Maraqlı

Bir qadından 4 nəfərə orqan köçürüldü, 3-ü xərçəng olub, öldü - unikal hadisə

21 Noyabr 2018 23:12
0 Şərh     Baxış: 4 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa medikləri unikal hadisə ilə qarşılaşıblar: sağlam qadının orqanları  transplantasiya olunan 4 pasiyentdə süd vəzi xərçəngi aşkarlanıb. Daha əvvəllər də transplantasiya əməliyyatından sonra (çox nadir olsa da) bu hala rast gəlinib. Amma bu yolla xərçəngə yoluxma birinci dəfədir ki, qeydə alınıb. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, donor orqanından xərçəngə yoluxan 4 pasiyentdən 3-ü qısa zamanda həyatını itirib. 

Bunun nə cür baş verdiyi hələ ki, məlum deyil. Çünki mediklər transplantasiyadan əvvəl bütün orqanları yoxlayaraq köçürülmənin təhlükəsiz olduğunu bildiriblər. Xərçəngə yoluxma isə bir neçə ildən sonra müşahidə olunub. 

Köçürülən orqanlar 2007-ci ildə 53 yaşında insult nəticəsində dünyasını dəyişən qadına məxsus olub. Qadının orqanlarının transplantasiyasına mane olacaq heç bir xəstəliyi qeydə alınmayıb. Buna görə də onun orqanlarının ehtiyacı olan xəstələrə köçürülməsinə icazə verilib

Həyatını dəyişən qadının hər iki böyrəyi ayrı-ayrı şəxslərə köçürülüb. Bundan əlavə ağciyəri, qaraciyəri və ürəyi də transplantasiya edilib. 

Resipientlər əməliyyatı uğurla başa vurublar. Amma tezliklə ürək köçürülən xəstə həkimlərin bildirdiklərinə görə, transplantasiyadan aslı olmayan səbəblərdən dünyasını dəyişib.

16 aydan sonra xəstənin ağciyərləri köçürülən qadın yorğunluqdan şikayətlənərək həkimə müraciət edib. Onun süd vəzilərinin limfa düyünlərində xərçəng hüceyrələri aşkarlanıb. DNT analizi ilə sübut olunub ki, xərçəng hüceyrələri donor orqandan keçib. Şişin böyüməsinin qarşısını almaq mümkün olmayıb. Qadın diaqnoz qoyulduqdan 1 il sonra süd vəzi xərçəngindən dünyasını dəyişib. 

Bundan sonra həkimlər həmin donordan orqan alan digər 3 xəstə ilə təcili əlaqə yaradıblar, onları müayinə ediblər. Əvvəlcə xərçəngin heç bir əlamətinə rastlanmasa da 2011-ci ildə qaraciyər köçürülən qadında süd vəzi xərçəngi meydana çıxıb. Müalicə heç bir nəticə verməyib, qadın 2014-cü ildə dünyasını dəyişib. 

Sol böyrəyi dəyişdirilən qadın da 2013-cü ildə süd vəzi xərçənginə yoluxub və 2 aydan sonra dünyasını dəyişib.  

Sağ böyrək isə 32 yaşlı bir kişiyə köçürüb. Köçürülmədən 4 il sonra həm böyrəkdə, həm də süd vəzində xərçəng hüceyrələri aşkarlanıb. Həkimlər ilk növbədə xəstə orqanı kənarlaşdırıblar.  

Pasiyent immunodeprasant qəbulunu saxlayaraq kimyaterapiyaya başlayıb. Müalicə uğurlu olub. Hazırda transplantasiyadan 10 il keçməsinə baxmayaraq həmin şəxsin bədənində xərçəng hüceyrələri aşkarlanmır. 

Əslində donor orqanlarının transplantasiyası nəticəsində xərçəngə yoluxma təxminən 0,01-0,05% hallarda qeydə alınır. Orqanların transplantasiyasından əvvəl orqanlar bir çox yoxlamalardan keçir. Göstərilən bu hadisə zamanı ürəyin və qarın boşluğunun ultrasəs müayinəsi, döş qəfəsinin rentgeni və nəfəs yollarının müayinəsi aparılıb. 

Göstərilən hadisədə isə çox güman ki, dünyasını dəyişən qadında təyin olunmamış gizli süd vəzi xərçəngi olub və bütün orqanlara metastaz verib. Belə olduqda adi metodlarla xəstəliyi təyin etmək qeyri-mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.