Maraqlı

Əməllər niyyətlərə bağlıdır

21 Mart 2019 16:20
0 Şərh     Baxış: 374

Niyyət sözü məqsəd, eləcə də əzm və qərar deməkdir. Niyyət insanın etmək istədiyi bir şeyi qəlbində qəsd etməsi, onu etməyə qərar verməsidir.

Niyyətlə məqsədin arasındakı fərq nədir?
Milli.Az zikr.az-a istinadən bildirir ki, insan yalnız həyata keçirə biləcək işləri qarşısına məqsəd qoyur. Niyyətə gəldikdə isə insan həm həyata keçirə biləcəyi, həm də gücünün çatmadığı işlərə niyyət edə bilir. Bu baxımdan niyyət daha geniş mənaya sahibdir.

Əməllər niyyətlərə bağlıdır
Rəvayət edilir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - demiş­dir: "Əməllər niy­yətlərə bağlıdır. Hər kəsə də yal­nız niyyət etdiyi şey qalacaq­dır. Kimin hic­rəti Allaha və Onun elçisinə doğrudursa, onun hicrəti Allaha və Onun elçisinə doğrudur. Kimin də hicrəti əldə edəcəyi dünya malından və ya evlənə­cəyi qa­dın­dan ötrüdürsə, onun hicrəti hicrət etdiyi şeyə aiddir." (əl-Buxari, 54).
Bu hədis insanın öz ixtiyarı ilə etdiyi bütün əməllərin niyyətə bağlı olduğunu və niyyətə görə nəsib qazandığını bildirir. Həmçinin, bir şeyi tərk etmək də əməldən sayılır, çünki bu da ixtiyari olaraq baş verir. Ona görə də Allaha şərik qoşmağı və ya hər hansı bir günahı tərk etməyə görə savab, üzrlü səbəb olmadan vacib buyurulan əməli tərk etməyə görə isə günah yazılır. Allah Elçisi demişdir: "Uca Allah buyurdu: "Əgər qulum bir yaxşı əməl etməyə niyyət etsə, onu yerinə yetirə bilmədikdə, Mən ona bir savab yazaram. Hərgah, yerinə yetirərsə, Mən ona bunun on mislində savab yaza­ram. Əgər o, bir günah etməyə niyyət etsə, sonra da bun­dan vaz keçərsə, Mən onun bu pis niyyətini bağışlayaram. Hər­gah, o bunu həyata keçirərsə, etdiyinin misli qədər ona günah yaza­ram". Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: "Mələklər dedilər: "Ey Rəb­bimiz! Sənin bu qulun günah etmək istəyir". Allah onu hamıdan yaxşı gördüyü halda mələklərə buyurdu: "Ona nəzarət edin! İşdi, bunu həyata keçirərsə, ona bunun misli qədər günah yazın. Yox, əgər bundan vaz keçərsə, ona bir savab yazın. Çünki, o bunu Mənim xatirimə tərk etmişdir". Həmçinin, Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: "Sizdən hansı biriniz layiqli müsəlman olarsa, etdiyi hər yaxşı­lığa görə ona bunun on mislindən yeddi yüz qatınadək savab yazılar. Etdiyi hər bir pis əməlinə görə isə ona cəmi bir günah yazılar. Bu, ta Allaha qovuşanadək beləcə davam edər". (Muslim, 129, 185, 336, 351).

Əməl hansı niyyətlə qəbul olunur?
Əməlin qəbul olması üçün iki şərt yerinə yetirilməlidir. Birincisi, əməli yalnız Allah xatirinə yerinə yetirmək. Riya (özünü başqalarına göstərmək) və ya dünya mənfəəti əldə etmək üçün edilən əməl qəbul olunmur. İkincisi, əməli Peyğəmbərin buyurduğuna müvafiq olaraq yerinə yetirmək. Uca Allah bidət və günah əməlləri qəbul etmir.

Niyyəti dilə gətirmək bidətdir
Qurani-Kərimdə və Peyğəmbərin səhih hədislərində namaz, oruc, həcc və digər ibadətləri yerinə yetirərkən niyyəti dilə gətirmək barədə hər hansı bir dəlil-sübut yoxdur. Bu, sonradan dində uydurulan çirkin bir bidətdir (yenilikdir).

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.