan düşər və bir qərara gələ bilməzlər." ("Nəhcül-bəlağə", xütbə 228; "Qurani-Kərimdə ibrətamiz məsəllər", Ayətullah Cəfər Sübhani, 3-cü məsəl, səh.26-29)

Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.