Maraqlı

Aşiqləri qovuşduran Qalata qülləsi - FOTO

24 Mart 2019 07:00
0 Şərh     Baxış: 1 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbul dedikdə, ağıla ilk gələnlərdən biri də Qalata qülləsidir. Dünyanın ən qədim tarixi abidələrindən hesab edilən Qalata 528-ci ildə Bizans imperatoru Anastasius tərəfindən gəmilər üçün fənər qülləsi olaraq inşa edilib. 1204-cü ildə IV Səlib yürüşü zamanı ağır zərbələr alan qüllə 1348-ci ildə Cenevizlilər tərəfindən "İsa Qalası" adı ilə bərpa olunub. 1445-1446-cı illərdə burada qüllə ucaldılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İstanbulun Osmanlılar tərəfindən işğalından sonra - 1453-cü il mayın 29-da Qalata qülləsinin açarı Cenevizlilər tərəfindən Fatih Sultan Mehmedə təqdim edilir. Həmin il iyunun 1-də isə qüllə tamamilə Osmanlı İmperatorluğuna təslim olunur.

Qüllə 1509-cu ildə baş verən və osmanlılar tərəfindən "kiçik qiyamət" adlandırılan zəlzələ zamanı ciddi zərər görüb. Lakin o zamanın tanınmış memarlarından biri olan Hayreddin tərəfindən yenidən qurulub. Osmanlı Sultanı III Muradın dövründən 1579-cu ilədək qüllə rəsədxana kimi fəaliyyət göstərib. XVI əsrdə isə İstanbulun Kasımpaşa limanında işləyən xristian müharibə əsirlərinin sığınacağı olub.

XVII əsrin birinci yarısında dövrün elm adamlarından olan Hazerfen Ahmet Çelebi taxtadan düzəltdiyi qartal qanadları ilə Qalata qülləsindən İstanbulun Üsküdar istiqamətində uçub. Bu uçuş avropalıların marağına səbəb olub. Dünyanın bir çox yerində bu hadisə ilə bağlı hələ də yazılar və videogörüntülər saxlanılır.

1717-ci ildə İstanbulda tez-tez baş verən yanğınlar səbəbindən Qalata yanğına nəzarət qülləsi olaraq istifadə olunmağa başlayıb. Buna baxmayaraq, XVII əsrin ortalarında və 1831-ci ildə qüllədə baş verən iki yanğın nəticəsində o, ciddi zərər görür. 1875-ci ildə İstanbulda baş vermiş güclü fırtına isə qüllənin üst hissəsini tamamilə dağıdır. 1965-1967-ci illərdə tikilinin dağılmış hissəsi yenidən inşa edilir və Qalata qülləsi hazırkı görünüşünü alır.

Əzəməti ilə seçilən qüllənin hündürlüyü 67 metrdir. Qüllənin zirzəmisində yerləşən çuxurlarda aparılan araşdırmalar zamanı burada insan sümüklərinə rast gəlinib. Bu da bir vaxtlar qüllənin zirzəmisinin zindan kimi istifadə edildiyini göstərir. Aparılan hesablamalara görə, bu tarixi tikilinin çəkisi 10 min tondur.

Qalata qülləsi ilə bağlı bir çox rəvayətlər var. Onlardan biri, romalılar dövründən günümüzədək gəlib çatan hekayəyə görə, Qalata qülləsinə bərabər çıxan iki sevgili qarşılarına çıxacaq bütün çətinliklərə baxmayaraq, evlənir. Lakin əfsanəyə görə, sevgililərdən biri qülləyə daha əvvəl çıxıbsa, onda bu tilsim pozulur.

İstanbulun ən əhəmiyyətli memarlıq nümunələrindən biri olan Qalata qülləsinin yerləşdiyi tarixi Qalata bölgəsi romalıların zamanında şəhərin 14 məhəlləsindən 13-sü olub. Böyük Konstantinin vəfatından sonra burada dəfn edilməsini istəməsi bu yerin o vaxtlar necə vacib məkan olduğuna işarədir.

Hazırda Qalata qülləsi İstanbula gələn turistlərin ziyarət etdikləri ilk məkandır. Bu tarixi tikilinin ən yüksək nöqtəsindən isə İstanbul sahili başda olmaqla, Haliç bölgəsi və boğaza gözəl mənzərə açılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.