Maraqlı

Elm əhlinin xüsusiyyətləri

12 Mart 2019 22:45
0 Şərh     Baxış: 631

Elm əhlinin məqamı ucadır. Qurani-kərim ayələrində, Peyğəmbərin və imamların mübarək kəlamlarında alimin üstünlüyü, elm öyrənməyin və öyrətməyin dəyəri barədə hədsiz sayda göstərişlər mövcuddur.

Amma əlbəttə ki, hər elm oxuyan adamı əsl alim adına layiq hesab etmək olmaz. Alimə şərəf gətirən bəzi xüsusiyyətlər vardır ki, bunlarsız onun nəinki heç bir dəyəri olmaz, hətta o, cahillərdən əskik sayılar. Həmin xüsusiyyətlərdən ən əsaslarını heç bir əlavə şərh vermədən aşağıda qeyd edirik:

Milli.Az islam.az-a istinadən bildirir ki, əvvəla, alim öz elminə əməl etməlidir. Öz elminə əməl etməyən alim Quran təbiri ilə desək, belinə kitab yüklənmiş uzunqulaq kimidir.

Ikincisi, alim elmin dəyərini bilərək, onu öyrənməlidir. Başqaları qarşısında öyünmək, alimlərlə mənasız mübahisələrə girişmək, bilik əhlinə irad tutmaq naminə elm oxumağın heç bir faydası yoxdur.

Üçüncüsü, elm əhli gözəl əxlaqa sahib olmalıdır. Özünü elə aparmalıdır ki, başqaları ondan nümunə götürsünlər.

Dördüncüsü, elm əhli lovğalanmamalı, başqalarından özünü üstün tutmamalı, təvazökar davranmalıdır. Unutmamalıdır ki, ağac bar gətirəndə başını aşağı əyər.

Beşincisi, elm əhli məsuliyyətli olmalı, elmi dəqiqliklə mənimsəməli, bilmədiyi məsələlər barədə fikir yürütməkdən çəkinməlidir.

Altıncısı, alim başqa alimlərin sözlərinə və fikirlərinə ehtiramla yanaşmalı, hətta onlarla razılaşmadıqda belə, ədəblə etiraz etməlidir.

Yeddincisi, əsl alim yalnız bəşəriyyətə xeyir gətirən elmləri öyrənməlidir, ziyan verən, ev yıxan, fəsad törədən bilikləri yaymaqdan uzaq olmalıdır.
Alimə nöqsan gətirən digər cəhətlər hafizənin zəifliyi, diqqətsizlik, tələskənlikdir.

Bütün bu nümunəvi xüsusiyyətlərə malik olan alimlərdən biri də mərhum Şeyx Abbas Qumi idi. Ömrünü Islam maarifinin təbliğinə, məsumlardan rəvayət edilən hədislərin tədqiqinə, müqəddəslərin həyatının təsvirinə həsr etmiş Şeyx Abbas Qumi kitablarda "xatəmül-mühəddisin" (hədis alimlərinin möhrü) kimi xatırlanır. Onun qələmindən çıxmış, ən mötəbər dua və ziyarətnamə mətnlərini özündə əks etdirən "Məfatihül-cinan" kitabı bir neçə onillikdir ki, dindarların daim müraciət etdikləri əl kitabına dönüb. Şeyx Quminin "Səfinətül-bihar", "Beytül-əhzan", "Müntəhal-amal", "əl-Küna vəl-əlqab" və sairə kitabları da öz sahələrində ən dəyərli elmi mənbələrdən sayılır.

Şeyx Abbas Quminin əxlaqi özəlliklərini əks etdirən nümunələrə saytımızda bir neçə dəfə müraciət etmişik. Bu böyük alimin gözəl əxlaq dəryasından daha bir neçə damlanı diqqətinizə təqdim etmək istərdik.

Öz zəmanəsində məşhur olan, "Pişavər gecələri" kitabının baş qəhrəmanı, "Sultanül-vaizin" (Moizə edənlərin sultanı) ləqəbi ilə çağırılan mərhum Seyyid Mühəmməd Musəvi Şirazi deyirdi ki, "Məfatihül-cinan" kitabının çapdan təzəcə çıxdığı vaxtlar idi. Bir gün Samirra şəhərində bu kitabdan Imami-zamanın ziyarətnaməsini oxuyurdum. Bu zaman yanımda durmuş bir nəfər əlimdəki kitab barədə fikrimi soruşdu. Kitabı çox təriflədim, əlavə etdim ki, onu oxuyanda müəllifin də çox savadlı olduğu bilinir (Sultanül-vaizin o vaxta kimi Şeyx Abbas Qumini görməmişdi). Yanımdakı adam mənim sözlərimi dinlədikdən sonra dedi: "Müəllifi bu qədər tərifləməyin. O, bu tərifə layiq deyil, elə böyük bir iş də görməyib". Sultanül-vaizin bu sözlərdən narahat olub həmin adamı danlayır və daha onunla danışmaq istəmədiyini bildirir. Bu zaman ətrafdakılardan biri Sultanül-vaizinə deyir ki, danışdığın adam Şeyx Abbas Quminin özüdür. Sultanül-vaizin Şeyx Abbas Qumini bağrına basıb öpür, ondan üzr istəyir, sonra əlindən öpmək üçün əyilir. Qumi isə tez onun qolundan tutub qaldırır, üstəlik, özü əyilib onun əlindən öpərək deyir: "Mən sizin əlinizi öpməliyəm, çünki siz seyyidsiniz".

Şeyx Abbas Quminin təvazökarlığı elə bir həddə çatmışdı ki, hətta riyakarlıq və lovğalıq olmasın deyə, yazdığı kitabların müəllifi olduğunu doğma atasından gizlədirdi. Alim özü rəvayət edirdi ki, ölümdən sonrakı həyat barədə "Mənazilül-axirə" kitabını yazandan sonra onu Qum şəhərində Həzrət Məsumənin (ə) hərəmində zöhr namazından sonra moizə edən məşhur xətib Şeyx Əbdürrəzzaq Məsələguya təqdim etdim. Şeyx Əbdürrəzzaq hər gün namazdan sonra minbər üstündən həmin kitabdan camaata oxumağa başladı. Atam Kərbəlayi Mühəmməd Rza da həmin moizələrə həvəslə qulaq asırdı. Bir gün atam evə gəlib mənə dedi: "Abbas, kaş sən də oxuyub Məsələgu kimi alim olaydın, minbərə çıxıb həmin kitabdan bizə oxuyaydın". Şeyx Abbas Qumi deyir ki, həmin kitabı özüm yazdığımı atama söyləmək istədim, amma yenə özümü saxlayıb dedim: "Düz deyirsən, ata. Sən mənim haqqımda dua et, Allah mənə bunu qismət eləsin".

Şeyx Abbas Qumi həm Islam müqəddəslərinə, həm də özündən əvvəl yaşamış alimlərə dərin ehtiram bəsləyirdi. Bu ehtiramın nəticəsi idi ki, alim özünün bir çox çətinliklərinə məhz bu böyük şəxslərə təvəssül etmək vasitəsilə əlac tapırdı. Şeyx Abbas Qumi özü "Fəvaidür-Rezəviyyə" kitabında yazır ki, gözü ağrıyan zaman Imam Hüseyn (ə) türbətindən şəfa tapırmış. Həmçinin, keçmiş alimlərin qələmindən çıxan hədis kitablarına təvəssül etməklə çətin vəziyyətlərdən xilas olurmuş.

Alimin oğlu öz xatirələrində yazırdı ki, Şeyx Abbas Qumi vəfatından 2-3 il əvvəl bir səhər yuxudan ayılıb göz ağrısından şikayət etdi. Onun məşğuliyyəti yazıb-oxumaq olduğu üçün, gözləri ağrıyan zaman çox sıxılır, bu sözləri təkrar edirdi: "Görəsən nə günah etmişəm ki, Peyğəmbər və Ali-Peyğəmbər məni özlərindən uzaq salıblar (yəni onların elmini öyrənməkdən məni məhrum ediblər)". Alimin oğlu mədrəsəyə gedir, günorta dərsdən qayıdanda atasını yazıb-oxuyan halda görür. Təəccüblə soruşur ki, gözlərinin ağrısı necə sağaldı? Şeyx Abbas Qumi cavab verir: "Dəstəmaz alıb üzü qibləyə oturdum, "əl-Kafi" kitabını əlimə götürüb gözlərimə sürtdüm, ağrı keçib-getdi". Məhz bu ixlas və səmimiyyətin nəticəsində Şeyx Abbas Qumi ömrünün sonuna kimi elmi fəaliyyətlə məşğul olmuş, göz ağrısı və ya hər hansı xəstəlik onu yaradıcılıqdan ayıra bilməmişdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.