Maraqlı

Daxilimizdə olan mənəvi rezervuarları doldurmaq fürsəti

19 Mart 2019 23:45
0 Şərh     Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə belə gözəl mənəvi üçaylığa - Rəcəb, Şaban, Ramazan aylarına daxil olmağı nəsib edib. Allahdan istəyimiz budur ki, bu ayın içərisində olan bütün imkanlardan, əmin-amanlıqdan, imandan, salamatlıqdan, İslamdan nə varsa hallarımıza aid etsin!

Allah Təala Rəcəb ayı və Şəban ayında olan bərəkətlərdən layiqincə bəhrələnməyi, mübarək Ramazan ayına ən ali şəkildə daxil olmağı nəsib etsin!

Dünya bətninin içərisində xüsusi təkamül bətnləri

Rəcəb ayı - gözəl bir aydır. Həsrətində olunmalı bir aydır. Xoş olsun halımıza ki, belə bir ayı tanıyırıq və Allahdan ləyaqət və tutum istəyirik ki, ayın imkanlarından bəhrələnək.

Biz ömrümüzü yaşayırıq və fərqli zamanlarda fərqli-fərqli məsuliyyətlərimiz olur. Vaxt və zaman da - baxmayaraq ki, kəmiyyət baxımından, riyazi baxımından eynidir, səhərin saatı da altmış dəqiqədir, axşamın saatı da altmış dəqiqədir - amma keyfiyyətləri fərqlidir.

Saatın da, zamanın da kəmiyyəti riyazi baxımından eyni olsa da, keyfiyyətinə görə fərqlidir. Cümə gününün zamanı digər günlərdən keyfiyyət baxımından fərqlənir.

Ötən bəhlərimizdə onu da vurğuladıq ki, biz düz yoldan ayrılarkən, xəta edərkən oraya qayıtmaq üçün üç yol var. Əxlaq ustadları tövsiyə edir ki, ən azı üç yoldan istifadə etməklə geri qayıtmaq mümkündür.

Bunlardan biri - zamanın bətninə daxil olmaqdır. Zamanın bətninə daxil olaraq, yaxşı təkamül edərək, yeni bir halda dünyaya gəlmək mümkündür.

Digəri məkan - bətnidir. İnsan üçün xüsusi məkanlar var ki, oraya daxil ola bilər, oranın potensialı var ki, insanı ən aciz haldan ən ali hala qədər yetişdirə bilsin.

Üçüncü isə, mühit bətnidir. Yolundan tam azmış bir insan gəlib, yaxşı mühitə düşüb, böyük təkamül keçə bilər.

Yalnız bu ömürdə ola biləcək işlər var

Biz hal-hazırda ümumi anlamda ikinci bətndə yaşayırıq. Birincisi - ana bətnində doqquz ay yaşamışıq və dünyaya gəlmişik.

İndi bu dünyada ömür sürürük. Bu həyatımız - ikinci bətndir ki, yaşayırıq.

Bundan sonra, bu dünyada həyatımız sona yetəcək və bundan sonra yenidən dünyaya gələcək, əbədiyyət bətninə daxil olacağıq. Necə ki, bu dünya bətni ana bətnindən üstündür və orada bəlli təkamül keçməliyik ki, buradan daha çox bəhrələnə bilək - əbədi həyat da buradan üstündür, amma gərək burada məlum təkamül keçək ki, orada bəhrələnə bilək.

Necə ki, ana bətnində bəzi işlər var ki, yalnız orada ola bilər - göz, qulaq, barmaqlar, bədənin ən kiçik hissəsinə qədər ana bətnində inkişaf edir, bunların heç biri dünyaya gələndən sonra əmələ gəlmir - eləcə də bu dünyada elə işlər baş verir ki, yalnız bura ilə məhdudlaşır. Məhz buna görə deyirlər ki, dünya - axirətin əkin yeridir. İnsan burada əkməlidir ki, axirətdə məhsul yığa bilsin.

Geriyə qayıtmaq üçün variantlar var

Allah Təala bu dünyanın bətninin içərisində də çoxlu xüsusi bətnlər qərar verib. İnsanlar kompyuterdə bir proqrama daxil olur. Onun içərisində görür ki, daha üç-beş aktiv proqram da var, onlara da daxil olur. Bəzən adi rejimdə işləyən proqram olur, amma xüsusi ayarlara keçid etmək üçün, yaxud hansısa imtiyazlar əldə etmək üçün istifadəçi daxilindəki növbəti proqramlara yönəldilir.

O cür də biz yolumuzdan ayrılanda, müxtəlif cür geri qayıda bilərik. Burada şəraitlərin ümdə əhəmiyyəti vardır. Misal üçün, hava qaranlıq olanda gec qayıdacağıq, işıq olanda daha tez qayıdarıq, ayaqla gec qayıdarıq, nəqliyyat vasitəsilə daha tez qayıdarıq və s.

Nəqliyyatın növü, zamanın müxtəlifliyi, havanın durumu - bunlar hamısı bizim necə qayıtmağımıza təsir edir. Beləcə də, insanın özünə qayıdışı üçün münbit şəraitlərin həlledici əhəmiyyəti vardır.

İnsan xəta edərkən, yanlış edərkən qayıtmaq istəyir. Allah Təala bu dünya bətninin içərisində çoxlu xüsusi bətnlər qoyub - zaman bətnləri, məkan bətnləri, mühit bətnləri. İnsanın hətta bircə namaza halı düzələ bilər. Əslində belə olmalıdır ki, insanın namazdan öncəki halı ilə namazdan sonrakı halı mütləq fərqlənsin.

Rəcəb ayında daha çox etdiklərimizə diqqətimiz olsun

Mənəvi üçaylıq - həmin zaman bətnlərindəndir. İnsanlar bir çox hallarda namaza mübarək Ramazan ayında və ya Məhərrəm-Səfər əyyamında gəlir. Ən mühüm zaman bətnlərindən biri - Rəcəb ayıdır. Rəcəb ayında biz hansı vəziyyətdə olmağımızdan asılı olmayaq bu zaman bətninə daxil olsaq, təkamül edərik.

Böyük əxlaq ustadlarından olan Ustad Fatiminiya cənabları buyurur: "Rəcəb ayı çox fəzilətli aydır. Təbii ki, bu ayın mütəhəib əməlləri yaxşıdır. Amma, əsası batini - xüsusi diqqət, təmərküzləşmə, təvəccödür. Biz gərək bu əməllərin və duaların batininə gərək təvəccö, diqqət edək.

Bu aya əsəb də deyirlər, yəni İlahi rəhmətin töküm ayı. Bu ayda ən əsas iş - istiğfardır".

By ayın çox əməlləri var. Oruc tövsiyə olunur, zikrlər buyurulur, dualar, istiğfarlar, namazlar, əməllər tövsiyə edilir. Amma ən mühüm məsələ budur ki, bizlər bunların nə üçün olduğuna diqqət edək. Misal üçün, Həzrət Rəsulallahdan (s) buyurulan duada Allahdan bu ayda əmin-amanlıq, iman, salamatlıq istənilir. Biri var ki, biz bunları deyib keçək. Biri də var ki, bunlar barədə düşünək.

Həqiqi əmin-amanlıq nədir? Həqiqi əmin-amanlıq budur ki, insan aqibəti baxımından əmin-amanlıq vəziyyətinə düşsün. Bu ayın içərisində imkan və fürsət var ki, bizim aqibətimiz əmin-amanlı bir vəziyyətə düşsün.İmanımız inkişaf edə bilər, aqibət baxımından salamat vəziyyətə gələ bilərik, həyatımızda İslamın ruhu yaşaya bilər.

Bir var ki, duanı oxuyaq, amma mənasına fikir və önəm verməyək. Tövbəni dildə deyək, amma qəlbən tövbə, peşmançılıq, qayıtmaq hissini yaşamayaq. Bir də var ki, bunlara diqqət edərək, həyata keçirmiş olaq. Hətta oruc tutanda belə, nə üçün etdiyimizə önəm verməliyik. Əks təqdirdə, orucumuz aclıq və susuzluqdan başqa bir şey olmayacaq. Buna görə də, bizim bu ayda etdiyimiz əməllərə qəlbən təvəccömüz, diqqətimiz olmalıdır.

Rəcəb ayı - Ramazan ayına hazırlıq ayıdır

Başqa bir yerdə bu əziz alim buyurur: "Rəcəb ayı - İlahi ziyafətə hazırlıq ayıdır. Hədislərdə var ki, Rəcəb və Şəban - bulaq kimidirlər. İnsanlar Ramazan ayı öncəsi özlərini gərək yuyalar. İnsan gərək Allah ziyafətinə özünü hazırlasın. Bu istiğfar və bağışlama diləmə - çox mühümdür.Əlbəttə, bu istiğfar və bağışlama diləmə gərək elə-belə olmaya. Gərək həqiqətən ürəkdən olsun".

Biz diqqət etməliyik ki, qarşıda bir mənəvi ziyafətə dəvətliyik. Gərək bu mənəvi ziyafətə hazırlığımız olsun. Misal üçün, bir insandır, üç aydan sonra bir təlimə dəvətlidir, o təlimdə ona mühüm praktik məsələləri müəyyən dildə keçəcəklər. Düşüncəli adam dil öyrənməni həmin təlimə saxlamaz, ora gedənə qədər nə qədər bacarırsa, çox dil öyrənər ki, o təlimdən maksimum fayda götürsün.

Rəcəb və Şəban ayları - bu anlamda məşq aylarıdır. Bu aylarda Allahla ünsiyyətdə olmağı, Quranla təması, tövbə etməni, gecələrdən bir hissəni Allahla ünsiyyətə ayırmanı, boş-boş, mənasız işlərdən uzaq olmağı məşq etməliyik.

Qəlblərin təmizlənməsi ayı

Ayətullah Cavadi Amuli cənabları buyurur: "Həzrət İmam Baqirdən (ə) nəql edilir: "Heç bir sağlamlıq və salamatlıq, qəlbin sağlamlığı və salamatlığı kimi deyil". İnsan bir Allah bəndəsi ola bilən "heyy"dir, diridir. İnsan o diri varlıqdır ki, Allah bəndəliyi istiqamətində iradəvi təkamül edə bilir.

Əgər insanın qəlbi salamat olsa, o halda özünü kontrol edər. Qəlb ona görə qəlb adlandırılıb ki, qəlbin zati xüsusiyyəti dəyişmədir. Biz əgər onu yumşaltmaq və yerinə qoymaq istəsək, bunun bir üsulu var - səbir. Bizim Rəcəb ayında edə biləcəyimiz mühüm birinci işimiz - Allahdan bizim tutumlarımızı böyütməsini istəməkdir. Sonra Allahdan o tutumun məzmununu və tərkibini istəyək".

Biz çox vaxt qəlbi salamatlıq deyil, başqa sağlamlıq və salamatlıqların ardıncayıq. Vaxtaşırı gedirik, yoxlanırıq və s. Amma bizim həyatımızda ən mühüm mövzu - qəlbimizin sağlamlığıdır. Əxlaq ustadı insanın tərifini ənənəvi tərifdən fərqli verir.

Biz insana necə baxsaq, o cür də olur. Bir var ki, biz insana bir bioloji varlıq olaraq baxaq. Bu zaman onun yalnız bioloji məsələlərinə diqqət olunacaq. Amma insana bir təkamül edə bilən varlıq kimi baxsaq, onun qəlbinin sağlamlığına önəm verərik. İnsanın qəlbi daim dəyişir, haldan-hala keçir. Qəlbi genişlənmə, yumşalma prosesində bir mühüm silah var ki, o da səbirdir. Burada səbrin bütün növlərini aid etmək olar - itaətdə səbir, günah müqabilində səbir, müsibətlər qarşısında səbir.

Biz hər dəfə səbirsizlik edəndə, itaətdə davamiyyətimiz olmur, günah qarşısında dayanıqlığımız olmur, müsibət qarşısında dözümsüzlük edirik. Belə olduqda, tənəzzül edirik, yenidən reqress duruma qayıdırıq.

Amma əgər qəlbimiz yerində olsa, bütün varlığımızı kontrol edər. Rəcəb ayında qəlblərin yumşalması, qaydaya düşməsi üçün xüsusi fürsətlər var. Necə ki, bahar aylarında bəlli xəstəliklər aradan gedir, eləcə də bu mənəvi üçaylığın mənəvi xəstəlikləri daha effektiv şəkildə aradan aparmaq xüsusiyyəti var.

Bu ayda əsas olaraq, geniş tutum istəyək

Biz Rəcəb ayında Allahdan ilk öncə tutumlarımızın böyüməsini istəməliyik. Tutumumuz kiçik olanda, işimiz çətin olur. Allahdan bir şeylər istəyə bilərik ki, onu qəbul etməyə tutumumuz olmaz. Biz istəyirik ki, gündə bəlli əməlləri həyata keçirək. Nəyə görə onları edə bilmirik? Çünki, onları həyata keçirə biləcək tutumumuz yoxdur. Bəzən biz istəyirik ki, bəlli proqramla hərəkət edək, amma buna uyğun tutumumuz olmur.

Rəcəb ayında insanın tutumunun artması baş verə bilər. Birinin telefonu qədimidir. Nə qədər faydalı proqramlar yükləmək istəsə də, telefonunun tutumu buna imkan vermir. Gərək bunun üçün tutumu artsın.

Amma bəzən hətta ən yeni telefona o qədər lazımsız şeylər yüklənmiş olur ki, riyazi baxımdan kifayət edən tutumla belə, faydalı materialları yerləşdirmək olmur. Gərək insan ilk öncə orada təmizlik işləri aparsın.

Gərək biz öz tutumumuzu lazımsız məsələlərdən təmizləyək ki, oraya qəlbimiz üçün faydalı olanları yükləyə bilək. Yalnız bu halda tutumlarımızın genişlənməsi baş tuta bilər. Əks təqdirdə, tutumumuz nə qədər artsa da, o qədər onun yerini lazımsız məsələlər tutmuş olacaq. Ona görə də Rəcəb ayında Allahdan ilk öncə tutum, sonra isə ona uyğun tərkib və məzmun istəməliyik. Əgər uyğun tutum olmasa, Allahdan elə şeylər istəyərik ki, verəndə çaş-baş qalarıq ki, bunlarla nə edək? Odur ki, bu 2 nöqtəyə xüsusi diqqət etməliyik.

Allahım, bizlərə bu mübarək ayda ali ruhiyyəyə malik olmağı nəsib et!

Allahım, bu ayda tutumlarımızı artırmağı bizlərə nəsib et!

Allahım, tutumlarımıza uyğun bəyəndiyin hal və ruhiyyəyə malik olmağı əta et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.