Maraqlı

Bu nəhəng kitabxana 98 milyon avroya başa gəlib: burada hər şey pulsuzdur - FOTO

18 Dekabr 2018 20:19
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın paytaxtı Helsinkidə 5 dekabr tarixində Finlandiya Xalq Kitabxanası fəaliyyətə başlayıb.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, ölkənin müstəqilliyinin 101-ci ilində açılışı edilən kitabxana 2019-cu ildən etibarən tam istifadəyə veriləcək. "Oodi" adı verilən kitabxananın tikinti və təchizatı 98 milyon avroya başa gəlib. Nəhəng bina gəmi və üzərində buz təbəqəsinə bənzəyir. 3 mərtəbədən ibarət "Oodi" kitabxanası yalnız mütaliə prosesi üçün nəzərdə tutulmayıb.

Belə ki, tikilinin ilk mərtəbəsində restoran, kinoteatr, Avropa İttifaqı İnformasiya Mərkəzi, konsert salonları yerləşir. Elektron avadanlıqlarla təchiz olunmuş ofislər, səsyazma studiyaları yerləşən 2-ci mərtəbə səs-küylü fəaliyyət növləri üçün nəzərdə tutulub. 3-cü mərtəbə isə kitablardan, oxu zallarından ibarət "kitab cənnəti"dir. "Oodi"də həmçinin tikiş maşınları, kompyuter və oyun otaqları, digər smart-əyləncə aparatları istifadəyə veriləcək, 1-10 nəfərlik qrup otaqları, konfrans zalları, müxtəlif sənət növləri üçün atelyelər, insanların elektronika alətlərini təmir edə biləcəkləri otaq və s. fəaliyyət göstərəcək. 100 kv.metrlik smart-güzgülərlə əhatələnmiş hobbi ərazisi möhtəşəm mənzərə qarşısında dincəlmək imkanı yaradır. Xalq Kitabxanasında uşaqlar üçün ərazilər, oyun otaqları, kitablar, müxtəlif fəaliyyət növləri düşünülüb. 

Klassik kitabxana fikrindən uzaq olan bu mərkəzin yaradılmasına səbəb insanların alış-veriş mərkəzlərində yox, daha faydalı, vaxtlarını səmərəli keçirə biləcəkləri məkanda dincəlmələri üçün şərait yaratmaqdır. 

"Oodi"nin direktoru Anna-Mariya Soininvaara bildirir ki, kitablar vacibdir, lakin bura sadəcə kitabxana deyil. "Qəsidə" mənasını verən "Oodi"nin tikintisi üçün 20 il ərzində layihə hazırlanıb. Mərkəz həmçinin innovativ yeniliklərə uyğunlaşdırılmış şəkildə inşa olunub. Gələcəkdə yaranacaq yeni metodlar, texnikalar, funksiyalar kitabxanada tətbiq ediləcək. 

Helsinki şəhərinin mədəniyyət və istirahət məsələləri üzrə icraçı direktoru Tommi Laytio kitabxananı mədəni layihə, həmçinin siyasi mübarizə üsulu adlandıraraq populizmə qarşı atılmış addım kimi qiymətləndirib. 

Qeyd edək ki, son illərdə ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən milli kitabxanalara ayrılan vəsaitin miqdarı azaldılır. Finlandiya hazırda bu sahəyə ABŞ-dan 1,5 dəfə daha çox pul ayırır. Skandinaviya ölkələri kitabxanalara yatırılan böyük məbləğlərlə diqqət çəkir. Danimarkada 2015-ci ildə açılmış nəhəng "Dokkl" kitabxanası nümunələr arasındadır. Norveçdə isə 2020-ci ildə yeni mərkəzi kitabxananın istifadəyə verilməsi planlaşdırılır. 

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.