Maraqlı

“Həmişə istədiyim hər şeyə nail oldum” - Lev Landau

17 Fevral 2019 19:25
2 Şərh     Baxış: 831

Bir əsrdən çoxdur ki, elm və sülh sahəslərində dünyanın ən prestijli təltifi sayılan Nobel mükafatının formalaşmasında Bakı neftindən qazanılan gəlirin böyük əhəmiyyəti olmuşdur. İlk təqdimatı 1901-ci ildə baş tutan mükafata Azərbaycanda doğulmuş və yaşamış alimlərdən hələlik yalnız  bir nəfər - Lev Davidoviç Landau layiq görülüb. Görkəmli alimin doğulub boya başa çatdığı Azərbaycan Respublikasında onun elmi dühası gərəyincə dəyərləndirilmişdir. Belə ki, ilk uşqalıq illərini yaşadığı evin divarında xatirə barelyefi vurulmuş, Bakı şəhərindəki küçələrdən birinə alimin adı verilmişdir. Alimin əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.  Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il yanvarın 22-də dahi fizik, Nobel mükafatı laureatı Lev Landaunun 100 illik yubileyinin vətəni Bakı şəhərində keçirilməsi haqqında Sərəncam imzalamışdı. Təbii ki, sərəncamdan gələn tapşırıqlar layiqincə yerinə yetirilmiş, respublikanın elm müəssisələrində alimin yubileyi münasibətilə geniş miqyaslı tədbirlər keçirilmişdir.

Lev Landau: Pis yaşamadım

Milli.Az gencaile.az-a istinadən bildirir ki, XX əsrin ən görkəmli fiziklərindən sayılan Lev Landau, Fizika elminin inkişafı üçün təkcə kəşflər və yazılı əsərləri ilə deyil, həm də görkəmli fizik-alimlərin yetişdiyi Landau məkəbini yaratması ilə əvəzolunmaz xidmətlər göstərmişdir. Təsadüfi deyil ki, bakılı alimin adı elm tarixində Nils Bor, Albert Enşteyn kimi nəhənglərlə bir sırada çəkilir.51567863_2149932438654321_7098298531772891136_n

Lev Landau 1908-ci il 22 yanvar tarixində Bakının Balaxanı qəsəbəsində yaşayan yəhudi ailəsində dünyaya göz açıb. Əvvəllər Polşada yaşayan ailənin başçısı David Landau neft mütəxəssisi idi. Bakıya Rotşildlərə məxsus şirkətdə işləmək üçün gəlmişdi. Davidin həyat yoldaşı Lyubov Venyaminovna Qarkavi də savadlı xanım idi.

Ailənin ilk övladı Levin fitri istedada, fenomenal qabiliyyətə malik olması hələ uşaqlıqdan özünü biruzə vermişdi. 4 yaşında oxuyub-yazmağı bacarırdı, riyazi hesablama ilə bağlı suallara dərhal cavab tapa bilirdi. İlk təhsil aldığı Bakı gimnaziyasında təhsilini başa vuranda Levin cəmi 13 yaşı olduğu üçün onu universitetə qəbul etmirlər. Bir il Bakı İqtisadiyyat Texnukumunda təhsil alan yeniyetmə 1922-ci ildə, yəni, cəmi 14 yaşında Bakı Dövlət Universitetinə qəbul edilir. Yeniyetmənin fitri istedadını görən universitet rəhbərliyi ona paralel olaraq iki fakültədə - Fizika-riyaziyyat və Kimya ixtisasları üzrə təhsil almaq imkanı yaradır. 1924-cü ildə Lev Landau həmin dövrdə ölkənin ən prestijli ali təhsil müəssisələrindən sayılan Leninqrad Universitetinin Fizika fakültəsinə göndərilır. Daha sonra Leninqrad Fizika-Texniki İnstitutun aspiranturasında təhsil alır və 1929-cu ildə, cəmi 21 yaşında ilk elmi dərəcəsini qazanır. Elə həmin ildə gənc və perspektivli alimə Avropaya getmək və dövrün görkəmli alimləri ilə görüşüb, elm mübadiləsi aparmaq  imkanı verilir. Təxminən bir il yarım müddətində bir neçə Avropa universitetlərində seminarlara qatılan alim, Albert Enştey və Nils Bor kimi dahilərlə görüşür. Landau, sonralar həmişə öznünü Borun tələbəsi hesab edir və onunla möhkəm dostluq əlaqəsi saxlayırdı. 1932-ci ildə yenidən SSRİ-yə qayıdan Dau (o özünün belə çağırılmasını istəyirdi)  və Xarkov Mexanika və Maşınmqayırma İnstutunda çalışmağa başlayır. Gənc alim burda da böyük uğurlara imza atır. Tələbəsi və dostu Yevgeni Lifşitzlə birlikdə 10 cilddən ibarət Nəzəri Fizika kursunu yazıb çap etdirir. Alimlərin yekdil rəyi belədir:

"Nə Landauya qədər, nə də ondan sonra Nəzəri fizikanı tam əhatə edən bu cür anlaşıqlı və mükəmməl kurs yazılmayıb".

51407051_296851381033159_3498893806311309312_n

Landau məktəbinin bünövrəsini qoyur. Bu məktəbə üzv sayılmaq üçün alimin hazırladığı Nəzəri minimum testindən keçmək lazım gəlirdi. SSRİ-nin hər yerindən həmin məktəbə alim axını olmasına baxmayaraq, cəmi 43 nəfər alim Nəzəri minimumun suallarına cavab verə bilmişdi. Doğrudan da məktəbdə Lev Pitayevski, Aleksey Abrikosov, Arkadi Levanyuk, Yevgeni Lifşitz, Lev Gorkov, İsak Xalatnikov və Boris Yoffe kimi elm nəhəngləri yetişdilər. 1934-cü ildə heç bir müdafiə etmədən ona elmlər doktoru elmi dərəcəsi, 1935-ci ildə isə professor adı verilir, yəni cəmi 26 yaşında.

Çox mürəkkəb, bəzən dözülməz xasiyyətə malik Daunun mükəmməl izahetmə qabiliyyəti vardı. Əslində onunla üz-üzə söhbət eləmək çox çətin idi. Alim hansısa elmi mülahizəni səhv söylədiyinə görə, yaxud hansısa başqa bir səbəbdən istənilən anda istənilən adamı acılaya, təhqir eliyə bilərdi. Ancaq hər kəs onun söylədiyi mühazirəni dinləməyə can atırdı, onun istənilən elmi analizi, şərhi sanki ilahidən gəlmiş kəlamlar kimi dinlənilirdi.

Fzizkin vəzifəsi mürəkkəb məsələni sadələşdirmək, şairin vəzifəsi isə sadəni mürəkkəbləşdirməkdir (Landau)

1937-ci ilin fevralında Landau dövrün tanınan alimi Pyotr Kapitsanın dəvəti ilə Moskva Fiziki Problemlər İnstitutuna gəlir və  Nəzəri Fizika şöbəsinin rəhbəri kimi çalışmağa başlayır. Həmin dövrdə Kapitsa heliumun izah edilməsi mümkünsüz görünən xüsusiyyətlərinin araşdırılmasıyla məşğul idi. Dövlət bu işin tamamlanması üçün limitsiz vəsait imkanı yaratmışdı. Ölkənin ən güclü fizikləri Kapitsanın laboratoriyasına cəm edilmişdi. Həlledici həlqə məhz Landaunun gəlişi oldu. Birgə fəaliyyətin yekunu olaraq, heliumun ifrat axıcılıq nəzəriyyəsi işlənib hazırlandı. Məhz bu kəşfə görə, hər iki alim Nobel mükafatı təqdim olunmuşdu. Lakin, təqdimat hələ çox sonralar baş tutacaqdır. Hələlik isə, ölkədə represiya dövrü başlanmışdı. Sərbəstliyə üstünlük verən, ağlına gələni dilinə gətirməkdən çəkinməyən Lev Landau 1938-ci ilin aprelində, nə qədər parodoksal görünsə də, casusluq iftirasıyla həbs edilir.

"Belə məlum olur ki, mən çoxdandır ki, hansısa fəhlə partiyasına rəhbərlik edirəm. Mən elə bilirdim ki, təkcə formulalar yaza bilirəm. Ancaq sən demə mən həm də siyasi vərəqlər də nəşr etdirməyi də bacarıram. Fizika qəlib gəlmək elmidir" (Landau)

Bu xəbərdən son dərəcə məyyus olan Nils Bor və Pyotr Kapitsa kimi elm nəhəngləri Landaunun azad etmək xahişi ilə Stalinə məktublar göndərirlər. Xeyli müddət müsbət cavab alınmır. Nəhayət, 1939-cu ilin aprelində Kapitsa Molotova  məktub yazır. Heliumla bağlı təcrübənin uğurla başa çatması üçün Landaunun iştirakının qaçılmaz olduğunu bildirir və alimin onun şəxsi zəmanəti müqabilində azad edilməsini xahiş edir. Bu cür yanaşma effekt verir və məkrubdan cəmi bir neçə gün sonra 29 aprel 1939-cu il tarixində Landau həbsdən azad edilir.

Beləliklə, alim yenidən fiziki formullarala işləməyə, dərin savadı və fenomenal qabiliyyəti ilə fizikanın inkişafına yeni təkanlar verməyə başlayır. Günlərin birində, ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atmasından dərhal sonra SSRİ dövləti də atom bombası yaradılması istiqamətdə təcili fəaliyyətə başlayır. Yaradılan alimlər qrupunun tərkibində Dau da vardı. Yeri gəlmişkən, Kapitsa bu sahədə işləməkdən qətiyyətlə imtina etdiyinə görə, SSRİ dövləti onu elmdən tamam uazqlaşdırmış və alimi Moskva altındakı bağ evində ev dustağı kimi yaşamağa məhkum etmişdi. Həmin illərdə bir çox alimlər Kapitsaya məktub yazmağa belə cürət etmədikləri halda Landau tez-tez onu ziyarət edərdi. Buna baxmayaraq, Lev Landaunun elmi uğurları dövlət tərəfindən qiymətləndirilirdi. 1946-cı ildə o, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Dövlət mükafatına və Sosialit Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.

Ümumiyyətlə, ətrafında olan hər kəs Daunun elmi fenomenini nəzərə alaraq,  onun bir sıra qəribəlikləri ilə razılaşmalı olurdular. Alim bəzən həmkarları, yaxud tələbləriylə elmi mülahizələr zamanı qarşısındakının xırdaca səhvini, yanlış fikir yürütməsin boş buraxmazdı, dərhal həmin adamı ələ salmağa, onu kiçiltməyə cəhd edərdi. İş vaxtı sanki "elmlə nəfəs alan" alim, iş vaxtı qurtardıqdan, yəni saat 18 - 30 dan sonra iş barədə danışmadan qaçardı. Nigahı qəbul etmirdi. Hələ gənclik illərində birgə yaşadığı qadını Kora Drabontseva ilə belə bir şərt kəsmişdi ki, birgə yaşayacaqları halda qadın onun eşq macəralarına hər hansı bir etiraz bildirməyəcəkdir. Öz növbəsində o, da qadınına bu mənada təm sərbəstlik vermişdi. Lev və Kora yalnız 1946-cı ildə, yeganə övladları Qarik Landaunun dünyaya gəlməsindən 3 ay əvvəl nigaha girməli olmuşdular.

Lev Landaunu özü üçün təyin etdiyi xoşbəxtlik nəzəriyyəsinin cəmi üç müddəası vardı: "İlk növbədə sevimli iş, daha sonra eşq və nəhayət, insanlarla ünsiyyət". Alim həyatının sonrakı illərini də böyük elmi uğurlar, saysız məhəbbət macəraları və daim tələbələrlə, həmkarlarla ünsiyyətdə yaşadı. 1962-ci ilin yanvarında növbəti eşq macərası axtarışıyla Dubrovka kəndindəki bağ evinə gedərkən, ağır avtomobil qəzasına düçar olur. 3 ay komada qalan dünya şöhrətli fizikin müalicəsi üçün elə dünyanın hər yerindən Moskvaya ya həkimlər gəlir, ya da lazım olan dərmanlar xüsusi reyslərlə göndərilirdi. Nəticədə, Dau həyata qayıdır, ancaq bir daha fizika ilə məşğul ola bilmir. Çünki, beyni ciddi zədə almış alimin hafizəsi tamam pozulmuşdu.

51939230_953227335066818_5398605859066478592_n

Elə həmin ildə dünyanın elm ictimaiyyəti Landaunun hələ 20 il əvvəl işlədiyi heliumun ifrat axıcılıq nəzəriyyəsinin tam mahiyyətini nəhayət ki, dərk edə bildi. Nils Borun təklifi ilə, 1962-ci ildə bakılı alim Lev Landau Nobel mükafatına layiq görüldü.  Lakin, alimin səhhəti ona mükafatın Stokholmda keçirilən təqdimat mərasimində iştirakına imkan vermirdi. Ona görə də, xüsusi hal kimi, İsveçin Moskvadakı səfiri SSRİ Elmlər Akademiyasın Mərkəzi xəstəxanasının iclas zalında Nobel mükafatını öz sahibinə - Lev Davidoviç Landauya təqdim edir. Bu hadisədən sonra alim daha 6 il yaşasa da, daha bir gün də olsa elmlə məşğul ola bilmədi və 1968-ci ilin aprelində Moskvada dünyasını dəyişdi. Özünü sonuncu 60-cı ad günündə Dau bu sözləri demişdi:

"Həyatı pis yaşamadım, həmişə istədiyim hər şeyə nail oldum".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Daglı · 17 Fevral 22:2620

    Moskva Dövlət Univetərsitetində alim- fiziklərin əksəriyyəti Lev Landaunun apardıgı tədqiqatlar əsaslnda elmi dərəcə alıblar,bunu bildiyimdən həmişə ora gedəndə qürür duyurdum həmyerlimizlə. Məqalədə adı çəkilən Kapitsaya ,,,Ən əxlaqlı alim" deyirdilər,kütləvi qırgın silahının tədqiqindən imtina etdiyinə görə. Allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    PRiNS · 14 Aprel 20:0400

    Böyük Yəhudi alimi... Hansı şeherde doğulmasının heç bir ehemiyyeti yoxdur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.