Maraqlı

Həzrət Yusifin (ə) yuxu yozumu nədən qaynaqlanırdı?

15 Yanvar 2019 23:55
1 Şərh     Baxış: 2 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quranda oxuduğumuz kimi, Allah Təala Həzrət Yusifə (ə) yuxu yozumu elmini inayət etmişdir. Ancaq bu, elə elm idi ki, onu təhsil almaqla öyrənmək mümkün deyildir. Bu, Allah tərəfindən inayət olunan bir nemətdir.

O zaman ki, Həzrət Yusif (ə) zindanda olur, Misirdə ən çox yayılan peşələrdən biri də yuxu yozumu idi. Bir çox insanlar özlərini bu peşənin mahiri hesab edirdi. Ancaq onların niyyəti pul qazanıb, insanlara fırıldaq gəlmək idi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala bu elmi Həzrət Yusifə (ə) verərək, insanlara bildirmək istəmişdir ki, əgər qəlbin təmiz olsa və bu elmlə Allaha xidmət etmək istəsən, hansı elmin ardınca olursan-ol, Allah onu sənə inayət edəcəkdir. Ancaq əgər niyyətin pul və var-dövlətdirsə, bu yolda müvəffəq olmayacaqsan.

"O zaman, (Yusufun günahsızlıq) nişanələri(ni - şahidin sözü, köynəyin arxadan cırılması və onun mənəvi saflığı kimi dəlilləri) gördükdən sonra onu müəyyən bir müddətə qədər zindana salmaq qərarına gəldilər. Yusufla birgə zindana(şahın) iki qul(u) da daxil oldu.

Onlardan biri dedi: "Mən (yuxuda,) özümün üzüm sıxdığımı görürdüm". Və o birisi dedi: "Mən (yuxuda) gördüm ki, başımın üstündə çörək aparıram və quşlar ondan yeyirlər. Bizə bunların (yuxuların) yozumundan xəbər ver. Həqiqətən biz səni yaxşılıq edənlərdən görürük".

(Yusuf) dedi: "Sizin gündəlik yemək payınız sizə gəlib çatmamışdan qabaq mən sizə o yuxunun yozumunu xəbər verəcəyəm.

Bu, (yuxu yozmaq elmi) Rəbbimin mənə öyrətdiklərindəndir. Çünki mən Allaha imanı olmayan və axirətə kafir olan bir qövmün dinini tərk etmişəm"". ("Yusif" 35-37).

Əslində başqa insanlar yuxu yozan zaman ehtimallara söykənirlər. Ancaq Həzrət Yusifin (ə) elmi - yəqinə söykənən bir elm idi. Çünki bu elm - ladoni elm idi, Allah tərəfindən inayət edilmiş elm idi. Ona görə də heç bir zənn və gümana bunda yer yox idi.

Bu yolla Həzrət Yusif (ə) Allahın nələrə qadir olduğunu bir daha cahil insanlara göstərməyə çalışmışdır. O şeyi ki, onlar hiss edir və ehtimal verirdilər, Yusif (ə) onun haqqında qətiyyətlə danışır və bu elmdə yəqinliyə çatdığını bir daha nümayiş etdirirdi. Ona görə də buyururdu ki, bu, Allahın elmidir, mənim yozumum deyildir.

Beləliklə deyə bilərik ki, hər kimin qəlbi və ruhu nə qədər təmiz və pak olarsa, Allah ona daha çox yaxın olar. İnsanlara xidmətdə həmin şəxsə yardım edər və onu əli çatmadığı elmlərə yetişdirər. Çünki Allah Təala mömin bəndələrinə həmişə yardım etmiş və etməkdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.