Maraqlı

Məşhur həkimdən ŞOK SÖZLƏR

11 Fevral 2019 04:30
3 Şərh     Baxış: 4 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış həkim Peteris Klyava müsahibəsinin ikinci hissəsində uşaq xəstəliklərinin əsas səbəblərini bəzəmədən, düz xətt üzrə açıq şəkildə izah edib. Razılaşın ki, bu, bəzən baha başa gələ bilər.

Milli.Az Peteris Klyavanın müsahibəsinin ikinci hissəsini təqdim edir:

- Uşaqlar ən çox hansı travmaları alır?

- Biz Avropada ictimai nəqliyyatın və avtomobillərin küçələrdə uşaqların ölümünə səbəb olması üzrə birinci yeri tuturuq. Latviyada sərxoş ataların uşaqları ilə kvadrosikl sürməsi çox adi haldır və ya uşaqlara da idarə etməyə icazə verirlər. Belə sərbəstlik ciddi travmalara səbəb olur. Həmçinin uşaqlar velosiped və çarxları dəbilqələrsiz sürürkən travma alır və ya çarhovuzlarda boğulurlar. Bədbəxt hadisələrin çoxu tibbi dərmanlar, kimyəvi maddələr və yanıqlarla bağlıdır. Yanar maye ilə oynayan uşaq oda yaxınlaşdığı zaman sözsüz ki, ağır xəsarət alacaq. Yeri gəlmişkən, əgər uşağın üstünə qaynar su tökülüb və ya yanıq xəsarəti alıbsa, ona edə biləcəyiniz yeganə yardım yanmış nahiyəyə 3-5 dəqiqə soyuq su tökməkdir. Bu, ağrını və yanığın zərərlərini azaldır. Yəni yanığın dərəcəsini zəiflədir.

- Məyusluq yaradan uzun siyahınızın səbəbi nədir?

- Əsas səbəbi: Latviyada və bütün dünyada valideynlərin 60-70%-i ağıldan kəmdir. Xəstəxana mühafizəçilərin müşahidələrinə əsasən valideynlər uşaqlarını xəstəxanaya ön oturacaqda və təhlükəsizlik kəmərini bağlamadan gətirir. Hər gün valideynlərin cahilliyi, axmaqlığı və diqqətsizliyi ucbatından onlarla uşaqların əzabını və ölümü görürəm. Mən sistemli cəhalətdən danışıram. Təsəvvür edin ki, bir dəfə balaca bir qızcığaz kanalizasiya sisteminin təmizlənməsi üçün olan kimyəvi maye içmişdi. O, mətbəxdə çanağın yanında şüşə bir limonad butulkasında olub. Avropada ona bizim pulla 200 min avro dəyərində qaraciyər köçürtdülər.

- Bir çox valideyn çox yorulduğuna və çox iş gördüyünə diqqət etmir. Dövlətin uşaqlı ailələri nə cürsə dəstəkləməsi pis olmazdımı?

- Hər il on minlərlə uşaq aclıqdan ölür. Bu yaxşıdır, yoxsa pis? Özünüz düşünün, əgər bütün uşaqlar sağ qalsaydı, onda hamısına keyfiyyətli qida çatardımı? Yaxın Şərqdə hər kəs tualet kağızı istifadə etsə, onda bir neçə il içində planetdə bir ağac belə qalmazdı. Demək istədiyim odur ki, əgər hər kəs sivil qaydada yaşasa, onda iyirmi il sonra Yer kürəsi ölər. Yaxşı yaşamaq hər kəs üçün deyil. Əhali sayının azalması cəmiyyətin duyğusallığı baxımdan qorxuludur, amma elmin məntiqi nöqteyi-nəzərindən lazımdır. Odur ki, dünyada heç kim sizin uşağınızın sağ qalmasının xüsusi qayğısına qalmayacaq. Ona narkotiklər verilir ki, özü ölsün, həm də əvəzində pul ödəyir. Dönüşü olmayan keçid nöqtəsi! Odur ki, düzəliş edən tənzimləmə müxtəlif səviyyələrdə həyata keçiriləcək.

- Sizə heç irqçi deyiblər?

- Bəzən. Bir yerdə oxudum ki, Birləşmiş Millətlər Təşkilatı artıq uşaq əməyinin istismar olunmasını hər hansı bir zorakılıq problemi olmadığını düşünür. Yəqin ki, bu, həyatın normasına çevrilib.

Kurzeme və ya Latqaledə (Latviyada yer adları) donmuş, ac və zorakılığa məruz qalmış uşaqları görəndə, valideynlərin uşaq sahibi olmasına niyə icazə verildiyini anlamıram. Üstəlik, bunu "insan hüququ" adlandırırlar. Bu, axmaq bir mədəniyyətdir. Doğuş sayına nəzarət tələb olunur. Müxtəlif ölkələrdə bir zamanlar yalnız pedofillərdə deyil, eyni zamanda anormal, əxlaqsız səviyyədə yaşayan insanlarda da sterilizə (dölsüzləşdirmə) aparılırdı. Əks halda onların uşaqları xəstəlikdən, yoxsul bəslənmədən və qayğıdan əziyyət çəkəcək.

Yanıma huşsuz uşaq gətirəndə nə baş verdiyi anlamaq üçün üç saniyəm var. 4-cü dəqiqədə artıq uşağın vəziyyətini yaxşılaşdırmaq üçün hərəkətə keçirəm. Cəmiyyətin və ölkənin digər prosesləri də eyni şəkildə idarə edilməlidir.

Son 10 ildə xəstəxanamız inkişafda böyük bir sıçrayış etdi, uşaqlara kömək etmək üçün böyük imkanlar var. Lakin uşaqların mənəvi, əxlaqi və fiziki vəziyyəti mütənasib olaraq pozulur. Həyatdan bir neçə nümunə verəcəyəm. Bir dəfə bir uşaq kimyəvi məhlul içmişdi. Nəticəsi dəhşətli idi, qida borusundan yoğun bağırsağa qədər bir çox orqan transplantasiyası lazım idi. Uşaq komada idi. Gənc ana isə oturub ağlayırdı. Bütün bunların necə baş verməsi ilə maraqlanmağa başladım. Danlamaq üçün deyil, bu dəhşəti dərk etməsi üçün. "Hamama getdi, götürdü və içdi" deyə ana izah etdi. Günahkar uşaqdır, təsəvvür edirsiniz?

Başqa bir uşaq isə piknikdə manqal üzərinə yanar məhlul tökmüşdü və ağır dərəcəli xəsarətlər almışdı. Reanimasiyada ana ilə ata bizə əmr və göstərişlər verməyə başladı. Ay səfeh, sən alovun qarşısında dayananda göstəriş verməli idin, burada yox! Məcbur olub dedim ki, əgər bir kəlmə də desəniz, polis çağırıb cinayət hadisəsi olduğu barədə protokol tərtib edəcəyik. Ata dərhal səsini kəsib yerində oturdu və işimizə müdaxilə etməyi dayandırdı.

Başqa bir misal sirkə essensiyası ilə bağlıdır. Nənə bağda xiyar turşusu bağlayarkən 4 yaşlı nəvə içinə sirkə essensiyası tökülən "Cola" şüşəsini başına çəkmişdi. Bütün bunlar nənənin gözü qarşısında baş vermişdi.

Bir dəfə də xəstəxanaya üstünə qaynar su tökülmüş uşaq gətirmişdilər Məlum oldu ki, hadisə uşaq bütün günü günəşin altında oynayan, ana isə günəş vannası qəbul edən zaman baş verib. Və belə anaya heç bir cəza verilməyəcək. Beyinsiz böyüklərin uşaqlarla özbaşınalığının qarşısını almaq lazımdır. Yenə deyirəm, elə hadisələr var ki, onlar baş verməli deyil.

- Hansılar?

- Məsələn, bütün kimyəvi təmizləyicilər və dərmanlar mətbəxdə uşaqlar üçün əlçatmaz olmalıdır. Latviyada beta-blokerlərdən ölən uşaqlar olur. Nənələr üçün nəvəsini müəyyən mənada öldürdüyünü qəbul etmək çətindir. İstəmədən də olsa, məsuliyyətsizlikdən irəli gəlir. Hər ikisi də yazıqdır.

Limonad şüşəsini kimyəvi təmizləyicilərlə doldurmaq olmaz. Doktor Dina Sviridova valideynlər üçün Kanadanın pediatriya üzrə kitabını tərcümə edib. Nəşrin sonunda 40 səhifə uşağı mətbəxdə, maşında, zooparkda, ümumiyyətlə hər yerdə qorumağın yollarına həsr olunub. Bizdə isə uşaqlar hələ də itin hücumuna məruz qalır. Bizim üçün ən çətini velosiped dəbilqəsinin lazımlılığını sübut etməkdir.

Arzu edirəm ki, təsadüfən doğulacaq uşaqlar onların məsuliyyətini çəkən bilən ailələrdə dünyaya göz açsın. Almaniyada gənclər arasında "Prioritetləriniz nədir" sualı ətrafında sorğu keçirilib. 70 faizi təhsil, iş, gəlir, həyat keyfiyyəti və mədəniyyət səviyyəsinin onlar üçün vacib olduğunu bildirib. Uşaqlar ən sonuncu yerdə gəlib. Bu, o deməkdir ki, almanlar "Uşağa nə verə bilərəm" sualına cavab tapdığı və onu reallaşdırmaq gücünə malik olduğu zaman övlad sahibi olmağa qərar verir. Ən azı sivil yanaşmadır. İnsanların şüursuz şəkildə övlad dünyaya gətirməsi artıq məsuliyyətsizlikdir.

- Onda niyə ölümə məhkum olan uşaqları xilas etməyə çalışırsınız?

- Liepada müharibə zamanı məşhur yəhudi cərrah Zik yaşayırdı. Onu öldürmədilər. Almanlar üçün yaxşı işlədi. Qırmızı Ordu gəldikdən sonra almanlara kömək etdiyi üçün onu vurmaq istədilər, lakin o, Qırmızı Ordu üçün də yaxşı işləməyə başladı. Daha sonra qızıl skalpel aldı. Hər bir insan taleyin onun üçün təyin etdiyi öhdəliyi yerinə yetirməlidir. Bu, Allah, başqaları və öz vicdanımız qarşısında vəzifədir.

- Cəmiyyətin inkişaf səviyyəsi uşaqların tərbiyəsinə təsir edirmi?

- Bizim məhdud, cahil düşüncə səviyyəmiz necədirsə, dünyaya da o gözlə baxırıq. Tibetdə buna karma öngörməsi deyilir. Bir insanın uşağına verə biləcəyi ən yaxşı şey, öz avamlığını və cahilliyini azaltmaqdır. Fribax deyirdi ki, malikanədə və daxmada düşüncələr fərqlidir. İtlərə uşaqlardan daha çox qayğı göstərildiyini görəndə, ağlamaq istəyirəm. Onları sığallayır, çimizdirir, öpür və bəsləyirlər. Dünyada bütün bu qayğıya ehtiyacı olan nə qədər uşaq var? Belə olan halda hansı sivilizasiyadan söhbət gedə bilər?

Dünyada müharibələr, oğurluq, qətllər baş alıb gedir, doğum sayı, xəstəliklər və s. nəzarət edilmir. Sialkovskiy, Uspenski, Berdyayev kimi bir çox qərb alimləri sivilizasiyanın inkişafının yeddi cədvəli haqqında danışırdılar. Biz hələ sıfır səviyyəsindəyik. Planet yalan və zorakılıqla idarə olunur. Harvard və digər universitetlərdə şəxsi mənafe və xeyir naminə dünyanı zorlamaq öyrədilir.

Peyğəmbərlərin və Tibet müqəddəslərinin danışdıqları ilə müqayisədə bizim sivilizasiyamız daş dövründə qalıb. Ziyalı valideynlər güzəştlər axtarır. Müdriklik ağıl strukturunun bilikləridir. Uşaqların daha ağıllı gələcəkdə yaşaması isə kainatın güzəştidir.

- Bir neçə il əvvəl siz ölüm cəzasını açıq şəkildə müdafiə etmişdiniz. Fikrinizi dəyişdirməmisiniz ki?

- Xeyr, dəyişməyib. Mən Sinqapurda və Birləşmiş Ərəb Əmirliklərində pedofillərə qarşı tətbiq olunan ölüm cəzasını və qanunları dəstəkləyirəm.

- Kriminal xəbərlərini oxuyanda görürsən ki, xeyir və şər haqqında elementar düşüncələr öz mənasını itirib. Anlayışların dəyişməsi baş verir.

- Bir insan o qədər inkişaf etməmiş heyvandır ki, o, qorxuya tabe olur. Yalnız qorxu onu ədəb çərçivəsində saxlayır. Bu gün artıq heç nədən qorxmurlar. Qorxunu ləğv ediblər. Pedofiliya qorxusuyla demokratiya qalıb.

Problem demokratiyada deyil, onun dərk edilməsindədir. İnqa Mart Txurdkildsen (Norveçdə uşaqların və gender hüquq bərabərliyinin işləri üzrə naziri. O, müsahibədən birində yaxın qohum nikahlarını Norveçdə "sosial ənənə" adlandırıb) ibtidai siniflərdə yaxın qohumlar arasında nikahlara həsr edilmiş dərslər daxil olunması üçün mübarizə aparır. Bu, onlar üçün normadır. Uşaqlara valideynlərin onları hansı əlamətlərə əsasən cəzalandıra biləcəyi əvvəlcədən öyrədilməlidir. "Heç nə olmayacaq" düşüncəsi son əyləci boş buraxır. Biz daha Çexov, Tolstoy, Puşkin, Blaumanis, Raynis kimi əsərləri oxumuruq. Cəmiyyətin üzərindən qorxu idarəsini soyunduranda Qərbin təklif etdiyi cəmiyyət qurulur. Əlbəttə ki, bütün Qərb belə deyil, amma söhbət tendensiyalardan gedir. Qərb cəmiyyəti mənəvi baxımdan dağılır. İki nəslin təhrif etdiyi demokratiya ilə istənilən cəmiyyəti dağıtmaq olar. İndi cəmiyyətin daha ağıllı olması üçün hər hansı mexanizm yoxdur. Böyük əksəriyyət bir günlə yaşamağa və tikəni nə bahasına olursa-olsun qopartmağa çalışır. Uşaqlar da sağ qalma atmosferində başqasının hesabına böyüyür.

- Heç bir şans yoxdur?

- Sübut olub ki, müdrik biliklər əsasında qərar verən insan özünü və ətrafını da dəyişdirir. Valideynlər özünü inkişaf etdirməli, təhsil və yenə də təhsillə məşğul olmalıdır. Bəzi ölkələrdə mənəviyyata önəm hələ qalıb, Qərb isə ondan qorxur. Söhbət dini səviyyədə mənəvilikdən getmir, müasir elmdə kosmik mənəviyyatı nəzərdə tuturam. Bu, bəşəriyyətin gələcəyidir.

- Ailədə liderliyi kim öz üzərinə götürməlidir?

- Ailədə hər şey atadan başlanır. Amma atalar korlanıb. Onları tərk edilmiş və ya ərləri içkiyə aludə olan qadınlar böyüdür. Belə ana yalnız "mama uşağı" böyütməyə qadirdir. Bu kompleksli oğullar ailə qura və dövləti qoruya bilmirlər.

Kişinin kompleksi bəşəriyyətin bəlasıdır. Ağıllı, məsuliyyətli və ləyaqətli kişilərin yetişdirilə biləcəyi pionerləri və skautları qaytarmaq yaxşı olardı. Avropada 8 milyon ali təhsilli kişi işləmir. Çünki hər şeyi asanlıqla və daha rahat yolla əldə etmək istəyirlər.

- Bəli, gənc kişilərin infantalizmi haqqında daha çox eşidirik. Onları dəyişdirmək mümkündür?

- İndi insanlar dünyaya dair fikirləri məhdud və cahil qorxu və biliklərdən tikməyə, eyni zamanda uşaq sahibi olmağa çalışırlar. Əgər uşağı ilahi bir mənəvi varlıq, Allahın möcüzəsi olaraq qəbul etsəniz, o zaman onun potensialı sonsuza qədər uzanır və uşaq enerji dolu böyüyür. Bəs hər şey fərqli olarsa? Bu, uşağın müdrik və parlaq gələcəyinin "sünnəti" və ya əlindən alınması deməkdir. Təkrar edirəm, bu gün hər şey analar və atalardan asılıdır. Onların övladları artıq heç kimə lazım deyil! Məktəb mühümdür. Ağıllı insanların kollektiv intellekti xoş niyyət və əməldir. Gəmidə minlərlə adam ola bilər, ancaq 30 adam tərəfindən idarə olunar və bu, doğru yerə getmək üçün kifayətdir. İnsanlara müasir psixoloji məlumat səviyyəsində kömək edilməlidir və mən bunu öz məruzələrimdə edirəm.

- Ali təhsilsiz yüz minlərlə ana və ata sizə etiraz edəcək: Biz akademik biliklər olmada da layiqli uşaqları yetişdirdik. Bir çoxları da artıq hər şeyi bildiyini iddia edəcək.

- Heç bir akademik təhsili və yüksək intellekti olmayan valideynlərin 3 yaşlı ölmüş körpələrinin ürəyini başqasına verməyə razılaşdıqları anı həmişə xatırlayıram... Vacib deyil ki, sən akademik olasan. Əgər kim olduğunu bilirsənsə, həm mənəvi cəhətdən kamilləşirsənsə, həm də ağlını inkişaf etdirirsənsə, dünyəvi təhsil əhəmiyyətli deyil. Bu ən yüksək hikmətdir. Yadınıza salın, hansı müqəddəsin ali təhsili olub?

- Onların sevgisi var idi...

- Kriminal keçmişi olan bir ananı xatırladım. O, bir çox yoluxucu xəstəlikləri olan uşaq dünyaya gətirmişdi. Reanimasiyada olarkən o, başqa bir ananın telefonunu oğurlamışdı. Onu qınamaq yox, tərbiyələndirmək lazımdır. O sevilməyib və bunun nə demək olduğunu bilmir. Fransız psixoterapevtlər göstərir ki, əgər bir adamı gündə 32 dəfə sığallamasanız, o, xoşbəxtlik hissini qazana və inkişaf edə bilməz. Bir-birimizi nə qədər az sığalladığımıza fikir verin... Əgər bu yanaşma dünyada hakim olsaydı, onda sivilizasiyamız tamamilə fərqli olardı.

- Sizin üçün sevgi nədir?

- Sevgi həm anlayış, həm də vəziyyət kimi mövcuddur. Yer səviyyəsində sevgi konsepsiya olaraq - məsuliyyət, xüsusilik və zəngin bilik vermə qabiliyyətidir. Bununla da ürək öz vəzifəsini yerinə yetirir.

Mənəvi olaraq məhəbbət tam aydınlanma və mütləq şəfqətdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.