Maraqlı

Özünü tanıyan Allahını tanıyar

12 Yanvar 2019 07:21
0 Şərh     Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özünü dərk edən insan Allahı tanımış olar. Bütün varlıq aləmi buna şahiddir ki, insan - yaradılış etibarilə kainatda ən kamil məxluqdur. İstər vücud, istərsə də şüur baxımından başqa varlıqlardan üstün, gözəl və mükəmməldir. Bioloji cəhətdən insan görən gözə, eşidən qulağa, güclü ələ, yorulmaz ayağa, danışan dilə, daim hərəkətdə olan ürəyə sahibdir. Onun bədənini təşkil edən hüceyrələr arasıkəsilmədən fəaliyyətdədir. Bütün bu üzvlər kənar vasitələrin təsiri olmadan öz funksiyasını yerinə yetirir və gecə-gündüz işləyir.

Mənəvi və ruhi baxımdan da insan çox qəribə qurulmuşdur. Onun ruhu Allahın sirrlərindəndir. Bu ruh insanın torpaqdan yaradılmış cismini uca göylərə qaldırır.

Şüurlu kamil insan elm hərisi, mərifət təşnəsidir. Ucalığa tələsir, eşq ilə kamala can atır, həmişə düşünür, axtarışdan yorulmur, ixtiradan qalmır. Sanki o, yalnız elm öyrənmək və öyrəndiklərini təcrübəyə tətbiq etmək üçün yaradılıb. İnsan hər şeyi bilməyə çalışır. Bir şeyi dərk etdimi, ona bağlı olan bilikləri də öyrənmək eşqinə düşür. Heç vaxt öz beyninin imkanlarından razı deyil. Bildiyi hər şeyi daha dərindən öyrənmək istəyir, onu bütün varlığı ilə, yorulmaz beyni və çırpınan ürəyi ilə duymağa çalışır. Onun ruhunun və ağlının hüdudları - sonsuz mərifət ümmanının dərinliyi və qeyri-məhdud bilik dağlarının ucalığı qədərdir.

İnsan ziddiyyətlərin məcmusudur. Qəzəblənəndə qızmış aslandır, kövrələndə günahsız körpə. Əgər sevsə - mehriban anadır, nifrət etsə - düşməninin başını diri-diri kəsən cəllad. İsmətli olsa - mələklərdən də yüksəyə qalxar, alçaqlıq etsə - küçə köpəklərindən də rəzil olar.

O həm qurub-yaradır, həm də viran edib dağıdır. Həm düz danışır, həm də yalan. Həm gülür, həm ağlayır. Həm rəhm edir, həm də zülm. Həm iman gətirir, həm də kafir olur.

İnsan öz başında yer üzünün padşahlıq tacını gəzdirir. İlk öncə dağlarda mağara oydu, sonra evlər tikdi. Daha sonra qəsrlər, göydələnlər ucaltdı. Yerlə kifayətlənmədi, göylərə yol axtardı. Aya qədəm basdı, indi də başqa planetlərin sorağındadır.

Bəs, bütün bunlara malik olan İnsan görəsən ÖZÜNÜ tanıdımı?

Bəşəriyyətin hazırki vəziyyəti bu suala "yox" cavabı verməyə əsas verir. Bütün tərəqqilərə baxmayaraq, müasir elm İnsanı tanımaqdan acizdir. Adəm zamanından indiyədək baş vermiş və qiyamətə qədər baş verəcək cinayətlərin əsas səbəbi də elə İnsanın özünü tanınmamasıdır.

İnsan Allahın yer üzündə canişinidir. Allah: "Biz İnsanı ən gözəl şəkildə yaratdıq" (Tin, 4), - deyə buyurur. Lakin bü gözəl insan öz yaradılışının məqsədlərini, həyatının mənasını, öz ilahi missiyasını, xülasə, öz-özünü dərk etmir və elə bir səviyyəyə enir ki, onun barəsində belə deyilir: "Onların ürəkləri vardır; amma anlamazlar. Gözləri vardır; fəqət görməzlər. Qulaqları vardır; lakin eşitməzlər. Onlar heyvan kimidirlər, hətta ondan da alçaqdırlar. Onlar qəflətdə olanlardır" (Əraf, 179). İnsanın bu hala düşməsinin səbəbi özünü tanımaması deyilmi? Onun məqamı Allah yanında olduğu halda, özünü bu məqamdan uzaq salır.

Quran insana: "Ey mütməin nəfs", yəni "ey məqsədinə çatmış, haqqı tapmış və aram olmuş vücud", - deyə xitab edir. Bəs hansı insan Haqqı tapmış sayılar? Əlbəttə ki, özünü tanımış və dərk etmiş İnsan! Çünki Peyğəmbərin dili ilə desək, "Hər kəs özünü tanısa, Allahını da tanıyar". Hər kəs öz yaradılış fəlsəfəsini bilsə, Yaradanın əzəmət və cəlalını görər, Onun əmrlərinə tabe olar. Əks təqdirdə pislərin pisi olub, cəhənnəm oduna yuvarlanar.

Milli.Az islam.az-a istinadən bildirir ki, insan istəsə, mələklərdən də yüksəyə ucalar, istəsə, əksinə, heyvanatdan da aşağı enər. Özünü tanımaq, öz aləmini kəşf etmək - insanın yüksəlməsinə, Həzrəti Əlinin dili ilə desək, "Kəbədən uca, Cəbrayıldan üstün olmasına" zəmanətdir.

Bir arifdən soruşurlar: "Nə üçün insan öz elmi, biliyi ilə təbiəti ram edə bilir, amma öz nəfsini cilovlaya bilmir?". Arif belə cavab verir: "Bəşər təbiəti öyrəndiyinə və tanıdığına görə ram edə bildi. Amma insan öz-özünü tanıyıb dərk etməyib axı ki, ram edə bilsin!".

Əziz müsəlmanlar! Həqiqətən, insan xoşbəxt olmaq və Haqqa qovuşmaq istəyirsə, ÖZÜNÜ tanımalıdır. Özünü tanımağın açarı isə, Yaradanın bu mübarək sözünü anlamaqdan ibarətdir: "Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım" (Zariyat, 56).

Allahın bu əmrinə əməl edək, qeyb aləmindən gələn səsləri eşidib ayılaq: "Yoxsa elə güman edirsiniz ki, sizi əbəs yerə xəlq etmişik? Bəs, qayıdışınız bizə tərəf deyilmi?!" (Möminun, 115).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.