Maraqlı

Yuxusuzluğun fəsadları

16 Fevral 2019 21:45
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yuxu pozulmalarının 90-dan çox növü var. Müalicə olunmadıqda ciddi sağlamlıq problemlərinə və ani ölümə gətirib çıxara bilər.

İnsan həyatının üçdə birini yuxuda keçirir. Yuxu, bədənimizə istirahət, canlanma, yenilənmə kimi təsir edir. Bəzi vacib hormonlar, xüsusilə melatonin və böyümə hormonu yuxuda ifraz edilir. Hər gün 8-8,5 saat gecə yuxusu sadəcə, beyin üçün deyil, digər orqanların da normal işləməsi üçün vacibdir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, yuxusuzluq tibdə insomnia adlanır və yuxu pozulmasının bir növüdür. Müalicə edilmədikdə zamanla bir sıra ciddi xəstəliklər üçün zəmin yaradır. İnsanların yarısı həyatının bir dönəmində yuxusuzluq problemi yaşayır, amma təxminən 20%-ə qədəri xroniki yuxusuzluqdan əziyyət çəkir. Yuxusuzluğun bir xəstəlik kimi qəbul edilməsi üçün onun ən azı 3 ay davam etməsi lazımdır.

Yuxusuzluğu olan insanlar üzərində dünyanın bir sıra aparıcı mərkəzlərində araşdırmalar aparılıb. Məlum olub ki, gecə 6 saatdan az yatan insanların sağlamlıq problemləri yaranır. Bu sağlamlıq problemləri arasında, əsasən, yüksək qan təzyiqi, ürək xəstəlikləri, şəkər xəstəliyi, piylənmə, depressiya və ani ölumlər yer alır. Neyro-radioloji araşdırmalar göstərir ki, yuxusuzluq sonrası beyin zehni fəaliyyət göstərmək üçün daha çox güc sərf etməyə məcbur olur. Yuxusuzluqdan əziyyət çəkən insanlarda demək olar ki, hər gün baş ağrısı, halsızlıq, yorğunluq, diqqət əksikliyi, yaddaşda azalma, problem həll etmə, iş və öyrənmə qabiliyyətinin azalması müşahidə edilir. Beləliklə, həyat keyfiyyəti aşağı düşür. Bu insanların iş və yol qəzaları törətmə halları artır.

Xroniki yuxusuzluq immun sistemini də zəiflədir və xərçəng xəstəliyinə səbəb ola bilir, hətta genimizi dəyişərək mutasiyaya gətirib çıxarır.

Hamilələr xüsusilə yuxu rejiminə diqqət etməlidir, çünki onların yuxusuzluq zamanı gördüyü zərərə döl də məruz qalır.

Digər yuxu pozulmaları arasında yuxuda gəzmə, xorultu, yuxu apnoesi, gündüz çox yatma, yuxuda sidiyə çıxma, yuxuda kabuslar və s. yer alır.

Müalicəsi olmayan yuxu pozulması yoxdur. Yuxusuzluğu olan insanlar nevroloji müayinədən, yuxu testlərindən keçməli, fərdi müalicə almalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.