Maraqlı

İraqda ABŞ-a qarşı silahlı üsyan baş verə bilər- ANALİZ

17 Fevral 2019 20:35
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp bazar günü Amerikanın CBS kanalına müsahibəsində İraqdakı "Aynul Əsəd" bazasına çox pul xərclədiklərini bildirərək, "İraqdakı bazanı saxlamaq istəməyimin səbəblərindən biri, İranı bir qədər izləmək istəyimdir, çünki İran bir problemdir", - demişdi. Trampın bu açıqlamaları Vaşinqton rəhbərliyinin 2011-ci ilin sonunda çıxdığı İraqda hərbi varlığını yenidən artırmaq istədiyi iddialarını gücləndirdi.

Trampın bu sözləri isə İraqda ciddi narazılıqlara səbəb olub.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki,  İraq məclisində şiə qruplarla Muqtəda Sədrə bağlı Saiurun Koalisiyası ABŞ və İraq arasındakı təhlükəsizlik müqaviləsinin başa çatması və ABŞ əsgərlərinin ölkədən çıxarılması üçün qərar qəbul etməyə çalışır. Məclisdə mart ayında başlayacaq müzakirələrdə bu məsələnin əsas maddələr arasında olacağı bildirilir.

Şiə qruplardan ABŞ-a etiraz

Baş verənlərin fonunda son günlər Həşdi-Şabi gücündən də ABŞ-ın İraqdakı hərbi varlığı ilə bağlı açıqlamalar səsləndirilir.

Həşdi-Şabi rəhbərlərindən və məclisdəki "Bina" koalisiyası lideri Hadi əl-Amiri ABŞ-ın İraqdakı hərbi varlığını "təhdid" kimi qiymətləndirib.

O, İraq torpaqlarından başqa ölkəyə hücum məqsədi ilə istifadəyə icazə verməyəcəklərini bildirərək, "İraq, Səudiyyə Ərəbistanı da daxil olmaqla heç bir ölkəyə qarşı hücum yeri ola bilməz. Konstitusiya xarici hərbi varlığı rədd edir", - deyə bildirib.

Məclisin digər böyük qrupu Reform və İmar Koalisiyasının lideri Əmmar əl-Həkim də İranı müdafiə edərək, "torpaqlarımızın qonşu ölkələrdən intiqam alınması üçün istifadə niyyəti milli maraq və təhlükəsizliyimizi hədəf almaqdır", söyləyib.

Əsayib Əhlilhaq Hərəkatının lidei Qeys əl-Hazəli də ABŞ əsgərlərinə qarşı mübarizəyə hazır olduqlarını deyib. Hazəli yerli mediaya açıqlamasında, "ABŞ əsgərlərini qaranlıq bir gecədə ölkəmizdən çıxara bilərik", - deyə bildirib.

Ayətullah Seyid Əli Sistani də Trampın açıqlamalarına qarşı, "başqa ölkələrə zərər vermək nöqtəsi olmağı qəbul etmərik", söyləyib.

Silahlı mübarizə və xalq üsyanı xəbərdarlığı

Trampın sözlərinin etiraza səbəb olduğu İraqda Həşdi-Şabi güclərinin yaxın vaxtlarda ABŞ əsgərləri ilə silahlı qarşıdurmaya başlayacağı narahatçılığı var.

İraqın təhlükəsizlik mütəxəssisləri də ABŞ-ın ölkədəki varlığına qarşı xalq üsyanı və silahlı qarşıdurma xəbərdarlığı səsləndirirlər.

Təhlükəsizlik və terror mütəxəssisi Dr.Əmir əs-Saadi, "İraq baş naziri Adil Əbdülmehdinin ABŞ qüvvələrini ölkədən çıxarması üçün qanun imzalamasına ehtiyac yoxdur. İki ölkə arasında uzunmüddətli təhlükəsizlik müqaviləsi var. ABŞ-ın İraqdakı hərbi varlığı da bu müqaviləyə əsaslanır. Əbdülmehdi ABŞ rəhbərliyi ilə imzalanmış bu müqaviləni rədd edə bilər," - deyə bildirib.

ABŞ-ın Orta Şərqdə strateji maraqlarının olduğuna diqqət çəkən Saadi, İraqdakı siyasi qrupların Əbdülmehdiyə sözügedən müqavilənin ləğvi üçün təzyiq göstərməsi və dəstək verməsi lazım olduğunu deyib.

Trampın Ənbardakı Aynul Əsəd bazasına səfər etməklə bu müqaviləni pozduğuna diqqət çəkən Saadi, "ABŞ razılaşmaya əməl etməzsə, silahlı qruplar və xalq ABŞ-a qarşı ayağa qalxa bilər. Silahlı mübarizə ilə bərabər xalq kütlələri də küçələrdə etiraz aksiyaları keçirərək, "Yaşıl bölgə"ni basa bilər. İraqda ABŞ-a qarşı silahlı müqavimətin yenidən ortaya çıxması onlara 2011-ci ildən əvvəlki vaxtı yaşada bilər", söyləyib.

ABŞ əsgərləri ya çıxacaq, ya da çıxacaq

Muqtəda Sədrə bağlı Sairun koalisiyasından olan millət vəkili və məclisdəki Reform Koalisiyasının qrup rəhbəri Sabah Saadi İraqın müstəqil bir ölkə olduğunu və heç kimə boyun əyməyəcəyini söyləyib.

O, "ABŞ əsgərləri Məclisin verdiyi qərarla ölkəni tərk edəcəklər. Bunlar İraqdan ya çıxacaqlar, ya da çıxacaqlar", - deyə vurğulayıb.

İraq Strateji Mütəxəssislər Mərkəzinin rəhbəri Sabah Zəngənə isə ABŞ-ın İraq və bölgədəki hərbi varlığını "təxribat" adlandırıb:

"ABŞ bölgədəki planlarının başa çatmadığını düşünərək İraqdan yenidən güclənmək istəyir. ABŞ İraqda İrana yaxşın Həşdi-Şabi qruplarının müqaviməti ilə üzləşə bilər. ABŞ əsgərləri Mosulda Həşdi-Şabi qruplarının yanından keçərək onları təxribata çəkmək istədi. Bu gün İraqda hər hansı bir problem yoxdur. ABŞ yenidən gələrək həm problem yaratmaq, həm də problemləri həll edən imici qazanmaq istəyir."

ABŞ qüvvələrinin ölkədən çıxarılması ilə bağlı Məclisin verdiyi qərarı hökumətin də dəstəkləmək məcburiyyətində qalacağını söyləyən Zəngənə, "hökumət Məclisin qərarlarını yerinə yetirməsə, İraqda yeni böhran yaranar və ölkə qara günə düşər", - deyə bildirib.

ABŞ-ın İraqda hərbi varlığı

ABŞ 2003-cü ildə işğal etdiyi İraqda təxminən 166 min əsgəriylə 2011-ci ilə qədər qaldı. Bu tarixdən sonra prezident Barak Obamanın əmri ilə bütün əsgərlərini İraqdan çıxarmışdı.

Ancaq İŞİD terror təşkilatının 10 iyun 2014-cü ildə ortaya çıxmasından sonra İraqın baş naziri Nuri Əl-Malikinin çağırışı ilə ABŞ əsgərlərini yenidən İraqa göndərmişdi.

ABŞ Xarici İşlər Nazirliyinin açıqladığı son hesabata görə, iki ölkə arasında 2014-cü ildə imzalanan hərbi strateji müqaviləyə görə İraqda 5 minə yaxın ABŞ əsgəri var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.