Maraqlı

“Yaxın”, yoxsa “alçaq”

20 Noyabr 2018 21:40
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

Hər bir insan fitrətən yaxşı əmələ can atır. Bu, ayrı mövzudur ki, yaxşı əməl deyildikdə nə başa düşülür. Ayrı-ayrı düşüncələrdə olan insanlar ola bilər ki, yaxşı əməli fərqli başa düşsün. Amma hər kəs yaxşı bildiyi əmələ can atır. Bu, insanda olan bir fitri mövzudur.

Bu fitridirsə, bizdən asılı deyil, insanın içərisindədir. Amma bizim onu necə istifadə etməyimiz - bir ayrı mövzudur. İslam dünyagörüşünə görə, yaxşı əməl mütləq şəkildə iki tərkibə malik olmalıdır. Bir tərəfdən məzmun və forması yaxşı olmalıdır, ikinci tərəfdən isə əməli yerinə yetirənin niyyəti yaxşı olmalıdır.

Ötən bəhslərimizdə bu mövzularda geniş danışmışıq. İnsanın niyyəti imana bağlıdır. Əgər insanın imanı diri olsa, yaxşı niyyəti də mövcud olacaq. Əgər imanımız diri olmasa, imanımızda qəflət etsək, yaxşı niyyətimizin olması mümkün deyil.

Onu da qeyd etdik ki, imanın diri olmasının da iki əsas bünövrəsi var: mərifət və məhəbbət. Biz gərək iman gətiriləcək mövzuları tanıyaq. Və bu tanımadan irəli gələrək, həmin mövzuları həyata keçirməyə şövqümüz olsun, məhəbbət göstərək. Bu ikisi birlikdə olanda iman meydana gəlir. Möminlərin, namaz qılanların əsas çətinliyi bundadır: həm məlumatı var, bilir, həm istəyi və əzmi var, istəyir - amma alınmır.

İmanın diri olmasına mane olan amil - dünyapərəstlik

Bizim mənəvi təkamülümüzə, imanımızın diri olmasına, niyyətimizin Allah bəyənən olmasına mane olan bir neçə amil vardır. Ötən bəhslərimizdə bunlara da ayrılıqda toxunmuşuq. Qeyd etdik ki, bunlardan biri - həvayi-nəfsdir. Digər biri şeytanın (lən) vəsvəsələridir. İnsanın imanının diri olmasına mane olan ciddi amillərdən biri də dünyaya vurğunluq, dünyapərəstlikdir.

Dünyapərəstlik mövzusunda danışmazdan öncə, gərək aydınlaşdıraq ki, dünya nədir və İslamda dünyaya baxış necədir? Bu gün müsəlman toplumunun, İslam dünyasının geri qalma səbəblərindən biri - dünyaya baxışının düzgün olmaması ilə bağlıdır. Görsənən budur ki, hansısa mərhələdə müsəlman toplumuna, İslam mədəniyyətinə, İslam sivilizasiyasına dünya ilə bağlı təsəvvürü yanlış kodlaşdırıblar, öz həqiqi mənasından ayırıblar.

İlk olaraq qeyd etməliyik ki, dilimizdə istifadə olunan "dünya" sözünün, "müsəlman dünyası", "Qərb dünyası", "Şərq dünyası" ifadələrində işlənən "dünya" kəlməsinin əxlaqi kontekstdə nəzərdə tutulan mövzuya tam aidiyyatı yoxdur. Bu söz bizim dilimizə daxil olub, bəzən fərqli mənada çalarlar əlavə edilərək, ictimai, siyasi, geopolitik anlamda da həmin fərqli mənada istifadə edilib. Yəni, bizim bu gün dilimizdə istifadə etdiyimiz "dünya" kəlməsinin dünyapərəstlik mövzusu ilə hər zaman tam əlaqəsi yoxdur.

"Dünya" sözünün lüğətdə mənası

İkinci tərəfdən "dünya həyatı" sözü də bizim dilimizdə səhv istifadə olunur. Çünki, dünya sözü Quranda və İslami mətnlərdə özü sifətdir və sifət olan yerdə gərək isim olsun. Dünya sözünün isminin iki haldan kənar istifadəsi görsənməyib. İslam mətnlərində, əxlaqi mənbələrdə, Quranda, hədislərdə iki söz gəlib: "həyat" və "dar" sözləri. Harada dünya bu sözlərlə gəlibsə, bunların yanında "axirət" sözü də gəlib. "Axirət" sözü də sifətdir və onun ismi "həyat"dır.

Deməli, belə başa düşülür ki, başlanğıcda istifadə olunmuş "yaxın həyat" (dünya həyatı) və "sonrakı həyat" (axirət həyatı) kəlmələrindən sonradan "həyat" sözü yığışıb və "yaxın" sözünün ərəbcəsi olan "dünya" sözü istifadə olunmağa başlayıb. Digər kəlmədə də "sonrakı" mənasını verən "axirət" sözü qalıb. Ona görə də bizim dilimizdə əxlaqi kontekstdə dünya sözünün isim mənasında işlədilməsi yanlışdır. Bu mənada əxlaq mütəxəssisləri insana tərif verəndə belə verirlər ki, insan iki həyatlı bir varlıqdır. Bunlardan biri yaxın, digəri qəbirdən sonra olan həyatdır.

"Dünya" sözü ərəbcə qadın cinsindədir. Bunun kişi cinsində forması "ədna"dır. Bunlar iki kökə qaytarıla bilər. Bir kökü - "yaxın", digər kökü - "alçaq" mənasındadır. Əxlaq mütəxəssisləri bildirirlər ki, axirətlə (növbəti)  dünya (yaxın) yanaşı gəldiyi üçün alçaq anlamını daşımır. O tərcümə və o təqdimat yanlışdır.

Müsəlman toplumları, dünya həyatını səhv anlama səbəbindən geri qalıb

Hansısa mərhələdə müsəlman toplumunun düşüncəsinin içərisində salınıb ki, bu, "alçaq" və "aşağı" mənasındadır. Belə olduqca insan ondan nə qədər uzaq dursa, bir o qədər yaxşıdır. Dolayısı ilə tərki-dünyalıq mövzusu gündəmə gəlib və mümkünsüzlük yaranıb. Yəni insanlar düşünüb ki, bu, pis olsa da belə, ondan uzaq durmaq mümkün deyil, hər gün bunun içərisində yaşayır. Bir tərəfdən deyir ki, bu, pisdir, digər tərəfdən də ən zəruri həyat məsələlərini həyata keçirməlidir. Heç cür imtina edə bilmir.

Digər tərəfdən, əgər dünya pis olsa, o zaman Ay, Günəş, ulduzlar, su, ağac, təbiət də pisdir? Bunlar - Allahın ən gözəl nemətləridir. Bunlar necə pis ola bilər? Dünyanın içərisində bunlar da var. Burada birinci diqqət olunası məsələ budur ki, "dünya" sözünü sifət olaraq dəyərləndirməliyik və mənasını da "yaxın" olaraq götürməliyik. Deməli bir yaxın həyat, yəni dünya həyatı və bir də sonrakı həyat - axirət həyatı var. Dünyanın öz-özlüyündə pis olması kimi mövzumuz yoxdur. Bu yaxın həyatla necə davranacağıq, necə bəhrələnəcəyiksə ona uyğun olaraq yaxşı və ya pis olacaq. Kompyuter öz-özlüyündə yaxşı və ya pis ola bilməz. İnternet öz-özlüyündə yaxşı və ya pis ola bilməz. Şəhər öz-özlüyündə yaxşı və ya pis ola bilməz və s. Bunlar necə və nə üçün istifadəsinə görə yaxşı və ya pis ola bilər.

Fəlsəfi anlamda dünya bir xeyirdir

Fəlsəfi baxışla yanaşsaq, dünya öz-özlüyündə bir xeyirdir. Dünya - Allahın yaratdığı digər nemətlər kimi xeyirdir. Allahın yaratdığı nemətlər də bu dünyanın içərisindədir. Əxlaqi baxışla baxdıqda, dünya həm xeyir, həm də şər ola bilər. Əgər biz doğru istifadə etsək - dünya bir xeyir olacaq, əgər yalnış istifadə etsək - mənfi olacaq. Bizim dünya ilə bağlı davranışımız iradəvi olduğu üçün həm xeyir, həm də şər ola bilər.

Rəbbimiz "Səcdə" surəsinin 7-ci ayəsində bizlərə yaradılış aləmində hər şeyin ən gözəl, ən ali tərzdə olduğunu çatdırır. Ayədə buyurulur: "O, yaratdığı hər şeyi gözəl yaratmışdır (onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır)". Bir bu ayə yetərlidir biz deyək ki, yaradılış aləmində, dünya adına nə varsa, nə yaradılıbsa - ən ali şəkildə, ən gözəl şəkildə yaradılıb. Bunun da ən yaxşı nümunəsi, ən əsas misalı - insandır.

Quranda hər şeyin ən gözəl şəkildə yaradılması çatdırılır

Ayədən çıxarılacaq təfsiri nöqtələrdən biri budur ki, Allah Təala bütün yaratdıqlarını gözəl yaratdığını bəyan edir. Deməli, varlıq aləmində yaradılmış hər bir şeyi Rəbbimiz ən gözəl şəkildə, ən üstün şəkildə yaradıb.

Diqqət edilməli ikinci mühüm məsələ budur ki, Allahın gözəl şəkildə yaratması, Allahın ən gözəl idarə edən olmasından qaynaqlanır. Öncəki ayədə Allah Təalanın işləri, sifətləri təqdim olunanda, Allahın idarə etməsi bəyan olunanda ardınca ən gözəl şəkildə vurğusunun gəlməsi, Allahın idarə etməsinin ən gözəl şəkildə olmasına işarədir. Bu idarəetmənin özü də Allahın elminin nəticəsidir. Biz deyə bilərik ki, bu gözəl yaradılış əslində Allahın ayələrinin nişanələrinin təzahürüdür.

Digər təfsiri nöqtələrə diqqət etdikdə biz görürük ki, bu ayədən anlaşılan budur ki, varlıq aləmində yaradılışdan sonra meydana gələn eybəcirliklərin, yanlışların heç birinin Allaha aidiyyəti yoxdur. Bunlar insanların, yaranmışların mahiyyət etibarilə gətirib çıxartdığı vəziyyətdir, bizim yaranmışlarla olan münasibətlərimiz zamanı yaranan eybəcərliklərdir.

Ayədə insanın yaradılışı da yaradılışın ən xüsusi bir çaları kimi təqdim olunur və bu yaradılış, gözəl yaradılışın bariz nümunəsi kimi təqdim edilir. İnsanın palçıqdan yaradılışı göstəricidir ki, insan da ən ali, gözəl şəkildə yaradılmışdır. Bu, həm də Həzrət Adəmin (ə) palçıqdan yaradılmasına işarədir. Bunu da əlaqələndirmək olar ki, insanın yaradılmasından əvvəl torpaq və su mövcud olub. İnsan bu torpaqla suyun birləşməsindən yaranıb.

Bu ayəni ona görə diqqətə çatdırdıq ki, Allah Təala yaradılış aləminin, eləcə də bu dünya həyatının ən gözəl şəkildə yaradılmasını bizlərə çatdırır. Bu mənada dünya sözünün bəzən aşağılayıcı, tərki-dünyalığa apara biləcək mənasının yanlışlığı üzə çıxmış olur. Buna görə də, dünya öz-özlüyündə Allahın yaratdığıdır və bir xeyirdir. Bizim bu dünya ilə davranışımızın necəliyinə görə nəticədə yaxşı və ya pis ola bilər.

Ağıllı insan axirətini dünyasına satmayandır

Həzrət Əli (ə) buyurur: "Aqil o kəsdir ki, həvayi-nəfsinə qələbə çala və axirətini dünyaya satmaya". İnancımıza görə, ağıl sahibi olan insan, düşüncə sahibi olan insan o kəsdir ki, bilgilərini düzgün nəticələndirə bilir, savadını düzgün istifadə edə bilir və bu nəticəyə gəlir ki, öz həvayi-nəfsinə, instinktlərinə tabe olmasın, tabe olarsa artıq ağılın təsiri aradan gedər. Həmin kəs başa düşə bilər ki, iki həyatı var - biri indi, hal-hazırda yaşadığımız, digəri növbəti həyatdır. Ağıllı insan o insandır ki, əbədi həyatını bu dünyaya satmasın. Bilər ki, bu dünyada nə edirsə, əbədi həyatı üçün edir.

Həzrət İmam Sadiq (ə) buyurur: "Bu gün dünyada bir iş gör ki, onun vasitəsilə axirətdə fövzə çatmağa ümidli olasan". Həzrət İmam Sadiq (ə) bizi bu an doğru-dürüst davranmağa dəvət edir, keçmişdə qalmamağa, gələcəyin arzularında qalmamağa çağırır və bu gün, bu an üçün hərəkətə keçməyə çağırır.

İmam (ə) öyrədir ki, axirətdə səadətə çatmağın yolu elə bu an bu dünyada bir işlər görməkdən keçir. Bu anlamda əslində dünya həyatı - insanın aqibəti, əbədi səadətinə aparan ən gözəl vasitədir. Bu cür gözəl vasitə necə mənfi ola bilər? O cür ki, biz bu vasitədən düzgün istifadə etmərik. Əgər doğru istifadə etsək, aqibətimiz üçün ümidin yaranmasında böyük vasitəyə çevrilə bilər.

Dünyapərəstlik və Allahpərəstlik bir yerdə ola bilməz

Bizim həyatımızda iki cür vəziyyət var. Biz dünyapərəst və ya Allahpərəst ola bilərik. Həzrət Rəsulallah (s) bizə çatdırır ki, bu ikisi heç zaman bir qəlbdə cəm ola bilməz. İnsanın bir qəlbi var və o qəlbdə bu ikisindən biri olacaq: ya dünyapərəstlik olacaq, ya da Allahpərəstlik. Bunların eyni vaxtda bir qəlbdə cəmlənməsi mümkün deyil. Bunlar bir-birinə zidd olan, bir-birinin qarşısında dayanan, bir-birinə hər mənada paradoksal vəziyyətdə olan iki fərqli anlayışlardır.

Əgər biz dünya vurğunu olsaq, əmin olmalıyıq ki, qəlbimizdə Allahpərəstlikdən əsər-əlamət qalmayacaq. Əgər Allahpərəst olmaq istəyiriksə, bilməliyik ki, bu, dünyapərəstliklə birlikdə ola bilməz. Biz bu dünyada özümüzü dünyapərəstliklə məşğul edəndə, qəlbimizdə Allahpərəstlikdən əsər qalmır.

İslam - Allahpərəstlikdir.  Həzrət Rəsulallah (ə) buyurur: "Dünyapərəstlik və Allahpərəstlik - bu ikisi heç zaman bir qəlbdə cəm ola bilməz". Bizlər dünyapərəstlik deyəndə heç də qeyri-adi məsələləri təsəvvür etməyək. Gündəlik həyatımız harada bizi qəflətə salır və özünə məşğul edirsə, orada bizdə dünyapərəstlik qalib gəlir. Bir gün övlad, digər gün ailə, maşın, ev, məqam və s. ola bilər. Dünya həyatının hər hansı bir təzahürü bizi özünə cəlb edirsə, özünə bağlayırsa - bizi dünyapərəstliyə aparmış olur.

Allahım, bizlərə yalnız Sənə pərəstiş etməyi, dünyapərəstlikdən uzaq olmağı nəsib et!

Allahım, bizləri dünyamızı axirət üçün yaşayanlardan qərar ver!

Allahım, bizlərə bu dünyada yaxşı işlər görüb, axirət səadətinə çatmağı nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.