Maraqlı

Qurani-Kərimdə nifaq və ikiüzlülük

19 Mart 2019 21:55
0 Şərh     Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərimdə bu məsələ ilə bağlı bir çox incə mətləblər bəyan olunmuşdur və biz burada onların bir neçəsini qeyd etməklə kifayətlənirik:

1. Quranda "ikiüzlülük" küfrü gizlədib imanı aşkar etmək mənası daşıyır. Yəni münafiqlər (ikiüzlülər) zahirdə (Allaha, peyğəmbərlərə) şəhadət versələr də, batində (onları) inkar edirlər.[1]

2. Quran baxımından ikiüzlülüyün əsas amili nadanlıqdır.[2]

3. Bəzi ayələrdə münafiqlərin tərəddüd və şəkkə düşmələrinə işarə edilir.[3]

4. İkiüzlülük sifətini yaradan amillərindən biri də şəkdir.[4]

5. Milli.Az maide.az-a istinadən bildirir ki, Quran nöqteyi-nəzərindən, münafiqlərin Allah və Peyğəmbəri (s) inkar etmələrinin səbəbi odur ki, onlar dünyanı hissiyyat və maddiyyatla dəyərləndirirlər. Kafirlər vəhyin əfsanə olduğunu güman etdikləri kimi, münafiqlər də qeybə və hiss olunmayanlara (metafizik aləmə) inanmağı ağılsız iş sayırlar.[5] Münafiqlər materialist dünyagörüşlərinə və hissiyyata əsaslandıqlarından, tövhidi, məadı və Peyğəmbərin (s) risalətini qəbul edən mühacir və ənsarlıları axmaq hesab edir, onların əməllərini puç bilir, özlərini isə onlardan üstün və aydın düşüncə sahibi sayırdılar.[6]

6. Qurani-Kərimdə münafiqlərin şəkk və tərəddüdü qəlblərindəki mərəz və xəstəliklərlə əlaqələndirilir.[7]

7. Bəzi təfsir alimlərinin nəzərincə, ikiüzlülük şirkin xarici nümunəsidir; insanın daxilində şirkdən əsər-əlamət görünməsə, bu xislət ondan əsla baş verməz. Necə ki, ikiüzlülüklə yanaşı əməl (riya) Allaha şərik qoşmaq üçün möhkəm zəmin yaradır. Bu səbəbdən də belə deyilir: "İkiüzlülükdən qaynaqlanan riya Allaha şərik qoşmaqdan başqa, meyvəsi olmayan ağacdır."[8]

8. Qurani-Kərimdə kafirlərin azğınlıq və çirkin əməllərə qurşandıqları bəyan olunduğu kimi[9], münafiqlərin də günah və tüğyan bataqlığında qərq olmaları nəticəsində qəlblərinin kor olmasından söz açılır.[10] Əgər əql ilə gümanın mübarizəsində əql gümana məğlub olarsa, güman nəfsin idrak səhnəsinə daxil olub düzgün dərketmə yollarını bağlayar. Belə insan heç vaxt düzgün fikirləşə bilməz, nəfsi puç düşüncələrlə dolar və nəticədə, qəlb həqiqəti danar və puç düşüncələrlə onu azğınlığa sürükləyər.[11]

9. Qurani-Kərimin bəzi ayələrində münafiqlərin bir sıra hökmlərdə kafirlərlə şərik olduqları bəyan edilir. Məsələn, ilahi qəzəb odunda (cəhənnəmdə) yanmaq həm münafiqlərə, həm də kafirlərə aid edilir.[12]

10. Qurani-Kərimdə münafiqlərin bəzi hökmlərdə müşriklərlə şərikliyinə işarə edilir. Buna onların Allahın rəhmətindən məhrum olması və bağışlanmadığını misal göstərmək olar. Şirk haqda buyurulur:

إِنَّ اللَّهَ لَا یغْفِرُ أَنْ یشْرَكَ بِهِ وَیغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ یشَاءُ وَمَنْ یشْرِكْ بِاللَّهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِیدًا

"Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa, digər günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır."[13]

Allahın rəhmətindən məhrum olmaq münafiqlərə də aiddir. Belə ki, buyurulur:

سَوَاءٌ عَلَیهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَنْ یغْفِرَ اللَّهُ لَهُمْ...

"Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaq."[14]

Bəzi ayələrdə münafiqlərin, hətta kafirlərdən pis olduğu vurğulanır.[15] Ayətullah Cavadi Amuli bu barədə yazır: "Əvvəla, münafiqlər kafir və müşriklərdən daha təhlükəlidirlər. İkincisi, münafiqlər daxilən kafirlər kimi, dini inkar etməklə yanaşı, həqiqəti danır, yalan danışır, hiyləyə əl atır, həm də istehza edirlər. Kafirlər isə belə nəfsi çirkinliklərə əl atmırlar. Münafiqlərin küfrü isə belə çirkinliklərlə doludur."[16]

[1]. "Münafiqun" surəsi, ayə 1-3; "Ali-İmran" surəsi, ayə 167; "Əl-mizan", 9-cu cild, səh.325 və 19-cu cild, səh.278.

[2]. "Tövbə" surəsi, ayə 97.

[3]. "Nisa" surəsi, ayə 143; "Əl-mizan", 5-ci cild, səh.116-117.

[4]. "Sad" surəsi, ayə 8; "İbrahim" surəsi, ayə 9.

[5]. "Nəhl" surəsi, ayə 22.

[6]. "Təfsiri-təsnim", 2-ci cild, səh.278.

[7]. "Tövbə" surəsi, ayə 45; "Təfsiri-təsnim", 2-ci cild, səh.137; "Əl-mizan", 5-ci cild, səh.118.

[8]. "Təfsiri-təsnim", 2-ci cild, səh.262.

[9]. "Bəqərə" surəsi, ayə 81.

[10]. "Bəqərə" surəsi, ayə 15.

[11]. Bax: "Təfsiri-təsnim", 2-ci cild, səh.291.

[12]. "Nisa" surəsi, ayə 140.

[13]. "Nisa" surəsi, ayə 116.

[14]. "Münafiqun" surəsi, ayə 6.

[15]. "Nisa" surəsi, ayə 145.

[16]. "Təfsiri-təsnim", 2-ci cild, səh.226-250; "Tövhid və ilahi ədalət" əsərindən iqtibas, Mərhum Doktor Məhəmmədrza Kaşifi, 4-cü sual, səh.32-34.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.