Maraqlı

İslam dinində məhbuslara münasibət

23 Mart 2019 19:45
0 Şərh     Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam dini yaşayan və düşünən insanlar üçün gəlmişdir. Bu dində bütün canlı və cansızlarla bağlı müəyyən qaydalar, haqq və hüquqlar mövcuddur. Bütün yaradılanlar insan üçün xəlq edildiyi halda, bəşər bəzən nəfsinin mənfi arzu və istəklərinə məğlub olur. Bu məğlubiyyətlərdən biri də cinayətdir. Amma cinayəti törədən də yenə insandır. Bəs belə olduğu halda cinayət törətmiş məhbuslarla bağlı məsələlər öz həllini necə tapır? Bəli, indi gələk sizin sualınızın cavabına. İslam dini məhbuslara və onların saxlanma şəraitinə böyük diqqət yetirmiş və bununla bağlı müəyyən şərtlər də qoymuşdur. Bu cür məsələlərə başqa bir yerdə rast gəlmək qeyri-mümkündür. İslam hüquqşünasları olan fəqihlər öz əsərlərində məhbuslarla bağlı hökmlər, onların saxlanma şəraiti və davranış qaydalarını müəyyənləşdirmişlər. Bu qayğı İslam dinində insanın qorunması və ona olan hörmətdən irəli gəlir.

Milli.Az din.az-a istinadən bildirir ki, məsələnin başa düşülməsini daha da asanlaşdırmaq və hökmləri daha anlaşıqlı etmək üçün alimlər müzakirə predmetini iki hissəyə bölüblər:

1. Məhbusların şəxsi sağlamlığına dair hökmlər;

2. Həbsxana kimi istifadəyə verilmiş yerdə sağlamlıq şəraitinə dair hökmlər.

MƏHBUSLARIN ŞƏXSİ SAĞLAMLIĞI

Xəstə insanı həbs etmək

Müsəlman hüquqşünaslar ilk növbədə xəstə olan bir insanı həbs etmək məsələsini müzakirə etmişlər. Səlahiyyətli orqanların xəstə insanı həbs etmək hüququ varmı? Bu məsələdə yekun qərar həmin şəxsin hansı səbəbə görə həbs olunmalı olduğunu, xəstəliyinin nə dərəcədə ciddi olduğunu və həbsxanada onun sağlamlığının qayğısına qalmağın mümkünlüyünü götür-qoy edən hakim tərəfindən verilir. Əgər həbsxanada həmin xəstə üçün sağlamlıq şəraiti yetərli isə və həbs olunacağı təqdirdə ölümünə səbəb ola biləcək ciddi bir xəstəlikdən əziyyət çəkmirsə, onu həbs etmək olar. Əgər bu cür qayğı təmin olunmayıbsa, hakim onu tamamilə azadlığa buraxmadan təkrar həbs etmək mümkün olana kimi müttəhimi müalicə edəcək və qoruyacaq bir quruma və ya şəxsə həvalə edə bilər.

Əgər məhbus həbsdə ikən xəstələnərsə, həbsxanada onu müalicə etmək imkanı olarsa, bu halda məhbus həbsxananın daxilində müalicə olunmalıdır. Həkimlər və xidmətçilərin ona maneəsiz baş çəkməyinə, onu müalicə etməyinə və qulluq göstərməyinə imkan yaradılmalıdır. Əgər müalicəsiz buraxılması onun ölümü ilə nəticələnərsə, buna səbəb olan şəxslər cinayət məsuliyyəti daşıyırlar.

Peyğəmbər (s) zəncirlənmiş bir məhbusun yanından keçirdi və bu vaxt məbhus: "Ey Muhəmməd, ey Muhəmməd", - deyə səsləndi. Peyğəmbər onun yanına gəldi və dedi: "Nə olub?" O dedi: "Mən acam, məni yedizdirin. Mən susuzam, mənə su verin". Peyğəmbər (s) dərhal onun ehtiyaclarının ödənilməsinə dair göstəriş verdi (Muslim, 3/1263). Şübhəsiz ki, xəstənin tibbi müayinəyə ehtiyacı var.

Bununla belə, onu həbsxana daxilində müalicə etmək mümkün deyilsə, bu halda məhbus həbsxana müdiriyyətinin nəzarəti, yaxud ona nəzarət və mühafizə etmək üçün bu məqsədlə vəzifələndirilmiş bir şəxsin rəhbərliyi altında müalicəsi mümkün olan bir yerə aparılmalıdır.

Hökmlərə gəldikdə fəqihlər fiziki xəstəliklə ruhi xəstəlik arasında fərq qoymurlar (Bir çox hüquqşünasın cinayətkarları həbsdən azad etmək üçün istifadə etdiyi süni ruhi xəstəlik, yaxud intensiv ruhi xəstəlikdən fərqli olaraq həqiqi ruhi xəstəlik). Elə buna görə də, fəqihlər məhbusun qaçmayacağından əmin olunduğu təqdirdə, qapının onun üzünə bağlanmasının, yaxud qaranlıq otağa qoymağın, ya bu və ya digər formada ona zərər verməyin, ya da onu qorxudacaq hər hansı bir şey etməyin icazəli olmadığını bildirmişlər.

Qohumlarının onu ziyarət etməsinə mane olunmamalıdır. Çünki bu onun sağlamlığına və psixologiyasına müsbət təsir edir.

Səlahiyyət orqanları və ya onların nümayəndəsi məhbusların sağlamlığının qayğısına qalmaq üçün həbsxanada xüsusi tibbi şöbə açmalıdırlar. Bu cür etməklə məhbuslar ictimai xəstəxanalara getmək ehtiyacından, orada ola biləcək təhqir və rəzalətə məruz qalmaqdan qurtulmuş olurlar.

Məhbusların həyat yoldaşları ilə görüşmələrinə icazə verilməlidir. Bu məqsədlə həbsxanada müvafiq yer hazırlanmalıdır. Həyat yoldaşlarının (zinadan) qorunması məqsədilə yaxınlıq etmələrinə imkan yaradılmalıdır.

Fəqihlər bildirirlər ki, məhbusların dəstəmaz almalarına və paklanmalarına imkan yaratmaq vacibdir. Bu isə sözsüz ki, xəstəliklərə qarşı ən mühüm qoruyucu ehtiyat tədbiridir.

HƏBSXANALARDA SAĞLAMLIQ ŞƏRAİTİNƏ DAİR HÖKMLƏR

Həbsxana kimi istifadə olunan məkan geniş, təmiz, yaxşı havalandırılmış, təbii günəş işığı ilə işıqlandırılmış və hamam və sair kimi lazımi bütün şəraitlə təmin olunmalıdır.
Xeyli sayda məhbusu dəstəmaz almaq və namaz qılmağa imkan olmayan bir yerə yığmaq icazəli deyil.

Məhbusları islah edərkən, yaxud onlarla davranarkən fəqihlərin haram olduğunu bildirdiyi bəzi məsələlər var. Bunlar aşağıdakılardır:

Bədəni şikəst etmək: Bədənin hər hansı bir hissəsini kəsməklə, yaxud sümüklərini sındıraraq məhbusu cəzalandırmaq yolverilməzdir. Peyğəmbər (s) müharibə əsirlərini şikəst etməyi qadağan edərək belə buyurmuşdur: "Onları şikəst etməyin" (Muslim, 3/1357).

Sifətə vurmaq: Çünki bu cür etməklə insanın ləyaqəti alçaldılmış olur. Eynilə məbhusların boynuna zəncir taxmaq, yaxud şallaqlamaq üçün onları yerə uzatmaq, hətta onlar üçün müəyyən olunmuş hədd (İslamda buyurulmuş cəzalar) olsa belə, icazəli deyil. Çünki burada da ləyaqəti alçaltmaq elementi var və insanların səhhəti və bədəninə zərər dəyir.

Yandırmaqla, boğmaqla, yaxud məhbusun başını suyun altında saxlamaqla cəza vermək: Qisas halları və cəzanın cinayətə müvafiq olduğu hallar bundan istisnadır.

Məhbusları ac qoymaq, yaxud onları soyuğa məhkum etmək, ya da onlara zərərli yeməklər vermək və ya paltar geyinmələrinə imkan verməmək: Əgər məhbus bu cür şeylər səbəbindən vəfat edərsə, onu həbs edən tərəf qisas olaraq edam oluna, yaxud diyət (qan bahası, qan əvəzi) ödəməsi tələb oluna bilər.

Məhbusların paltarlarını soyundurmaq: Çünki bu onların övrət yerlərini göstərir, onları fiziki və ruhi xəstəliyə düçar edir.

Subaşına getməyə, dəstəmaz almağa və namaz qılmağa mane olmaq. Əlbəttə ki, bu, məhbusun səhhətinə ziyandır.

MƏHBUSLARIN QAYĞISINA QALANLAR

Yuxarıda qeyd edilən hədis göstərir ki, Peyğəmbər (s) məhbusların qayğısına qalınması və onların yemək, içmək ehtiyaclarının qarşılanmasına dair göstərişlər vermişdir. Peyğəmbər (s) çox vaxt məhbusları səhabələrə həvalə edər və onlarla yaxşı davranmağı tapşırardı. Burada bəzi misalları qeyd edək.

Rəşidi xəlifələrinin 4-cüsü olan Əli ibn Əbi Talib (r) həbsxanalara baxış keçirər, orada məhbuslarla görüşər və onların halını və vəziyyətini soruşardı.

Ömər ibn Əbduləziz -beşinci Rəşidi xəlifəsi- öz işçilərinə məktub yazaraq orada məhbusların vəziyyətinə nəzarət etməyi və onların arasında xəstə olanların qayğısına qalmağı əmr etmişdir.

Abbasi xəlifəsi əl-Mötədil məhbusların ehtiyacları və tibbi müayinəsinə xərcləmək məqsədilə büdcədən aylıq 1500 dinar təxsis etmişdir.

Abbasi xəlifəsi əl-Muqtədir vəzirlərindən biri İbn Muqləni həbs etdikdə vəzir xəstələnmişdi. Xəlifə tanınmış həkim Sabit ibn Sinan ibn Sabit ibn Quranı onu müalicə etmək üçün həbsxanaya, onun yanına göndərdi və onu yaxşı müalicə etməsini tapşırdı. Həkim öz əli ilə onu yedizdirir və ona yaxşı baxırdı.

Xəlifə əl-Muqtədirin dövründə vəzir Əli ibn İsa əl-Cərrah həmin vaxtı İraqdakı xəstəxanaların başçılarına məktub yazaraq belə deyirdi: "Allah sizin ömrünüzü uzun etsin, mən həbsxanada olan insanlar haqqında düşünürəm. Saylarının çox olduğunu və ağır şəraitin olduğunu nəzərə alsaq, onlar xəstəliklərdən uzaq deyillər. Özləri üçün faydalı olan işləri görmələrinə və düçar olduqları xəstəliklər barədə həkimlə danışmalarına və görüşmələrinə əngəl yaranır. Mütləq onlar üçün həkimlər təyin edin ki, onlar məhbusların yanına gedərək onlara hər gün baxsınlar və dərman, içəcək aparsınlar və bütün həbsxanaları dolaşsınlar, orada olan xəstələri müalicə etsinlər, onlar üçün dərman yazsınlar". Bu qayğı işi xəlifə əl-Muqtədir, əl-Qahir, əl-Radi və əl-Muttəqinin dövrünə kimi davam etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.