Maraqlı

İslamın bəşər sivilizasiyasına töhfələri

20 Yanvar 2019 19:45
0 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maarifİslamın bəşər sivilizasiyasına təkan vermək qudrəti başqa dinlərdən daha üstündür. Müqəddəs Quranımızın mübarək "Həcc" surəsinin 47-ci ayəsində buyurulur: "...Həqiqətən, Pərvərdigarın yanında sənin bir günün şirin saydığınız min il kimidir." Bu ayəyə istehza edənlər də oldu. Nəhayət, Nyutonun mütləq zaman və məkan daxilində mövcud olan mexanikanın əksinə XX əsrdə Albert Eynşteyn (1879-1955) nisbilik nəzəriyyəsini meydana gətirdi ki, burada zaman cisimlərin sürətindən asılıdır. İndi nisbilik nəzəriyyəsi kimi tanıdığımız Qurandakı bu fövqəladə hadisəyə dahi Nizami də "Xəmsə"də işarə etmişdir:

"Həzrəti Məhəmməd məkansızlıq məkanında vaqe oldu". Sonralar A. Eynşteynin yarımçıq qalmış elektromaqnit nəzəriyyəsini də sona çatdıran müsəlman alimi Əbdüssəlam (1926-1979) Nobel mükafatına layiq görüldü.
Milli.Az ahlibeyt.ge-yə istinadən bildirir ki, Qərb dünyası zaman-zaman Şərqin müdrikliyindən bəhrələnib. Vaxtilə Avropada mədrəsə belə olmadığı dövrdə Bağdad İslam Universitetində bütün fənlər, hətta fəlsəfə və əxlaq tədris olunurdu. Altı min tələbənin təhsil aldığı bu elmi mərkəzdə xaricdən yəhudi və xristianlar da üz tuturdular... İngiltərədə ənənəvi "Şərqin min bir möcüzəsi" adlı keçirilən sərgi də müsəlman aləminin qədim zənginliyindən xəbər verir. Burada Şərqə məxsus naidr eksponatlar - xalçalar, əlvan xalılar, çini qablar, oyma və döymə sənət nümunəsi, saxsı məmulatları, sikkələr, döyüş sürsatları, hərbiG, milli paltarlarımız, hətta qədim qayçı, ütü (ütü- ütyuq, ütmək felindəndir)... nümayiş olunur. Keçmişdə müsəlmanların qalan məscid, mədrəsə, körpü, hamam, məbədlər göstərir ki, din və mədəniyyət necə də doğmadır. Onların vaxtilə yaratdığı misgərlik, dulusçuluq, nəqqaşlıq, daş, ağac, fil sümüyündən yaratdığı məmulatlar, oymaları, xalçaçılıq inciləri, miniatür sənəti, sədəf üzərində nəqşləri müasir imkanlardan istifadə etməklə belə yaratmaq qeyri-mümkündür. Ancaq Şərqin icad etdiyi şahmat və nərd oyunları müasir dünyanın marağındadı. Kordovada bir neçə min metr uzunluğunda daşdan döşəmə yolları mövcud olduğu halda London və paris yeddi əsrdən sonra buna nail ola bilmişdir. Müsəlman aləmində gözəl memarlıq abidələri olan saysız hamamlar (hətta bir şamla qızdırılan), tərpənən minarələr, Memar Sinanın yaratdığı misilsiz tikililər, Əcəminin (Möminəxatun türbəsi, Yusif ibn Küseyir abidəsi) memarlıq möcüzələri Şərqə səda salanda xristian Avropası nəinki hamamın nə olduğunu bilmirdi, hətta sabunu belə tanımırdı. Ümumiyyətlə XII əsr Şərqdə elm, mədəniyyət və incəsənətin intibahı dövrüdür. Təbrizli soydaşlarımız Şəmsəddin bəyin musiqi nəzəriyyələri, xüsusən musiqi sədasını yazıya alması-notu icad etməsi dünya musiqi sənətinə əvəzsiz bir töhfəsi idi ki, bu kəşfi bütün bəşəriyyət alqışlamaqdadır. XIV əsrdə isə öz nəzəri tapıntıları ilə Əbdülqadir Marağayi bu sənəti daha da mükəmməlləşdirdi. Bu zənginlik bütün sahələrdə biruzə verirdi. Qədimdə yazı dəri üzərinə yazılırdı ki, bu da çox baha başa gəlirdi. Köhnə dərini silib yenisini yazmaq da dərini korlayır, əvvəlki nümunəni məhv edirdi. Nəhayət, kağız icad olundu. Avropalılar zənn edirdi ki, ipək kimi kağızı da çinlilər yaradıb, uzun əsrlər onu bizdən gizli saxlayıblar. Əslində ipəkdən kağız hazırlayan çinlilərdən çox-çox əvvəl müsəlmanlar pambıqdan çox keyfiyyətli kağız hazırlamışlar. Belə ki, 1009-cu ildə bu kağızla çap olunan bir kitab indinin özündə belə yararlıdır. Biz fəxarət hissi keçiririk ki, qədim dünyanın 7 müdrikindən biri məhz Türk babamız Anaxarsis olmuşdur. Türkün çinlilərdən çox əvvəl barıtı və maqniti kəşf etməsi də dövründə heyranlıqla qəbul olunmuşdur. Türk babalarımızın topu icad etməsi, orduda bayraq rəmzi, əsgəri marş musiqisi, hətta kişilərə məxsus şalvar geyimi də özlərinin şanlı qələbələri ilə birgə dünyaya yayıldı. "Dəliqanlı türk cəngavərləri hələ miladdan çox-çox öncə üç qitəni tamam öz cənginə alaraq dünyanı fəth etmişdir... Dünyaya səs salan ura nidası! Əsrin dərin qatlarından soraq verən bu nida da əslində Türkün zəfər yürüşlərində hayqırdığı əski qəbilənin, cəngavər bir tayfanın adıdır". (Lev Qumilyov, "Qədim türklər" kitabı).

"Təbabətin şah əsəri", təbabətin İncili sayılan İbn Sinanın (980-1037) "Qanun" kitabı indi də dünyada təbabətin şah əsəri olaraq qalmaqdadır. Bizim üçün xüsusilə fərəhli haldır ki, bu əsəri İbn Sina Azərbaycan təbiətini müşahidə əsasında yazmışdır. Məşhur müsəlman loğman Məhəmməd ibn Zəkəriyyə 200-dən çox kitab yazmışdır ki, bunun da əksəriyyəti təbabətə aiddir. (XIII əsr). Onun yalnız "Qızılca" kitabı Avropada 40 dəfə müxtəlif dillərə tərcümə olunaraq dərslik kimi istifadə olunub. Ən qüdrətli cərrah, cərrah alətlərini icad edən, narkozun ixtiraçısı Əbdül Qeysin (XI əsr) "Cərrahi təcrübələr" kitabı hələ öz sağlığında belə dünya dillərinə tərcümə olunmuşdur ki, bütün cərrahlar ondan faydalanmışlar. ("İslam və Qərb mədəniyyəti" kitabı, səh. 163).
Hələ XIII əsrdə dünya elminin sultanı sayılan Nəsirəddin Tusi (1201-1274) özünün "Əxlaqi Nasiri" kitabında buyururdu ki, maddə heç nədən yaranmaz, heç nəyə də çevrilməz. Altı əsrdən sonra isə M. Lomonosovun "Maddənin itməməsi qanunu" yarandı. Onun xəmirdən düzətdiyi müasir qlobusun tam bənzəri indi Qərb muzeylərinin birindədir.

Bəs Amerikanı kim kəşf edib?

Tusi öz dövründə dünyanın ən mühüm 256 şəhərinin koordinatını vermiş, onların arasındakı məsafəni dəqiqliklə göstərmişdir. Nəzəri hesablamalarla Amerika qitəsinin mövcudluğunu da o kəşf etmişdir. Sonralar bu qitəyə üzən Xristofor Kolumb da (1492) Tusinin kəşfi ilə tanış olan müəlliminin tapşırığını yerinə yetirirdi. " Kolumb kəşf etdiyi bu yeni torpaqda öncə İslam dininə mənsub olan, ərəbcə danışan yerli sakinlərlə rastlaşdı..." (P.V.Ramoş "Karib tarixi" kitabı). Ensiklopedik elmə malik olan N.Tusi nəhayət, Marağa rəsədxanasını (1259) yarada bildi. Əslində bu məkan Şərqdə ən mötəbər akademiya idi ki, bu əsasda sonralar Səmərqənd (XV əsr), nəhayət indiki Pirqulu (1959) rəsədxanaları yaradıldı. Elm dühaları olmaq etibarilə Tusi öz müəllimi Bəhmənyara (XII əsr), Bəhmənyar isə öz müəllimi ibn Sinaya (XI əsr) minnətdardır. Vaxtilə İbn Sina özünün 111 şagirdi arasında Bəhmənyarı elm dəryası adlandırmışdı. Hətta bəzi əsərlərini də onunla mübahisə əsnasında yazmışdır. Bəhmənyar isəYunan filosofu Aristotelin təlimini daha da zənginləşdirmiş, metafizikanın əsaslarını daha da möhkəmləndirmişdir. Onun əlyazmaları qızıl inci kimi dünya kitabxanalarını bəzəyir. Ən böyük xidməti isə şagirdi Nəsrəddin Tusini yetişdirməsi olub.

Əcdadlarımızın elm dəryasının dərin qatlarına baş vurduqca Şərqin qədim ənənəsi qarşısında Qərbin miskinliyi daha qabarıq görsənir. Orta əsrin ən böyük botaniki və əczaçısı İbn Baytar (1190-1248) 1400 dərman bitkisinin təsvirini vermişdir. Zəmanəmizdə bu ad, heyvanları müalicə edən həkimlərə şamil olunur. Dəmiri (1349-1405) heyvanlar aləminə aid "Həyatul-həyavan" əsəri ilə zoologiya elmini daha da zənginləşdirmişdir. Tarixşünaslığın ən görkəmli simalarından biri olan İbn Xəldun (1332-1406) öz tədqiqatları ilə Qərbin bir çox alimləri üçün yol açmışdır. Memarlığın atası sayılan Memar Sinan (148-1588) özünün memarlıq abidələri ilə dünyada əbədiyaşarlıq qazanıb. Əcəminin (XII əsr) memarlıq inciləri hələ də bəşər övladını heyrətləndirməkdədir. Tədqiqatçı-səyyah Piri Rəisin (1465-1554) "Kitabi-Bəhriyyə" əsərində çəkdiyi dünya xəritəsi öz mükəmməlliyi ilə təəcüb doğurur. Müsəlmanlar dənizçilikdə də mahir olmuşlar. Onlar Avropa, Çin və Afrika ilə ticarət əlaqəsi saxlayırdı. Böyük müsəlman coğrafiyaşünası İbni Hoqəl öz "Səfərnamə"sində yazırdı: " Mən bütün İslam ölkələrinin şəhər, kənd, dəniz, çay, göl, dağ və yolları barədə ətraflı məlumat vermişəm". Xarəzmi (780-850) "Əl-Cəbr" əsəri ilə Cəbr elminin əsasın qoymuşdur. Professor Jak Rislrin yazdığı kimi : "İntibahımızın riaziyyat müəllimi müsəlmanlardır... Qərbin riyaziyyatı İslamın riyaziyatından başqa bir şey deyildir." İri müsəlman şəhərlərində mövcud olan rəsədxanalar mühüm elmi kəşflər aparmışlar ki, bu da qərbin Cordano Bruno (1546-1601), Kopernik (1473-1553), Qaliley (1564-1642) kimi alimləri üçün əsl ilham mənbəyi olmuşdur. Əslində ulduzları müşahidə əsasında ilk nəzəri əsər yazan da IX əsrdə Maşallah adlı müsəlman astramonu olmuşdur. XIII əsrdə öz elmi kəşfləri ilə dünyaya səs salan Marağa rəsədxanasının uğurlarını XV əsrdə Səmərqənddə Əmir Teymurun nəvəsi Uluqbəy (1394-1443) daha uca zirvələrə yüksəltdi. Ulduzların hərəkəti cədvəli ("Zici-Elxani") öz dəqiqliyi ilə indi də alimləri təəccübləndirir. Hələ o dövrdə ulduzları müşahidə üçün Zərkali (indi zerkalo sözünü işlədirik) ən əlverişli cihaz-üstürlab (astrolabiya) icad etmişdir. Yer üzünün səthini hesablayan, yerin öz oxu və Günəş ətrafında fırlanma dairəsini sübuta yetirən hindistanlı müsəlman alimlərinin elmi nəticələri sonralar Avropada "Bruni üslubu" adlandırıldı. Halbuki qədimdə Fərqaninin "Astronomiya" əsəri Avropada 700 il dərslik olmuşdu.

Əhməd Bin Musa "Qəribə sistemlər" əsərində minə qədər avtomatik sistemli cihazın planını çəkmişdir. XII əsrdə Əl-Cəzəri "Xəyallar kitabı" ilə kibernetikanın əsasını qoymuşdur ki, Kepler (1571-1630), Leonardo da Vinçinin (1452-1519) fəaliyyəti üçün bu bir təkan olmuşdur. İbn Heysənin (965-1051) "Görüntülər kitabı" optika sahəsində uzun müddət yeganə elmi mənbə olmuşdur. Hələ IX əsrdə Fərabi (870-950) səsin fiziki izahını vermiş, İbni Qərarə ( XI əsr) torna dəzgahı qurmuşdur. İlk uçuş sınağı keçirmək də müsəlmanlara nəsib olmuşdur. İlkin sınaqda İsmayil Cövhəri həlak olsa da Əhməd Çələbi (XVII əsr) çiyninə bağladığı qartal qanadları ilə İstanbulda uğurlu uçuş həyata keçirə bilmişdir.Hələ 880-ci ildə ibni Firnans quş tükü ilə qumaşdan təyyarə tipli cihaz hazırlayaraq uzun müddət havada qalmışdır. Qərbdə isə 1903-cü ildə Rayt qardaşları ilk uçuş keçirə bilib. Yerin cazibə qüvvəsi haqqında nəzəriyyəni Nyutondan neçə əsr əvvəl İslam alimi vermiş, Qalileydən öncə kəfkirli saatdan İbn Yunis istifadə etmişdir. Küləyin sürətini, havanın sıxlığınıToriçellidən (1608-1647) əvvəl Xazini (XIV əsr) öyrənmiş, bir çox maddənin xüsusi çəkisini də hesablamışdır. Biruni də 18 maddənin xüsusi çəkisini, həmiçinin suyun qatılığını hesablamışdır. İndi Lavuaye kimyanın banisi sayılır. Halbuki, min il öncə Cabir Bin Həyyan kimyanı göylərə qaldırmışdı. "(Qustav Laben). Cabir ibn Həyyanın (721-805) yüz cildlik kimya əsərləri indi də əllərdədir. Kimyanın atası sayılan Cabir atom enerjisinin Bağdadı dağıda biləcəyini söyləmişdir. (Çox-çox təəssüf ki, Bağdadın sivilizasiyasından 700 il sonra kəşf olunan Amerika onu dağıtdı). Dekartdan 300 il əvvəl N.Tusinin tələbəsi Qütbəddin Dirazi göyqurşağının izahını vermişdir.

Göründüyü kimi Qərbin başı qanlı müharibələrə qarışdığı zaman müsəlmanlar elmlə ciddi məşğul olaraq öz mənəviyyatlarını zənginləşdirmişlər. Məsələn, indi dünyada işlədilən müxtəlif elmi terminlər də bunu təsdiq edir. Alqebra ərəbcə əl-cəbr, kimya əl-kimya, sinus-seyb sözlərindəndir. Indi işlətdiyimiz riyazi rəqəmlərə də ərəb rəqəmləri deyirik.

Dünyanı fəth edən dinimizin şöhrəti elə ilk çağlardan qərbin din xadimlərini narahat edirdi. Keşiş II Urban: "Bu dində hansı möcüzə gizlənir ki, İslam ildırım sürəti ilə dünyanı fəth edir. Sanki İslam başqa dünyadır. Onu ram etmək zəruridir". Qərbin kilsə xadimləri iftira yağdırır, öz zəhərli sözləri ilə, həqiqət Günəşinin üzünə pərdə çəkməyə çalışırdılar. Nəhayət, XI əsrdə Səlib yürüşü başladı. Müsəlman aləmi qana qərq oldu. Maddi varlığımız talan edildi. Müqəddəs kitablar, dəyərli kəşflər, mədəni incilər Qərbə daşındı. Mənəviyyatımız tapdalandı.1099-cu ildə zəngin Şərq aləmi miskin bir diyara çevrildi. Minilliklər boyu yaratdığımız mədəni xəzinə Qərbin nadanlarına qismət oldu. Şərq tərəfdən də ikinci bəla üz gətirdi, Çingiz xanın vəhşi qoşunları çiçəklənən İslam sivilizasiyasına daha öldürücü zərbələr endirdi, tarixçilər nəql edirlər ki, monqol qoşunları Bağdadı ələ keçirdikdən sonra zəngin kitabxanaların əksər kitablarını Fərat sularına tökdülər, bir həftə ərzində sular qara rəngə boyanmışdı. Gündoğan diyar alqana qərq oldu. Düz min ildir ki, bu acı taleyin zillətini çəkməkdəyik. Heyif ki, Səlib yürüşü zamanı talan olu-nan bu heyrətamiz sənət inciləri, baba yadigarlarımız indi dünyanın məşhur muzeylərinin eksponatlarıdır. Təbriz xalçacılıq məktəbinin (XV əsr) nadir incisi olan 5,2 X 10,4 metr ölçülü məşhur Şeyx Səfi xalçamız Viktoriya Albert muzeyini bəzəyir. Babəkin, qılıncı Drezden muzeyinin eksponatıdır.
Türkün spesifik xüsusiyyətləri-özünə qayıdışı, bizə çox sirli mətləbləri bəyan etməkdədir. Qobustan qayaları kimi. Suraxanı atəşgahı kimi. Mavi Xəzərimizin taleyi kimi. Vaxtilə Həzrət Peyğəmbərimiz (s) də öz ümmətinə hədisində buyurmuşdu: " Saqların (qədim türklərin) tarixi uzun sürəcək; Türkün dilini öyrənin".
Beləliklə, dini məsələrdə Qərbin düçar olduğu ən böyük bəla dini, şəxsi bir iş kimi qəbul etməsidir. Bu halda dinin həyat həqiqətləri ilə əlaqəsi olmur. Əqidədəki bu böhran insan yaşayışına da sirayət edir. Nəticədə o mənfi ehtirasların qurbanına çevrilir. Belə təfəkkür tərzi isə insani keyfiyyətlərə qarşı durur. Insan öz dini vəzifələrini yaxşı tanımalı və yaşayışında onu rəhbər tutmalıdır həmişə. Bəs nə üçün belə əzəmətli mədəniyyətin varisi olan biz, qüdrətcə zəifləmişik? Niyə öz tərəqqimizi qərblilərlə dəyişdik? Niyə elm və texnikada onlardan asılı olduq? Tarix sübut etdi ki, müsəlmanlar öz dini təlimlərindən uzaq düşən kimi zəifliyə düçar oldular. Çox təəssüflər olsun ki, İslam ideologiyası heç də xalqımızın bütün təbəqələrinin təfəkkürünə lazımınca yol tapmayıb. Əvvəllər din və mədəniyyətimizə sıx bağlı olanlar daha əzəmətli yaşayırdı. Indi əvvəlki ünsiyyət müşahidə olunmur. Dini dəyərlərimizi lazımınca qiymətləndirmirik. Özümüz yaratdığımız elmi sıçrayışlardan lazımınca faydalanmamışıq. Bu gözəl dinimizə laqeydliyimiz aşikardır. İslam dövlətləri arasındakı çəkişmələr özümüzü tənəzzülə sövq eylədi. Minilliyin Səlib yürüşü bizi süquta uğratdı. Beləliklədə Qərb Şərqin sivilizasiyasını üstələdi. Yüzilliklərin bu laqeydliyi Fələstin, Qarabağ, Kəşmir dərdlərimizə gətirib çıxardı bizi. (Allah betərindən saxlasın).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.