"Qərbdə - yeraltı şəhərdə elmi təcrübələr aparmaqla süni insanlar, süni heyvanlar yaradırlar"
Moskvada yaşayan həmyerlimiz, məşhur ekstrasens, kliniki psixoloq Zirəddin Rzayevlə Moskva şəhərində Ural küçəsi 17-də yerləşən "Annenfeld" restoranında görüşdük. Bu ünvanı Zirəddin Rzayev özü seçmişdi. Şəmkirli həmyerlilərimizə məxsus olan bu restoranın adı mənə maraqlı gəldi. Sən demə, "Annenfeld" almancadır və XIX əsrin əvvəllərində indiki Şəmkir rayonunun ərazisində yerləşən Alman koloniyası belə adlanıb. Bu barədə Zirəddin Rzayev özü mənə danışdı.
Milli.Az müsahibə və açıqlamaları ciddi müzakirələrə, söz-söhbətlərə səbəb olan məşhur ekstrasensin Faktor.az-a verdiyi geniş müsahibəni oxuculara təqdim edir:
- Son zamanlar Azərbaycan mediasında çox az görünürsünüz, bu nə ilə bağlıdır? Ümumiyyətlə, Azərbaycana gəlişiniz də seyrəlib...
- Əsas səbəb işlərimin çox olması, ağır iş rejimində çalışmağım, vaxtımın, zamanımın az olmasıdır. Bundan başqa da, Azərbaycandan məni arayan, mənə müraciət edən jurnalistlərə həmişə canla-başla cavab vermişəm. Elə lap yaxınlarda Azərbaycanda yeni fəaliyyətə başlayan saytlardan biri mənə zəng edib müsahibə aldı. Bir neçə ay əvvəl Xəzər TV-də iki saat canlı yayımda qonaq oldum. MTV Azərbaycan adlı musiqi kanalında da Nail Naiboğluna müsahibə vermişəm. Doğrudur, əvvəllər Azərbaycana tez-tez gəlib-gedirdim. Son zamanlar isə iş qrafikimin sıxlığı, vaxtımın az olmasına görə Azərbaycana nadir hallarda gəlirəm. Amma bu ayın axırında inşallah, dostum Arifin övladının xeyir işinə gələcəm.
Yeri gəlmişkən, jurnalistlər tez-tez məndən Azərbaycan üçün darıxıb, darıxmadığmı soruşurlar. Vətən üçün adam darıxmazmı? Çox darıxıram. Azərbaycana gələ bilməməyimin bir səbəbi var, o da, işlərimin çoxluğudur. Vaxtım olsa, niyə gəlib-getməyim, inşallah, imkan düşən kimi mütləq gələcəyəm. Həmişə demişəm ki, özümü Azərbaycansız təsəvvür edə bilmirəm, mənim bugünkü nailiyyətlərimin başlanğıcı Vətənim olub, istedadı Allah mənə Azərbaycanda verib. Ürəyim oralarla döyünür, doğma yerlər üçün çox darıxıram. Anam üçün darıxmışam, anamı tez-tez görmək istəyirəm. Anam da Vətəndə bizsiz darıxır, amma Moskvada da çox qala bilmir. Burada yaşamaq ona çətin gəlir. Azərbaycanla bağlı bir şeyi də demək istəyirəm. Mən həm də çox istərdim ki, Azərbaycandakı ziyarətgahları ziyarət edim. Məsələn, Gədəbəydə Haçaqaya, Naxçıvanda Əshabi-Kəf və Mərdəkanda Mirmöhsün ağa ziyarətgahlarını ziyarət etsəydim, çox şad olardım.
- İşlərinizlə bağlı hansı yeniliklər var?
- Keçi ferması açıram (Gülür).
- Ciddi deyirsiniz?
- Bəli, doğru sözümdür, keçi ferması açıram. Keçi pendiri istehsal etmək istəyirəm. İşlərim yaxşı alınsa, Azərbaycanda da belə bir ferma açmaq niyyətindəyəm.
- İt biznesindən keçi biznesinə keçdiniz?
- Mən it biznesi ilə heç vaxt məşğul olmamışam. İt saxlamaq mənim hobbimdir və bu gün də it saxlayıram. Onların sayı barədə sizə heç nə deməyəcəyəm. Ancaq mənim fermamda Türkiyədən gətirilmiş Anadolu mastifi-malaklı köpəklər üstünlük təşkil edir. Rusiya kinologiya tarixində bu irqi Rusiyaya ilk dəfə gətirən bir adam kimi deyə bilərəm ki, fermanı yaratmaqda məqsədim kinologiya ilə bağlı Türk mədəniyyətini, türklərə məxsus olan köpək cinslərini bu ölkədə tanıtmaqdır. Əslinə qalsa, bu məşğuliyyətim mənə ləzzət eləyir.
- Siz səhv etmirəmsə, müsahibələrinizin birində daş-qaş mağazası da açacağınızı demişdiniz...
- Bilirsiniz, gələcək üçün planlarım çoxdur. Amma hamısını birdən-birə reallaşdırmağa vaxt tapa bilmirəm. Mənim burada bir neçə hektar torpaq sahəm var. Rusiya qanunları da elədir ki, torpaqlar uzun müddət istifadə olunmasa, dövlət tərəfindən geri alınır. Ona görə də, həmin torpaq sahəsində ferma tikmək, keçi saxlamaq qərarına gəldim. Artıq fermada tikinti işləri demək olar ki, başa çatmaq üzrədir.
- Bu məşğuliyyətlər ekstrasenslik fəaliyyətinizə mane olmur ki?
- Xeyr, əksinə. Ekstrasens kimi bu gün də çalışıram, mənə ehtiyac var. Mən bir sıra xəstəxana və klinikalarla əməkdaşlıq edirəm, amma əsas əməkdaşlıq ediyim klinika "Dobromed"dir, rəsmi burada qeydiyyatdayam.
- Qiymətləri siz müəyyən edirsiniz, yoxsa...
- Mənim razılığım ilə müəyyənləşir.
- Sirr deyilsə, qiymətlər nə qədərdir?
- Bahadır, çox bahadır. Amma müasir müğənnilərin qiymətlərindən çox ucuzdur. Bəzən deyirlər, sənin qəbulun çox bahadır, 100 mindir, amma...
- Söhbət dollarldan gedir?
- Xeyr, rublla, 100 min dollara hələ çox var.
- Konkret rəqəm demək istəmirsiniz?
- Xeyr, o hörmətsizlik çıxar. Vallah, hərənin öz qisməti var. Bir də görürsən, hansısa məşhur müğənni gedib toyda 5 mahnı oxuyur, 10 min avro alır. Amma Zirəddin Rzayev kiminsə dərdi, problemi ilə bir saat əlləşir. Deyən də olmur ki, işin ağırdır, niyə ucuz qəbul edirsən? Digər tərəfdən, mən fala baxmıram, mən görücüyəm, insanlara gördüklərimi deyirəm.
- Qarşıdan yeni il gəlir. Dünyada hansı dəyişikliklərin olacağını proqnozlaşdırırsınız?
- Mən son illər mətbuata nadir hallarda proqnozlar verirəm. Bunun bir neçə səbəbi var: bəzən proqnozlarımı yanlış başa düşürlər, bəzən hesab edirlər ki, insanlarda qorxu yaratmaq istəyirəm. Ancaq əsl həqiqətdə isə belə bir şey yoxdur. Axı mən gördüyümü deyirəm, indiyə qədər nəyi səhv demişəm? Bəzən görürsən ki, dediklərimi müxtəlif cür yozanlar, inanmayanlar tapılır. Amma bütün bunlar məni o qədər də narahat etmir. Axı mən kimlərisə məcbur edə bilmərəm ki, sən gəl, dediklərimə mütləq inan.
Yola saldığmız ilin və 2019-cu ilin proqnozunu 2017-ci ildə vermişəm, nələr olacağını yazmışam. Yaxın vaxtlarda dünya gözlənilməyən bir cox fəlakətlərlə üz-üzə qalacaq. 2018-ci il üçün verdiyim proqnozların yüzdə doxsanı özünü doğrultdu. İsveçrədə, Fransada, Böyük Britaniyada təyyarə qəzalarının olcağını demişdim. İsveçrə və Fransada təyyarə qəzaları baş verdi, amma Böyük Britaniyaya aid olan təyyarə qəzadan qurtuldu. Dünya mətbuatı bu barədə çox yazdı. Həmin təyyarə güclü küləkdə eniş edərkən düzünə yox, böyrü üstə eniş etməyə məcbur omuşdu və sərnişinlər yalnız pilotun peşəkarlığı sayəsində sağ qalmışdılar. Bundan başqa, Böyük Britaniyada böyük bir binada yanğın olacağını demişdim. Mən orada qırmızı odlar içində qara tüstü görmüşdüm.
2018 və 2019-cu illərdə ABŞ-da nəhəng vulkan oyanacağını və bu, dünyanın qorxulu yuxusuna cevriləcəyini demişdim. 2018-ci ildə nələrin baş verdiyinin şahidi oldunuz. Yeri gəlmişkən, artıq bu haqda alimlər həyəcan təbili çalırlar.
Mən yaxın 50 ildə baş verəcəklərlə bağlı da proqnoz vermişəm. Yaxın 50 ildə suda və quruda olduqca qeyri-adi və qorxunc heyvanlar peyda olacaq. Okenda həddən artıq nəhəng, balina boyda, amma nə balina, nə akula, nə də delfin olmayan çox qəribə məxluqlar yaranacaq. Mənim gördüyüm budur ki, yeni növ heyvanlar geni dəyişdirilmiş canlılar olacaq.
- Bu məxluqlar proqnoz verdiyiniz 50 ilin içində yaranacaq?
- Bəli. Ola bilsin, 10 ildən, 20 ildən sonra olsun. Konkret tarix deyə bilmərəm. Amma mən qəti əminəm ki, Qərbdə yeraltı şəhərdə elmi təcrübələr aparmaqla süni insanlar, süni heyvanlar yaradırlar. Sizi inandırım ki, payızın əvvəlində dəhşətli virus dünyanı cənginə alacaq. İnsanlar maskada gəzməli olacaqlar. Zika, H5-11, EBOLA kimi viruslar süni yaradılan viruslardır.
- Bu viruslar insanlığa qarşıdır?
- Təbii, zəif, lazımsız kütləni məhv edib, insan sayını azalatmaq üçün nəzərdə tutulan viruslardır. Həmçinin yeraltı dünyada süni insan yaradırlar. Mən buna əminəm, mən bunu görürəm.
- Məqsəd nədir?
- Yəqin ki, hərbi məqsədlər üçündür. Onlar canlı insanlar olacaq, amma indiki insanlardan daha güclü, davamlı və sürətli olacaqlar. Onlara yanaşma robotlara olan yanaşma kimi olacaq.
- Proqnozlarınız hamısı qorxulu oldu ki...
- Niyə ki... yaxşıları da var. Məsələn, xoş proqnozum budur ki, dünyanın elektrik naqillərinə ehtiyacı olmayacaq, çünki insanlar ona əvəz tapacaqlar.
- Bəs sizcə, Azərbaycanda hansı ictimai-siyasi dəyişikliklər baş verəcək? Qarabağ münaqişəsi ilə bağlı konkret nələrin olacağını düşünürsünüz? Biz öz torpaqlarımızı nə vaxt azad edə biləcəyik?
- Mən Azərbaycanla bağlı heç vaxt proqnoz verməyəcəyəm. Çünki mən Azərbaycanda hazırda bağlanan saytlardan birinə o vaxt Mübariz İbrahimovun meyitinin qaytarılacağı tarixi demişdim. 2009-cu ildə həbsdə olan dörd jurnalistdən ikisinin azadlığa buraxılacağını, Neft Akademiyasında terror aktının olacağını qabaqcadan bildirmişdim. Çox təəssüf ki, mən bu proqnozları verəndə Azərbaycanda təhrif etdilər, dəyişdilər. Bəzi jurnalistlər reklam olunmaq xətrinə haqqımda çoxlu yalanlar yazdılar. Ona görə də, Azərbaycanla bağlı susmaq mənim üçün daha rahatdır və susmağa üstünlük verirəm.
- Şou aləmi ilə bağlı proqnozlarınız çox məşhurdu. Qarşıdan gələn yeni il məşhurlarımıza nə gətirir? Bizi hansı yaxşı işlər, itkilər gözləyir?
- (Gülür). Gördüyünüz kimi də davam edəcək şou aləmi. Elə bir böyük yenilik, tərəqqi görmürəm. Hələ ki, necə var, eləcə də davam edəcək.
- Şeir yazdığınızı bilirəm. Onları çap etmək istəyirsiniz, yoxsa "sandıq ədəbiyyatı" kimi saxlayırsınız?
- Heç vaxt şairliyə iddiam olmayıb. Amma şeir həvəskarı olduğumu, poeziyanı çox sevdiyimi mütləq qeyd etməliyəm. Bəzən elə vaxtlarım olur ki, bir gündə 3-4 şeir yazıram. Yazdıqlarımın xeyli hissəsini bir yerə toplamışam. Bu yaxınlarda şeirlər kitabımı dərc etdirmək niyyətindəyəm.
Milli.Az