Maraqlı

Sovet ordusu çıxandan 30 il sonrakı Əfqanıstan: keçmiş və indiki həyatları haqda əfqanlar nə düşünürlər

17 Fevral 2019 19:59
0 Şərh     Baxış: 1 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 40 ildə müharibə əfqanlar üçün həyatın ayrılmaz hissəsi olub. Onlar açıq deyirlər ki, ən böyük arzuları bir az da olsa, sülh şəraitində yaşamaq, silah görməmək və uşaqlarının həyatına görə qorxmamaqdır.

Fasiləsiz atışmalar, partlayan bombalar, dağıdılmış infrastruktur və və artmaqda olan narkotik ticarəti şəraitində həyat necə keçir?

BBC-Rusiya xidməti Əfqanıstan əhalisindən xahiş edib ki, sovet ordusunun hərbi əməliyyatları dönəmindəki yaşayışlarıyla indiki həyatlarını - Əfqanıstanda ABŞ və digər NATO ölkələri ordularının olduğu dövrü müqayisə etsinlər.

Keçmiş müəllim, təqaüdçü Həbibula: "İndi insanlar Rusiyaya ehtiyatla yanaşırlar"

Sovet ordusu Əfqanıstana girəndə mənim 20 yaşım vardı.

Onda düşünmüşdüm ki, bu, ölkəmizin tarixində böyük bir faciənin başlanğıcıdır. Həqiqətən də elə oldu: müharibə başladı və hələ də davam edir. Sovet ordusu burda olanda çoxlu bina tikilib - budur, bu, 2-ci, bu da 3-cü mikrorayon.

O vaxt Əfqanıstan ordusu çox yaxşı silahlandırılmış, yaxşı da təlim keçmişdi. Xalq sovet hərbçilərinə simpatiya bəsləyirdi.

Əfqanıstan

Sovetlər Əfqanıstandan çıxanda hər kəs - xalq da, bizim hərbçilər də bunun son olduğuna, müharibənin bitdiyinə inanırdılar.

Çox təəssüf ki, hər şey tərsinə oldu. Mücahidlər şəhərlərə, əsasən də Kabula girən kimi yeni müharibə başladı.

Onlar insanlara hücum edir, onları soyurdular. Sanki yırtıcıydılar. Çox sayda qurbanlarımız oldu. Küçədə insanların öldürülməsini öz gözlərimlə görürdüm. Bu dəhşətiydi...

Əfqan xalqı üçün çox çətin illəriydi. Taliban hakimiyyətə gələn kimi qadınların təhsil aldıqları bütün müəssisələri bağladılar, insanları bütün hüquqlarından məhrum etdilər. İşsizlik və kasıblıq baş alıb gedirdi.

Düzdür, hələ də iş yoxdur, indi də aclıq çəkən insanlar var. Amma Talibanın, mücahidlər dövrüylə müqayisədə bu gün vəziyyət daha yaxşıdır.

Koalisiya (NATO-nun rəhbərlik etdiyi, Əfqanıstan ərazisində 2001-ci ildən fəaliyyət göstərən beynəlxalq hərbi koalisiya - İSAF - red.) Əfqanıstana gələndə insanlar müharibənin bitəcəyinə ümid edib amerikalıların gəlişini çox müsbət qarşıladılar. Onda həyat şərtləri də yaxşılaşmışdı.

Amerika ordusu çıxandan sonra böyük çətinliklər yarandı, yenidən işsizlik, yoxsulluq... Amma təbii ki, Taliban dövründəki vəziyyət qədər pis deyildi. Kabulda binalar, fabriklər, zavodlar tikildi, insanlar işə getməyə başladı, şəhərin siması dəyişdi. Ölkədə sülh olanda iş də olur; sülh pozulanda isə iş dayanır.

Doğrusu, bu gün əfqan xalqı amerikalıların getməsinə çox təəsüflənir. İnsanlar qorxurlar ki, müharibə yenidən başlayacaq.

Əfqanıstan

İndi ən yaxşı çıxış yolu bütün tərəflərin atəşkəs elan etməsi, sonra da seçkilər keçirilməsidir. Hə, bir də əhalidəki silahlar toplanmalıdır.

Əfqanıstanda, demək olar ki, hər evdə ya tapanca, ya da "Kalaşnikov" avtomatı var. Düzdür, silah satışı gizlidir, amma o bazara heç kim nəzarət etmir. Bu işlə əsasən mücahidlər məşğul olurlar. İnsanlar özlərini qorumaq üçün silah alırlar, cinayətkarlıq səviyyəsi çox yüksəkdir.

Düzdür, bu gün insanlar küçədə rahat gəzirlər, amma həm də qorxurlar. Çünki cinayətkarlar hansısa maşını oğurlamaq üçün onun sahibini öldürə bilərlər. Təəssüf ki, oğurluq total xarakter alıb. Narkoticarət də, sursat alveri də var.

Əfqanlar indi Rusiyaya etibar etmirlər, ehtiyatla yanaşırlar, düşünürlər ki, Rusiya Əfqanıstanın işlərinə qarışmağa başlayır.

Tacvar Kakar, hüquq müdafiəçisi: "Sovet ordusu şikəst edilmiş talelər və yaralı ürəklər qoyub çıxdı"

Tacvar KakarTacvar Kakar 1980-ci illərin əvvəllərində və indi.

Sovet ordusu Əfqanıstana daxil olanda mən məktəbdə müəllimə işləyirdim. Hələ ona qədər də - yerli kommunistlər hakimiyyətə gələndə kommunist partiyasına yazılmağım üçün mənə davamlı təzyiqlər olurdu, mən hər dəfəsində rədd edirdim.

1980-cı ildə mücahidlərə yardım ittihamıyla məni həbs etdilər.

Həbsxanada elektroşok veririrdilər, çubuqla döyürdülər, təpikləyirdilər. Onda kamera yoldaşlarımın çoxu bu işgəncələrə dözməyib öldü. O vəhşilikləri heç vaxt unutmayacam.

Əfqanıstan1979-cu ilin dekabr ayında sovet ordusu o zamankı baş nazir Hafizulla Əminin sarayına hücum edib, əməliyyat zamanı Əmin öldürülüb. Həmin hadisə nəticəsində dağıdılmış sarayın şəkli 2001-ci ilin noyabrında çəkilib

Mən həbsdən bir il sonra, işğala qarşı vuruşmaq arzusuyla çıxdım.

Hökumət qüvvələri və sovet ordusu dəhşətli izlər qoymuşdular - çox sayda mina, şikəst edilmiş talelər və yaralanmış ürəklər, Kabul ətrafındakı kəndlərdə böyük dağıntılar.

Sovet ordusunun müdaxiləsindən minlərlə insan əziyyət çəkirdi, əsasən də qadınlar...

1984-cü ildə həyat yoldaşım və mən 7 övladımızla birlikdə Əfqanıstandan Pakistana qaçmaq məcburiyyətində qaldıq. Həmin vaxt ən kiçik oğlum cəmi səkkiz günlük idi. Sovet ordusu çıxıb gedəndə elə xoşbəxt idim ki.

Tezcə evə qayıtmaq istəyirdim. Amma mücahidlər çox eqoist çıxdılar, Əfqanıstan qadınları ən çox onların dövründə zülm gördülər.

Kabulda qaz çatışmazlığıSovet əsgərləri Kabul sakinlərinə dizel yanacağı paylayırlar

Mən Əfqanıstana 2000-ci ildə qayıtdım. Tezliklə bura Amerika ordusu gəldi.

Taliban rejiminin liderlərilə danışıqlar zamanı mən onları məktəb açmağın vacibliyinə inandıra bildim. Amerikalılar səhvən bombalayıb dağıdana qədər mən həmin məktəbdə işləyirdim.

Müharibə həmişə əzabdır. Amma amerikalıların həm Talibanla, həm də yerli hakimiyyətlə dialoq aparması çox yaxşı haldır. Üstəlik, bu da çox yaxşıdır ki, sovet işğalı dövründən fərqli olaraq indi bizdə müstəqil media, söz azadlığı var.

Bu, sülhə və normal həyata doğru bir addımdır. Biz Allaha inanırıq, biz bir olmalıyıq, hakimiyyətsə buraxılmış səhvləri və ölkədəki qarışıqlığı aradan qaldırmalıdır. İnanıram ki, indiki hakimiyyət ölkəni nəzarət altında saxlaya biləcək.

Əfqanıstan xalqı gələcək həyatları haqda özləri düşünüb özləri qərar verməlidirlər.

Məhəmməd Tahir Yarqal, keçmiş polis işçisi: "Sovet ordusu Əfqanıstandan çıxanda əsgərlərdən birinə gül bağışladım"

Sovet ordusunun Əfqanıstana girdiyi günü dəqiq xatırlayıram. Təbii ki, mən dəhşətə gəlmişdim və şokda idim. Ordu burdan çıxmağa başlayanda mən SSRİ-dən bizə hansı mirasın qaldığını analiz etməyə başladım.

O illər ərzində Əfqanıstanda yüksək qabiliyyətli professional ordu yaranmışdı, müasir döyüş sursatı bazası əmələ gəlmişdi - "Kalaşnikov" avtomatından "Skad"raketlərinə qədər (birpilləli ballistik P-17 raketləri - red.)

Bizim hərbçilər, nəhayət ki, kifayət qədər silah və patronla təmin edilmişdilər. Bu, ölkəni müdafiə etmək qabiliyyətində olan, döyüş qabiliyyətinə görə bölgədə üçüncü olan güclü bir orduydu.

Sovet hərbçiləri Əfqanıstandan çıxanda nümayişlər keçirilmişdi. Bəli, SSRİ-nin ölkəmi işğal etməsi mənim xoşuma gəlmirdi. Amma onların Əfqanıstan üçün etdiklərini analiz edib bunun mənfəətini də görə bilmişdim və ona görə də vida zamanı bir sovet əsgərinə gül bağışladım.

OrduSovet əsgərləri vida zamanı Kabulda şəkil çəkdirirlər. 16 may 1988-ci il.

SSRİ Əfqanıstanda külli miqdarda pul xərcləmişdi. Hazırda Əfqanıstanda olan bütün infrastruktur onlardan qalıb - binalar, bəndlər və s. Müqayisə üçün deyim ki, ABŞ yalnız bir əyalətdə - Hilmənddə kənd təsərrüfatı layihəsi gerçəkləşdirmişdi.

Amma təbii ki, hər şey bu qədər sadə və birmənalı deyildi. Ən böyük problemi SSRİ-nin öz ordusunu ölkədən hər hansı danışıqlar olmadan, şərtsiz çıxarması yaratmışdı. Əfqanıstan hakimiyyəti buna hazır deyildi!

Nəticədə müxalifət sürətlə güc topladı, bir neçə istiqamətdən postsovet hakimiyyətinə hücum edib, onu əzdi.

İnfrastruktur yaradan sovetlər uyerlilərdən ibarət güclü və vahid hakimiyyət formalaşdırmamışdılar. Amerikalılar bu səhvi təkrarlamamağa çalışırlar. Onlar ölkədən müəyyən şərtlərlə gedirlər. NATO hazırda bununla bağlı danışıqlar aparır, əfqanlarla işləyir.

Onlar ilk növbədə sülhü və sabitliyi təmin etmək, yalnız bundan sonra ölkədən çıxmaq istəyirlər. Belə strategiya sülhün qorunub saxlanmasıyla bağlı ümidlər inandırır.

Vəli Olah Bədlun, keçmiş hərbçi: " Ümid edirəm ki, insanlar Allahın onları ancaq öldürmək üçün yaratmadığını xatırlayacaqlar"

Vəli Olah Bədlun Əfaqanıstan ordusunda xidmət zamanı: 1980-ci illər və indiVəli Olah Bədlun Əfaqanıstan ordusunda xidmət zamanı: 1980-ci illər və indi

Keçmişə bu gündən baxanda görürəm ki, Əfqanıstana girmək sovet rəhbərliyinin birinci böyük səhviydi.

Hərbi kontingentin çıxarılması isə əfqan xalqının faciəsinə səbəb olan ikinci böyük səhv oldu. Bu qərar imkan verdi ki, ardınca ölkəni Amerika ordusu işğal etsin.

SSRİ Əfqanıstan rəhbərliyinə kömək vədini yerinə yetirmədi. Ölkənizdə döyüşdükləri müddət ərzində əsgərlər sizin dostunuz olurlar, ona görə də mən indi mümkünqədər mülayim danışmaq üçün uyğun sözlər seçirəm.

Amma onlar qaçdılar, bu faktdır. Doğrudur, onda əfqan ordusu hücumları dəf etmək gücündəydi, ancaq sovet rəhbərliyi ona köməyini dərhal dayandırdı. Müharibə bu gün də davam edir: əfqanları öldürürlər, ölkə dağıdılır.

Sovet rəhbərliyi 9 il dözə bildi, NATO-nun dəstək verdiyi amerikalılarsa 18 il. Artıq onlar da indi qaçmaq istəyirlər.

Əfqanıstan xalqı sovet ordusu çıxandan sonrakı hakimiyyətsizlik vəziyyətinin yaranacağından narahatdır.

Sadə əfqanlar amerikalıları sovet hərbçiləriylə müqayisə edib birincilərin eqoizminə təəccüblənirlər.

Deyirlər ki, sovet əsgərləri öz adət-ənənələri və mədəniyyətləriylə bizə daha yaxınıydılar. İşğalçı hesab etsək də, biz onlarla bir-birimizi başa düşürdük.

Sovet əsgərləriSovet əsgərləri Kabul küçələrində patrul xidməti icra edirlər

SSRİ-də mən müharibə zamanı ayağını itirmiş bir mayorla rastlaşdım, o dedi ki, Əfqanıstana getməyi arzulayır. Mən zarafatla ona "Deyəsən, ikinci ayağın sənə mane olur" dedim.

O güldü və belə cavab verdi: "Sən məni başa düşmədin. Mən Əfqanıstana turist kimi gəlmək istəyirəm, avtomatlarla və tanklarla yox. Sülh içində yaşayan Əfqanıstanı görməyi arzulayıram, çünki əfqan xalqı çox qonaqpərvərdir".

Amerika əsgərləri isə mehriban deyillər, çox qorxurlar. Hər əfqanı düşmən hesab edirlər.

Onlar sadəcə əllərində silah dayanır və heç danışmırlar. Amma müharibə müharibədir. Rus, amerikalı, da, talib, mücahid - fərq etmir, hər bir əsgər atəş açır və öldürür.

40 illik müharibə ölkəmizi büsbütün məhv edib. Döyüşlər əfqanlara qurub-yaratmaq fürsəti vermir, onlar vuruşmağa, müdafiə olunmağa və o əsnada öz ölkələrini vurub dağıtmağa məcburdurlar.

Qanunlara əməl olunmur, demək olar ki, hamıda silah var, narkotik satışı böyüyür - bunların hamısı müharibənin nəticəsidir.

Kabul küçələri. Fevral, 2019-cu il.Kabul küçələri. Fevral, 2019-cu il.

Doğrudur, amerikalılar pul ayırırlar; məktəblər, xəstəxanalar tikilir. Amma müharibə bir yandan tikiləni o biri yandan dağıdır. Sovetlər də Əfqanıstan hakimiyyətinə kömək edirdilər.

Amma onların o vaxtkı iqtisadi durumunu Amerikanın indiki iqtisadi vəziyyətiylə müqayisə etmək olmaz. Sovetlər bacardıqlarını edirdilər, həm də o vaxt dağıntılar da indiki qədər çox deyildi.

Əfqanlar çox çətin şəraitdə yaşayırlar. Onlar ancaq bir şey barədə - sağ qalmaq və uşaqlarını qorumaq barədə düşünürlər.

Heç kim uşaqları oxutmaq və ya onları müalicə etmək haqqında düşünmür.

Onların ancaq bir qayğısı var - sağ qalmaq. Düzdür, indi uşaqlar məktəbə gedirlər, amma valideynləri onların sağ qayıdıb-qayıtmayacağını bilmirlər.

Ümidim gənc əfqanlardır, onlar Allahın bizə öldürmək üçün yox, insan kimi yaşamaq üçün həyat verdiyini xatırlayacaqlar.

Muhsin Vahid, biznesmen: "Müharibə hər zaman pisdir. Amma sovet işğalı dövründə bizim həyatımız qaydasındaydı"

Sovet ordusu Əfqanıstana girəndə mən məktəbliydim. O günü çox yaxşı xatırlayıram.

Qışıydı, evimizin ətrafında çoxlu qar vardı. Mən çölə çıxanda yaxınlıqda dayanmış sovet tankını gördüm, üstündə əsgərlər oturmuşdular və hamıya şübhəylə baxırdılar.

Bu, əcnəbilərlə və başqa bir ölkənin hərbçiləriylə mənim ilk görüşümdü. Çox qorxuluydu.

Əfqan Ordusunun Qəndəhara gedən yolda qurduğu post, 01 fevral, 1989-cu il

Hərçənd sovet əsgərləriylə bağlı başqa xatirələrim də var. Hafizulla Əminin hakimiyyəti dönəmində atam həbs olunmuşdu.

Sovet ordusu gələndə siyasi məhbuslar olan həbsxananın qapıları açıldı. Məhbusların o qapıdan çıxmasını görmək çox sevindiriciydi.

Çoxu SSRİ-yə minnətdarlıq edirdi. Düzdür, atamı həbsxanada incitmişdilər, amma mən başqaları üçün sevinirdim.

Sonra müharibə başladı. Hər halı pis olan müharibə. Hərçənd sovet işğalı dövründə bizim həyatımız qaydasındaydı.

Ölkənin müxtəlif yerlərində biznes inkişaf edirdi. Mən ticarətlə məşğul olub ailəmi dolandırmağa başladım, qohumlarım SSRİ-yə gedib ali təhsil ala bildilər. Biz hətta təzə ev də tikə bildik.

Balaca qardaşım Kabuldakı mikrorayondan ev aldı - bu mikrorayonu sovetlər tikmişdilər. Məncə, amerikalılar bizim üçün o qədər ev tikməyiblər.

Əfqanlar

Mən o vaxt cavanıydım, indi artıq saçlarım ağarıb. Onda ailəmlə birlikdəydim, indi yox - çoxları müharibədən yorulub Əfqanıstandan getdi. Övladlarımın biri İsveçdə, digəri Fransadadır.

Sovetlər sülhün təməlini qoymadan Əfqanıstandan çıxdılar. Mənim ölkəmi müharibə yenidən dağıtdı. Ona görə də ən böyük narahatlığım budur - Amerika ordusu Əfqanıstandan çıxandan sonra nə olacaq. Mən bu sualın cavabını bilmirəm.

Vəlicon, bələdiyyə işçisi: "Sovet əsgərləri bizə konfet paylayırdılar"

Sovet ordusu Əfqanıstana gələndə mən çox balacaydım. Amma bizə mülayim davrandıqları yadımdadır. Onlar uşaqlara konfet paylayırdılar.

Əlbəttə, mən onda təyin edə bilməzdim ki, onlar işğalçıdırlar, yoxsa yox.

Mənin gördüyüm buydu ki, sovetlərdən sonra bizə mikrorayon, mərkəzi kanalizasiya, istilik sistemi və texnika qaldı. 1990-cı ildə mən ölkədən getdim və geriyə bir də 2007-ci ildə qayıtdım.

Mənə elə gəldi ki, tamam başqa bir yerə düşmüşəm. Mən balaca olanda Kabul sakinləri savadlıydılar, mən özüm məktəbdə oxuyurdum, biz qızlarla eyni parta arxasında otururduq və bu, heç kimi narahat etmirdi.

Amma onda şəhərdə nə yol, nə infrastruktur, nə normal bina, nə istilik sistemi, nə də işıq sistemi vardı - biz soyuqdan donurduq.

Kabul bazarı qış vaxtı, 13 fevral, 1989

Artıq insanlar da dəyişmişdilər.

Bəli, indi onların çoxlu pulları vardı, amma mən onlarda nə mədəniyyət, nə də əxlaq gördüm.

Onlar bir-birilərinə güvənmirdilər. Hər şey pul üstündə qurulmuşdu - tamamən kapitalist mədəniyyəti. Əfqan xalqının bir xüsusiyyəti var - maksimalizm, hər şeyin şişirdilməsi. Əgər bir əfqan humanistdirsə, hədsiz dərəcədə humanist; kapitalistdirsə, qatı kapitalist olur.

Amma amerikalılar da bizimçün çox şey ediblər. Sovet işğalı dönəmində Əfqanıstanda söz azadlığı yoxuydu, bəzi şeyləri danışmaq qadağan olunmuşdu.

İzolyasiyada yaşayırdıq, ərzaq qıtlığı vardı. Hətta şəhərdə yumurta belə tapılmırdı, atam hardansa yumurta tozu alıb gətirirdi.

İndi bizim söz azadlığımız var və biz bunu da maksimum həddə çatdırmışıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.