Maraqlı

Bina girişləri və parklardakı şpris iynələri QİÇS-ə yoluxdura bilər - Həkim xəbərdarlığı

17 Noyabr 2018 22:42
4 Şərh     Baxış: 3 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Narkomanların istifadə etdikləri və bəzi hallarda binaların girişlərinə, parklara atdıqları şpris iynələri insanlar üçün təhlükəlidir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib.

N. Zülfüqarov deyib ki, İİV virusunun əsas yoluxma yollarından biri parentral, yəni qan vasitəsi ilə yoluxmadır: "Əgər o şpris iynələri  binaların bloklarında, parklardadırsa, böyük ehtimalla, onları inyeksion narkotik istifadəçiləri olan şəxslər istifadə ediblər. Bu şpris iynələrində İİV virusların olması ehtimalı  yüksəkdir. Əgər şpris üzərində qan kütləsi böyükdürsə, bunlar 5 qramlıq işpris iynələridirsə, iynənin mənfəzindəki qan kütləsi kifayət edir ki, virus digər şəxsə yoluxsun. Lakin xoşbəxtlikdən İİV virusu ətraf mühitin təsirlərinə çox davamsızdır. Bu virus ətraf mühitdə bir neçə saat qalır, günəş şüalarının təsirinə çox həssasdır, məhv olurlar. Bundan başqa, bu virus 60 dərəcə temperaturda  təqribən 15 dəqiqə ərzində məhv olur. Lakin bu o deməkdir ki, həmin iynələrdən yoluxma baş verə bilməz. Çünki İİV-ə yoluxanların  44 faizi narkomandır və İİV-ə yoluxan digər narkomanın istifadə etdiyi şprisin iynəsindən istifadə edib.  Ona görə də insanlar diqqətli olmalıdır".

Şöbə müdiri xüsusən valideynləri diqqətli olmağa çağırıb: "Əgər uşaq gəlib deyərsə ki, blokda, yaxud parkda əlimə şpris iynəsi batıb, böyük ehtimalla, ondan narkoman istifadə edib. O halda nə etmək lazımdır? Həmin valideynlər 72 saatdan gec  olmayaraq,  QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər. Şpris iynəsinin İİV virusu ilə çirklənib, çirklənməməsindən asılı olmayaraq, bütün hallarda yoluxma ehtimalını sıfıra endirmək üçün biz insanlara postkontakt antiretrovirus terapiya, profilaktika tətbiq edirik. Bu, nə deməkdir? Həmin şəxslər 28 gün ərzində xüsusi, antiretrovirus dərmanlar qəbul edirlər. Əgər orqanizmdə yoluxma baş verərsə, bu dərmanlar ilkin mərhələdə virusların sayını sıfıra endirir, bədəndə virusun replikasiyasının qarşısını alır və son nəticədə İİV-ə yoluxma baş vermir. Hər il 15-20 nəfər QİÇS-lə Mübarizə Mərkəzinə müraciət edərək postkontakt profilaktikadan yararlanır. Bu insanlara tam pulsuz olaraq bu xidmətlər göstərilir. Sevindirici haldır ki, indiyə qədər postkontakt profilaktika keçən şəxslərin heç biri İİV virusu aşkarlanmayıb və öz sağlam həyatlarına davam edib. Bu, tək Azərbaycanda yox, dünyada həyata keçirilən böyük bir proqramdır".

Qeyd edək ki, bir neçə gün əvvəl parklardakı oturacaqlarda qanlı şpris iynələrinin orursacaqlara qoyulması ilə bağlı informasiyalar yayılmışdı. Bunun insanlara İİV virusuna yoluxdurmaq məqsədi ilə qoyulduğu bildirilirdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.