Maraqlı

Babasil - Həkimə vaxtında gedin

16 Fevral 2019 22:15
1 Şərh     Baxış: 2 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Babasil (hemorroy)-insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir.

Hemorroy-düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsidir.
Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi (aşağıya doğru sürüşməsi) baş verir. Bir çox halda düyünlərin ölçüləri xeyli artaraq, onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çətinləşməsi, anal dəlik ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı kimi ilkin əlamətlər qeyd edilir. Daha sonra hemorroy xəstəliyinin əsas əlaməti olan düz bağırsaqdan qanaxma başlayır. Qanaxma defekasiya aktı (nəcisin xaric edilməsi) zamanı baş verir. Bu zaman qan al-qırmızı rəngdə olub bəzi hallarda nəcis ifrazından sonra şırnaqla xaric olur, əksər halda isə xəstələr ilk dəfə olaraq alt paltarlarında və ya tualet kağızında qan izləri görürlər. Bəzi hallarda hemorroidal qanaxmalar güclü də ola bilər. Daha sonra hemorroidal düyünlər anal dəlikdən xaricə də çıxa bilər. Bəzi hallarda xəstələr düyünlərin xaricə çıxmasını hiss edərək, öz barmaqları ilə onları geriyə-içəri salmalı olurlar. Daxili babasilin ciddi fəsadlarından biri düyünlərin boğulmasıdır. Bu zaman xaricə çıxmış düyünləri içəri salmaq mümkün olmur və arxa dəlikdə sıxılmalar nəticəsində onların boğulması baş verir.

Babasilin fəsadlarından biri hemorroidal düyünlərin trombozudur. Bu zaman düz bağırsağın daxilində çox güclü ağrı və orada yad cismin olması hissiyyatı yaranır.

Arxa dəlik ətrafında qanaxma və ağrı qeyd edildiyi ilk hallarda insanların yol verdiyi ən böyük səhv, həkimə gec müraciət olunmasıdır. Bir çox insanda belə bir səhv fikir formalaşıb ki, babasil qorxulu xəstəlik deyil. Yuxarıda bu xəstəlik zamanı baş verə bilən fəsadların bir hissəsinin qeyd edilməsi yəqin ki, bu fikrin səhv olduğunu zənn etməyə imkan verir. Bundan başqa, yadda saxlamaq lazımdır ki, arxa dəlik ətrafında qanaxma və ağrılar yalnız babasil deyil, ondan daha qorxulu olan (məsələn, düz bağırsaq xərçəngi) xəstəliklərin də əlaməti ola bilər.

Babasilin ilkin əlamətləri hiss edilən kimi, xəstəliyin ağırlaşmasının qarşısını vaxtında almaq üçün tez bir zamanda həkimə müraciət etmək lazımdır. İlkin dövrlərdə onları medikamentoz yolla da müalicə etmək mümkündür. Gecikmiş hallarda isə həkimlər cərrahi müdaxiləyə müraciət etməli olurlar.

Babasilin risk faktorları:

- xəstəliyə irsi meylliliyin olması;

- bədən çəkisinin normadan artıq olması;

- uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdə işləmək;

- ağır əşyaların qaldırılması;

- xroniki qəbizlik;

- alkoqollu içkilərin xeyli miqdarda qəbul edilməsi;

- tez-tez kəskin, qıcıqlandırıcı qidaların qəbul edilməsi;

- təkrar hamiləliklər (xüsusən də uşağın ölçülərinin böyük olması və çoxdöllü hamiləlik zamanı) və s.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.