Maraqlı

Snapdragon 855 prosessorunun mobil oyun imkanları

11 Dekabr 2018 08:31
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Snapdragon 855 flaqman prosessoru təkcə 5G modem ilə təkmilləşdirilmiş süni zəka hesablamaları əldə etməyib. Belə ki, yeni prosessorun əsas özəlliklərindən biri də yüksəlmiş qrafik performans olub. Qualcomm şirkətinin təmsilçiləri yeni prosessor əsasında Android cihazlarındakı mobil oyun imkanlarının genişlənməsində əsas rolu oynayan yeniliklərdən danışıblar. Qeyd etmək lazımdır ki, Snapdragon 845-dən fərqli olaraq Snapdragon 855-də olan Adreno 640 qrafik sürətləndirici 20% daha sürətli olub. Bundan əlavə olaraq Snapdragon 855 prosessorunun yeni arxitekturası istifadəçinin oyun təcrübəsinin artırılması üçün virtual və artırılmış reallıq texnologiyalarının dəstəkləndiyi oyunlarda 6 azadlıq səviyyəsini (istifadəçinin bu cür oyunlarda tam sərbəst şəkildə istənilən cür hərəkət etməsi) özündə birləşdirir.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu cür oyunlarda performansın yüksəlməsi əsasən GPU, Hexagon adlı köməkçi prosessor və təsvirin emalı bloku (ISP) arasında yüklənmənin paylaşdırılması sayəsində mümkün olub. Snapdragon 855 prosessorunun əsas fərqləndirici özəlliklərindən biri də Snapdragon Elite Gaming texnologiyası olub. Bu texnologiya özündə Vulkan 1.1 qrafik arxivini birləşdirir. Bu isə öz növbəsində tətbiqlərə kənar drayverlərsiz birbaşa GPU əməliyyatlarının idarəolunması özəlliyini verir. Nəticədə oyunlarda olan kadr itmələri 90% aşağı salına bilər. Performansın yaxşılaşdırılması əsasən multiplayer oyunlarda özünü göstərəcək. Yeni prosessorda olan mobil oyun sisteminin daha bir üstünlüyü də API Vulcan texnologiyasındadır. Bu texnologiya enerji sərfiyyatının aşağı salınmasında daha effektiv rol oynayr. OpenGL proqram interfeys ilə müqayisədə API Vulcan vasitəsilə Snapdragon 855 prosessorunun olduğu flaqman smartfonlarda enerji sərfiyyatı 20% daha aşağı olur.

PBR funksiyası sayəsində oyun tətbiqlərində işıq ilə oyun mühitinin səthi arasında olan qarşılıqlı əlaqə maksimal dərəcədə təbii görünür, Bu texnologiya artıq bir çox PC oyunlarında istifadə edilir. Bu texnologiyanın mobil cihazlara inteqrasiya olunması nəticəsində mobil cihazlara bir sıra məşhur oyun seriyalarının yaxın gələcəkdə işıq üzü görmələrini gözləmək olar. Yeni prosessorun hesablama gücü HDR və təsvirin kinematoqrafik emalı dəstəyinə sahib oyunların işə salınmasına imkan verir. Online oyunların əsas tələbkar özəlliklərindən biri də stabil şəbəkə qoşulmasıdır. Snapdragon Elite Gaming texnologiyası özündə xidmətin keyfiyyət sistemini (QoS) birləşdirir. Bunun sayəsində sistem oyun paketlərinin prioritetlərini təyin edir və kənar tətbiqlərin trafiki öz üzərlərinə çəkməsinin qarşısını alır.

Səs keyfiyyəti də oyunlarda vacib rol oynayan özəlliklərdən biridir. Əsasən də multiplayer oyunlarda. Qualcomm AptX kodekinin yenilənmiş versiyası oyunlarda yüksək səs keyfiyyətini və hətta Bluetooth qulaqlıqlarda da minimal gecikməni təmin edir. Səs siqnalının keyfiyyətindən isə həcmli səs ilə ətrafdakı səs-küyün boğulması funksiyalarına sahib Qualcomm Aqstic texnologiyası cavabdehdir. Bütün bunlardan əlavə olaraq yeni prosessorun enerji sərfiyyatı məsələsi də təkmilləşdirilib. Belə ki, qrafik performansın yüksəlməsinə baxmayaraq Snapdragon 845-dən fərqli olaraq Snapdragon 855 prosessoruna sahib olan cihaz bir dəfə şarj olunandan sonra daha çox çalışa bilir. Snapdragon Elite Gaming texnologiyalı ilk oyun smartfonlarının 2019-cu ildə çıxacaqları gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.