Maraqlı

Qızılca peyvəndinin autizm yaratma riski varmı?

16 Mart 2019 20:45
1 Şərh     Baxış: 947

Son illər bəzi valideynlərin övladlarına peyvənd vurdurmaqdan imtina etdikləri barədə hallara tez-tez rast gəlinir. Valideynlər bu qərarlarını MMR (qızılca, parotit, məxmərək) peyvəndinin autizm yaratma riskini artırması ilə əlaqələndirirlər. Əslində, bununla bağlı mütəxəssislər özləri də ortaq məxrəcə gələ bilməyiblər. Bəzi həkimlər belə bir riskin olduğunu mümkün saydıqları halda, digərləri qəti təkzib edirlər. Hətta bununla bağlı müxtəlif elmi tədqiqatlar da aparılır. Belə tədqiqatlardan biri haqqında məqalə "Annals of İnternal Medicine" jurnalında nəşr olunub.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, tədqiqat 1999-2010-cu illər arasında Danimarkada dünyaya gələn 650 min uşağı əhatə edib. Həkimlər bir neçə il ərzində bu uşaqları müşahidə ediblər. Onlar qeydiyyat xidmətində yazılan şəxsi məlumatların köməyi ilə uşaqlara vurulan peyvəndlər, keçirdikləri xəstəliklər, yaxın qohumlarda hansısa xəstəliyin olub-olmaması ilə bağlı bilgiləri toplayıblar. Elm adamları həmçinin ata-ananın yaşını, autizmli qohumun olub-olmamasını, ananın hamiləlikdə siqaretdən istifadəsini, doğuşun növünü və doğulan zaman uşağın çəkisini də nəzərə alıblar.       

Tədqiqat ərzində 6 min uşaqda autizm özünü göstərib. Alimlər peyvənd olunmuş və olunmamış uşaqlar arasında bu halın nə qədər baş verdiyini müqayisə ediblər və hər hansı bir fərq tapmayıblar. Eyni zamanda, risk qurupunda olan uşaqların MMR peyvəndi vurulandan sonra xəstələnmədiklərini də aşkarlayıblar.

Araşdırmanın yekunu olaraq alimlər bu nəticəyə gəliblər ki, MMR peyvəndi autizm və digər xəstəliklərin inkişaf riskini artırmır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    SFC · 17 Mart 02:2400

    Qızılcapeyvendini deye bilmerem amma AKDSpeyvendinden uzaq durun.O HIP peyvendinin terkibinde de var

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.