Maraqlı

Bağırsaq xərçəngindən qoruyan qidalar – SİYAHI

16 Mart 2019 22:40
0 Şərh     Baxış: 2 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər bağırsaq xərçənginə tutulanların sayı artmaqdadır. Yaşından asılı olmayaraq bir çox insanlar bu xəstəlikdən əziyyət çəkir. Xəstəlikdən ölüm halları da çoxdur.

Məlumatlara görə, bu, ən çox yayılan xərçəng növlərindən biridir. Xəstəliyə düçar olmanın əsas səbəbi isə yanlış qidalanma göstərilir.

Mütəxəssislər hesab edir ki, düzgün qidalanmaqla bağırsaq xərçənginin qarşısını almaq olar.

Bəs həmin qidalar hansılardır?

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədə bununla bağlı araşdırma aparan mütəxəssislər hesab edirlər ki, tez-tez yediyimiz, amma düzgün olmadan istifadə etdiyimiz bir sıra qidalar əslində bağırsaq xərçəngi hüceyrələrini azaltmaq qabiliyyətinə malikdir.

Alimlər ilk növbədə sarımsaq, göy sarımsaq, soğandan istifadə etməyin vacibliyini vurğulayıblar. Həkimlərə görə, bağırsaq xərçəngi riskini hər gün azacıq soğan yeməklə əhəmiyyətli dərəcədə azaltmaq olar.

Soğan, sarımsaqda olan bioaktiv birləşmələrin həmçinin süd vəzi və prostat xərçəngi riskindən də qoruduğu göstərilib.

Çindən olan mütəxəssislər isə hesab edirlər ki, bu məhsullarla qidalanmanı artırmaqla digər xəstəliklərdən də qoruna bilərik.

Onlardan necə istifadə etmək də mühüm əhəmiyyət kəsb edir. Belə ki, soğanın qaynadılıb, bişirilib yeyilməsi onun tərkibindəki maddələrin faydasını azaldır. Təzə sarımsaqların dilimlənib, əzilib yeyilməsi çox faydalı sayılır.

Bundan başqa, bağırsaq xərçəngindən qorunmaq üçün lifli qidalar, quru paxlalılar, meyvə, göyərti, taxıl məhsulları yemək tövsiyə olunur.

Mütəxəssislər hesab edir ki, meyvə, tərəvəzləri qabıqlı yemək daha faydalıdır. Meyvə, tərəvəzlərin qabığının soyulması, suyunun çəkilərək içilməsi məqsədəuyğun deyil. Bu, onların faydasını qat-qat azaldır. Bir sözlə, meyvə və tərəvəzləri bu şəkildə yemək onların faydalı yox, faydasız hissələrini mənimsəmək deməkdir.

Meyvə tərəvəzləri mümkün qədər çiy, təzə, qabıqlı yemək tövsiyə olunur. Bağırsaqların sağlamlığı üçün gündə ən azı 5 porsiya meyvə, tərəvəz yemək məqsədəuyğun sayılır. Onun 3 hissəsi meyvə, 2-si tərəvəz olmalıdır. Buna əməl etməmək xərçəng başda olmaqla, digər xəstəliklərin də yaranması riskini artırır.

Çay və qəhvə yerinə su içmək, hər səhər bir stəkan su ilə 1-2 ərik qurusu, yaxud üzüm yemək tövsiyə edilir.

Bundan başqa, banan sağlam bağırsaq florasının yaranması üçün çox faydalı sayılır. Banan lifləri sayəsində həzmsizlik, qəbizlik kimi halları aradan qaldırmaq mümkündür.

Kefir də bağırsaq florasını tənzimləyərək bağırsaqların normal çalışmasına şərait yaradır.

Süd məhsulların qarşı allergiya yoxdursa, hər gün 1 stəkan süd içmək məsləhətdir.

Taxıl məhsulları, bulqur, yulaf, noxud, quru lobya, buğdadan hazırlanan çörək toksik qidaların bağırsaqlardan tez atılması, zərərli bakteriyaların yayılmasının qarşısını alır.

Hər gün taxıl məhsulları yemək, ən azı həftədə iki gün quru paxlalılara menyuda yer ayırmaq lazımdır.

Turşuların tərkibindəki yararlı bakteriyalar da bağırsaq florasını tənzimləyir. Amma istənilən halda turşularda yüksək natrium olduğu üçün təzyiq, diabet, ürək-damar xəstələri, mədə problemləri olan şəxslər kontrollu şəkildə turşuları ya az yeməli, ya da heç yeməməlidirlər.

Bundan başqa, mütəxəssislər bağırsaqları qorumaq üçün hər gün 10-12 ədəd badam yeməyi, ispanaq kimi tünd yaşıl rəngli göyərtilərdən faydalanmağı tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.