Maraqlı

Google Trampla düşmənçilik edir? - FOTO

12 Dekabr 2018 15:10
0 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Trampın administrasiyası Google korporasiyasından çox narazıdır. Belə ki, Google-un axtarış sorğusu qrafasına "İdiot" sözü yazaraq axtarışa başlayan kimi Trampın fotoları göstərilir.

Milli.Az Newsweek-ə istinadən bildirir ki, bununla bağlı olaraq Google-un baş direktoru Sundar Piçai ABŞ Konqresinin hüquq komitəsində təşkil olunmuş xüsusi dinləməyə çağırılıb.

Respublikaçı konqresmen Zoi Lofqren soruşub: "Axı bu, necə və niyə olur?! Axtarış sistemi necə işləyir, Trampın fotoları niyə peyda olur?!"

Piçai bildirib ki, axtarış "açar" söz və ya sözlər əsasında milyardlarla veb-səhifədə aparılır.

"Aktuallıq, yenilik, populyarlıq, başqalarının necə istifadə etmələri - bu amillərin hamısını axtarış sistemi nəzərə alır. Həmin amillər əsasında da Google-un axtarış sistemi istifadəçiyə ən yaxşı, optimal nəticələri təqdim edir", - S.Piçai deyib.

Google-un konkret siyasi mövqe tutması ilə bağlı iddialara gəldikdə isə, S.Piçai korporasiyanın hər hansı siyasi mövqeyə malik olmadığını deyib.

"Biz siyasi spektrin sol olmaqla yanaşı, sağ yönündə olan çoxsaylı mənbələrlə çalışırıq. Məqsədimiz də perspektivlərin rəngarəng olmasıdır", - Google-un rəhbəri deyib.

Respublikaçı konqresmenlər və senatorlar Google-u mühafizəkar mövqeləri göstərməyən axtarış alqoritmlərindən istifadədə suçlayıblar. Hüquq komitəsinin sədri, respublikaçı Robert Qudlatt deyib: "Mediada yer almış məlumatlara görə, Google əməkdaşları belə mexanizmlərdən istifadə edirlər".

Respublikaçı Lamar Smit isə P.J. Media şirkətinin araşdırmasına istinad edərək deyib ki, Donald Trampla bağlı axtarışların 96 faizinin nəticələrini liberal KİV-lərin materialları təşkil edir.

"Ümumiyyətlə, Google-un axtarışının ilkin nəticələrində sağçı ideologiyanın nəticələri yoxdur. Bu, təsadüf yox, Google alqoritmlərinin nəticəsidir. Harvard diplomlu Robert Epşteynin araşdırması göstərir ki, Google-un tərəfkeşlik etməsi 2016-cı ildəki prezident seçkilərində 2,5 milyon amerikalını demokrat Hillari Klintona səs verməyə sövq edib. Belə davam edərsə, Google ABŞ-ın yeni prezidentini seçəcək və demokratiyamıza zərbə vuracaq", - L.Smit söyləyib.

Sundar Piçai ittihamları qəbul etməyib.

"Şirkətə hər hansı siyasi tərəfkeşlik olmadan rəhbərlik edirəm və məhsullarımızın da neytral mövqedə olmasına çalışıram. Bunun əksi prinsiplərimizə və işgüzar maraqlarımıza ziddir", - o, deyib.

Bütün bunlarla yanaşı, Google korporasiyası Çində "Dragonfly" adlı axtarış sistemi hazırlamaqda suçlanıb. Konqresmen Smitin dediyinə görə, bu sistem Çin ərazisində fikir və söz azadlığının boğulmasına yönəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.