Maraqlı

Yuxunun mahiyyəti barədə

9 Fevral 2019 21:15
0 Şərh     Baxış: 1 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yenə İmam Mühəmməd Baqir (ə) buyurmuşdur: "Elə bir adam yoxdur ki, yatanda ruhu səmaya yüksəlməsin, canı (bədənin idarəetmə qüvvəsi) isə bədənlə birlikdə qalmasın. Onların arasında Günəş şüası kimi rabitə yaranar. Əgər Allah canın alınmasını əmr etsə, can ruhun dəvətini qəbul edər (və Onun hüzuruna tələsər). Əgər Allah ruha qayıtmaq icazəsi versə, ruh canın yanına dönər. "Allah (əcəli çatan kimsələrin) canlarını onlar öldüyü zaman alar" ayəsinin mənası da budur" (Məcmə əl-bəyan və Safi təfsirləri, Zümər surəsinin 42-ci ayəsinin təfsiri).

Milli.Az islam.az-a istinadən bildirir ki, bu hədisdə "ruh" və "can" kəlmələri bir-birinin yerində işlənmişdir. Belə ki, hədisdə Allahın hüzuruna yüksələn substansiya "nəfs", bədənlə birlikdə qalan substansiya isə "ruh" adlandırılır. Burada ruh - bədənin həyatını təmin edən həyatverici qüvvə mənasını daşıyır; bunu dilimizdəki "can" kəlmısi ilə ifadə etmək daha uyğundur. Can insanın fərdi (individual) xüsusiyyətlərini daşımır, bütün insanlar üçün eynidir. Əksinə, Allahın hüzuruna qalxan, qayıdıb-qayıtmaması Allahın əmrinə bağlı olan substansiya isə insanın fərdi xüsusiyyətlərini özündə əks etdirən, əməllərinə nəzarət edən, əxlaqi dəyərlərə sahib çıxan ruhdur. Bu ruhun bədən üzərindəki hakimiyyəti insanın axirət taleyini müəyyənləşdirir...

İnsan ruhu bədəndən ayrıldıqdan sonra ruhlar aləmi ilə əlaqədə olur, keçmişə və gələcəyə aid bəzi bilgilər əldə edir. Düzgün (sadiq) röyaların əsasını da bunlar təşkil edir.

Deyilənlərdən aşağıdakı nəticələri ala bilərik:

1.  İnsan ruh ilə bədəndən ibarətdir. Quranda buyurulur: "Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona səcdə edin!" (Sad surəsi, 71-72-ci ayələr).

2.  İnsanın həqiqəti, əsil mahiyyəti bədən deyil, ruh adlı substansiyadır. Ölüm anında ruh bədəndən tam ayrılır, bədən bu dünyada qalır və torpağa tapşırılır. Ruh isə Allahın dərgahına aparılır.

3.  Yuxu və ölüm anında ruh bədəndən ayrıldığı üçün bu iki hal bir-birinə oxşardır.

4.  Lakin yuxu ruhun bədəndən müvəqqəti ayrılması deməkdir. Yuxu zamanı insanın həyatı davam edir, bədəninin bioloji funksiyaları öz işində olur, yəni can bədəndə qalır.

5.  Yuxu müvəqqəti ölüm deməkdir. Yuxudan oyanma da müvəqqəti dirilikdir. Yuxunun mahiyyətini anlayan şəxs ölümün mahiyyətini də dərk edər.

6.  Yuxu dərketmə prosesidir. İnsanın həmişə fəaliyyətdə olan xəyal qüvvəsi bəzən yuxuya təsir edir. Belə ki, insanın təmasda olduğu xarici aləmin obyektlərini xəyal qüvvəsi yuxu zamanı insana göstərir. Bəzən isə xəyal qüvvəsi insanın spesifik xüsusiyyətlərindən, əxlaqi səciyyələrindən bəhrələnir və obrazlar yaradır.

7.  Beləliklə, yuxuların əksəriyyəti nəfsin xəyallarından ibarətdir. Bunlar ya xarici, ya da daxili səbəblərdən qaynaqlanırlar. Nəfs bunlar üzərində xəyallar qurur və onları obrazlı şəkildə canlandırır.

8.  Bununla yanaşı, yuxunun mahiyyətində xarici və daxili səbəblərdən asılı olmayan həqiqət payı da vardır. Çünki doğru yuxuların olması inkaredilməz həqiqətdir. Bu cür yuxular heç bir xarici və ya daxili səbəbdən qaynaqlanmır.

9.  Mücərrəd (abstrakt) nəfs yuxunu metafizik aləmlə, yəni misal və ya əql aləmi ilə bağlayır.

10. Nəfs nə qədər kamildirsə, mücərrəd mənaları dərk etmək də onun üçün bir o qədər asandır. Kamil nəfs varlıq aləminin səbəblərini olduğu şəkildə qavraya bilir. Əks halda isə varlıq aləminin səbəblərini xəyal həddində dərk etməyə qadir olur. Elə buna görə doğru yuxular yalnız səlim (sağlam) nəfsə və gözəl əxlaqa malik insanlarda müşahidə edilir.

11. Nəfs qeyb aləmi ilə rabitə qurduqda bu aləmdə gördüklərini misal (metafizik) formasında təsəvvür edir. Məsələn, elm ona nur şəklində görünür və buna görə yuxu yozmalarında nur elm deməkdir.

12. İnsan öldükdən sonra ruh tamamilə bədəndən ayrılır və onun mücərrədliyi (abstraktlığı) daha da güclənir. Bu vəziyyətdə ruh təsəvvür edilməz imkanlara sahib olur. Məsələn, o, bir anda bütün təbiət alıminin mahiyyətinə vaqif ola, dostların hədiyyə etdikləri bütün savab və ehsanları qəbul edib onlardan bəhrələnə bilər. Buna görə hədislərdə təkid edilir ki, ölülərin məzarı üstə gedib ruhlarına Quran oxuyaq, xeyir işlər görüb savabını onların ruhuna hədiyyə edək. Ölülərin ruhu daha azad olduqları üçün dirilərin yuxusuna da gələ bilirlər. Lakin oyaq və ya hətta yatmış insanın ruhu bu qədər azadlığa sahib deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.