Maraqlı

Niyə seçici təcrübəsiz Zelenskini Poroşenkodan üstün tutdu?

14 Aprel 2019 21:05
0 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rus dilində danışan Şərqi Ukrayna və Ukraynaca danışan Qərb arasındakı siyasi böhran Ukrayna haqqında ən çox istifadə edilən klişelerdən biridir.

Milli.Az strateq.az-a istinadən bildirir ki, Rusiyanın Krımı işğal etməsi və ölkənin şərqinə hərbi müdaxilədən sonra siyasi sistemin Ukraynaca danışan qərbə doğru yönəldiyi geniş yayılmış bir qavrayışdır. Bu, prezident Petro Poroşenkonun seçki kampaniyasında milliyyətçi siyasəti vurğulamaq, ölkənin mərkəzində və qərbdəki əhalinin Ukraynaca danışan (və ehtimal daha çox milliyyətçi) hissəsinin rəğbətini qazanmağa çalışdığına dair düşüncəni doğurur.

Prezident seçkilərinin ilk turundan sonra Ukraynanın səsvermə xəritəsinə ötəri baxış belə göstərir ki, mövcud hesablamalar yanlışdır. Komediyaçı Volodimir Zelenski - etnomilliyyətçiliyi rədd edən rusdilli mötədil - qərbdə, mərkəzdə və rusdilli şərq hissələrində üstünlüyə sahibdir.

Ukraynalıların Zelenskiyə səs verməsi üçün bir çox səbəb var. Siyasi elitanın son beş ildə verdiyi vədləri və Maydan inqilabının qaldırdığı tələbləri yerinə yetirməməsi onların başlıcasıdır.

Lakin başqa, eyni dərəcədə vacib bir səbəb ukraynalıların etnomilliyyətçiləri rədd etməsi və qütbləşdirici "biz onların əleyhinəyik" ritorikasıdır.

Etnomilliyyətçiliyin seçki strategiyası kimi uğursuzluğu

2014-cü ildə Maydan İnqilabından sonra Poroşenko mötədil platformada seçilmiş olsa da, 2019-cu ilin seçkilərindən əvvəl bölücü etnomilliyyətçilik bayrağı altına keçib. Onun kampaniya şüarı - "Ordu, Dil, İman" - ehtimal ki, əhalinin milliyyətçi hissəsindən dəstək almaq üçündür.

Poroşenko sabiq baş nazir Yuliya Timoşenkonun əsas rəqibi olacağını düşünərək, ölkənin mərkəzində və qərbdəki əsas seçicilərinin könlünü almağa üstünlük verib. O, Zelenskini bir faktor kimi görməyib.

Petro Poroşenkonun millətçi kartı oynamaq qərarının daha da pis bir səbəbi var. Bütün dünyada siyasətçilər uzun müddət korrupsiya və avtoritar meylləri gizlətmək üçün millətçilikdən istifadə ediblər. Bir rus məsəlində deyilir: "Kimsə vətənpərvərlikdən dəm vurursa, deməli, bir şey oğurlayb".

Eyni şəkildə, Poroşenko bir çox korrupsiya qalmaqalına qatılaraq, millətçiliyi prezidentliyinin uğursuzluqlarını ört-basdır etmək üçün əlverişli bir vasitə kimi görüb.

Onun fikrincə, anti-Rusiya ritorikasını gücləndirmək Qərbə xoş gələcək. Şərqi Avropada rusofobiya ilə "zənginləşmiş" millətçilik ölkənin geosiyasi barrikadanın "sağ" tərəfində olduğuna inanan Qərb tərəfdarlarının gözünə kül üfürməkdən ötrü ən etibarlı üsuldur. Ən yaxşı nümunə Moldovadır, burada Kremlin milyardlarla dolları yerli bank sistemi vasitəsilə yuyulub, həm də qətiyyətli anti-Rusiya hökumətinin iştirakı ilə.

Millətçi olaraq Poroşenko bütün doğru hərəkətləri edib. Rus dilinin ictimai sahədən sıxışdırılmasına yönəlmiş radikal təhsil və dil qanunları qəbul olunub. Ukrayna pravoslav kilsəsinin tanınmasını təmin edib, beləliklə, Moskvanın Ukraynaya təsiri azalıb.

O, Kerç böhranı zamanı bir ay davam edən hərbi vəziyyət elan etməklə, özünü güclü hərbi lideri kimi sübut etməyə çalışıb. Rusiya Ukraynanın üç gəmisinə hücum edib və onları ələ keçirib. O, Ukraynaya səfər edən Rusiya vətəndaşlarına ciddi məhdudiyyətlər qoyub. Bütün bu tədbirlər Rusiya üzərində simvolik zəfərlər kimi təqdim olunub.

Söhbət silahlı münaqişədən getdikdə, Ukrayna Rusiya təcavüzünün dəf edilməsi ətrafında birləşmiş görünür. Poroşenkonun siyasi məsləhətçilərinin fikrincə, anti-Rusiya ritorikası daha çox tərəfdar qazanmağa kömək edə bilər.

Seçkilərin nəticəsi Ukraynanın qərb qonşuları, o cümlədən Polşa və Macarıstanda modelləşdirilmiş, birtərəfli Ukrayna millət-dövlətinin qurulması üçün hər cür səylərin məhdudluğunu göstərib.

Rusiyada şovinistlərin Ukraynanı da daxil etdiyi Kremlin "Rus dünyası" anlayışı kimi, bu etnomilliyyətçi layihə Ukrayna cəmiyyətinin dərin toxumasını dəyişdirməyə çalışır və ifrat radikaldır. Buna görə də, müqavimətlə qarşılanıb.

Ukrayna monoetnik dövlət ola bilməz

Rusiya və Ukrayna ilə müqayisədə bütün səviyyələrdə ortaqlığı olan ikinci ölkə tapmaq çətindir. Bəlkə də heç Böyük Britaniya və İrlandiya buna ən yaxın nümunə ola bilməz. 2011-ci ildə keçirilmiş bir sorğunun nəticələrinə görə, ukraynalıların 49 faizinin Rusiyada qohumları var.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin, məsələn, Rusiyada anadan olub və təhsil alıb; qayınatası Krımın ələ keçirilməsində iştirak etmiş rus generalıdır. Prezident Poroşenkonun gəlini Yuliya Poroşenko (qızlıq soyadı Əlixanova) da əslən Rusiyadandır, ailəsi isə hələ də orada yaşayır.

Eynilə, Rusiya liderlərindən çoxu mənşəcə ukraynalıdır. O cümlədən Federasiya Şurasının sədri Valentina Matviyenko, mədəniyyət naziri Vladimir Medinski. Hazırda Rusiyada üç milyon Ukrayna vətəndaşı (əhalinin təxminən 7 faizi) daimi olaraq yaşayır.

Ukrayna ilə Rusiya arasında heç bir mədəni sərhəd yoxdur. Müharibə, əlbəttə, xalqın münasibətlərini dəyişdirib, amma, məsələn, "Levada" Tədqiqat Mərkəzi tərəfindən aparılan son sorğunun nəticələrinə görə, ukraynalıların 77 faizi və rusların 82 faizi bir-birinə müsbət yanaşır.

Ukraynalıların 57%-i Rusiya barədə müsbət rəydədir (2015-də 30%). Onların təxminən yarısı (48%) indi açıq sərhədləri və vizasız səyahət etməyi dəstəkləyir. Amma Rusiyanın siyasi liderliyinə olan münasibətlər son dərəcə mənfidir.

Radikalizmi və faşist ideologiyası ilə sıx birləşməsini nəzərə alaraq, Ukrayna milliyyətçiliyi, həqiqətən, Ukraynadakı yeganə məqsədi rus avtoritar mafiya dövlətinə qarşı çıxmaq istəyənlərə qarşı Kremlin ən yaxşı əks-təbliğat tapıntısıdır.

Aydındır ki, təcrübəsiz və oliqarxik əlaqələrlə Zelenski Ukraynanın siyasi çətinliklərinə cavab verə bilməz, amma onun seçki zəfəri doğru yolu göstərir.

Cəmiyyətin təbii toxumasını dağıtmağa çalışan qütbləşdirici ideologiya əsasında vahid millət qurmaq cəhdi mənasız işdir. Ukrayna özünü Qərbin liberal demokratiyası deyil, Rusiyaya istiqamətləndirən etnomilliyyətçi dəyər sistemini qəbul etmədən də müvəffəqiyyətli və həqiqətən, müstəqil bir dövlət ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.