Maraqlı

Hər oyunda stereotiplərə bir qol vuran azərbaycanlı qızlar

23 Fevral 2019 19:33
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ildə rəqibin qapısından keçirdiyi 56 qol ilə Nahidə Məmmədova qızlar arasında futbol üzrə U-13 liqasının bombardiridir.

15 yaşlı Nahidə və onun komanda yoldaşları Şəki şəhərinin Gənclik komandasındandır.

Şəkinin mühafizəkar əhalisi hesab edir ki, futbol hara, qız hara.

"Futbol klubları və meydançaları kişilərin yeridir" düşüncəsini bölüşənlər az deyil.

Lakin Nahidə və digər yeniyetmə futbolçu qızlar bu stereotiplərə hər oyunda bir qol vururlar.

Bu baxımdan şəkili qızlar istisna deyil; onların coşğusu Azərbaycanda qadın futboluna olan marağın artmasını əks etdirir.

Azərbaycan Futbol Federasiyası Assosiasiyasının məlumatına əsasən, ölkədə 16 yaşa qədər qızlardan ibarət 52 futbol klubu var. Onlardan 36-sı paytaxtdan kənarda qurulub.

Məşqçi Məmməd Dadaşov Şəkidə qızlardan ibarət komandaların rəhbəri və yaradıcısıdır.

O futbol meydançasının qızlara da açıq olduğu ideyasını müdafiə edir.

"Ümumiyyətlə, qadınlar da burda iştirak edirdi deyə, Şəki də bir az qəribə yerdir deyə, bir az qəribə baxdılar. Biz qadın futbolunu Şəkidə yaradanda əhali arasında bir az çaşqınlıq da yaranmışdı ki, qadın nədir, futbol nədir?! Belə qəribə baxırdılar", - deyə qızlardan ibarət üç komandanın məşqçisi Dadaşov bildirir.

Qadın futbolu Şəkidə valideynlər üçün yad bir fenomen olduğuna görə, Məmməd Dadaşov öz nümunəsini ortaya qoymağa qərar verib. Şəhərin ilk qız futbol klubunu formalaşdırmaq üçün özünün və yaxın qohumlarının qızlarını cəlb edib.

"Onları yığıb formalaşdırdım ki, yəni komanda var. Sonralar valideynlər gəlirdilər ki, müəllim, mümkündürsə, mənim də qızımı qəbul edin komandaya. Çətinlik də olsa, sonradan asanlaşdı və biz bu minvalla Şəkinin futbol komandasını artıq yaratmış olduq", Məmməd Dadaşov xatırlayır.

Klub üzərində işləyərkən Dadaşovun ağlına uşaq evindəki qızlar gəlir. Dərhal rəhbərliklə görüşür və qızlar arasında futbola maraq göstərənlərlə məşqlərə başlayır. Beləliklə də o, Nahidə və futbola həvəsli digər 13 yeniyetməni kəşf edir.

"Uşaqlıqdan istəyirdim ki, futbolçu olum, bura - uşaq evinə gəldikdən sonra Məmməd müəllim digər qızları məşqlərə aparmağa gəlmişdi, mən də onlarla getdim, onda hələ uşaq idim və özümdən böyük qızlar məşq edəndə mən də onların arasında topun arxasınca qaçırdım, böyüdükdən sonra isə mən də məşqlərə başladım", - deyə 4 yaşından bəri Şəki şəhər Uşaq Evində yaşayan Nahidə futbola gəlməyini xatırlayır.

Bir müddət sonra Nahidə Bakıda oyun zamanı baş məşqçilərin diqqətini çəkir və 17 yaşlılardan ibarət milli komandada da oynamağa başlayır.

Bir tərəfdən diqqətini dərslərinə cəmləşdirən Nahidə həm də futbol bacarıqlarını daha da inkişaf etdirmək üçün çalışır. Dünya futbolunun azarkeşlərindən biri kimi sevdiyi bir neçə futbolçu ilə yaxından tanış olmaq arzusundadır - xüsusilə də portuqaliyalı Cristiano Ronaldo ilə.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.